Məhkəmə qərarları › İş №2(103)-3595/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3595/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3595/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi zərər”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1363/2025 saylı, 01 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-7/2024 saylı hökmünə əsasən, İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1- 1(103)-38/2024 saylı qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1- 1(093)-7/2024 saylı hökmü cəza hissəsində dəyişdirilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə 2 dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 58.288 manat və mənəvi ziyana görə 300.000 manat məbləğində kompensasiyanın Dövlət büdcəsi vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilib ki, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur. İddiaçı 2015-ci ildə N nömrəli hərbi hissədə tank bölüyünün baş texniki vəzifəsinə təyin edilmiş, hərbi rütbəsi gizir olmuşdur. Bölük komandiri 2015-ci ildə kapitan Elmir Həsənov, 2017-ci ildə Elçin Mirzəliyev, hərbi hissə komandiri isə Vüsal Ələsgərov olmuşdur. xx.xx.2017-ci il tarixdə hərbi hissə komandiri polkovnik Vüsal Ələsgərov şəxsi heyəti sıraya düzüb hərbi hissənin «Çay postu» adlanan postunda xidmət edən MAXE X5 və gizir Mərhəmət Rəcəblinin xidmət etdikləri tankı erməniyə vermək istəmələri barədə daxil olmuş məlumat əsasında onları postdan götürdüyünü və sorğu-sual etməyə apardığını bildirmişdir. MAXE X5 və gizir Mərhəmət Rəcəblinin erməni hərbi qulluqçularına işləmələri şübhəsi olduğundan xx.xx.2017-ci il tarixdə tank bölüyünün şəxsi heyəti komandir Vüsal Ələsgərovun göstərişi əsasında hərbi hissənin Tərtər rayonu Sarov kəndində yerləşən qərargahına gətirilmişdir. Bölükdə təxminən 25 nəfər MAXE, gizir və zabit heyəti olmuş, onları qərargahın həyətində yerləşən sinif otağına yığmışlar. Bir müddət sonra şəxsi heyəti otaqdan çıxardıb sıraya düzmüş, hərbi hissə komandiri Vüsal Ələsgərov və onunla birlikdə hərbi hissənin kəşfiyyat bölüyünün tanımadığı əsgərləri və hərbi hissə komandirinin müavini Eldəniz ora gəlmişlər. Qanunsuz sorğu-suala və işgəncələrə məruz qalmışdır. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər». Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq «Tərtər işi» adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da, şərti olaraq «Tərtər işi» adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X1 xx.xx.2016-cı il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən 057 nömrəli əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyat qrupunun komandiri vəzifəsində leytenant hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq N saylı hərbi hissənin əlbəyaxa döyüş üzrə təlimatçısı, gizir X6, kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağım komandirinin müavini, gizir X2, taborun kəşfiyyat bölüyünün baş çavuşu, gizir X8 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilmələri üçün özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən N saylı hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binalarında, N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarında, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanda yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında həyata keçirilən qanunsuz sorğu-sual və saxlanılma proseslərinə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs tərəfindən cəlb edilərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları»nın, xx.xx.2014-cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat»ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin bir qrup hərbi qulluqçularının xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanda yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında onların mütəşəkkil dəstə tərkibində törədilməklə həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, «düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu» kimi «vətən xaini» adı ilə «ləkələməklə», bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, əsassız cinayət məsuliyyətinə cəlb edilmələrinə, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyəlarinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirib təkrarən işgəncə vermiş, mütəşəkkil dəstə tərkibində qəsdən şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmaqla ağır xəsarət yetirməsi ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 46 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu «düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu» kimi «vətən xaini» adı ilə «ləkələməklə» ordu sıralarından qanunsuz və əsassız olaraq təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci maddəsi ilə verilmiş ittihama xitam verilmiş, təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay müddətinə azaldılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. Maddi ziyana görə qeyd edilir ki, İddiaçı ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri kimi xidmətdə olmuşdur. İddiaçı 2018-ci ilin 09 aprel tarixdən işdən çıxarılıb. Faktiki olaraq 5 illik müqaviləsi xx.xx.2019-cu il tarixə kimi qüvvədə olub. İddiaçı 2018-ci il üçün orta əmək haqqı 1.200 manat təşkil edib. 19 ay (xx.xx.2018xx.xx.2019) x 1200 = 22.800 manat, həmçinin xidmətə 2022-ci ildə bərpa edildiyini nəzərə alaraq əldən çıxmış fayda olaraq 2020 və 2021-ci illər ərzində faktiki gəlirindən olub. 24 ay x 1200 = 28.800 manat. Beləliklə, İddiaçı maddi ziyanın əvəzi olaraq tələb etdiyi kompensasiyanın həcmi 51.600 manat təşkil edir (22.800 + 28.800 = 51.600). İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçının qonşuları onu «Vətən xaini» hesab edərək ona nifrətlə baxmış, buna görə stres keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirab yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 manat məbləğində qiymətləndirir.

5. İddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizədə əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri kimi xidmətdə olmuşdur. İddiaçı ilə ilk dəfə xx.xx.2004-cü ildə 5 illik müqavilə bağlanmışdır. İkinci dəfə yenidən xx.xx.2009-cu il tarixdə 5 illik müqavilə bağlanmışdır. Üçüncü dəfə isə öz istəyi ilə xx.xx.2014-cü ildə 3 illik müqavilə bağlanmışdır. Bu müqavilə isə xx.xx.2017-ci ildə bitib. Müqavilə bitməmiş İddiaçılə 5 illik müqavilə bağlanması razılaşdırılıb. Təsadüfi deyil ki, İddiaçı müqaviləsi xx.xx.2017-ci il tarixdə bitmiş olsa da, onu hərbidən 09 aprel 2018-ci ildə çıxarıblar. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 01 iyul 2017 - 31 mart 2018-ci il tarixləri üçün iddiaçının orta əmək haqqı 1.006 manat təşkil edib (9057 manat : 9 ay). İddiaçının müqaviləsinin müddəti 60 ay olsa da, o, cəmi 4 ay işləyib. Sonradan isə 21 aprel 2022-ci ildə işə bərpa edilib. Faktiki olaraq 48 ay müddətində gəlirindən məhrum olub. 48 ay x 1.006 manat = 48.288 manat maddi ziyan dəyib. Eyni zamanda İddiaçı 4 il ərzində kirayə haqqı, maddi yardım, maaşa əlavə, 13 və 14-cü ödənişlərdən də məhrum olub. Bu da təqribi 10 min manat məbləğində ziyan edir. Beləliklə, iddiacı İddiaçı maddi ziyanın əvəzi olaraq tələb etdiyi kompensasiyanın həcmi 58.288 manat təşkil edir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1363/2025 saylı, 01 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin qismən təmin edilərək İddiaçı vurulmuş mənəvi zərərə görə 23.000 (iyirmi üç min) manat, vurulmuş maddi ziyana görə 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat olmaqla, cəmi 71.288 (yetmiş bir min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-7/2024 saylı hökmünə əsasən, X1 xidmət edərkən yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 09 may 2017ci il tarixdə gündüz saatlarında dəstənin üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzinə gətirilərək otaqlardan birinə yerləşdirilmiş həmin hərbi hissənin tank bölüyünün texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.2017-ci il tarixdə bir neçə saat müddətində hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzindəki inzibati binalarda İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 9 may 2017-ci il tarixdən 24 iyun 2017-ci il tarixədək, cəmi 46 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (zərərçəkmiş şəxs qismində cəlb edilməsi və işgəncəyə məruz qalması, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə işsiz qalaraq gəlirdən məhrum olması və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr hərbiçi kimi stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı ödəniş kartı üzrə çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışa əsasən iddiaçının ərizəsində də göstərdiyi kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün orta aylıq əmək haqqının təqribi 1006 manat təşkil etməsi müəyyən olunur. Belə ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan hesaba mədaxil məbləğləri cəmi 9057 manat və faktiki əmək haqqı ödənilən ayların cəmi 9 ay təşkil edir (9057:9≈1006). Odur ki, iddiaçının həqiqətən də orta aylıq əmək haqqının təqribi 1006 manat təşkil etməsi və iddiaçının hərbi biletində olan qeydlərə əsasən onun xx.xx.2022-ci il tarixdə hərbi qulluğa (N nömrəli hərbi hissədə baş çavuş) bərpası nəzərı alınmaqla onun işsiz qaldığı 48 ay müddət üçün itirilmiş əmək haqqı məbləği ödənilməlidir. Lakin iddiaçının iddiasında göstərdiyi kimi onun kirayə haqqı, maddi yardım, 13 və 14-cü ödənişlərdən məhrum olması ilə bağlı qeyd edilməlidir ki, iddiaçı bu hissədə tələblərini həmin məbləğlərin təqribi 10.000 manat təşkil etməsi göstərsə də, buna dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi kirayə haqqı, maddi yardım, 13 və 14-cü ödənişlərdən məhrum olması ilə 10000 manat pulun tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, 46 gün işgəncəyə məruz qaldığı müddət üçün, yəni 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət hadisəsinin ona aid epizodu üzrə təqsirləndirilən şəxslərə elan edilmiş və hökmlə müəyyən edilərək cəzaya səbəb olan ittihamlardan biri zərərçəkmiş şəxsə, hazırki tələb üzrə iddiaçıya qarşı 46 gün müddətində təkrarən işgəncə verilməsindən ibarətdir. Hazırda 2017-ci ildə baş vermiş məlum hadisə ilə əlaqədar hərbçilər tərəfindən törətdilmiş əməllərə hüquqi qiymət verilməsi, törədilmiş əməllərdən zərərçəkən şəxslərə qarşı kompensasiyanın ödənilməsi istiqamətində məhkəmə təcrübəsi formalaşmaqdadır. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs statusunda olmuş şəxslər tərəfindən törədilmiş əməllər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə tövsif olunmuş, bunun nəticəsində də həmin əməllərdən zərərçəkmiş şəxslərə ödənilməli kompensasiyanın məbləği də müvafiq formada differensasiyalaşdırılmaqdadır. Belə ki, vəzifəli şəxslər tərəfindən zərərçəkmiş şəxslərə münasibətdə işgəncə törədilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən işgəncə müddəti (günlər) və işgəncənin törədilmə forması nəzərə alınmaqla kompensasiya məbləği formalaşdırılmışdır. Mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla iddiaçının ona qarşı törədilən cinayət əməlləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının təkrarən işgəncəyə məruz qalmaqla qanunsuz olaraq azadlıqdan məhrum edildiyi müddət (46 gün) nəzərə alınmaqla vurulmuş mənəvi ziyana görə ədalətli həddə, (46 gün x 500 manat) yəni 23.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 23000 (iyirmi üç min) manat, vurulmuş maddi ziyana – itirilmiş əmək haqqına görə 48288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat olmaqla, cəmi 71.288 (yetmiş bir min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsi xahiş edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İşdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində rayonda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

11. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi:

Maddə 56.0.2 və 56.0.3. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

12. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat maddi ziyanın ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Mübahisələndirilən iddianın 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat maddi ziyanın ödənilməsi hissəsində iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmayıb, mənəvi zərərin tutulması hissəsində isə düzgün olub.

20. Əvvəla, iddiaçının Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə əsasən hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki qeyd olunan maddədə də vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə qeyd olunan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

21. Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşıdırılmasına da ehtiyac yoxdur və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.

22. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz.

23. İddiaçıya hökmlə müəyyən edilən formada işgəncə verilməsi ona mənəvi zərər vurmaya bilməzdi. Çünki təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində, yəni işgəncə verilməklə qanunsuz azadlıqdan məhrum edilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki ən mötəbər sübut ona təqsiri olmadığı halda işgəncə verilməklə qanunsuz azadlıqdan məhrum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıqaşkar təsdiq edilmiş olur.

24. Mənəvi zərər üçün 23000 manat kompensasiya müəyyən edilməsinin formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olmaması barədə dəlillər də əsassız hesab edilir. Belə ki, iddiaçının azadlıqdan məhrum etmə yerində cəza çəkməməsi, yalnız 46 gün təhqiqata cəlb edilməsi və zərərin məbləğinin 46 gün üçün 23000 manat müəyyən edilməsinin şişirdilmiş və absurd olması və beynəlxalq məhkəmələin analoji işlər üzrə qəbul etdiyi qərarlara zidd olması barədə dəlillər açıq-aşkar əsassız hesab edilir. Çünki iddiaçı sadəcə qətimkan tədbiri yaxud azadlıqdan məhrum etmə cəzasına görə qanunsuz azadlıqdan məhrum edilməmişdir. Ona 46 gün ərzində işgəncə verməklə, o cümlədən ləyaqətinə toxunmaqla onda psixoloji qorxu yaradaraq aşkarcasına alçaltmaqla “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz azadlıqdan məhrum edilib və uzun müddət bu işgəncələrin və təqiblərin təsiri altında qalmışdır. Burada işgəncənin müddəti kompensasiyanın məbləğinin çox olması baxımından heç bir əhəmiyyət kəsb edə bilməz. Çünki kompensasiyanın məbləği işgəncənin və mənəvi sarsıntı və iztirabların xarakteri nəzərə alınmaqla müəyyən edilmişdir. Ona görə də şikayət xatirinə olsa da bu cür dəlillərdən istifadə edilməsi özü normal hüquqi yanaşma hesab edilmir.

25. "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.

26. Göstərilənlərlə yanaşı, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən vurulmuş maddi ziyana görə 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manatın tutulması hissəsində gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə iddiaçıya işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulduğunu göstərsə də bunun, yəni həmin dövrdə hansı səbəbdən işləmədiyini müəyyən etməmişdir. Belə ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin iddiaçının vəkilinin sorğusuna cavab olaraq ünvanladığı 13 mart 2025-ci il tarixli məktubunda qeyd olunub ki, baş gizir İddiaçı 20 fevral 2018-ci il tarixdə Azərbaycan Ordusunda xidmət müddəti başa çatması ilə əlaqədar Müdafiə Nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş qərargah rəisinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxılıb. Baş gizir İddiaçı, yenidən müraciət edərək Azərbaycan Ordusunda gizirlərin həqiqi hərbi xidmətinə bərpa olmaqla əlaqədar müraciəti nəzərə alınaraq Azərbaycan Ordusunun Baş qərargah rəisinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmətə bərpa olunmuşdur və hal-hızırda xidmətini davam etdirir. Göründüyü kimi, iddiaçı 20 fevral 2018-ci ildə hansısa şəxsin təqsirli hərəkətlərinə görə deyil, xidmət müddəti başa çatdığı üçün ehtiyata buraxılıb. Başqa sözlə, həmin dövrdə iddiaçının işləməməsi səbəbindən əmək haqqı almaması ona maddi zərər vurulma kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı qanuni əsaslarla xidmətdən ehtiyata buraxılmışdı. Ona görə də bu hissədə qətnamə ləğv edilməklə iddia rədd edilməlidir.

27. Şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1363/2025 saylı, 01 aprel 2025-ci il tarixli qətnaməsi qismən, yəni 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat maddi ziyanın ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1363/2025 saylı, 01 aprel 2025-ci il tarixli qətnaməsi qismən, yəni 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat maddi ziyanın ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar