Məhkəmə qərarları › İş №2(103)-3593/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3593/2020

18.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3593/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi və vəsaitin geri qaytarılması tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5407/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) birgə nikаhındаn xx xxxxxxxx 2001-ci il təvəllüdlü Süleyman və xx xxxxxx 2004-cü il təvəllüdlü Reyyan adlı uşaqları dоğulmuşdur. Tərəflər arasında nikаh Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli saylı qətnaməsi ilə pozulmuş, uşaqlar analarının yanında saxlanılmış və uşaqların saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-7528/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi tələbinə dair ilk iddiası rədd edilmiş, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, xx xxxxxx 2016-cı il tarixdən hesablanmaqla İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmuşdur. Daha sonra Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Reyyanın anasından alınaraq atasına verilməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin silinməsi tələbinə dair iddiası qismən təmin edilərək, Reyyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı məhkəmə qətnaməsi ilə tutulan 117 manat məbləğində aliment öhdəliyinə xitam verilməsi qət edilmişdir. xx xxxxxxx 2017-ci il tarixdən başlayaraq İddiaçı əmək haqqından hər ay aliment üzrə ümumilikdə 4880 manat pul tutularaq, Cavabdeh bank hesabına köçürülmüşdür. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Reyyan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2017-ci il tarixdən hesablanaraq, hər ay 160 manat alimentin onun xeyrinə tutulması və övladının yanında qaldığı halda xx xxxxxxx 2017-ci il tarixdən hər ay əmək haqqından tutularaq, cavabdehin hesabına köçürülən 117 manat vəsaitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2016-cı ildə alimentin tutulması ilə əlaqədar qətnaməyə əsasən, onun əmək haqqından övladı Reyyana görə hal-hazırda da 117 manat aliment tutularaq, cavabdehin hesabına köçürülür. Dəfələrlə cavabdehə həmin alimentin qızına qaytarılması ilə bağlı müraciət edilsə də, cavabdeh pulu qızına qaytarmaqdan boyun qaçırmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-5407/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Reyyanın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxx 2019-cu il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması, xx xxxxxxx 2017-ci il tarixdən iddiaçının əmək haqqından aliment pulu olaraq cavabdehin bank hesabına köçürülən 4880 manat məbləğində vəsaitin 50 faizi təşkil edən 2440 manat məbləğində pulun iddiaçıya geri qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2147/2012 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 54 saylı evin 100 saylı mənzilində sahəsi 17 kv.m. olan otaqdan istifadə hüququ tanınsa da, həmin vaxtdan iddiaçı mənzildə yaşamağına imkan verməmişdir. Ona görə də, o, məcburiyyət qarşısında qalaraq, hər ay 250 manat kirayə haqqı ödəməklə, kirayə mənzil tutmuş və hazırda da kirayədə yaşayır. 8 il ərzində kirayədə yaşamaqla ona 24000 manat ziyan vurulmuşdur. İddiaçının ondan aliment tələb etməsi və övladları üçün ödədiyi alimenti geri istəməsi onun nə dərəcədə xəbis olmasından xəbər verir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5407/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qətnamənin iddianın təmin olunmuş hissəsininqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqda sonra uşaqlar analarının himayəsində saxlansalar da, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardan biri Reyyan xx xxxxxxx 2017-ci il tarixdən atasının yanında qalmış, iki uşağa görə iddiaçının əmək haqqından aliment üzrə 4880 manat məbləğində vəsait cavabdehin xeyrinə tutulmuşdur. Həmin dövr ərzində uşaq anasının himayəsində olmadığından və buna görə də cavabdeh uşağın saxlanması ilə bağlı xərclərdə iştirak etmədiyindən qeyd olunan müddət üçün iddiaçının əmək haqqından iki uşağa görə cavabdehin bank hesabına köçürülən vəsaitin yarısı olan 2440 manat iddiaçıya geri qaytarılması, həmçinin Reyyan iddiaçının himayəsinə verildiyindən iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxx 2019-cu il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulması qanunidir. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.1, 100.2-ci maddələrini tətbiq etməklə mübahisələndirilən hissədə tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin müddəaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, şikayətdə irəli sürülən arqumentlərin hazırkı məhkəmə baxışının predmeti ilə əlaqəsi yoxdur. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5407/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar