Məhkəmə qərarları › İş №2(103)-3611/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3611/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3611/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcu məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-5604/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcu məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxx 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2004-cü il təvəllüdlü X8, xx xxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxx 2010-cu il təvəllüdlü X7 adlı üç övladı anadan olmuşdur. Xətai rayon Məhkəməsinin 2(011)-1093/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması və uşaqların analarının yanında qalması, həmçinin Xətai rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(011)-3743/2014 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi hər ay 330 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Onlar faktiki olaraq 2013-cü ildən birlikdə yaşamamışlar. Nikah pozulduqdan sonra isə cavabdehin “səyləri” nəticəsində iş yerini itirmişdir. xx xxxxxxx 2018-ci il tarixdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ Rayon Bölməsində “Gənclərin işi üzrə təlimatçı” vəzifəsinə götürülmüşdür. Hal-hazırda həmin vəzifədə çalışır və aylıq əmək haqqısı 193 manat təşkil edir. Xətai rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(011)-3743/2014 saylı qətnaməsi üzrə verilmiş icra sənədi əsasında aparılan icra işi üzrə hər ay 330 manat olmaqla aliment ödəməlidir. Lakin, o, cavabdehin hərəkətləri üzündən daimi iş yerini itirmiş və uzun müddət işsiz olmuşdur. Nəticədə aliment öhdəliyi üzrə borcu yığılmışdır. Maddi sıxıntı üzündən bu məbləğdə borcun yığılmasının qarşısını ala bilməmişdir. Hal-hazırda aldığı əmək haqqının 70 faizi aliment öhdəliyinin ödənilməsinə tutulur. Onun normal maddi təminatlı iş yeri yoxdur. Üstəlik 14 000 manata yaxın aliment borcu vardır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5604/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcu məbləğinin silinməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və qətnamə qəbul edilərkən iddia ərizəsində qeyd edilən əsaslara ümumiyyətlə qiymət verilməmiş, işin faktiki hallarının yaratdığı nəticələr nəzərə alınmamışdır. Yığılmış aliment borcu uşaqların hal-hazırki vaxt deyil, əvvəlki dövrdə saxlanması üçün nəzərdə tutulmuş ödəmələrdir. Belə ki, məhkəmə ilk növbədə yığılmış məbləğə aliment borcu kimi deyil, borc kimi baxmalı idi. Çünki, bu və ya digər səbəbdən, həmin dövr üçün faktiki olaraq uşaqların xərcləri artıq çəkilmişdir. Nəticə bu olmalıdır ki, yığılan borca aliment öhdəlikləri kimi deyil, sadəcə borc öhdəliyi kimi yanaşılmalıdır. Uşaqların saxlanması mübahisələndirilən dövr üçün çəkilmiş olan xərcin də əslində onun tərəfindən verilmiş olması da faktdır. Belə ki, onlar arasında digər bir mülki mübahisə ilə bağlı məhkəmə işi olmuş, yaşayış sahəsindən istifadə hüququnun xitamı ilə bağlı o, vərəsəlik qaydasında ona çatmış mənzilin pay hissəsini sataraq, 21000 manat məbləğində kompensasiyanı Cavabdeh ödəmişdir. Cavabdeh tərəfindən bütün bu müddət ərzində uşaqların saxlanması üçün guya cavabdehin atası tərəfindən xərclərin qarşılanması haqda deyilənləri inandırıcı hesab etmir, çünki, Cavabdeh məhkəmədə ifadə verərkən onun maddi imkanlarının yaxşı olduğu təsəvvürü yaratmaq üçün onunla evli olduqları dövrdə ayda 2000 manata qədər pul qazandığını bildirmiş, eyni zamanda, evli olduqları dövrdə də onlara atasının baxdığını, yəni ailə xərclərinin atası tərəfindən qarşılandığını bildirmişdir. Aliment öhdəlikləri davam edir və uşaqların marağı bundan sonra mütəmdi olaraq bu öhdəliyin yerinə yetirilməsidir. Yığılmış borc onu faktiki olaraq cəza təhdidi ilə üz-üzə qoymuşdur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda onun aliment öhdəliyinin həyata keçirilməsi təbii ki, mümkünsüz olacaq. Onun aliment üzrə borcu faktiki olaraq iş tapa bilmədiyi səbəbindən əmələ gəlmişdir. Bu zaman aliment ödəməli olan şəxsin iş tapmaq üçün səy göstərdiyi, müvafiq dövlət orqanlarına müraciət etdiyi, təklif olunan iş yerlərini qəbul edərək getdiyi, lakin, onun işə götürülmədiyi də sənədlərlə təsdiqini tapır. Aliment borcunun qismən silinməsi üçün qanunla tələb olunan ikinci şərt onun maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyinin müəyyən edilməsi olmalıdır. İddia tələblərində alimentin silinməsi xahişi edilən müddətə qədər aliment borcu 12 000 manatdan artıqdır. O, hal-hazırda işləyir və ölkə üzrə orta əmək haqqından yuxarı əmək haqqı alır. İddia təmin edildiyi halda belə, xx xxxxxxx 2018-ci il tarixdən sonrakı dövrə aid yığılmış hissənin də ödənilməsi zəruridir. Çünki, həmin dövrdə o, işləsə də, aldığı əmək haqqı aylıq aliment borclarının ödənilməsi üçün kifayət etməmişdir. Bütün bu xüsusatlar onun maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən cavabdeh hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)1093/14 nömrəli xx xxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladları xx xxxxxx 2004-cü il təvəllüdlü X5, xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 analarının yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)3743/2014 saylı xx xxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2004-cü il təvəllüdlü X5, xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X1 üçün xx xxx 2014-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən məhkəmə qətnaməsinə əsasən ödənilməli alimentin məbləğinin ödənilmədiyi və buna görə də onun “yığılmış aliment borcu məbləğinin silinməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı aliment borcunun xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəlməsini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş, aliment borcunun silinməsi üçün kifayət qədər əsasların mövcud olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Ailə Məcəlləsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir (107.2, 112.1, 108.2). “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valideynlər və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı yığılmış aliment borcunun silinməsini tələb etsə də, bunun üçün qanunda müəyyən edilmiş şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Belə ki, ailə qanunvericiliyinin tələblərinə əsasən iddiaçı aliment borcunun onun xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəlməsini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O ki qaldı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə, həmin dəlillər iddiaçının yığılmış aliment borcunun silinməsi üçün kifayət qədər əsas olan hallar kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan MPMnin 385.2-ci maddəsinin tələbləri baxımından ləğv edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5604/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar