Məhkəmə qərarları › İş №2(103)-3620/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3620/2023

03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3620/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2004-cü il il tarixdə X13, xx.xx.2007-ci il tarixdə X10 və 16 may 2014-cü il tarixdə X12 doğulmuşdur. xx.xx.2004-cü il təvəllüdlü X13 artıq yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Cavabdeh "xxxx" MMC-də işarəvermə, mərkəzləşdirmə və bloklama qurğularının elektrik montyoru və "xxxx" ASC-də rəis müavini vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən aylıq əmək haqqı müvafiq olaraq 556 manat və 1155 manat təşkil edir (elektron məhkəmə informasiya sisteminin məlumatı). İddiaçının rəsmi əmək münasibətlərində olması müəyyən edilmir, onun verdiyi məlumata əsasən gözəllik salonunda işə cəlb edilmişdir. Gəliri qeyrimüntəzəmdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2004-cü il tarixdə X13, xx.xx.2007-ci il tarixdə X10 və xx.xx.2014-cü il tarixdə X12 doğulmuşdur. Cavabdehlə ailə həyatları baş tutmamış, artıq iki ildir ki, ayrı yaşayırlar. xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X12 onun yanında qalır. Hesab edir ki, həmin uşaqların saxlanması üçün cavabdehdən qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, cavabdeh "xxxx" ASC Xəzər Rayon Şöbəsində rəis müavini vəzifəsində çalışır, onun aylıq gəlirləri 2000 manatdan çoxdur.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancının (baqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulması qət edilmişdir. (hakim X8)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, aliment miqdarı iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 76.1.2-ci, 100.2-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində pulun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən məhz hansı sübutun tədqiqindən bu nəticəyə gəlməsi qətnamədə qeyd olunmamışdır. Birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə işi araşdırarkən yalnız nikah şəhadətaməsinə və doğum haqda şəhadətnaməyə əsaslanaraq bu qənaətə gəlmişdir. Aralarında bağlanmış nikah pozulmamış və xx.xx.2014-cü il təvəllüdlü X12 faktiki olaraq onunla birlikdə yaşayır və bu uşağın saxlanılması üçün ondan alimentin tutulması düzgün deyildir. Ona görə də alimentin tutulması məsələsi həll edilərkən bir uşağın saxlanılması üçün qanunla nəzərdə tutulan məbləğ nəzər alınmalı idi. Azərbaycan Respublikası qanunvereciciliyin tələbindən də məlum olduğu kimi valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Lakin aliment müəyyənləşdirilərkən uşaqların saxlanılması məsələsi yalnız atanın üzərinə qoyulmuş və tutulan məbləğ çoxdur. Bu səbəbdən həmin məbləğlə razı deyildir. Məhkəmə xx.xx.2014-cü il təvəllüdlü X9 məhkəməyə dəvət etməli və dindirməli və fikirlərini nəzərə almalı idi. İddiaçının dedikləri isə heç bir sənəd və ya şahid ifadəsi ilə təsdiq olunmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının qərəzli hərəkətlərinin olub-olmamasını, göstərilənlərlə bağlı xüsusatı tam və obyektiv araşdırmadan bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında сavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, yetkinlik yaşına çatmış oğlu və xx.xx.2014-cü il təvəllüdlü oğlu Əkbər onunla qalır, lakin anası xx.xx.2014-cü il təvəllüdlü Əkbəri iki dəfə gəlib evdən oğurlayıb zorla aparmışdır. Hazırki məhkəmə prosesinə 5-6 gün qalmış da anası oğlunu onun yaşadığı evdən gizli götürmüşdür. Birgə nikahdan doğulmuş qızı isə anasının yanında qalır. Onda olan məlumata görə qızı hazırda xalası ilə yaşayır. Qızı leykoz xəstəsi olduğuna görə 193 manat təqaüd alırdı, həmin məbləğ 6 ildir ki kartda yığılırdı, iddiaçı evdən çıxarkən həmin kartı da götürmüşdür. İddiaçı hazırda gözəllik salonunda işləyir və onun da qazancı var. Lakin iddiaçının gəlirləri ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında сavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, tərəflərin hazırda nikahları pozulmamışdır. Cavabdehin rəsmi gəlirləri olmasa da, o, tam sağlam əmək funksiyalarını icra etməyə yararlı şəxsdir və əmək fəaliyyəti ilə məşğul olmaq onun öz seçimidir. Uşaqlara baxmaq və onların ehtiyaclarını ödəmək isə hər iki valideynin vəzifəsidir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, yetkinlik yaşına çatmayan qızı və oğlu hazırda onunla yaşayır və yaşadığı evin yerləşdiyi ərazidə, yəni 276 saylı tam orta məktəbdə təhsil alır. Lakin iddiaçı oğlunu ünsiyyətdə olmaq adı ilə aparır və sonradan gətirmir, bu zaman o, da uşağı gedib onlardan götürür. Hazırki iş üzrə ilk məhkəmə iclasına oğlunu da gətirmişdir. Lakin pedaqoqun olmaması səbəbindən uşağın fikrini öyrənmək mümkün olmamışdır. Həmin məhkəmə iclası bitdikdən sonra cavabdeh uşağı ondan zorla alaraq, aparmış və hazırki vaxta kimi qaytarmamışdır. Qızı leykoz xəstəsi idi, 2-3 ildir ki, sağalıb və buna görə də artıq təqaüd almır. O, hazırda gözəllik salonunda işə cəlb edilmişdir. Lakin sabit gəlirə malik deyil. Belə ki, həmin salona hər gün getmir. Orada olan zaman günündən asılı olaraq 10-20 manat civarında gəlir əldə edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. 03 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə fikri öyrənilmiş xx.xx.2007-ci il təvəllüdlü X10 bildirmişdir ki, o, anası ilə qalır. Qardaşı, 16 may 2014-cü il təvəllüdlü X12 da onlarla birlikdə yaşayır, yəni anasının yanında qalır. Hərdən uşaq atasını görmək istəyəndə onun böyük qardaşı gəlib uşağı aparır. Bundan əvvəlki məhkəmə iclasına anası onunla birlikdə qardaşı Əkbəri də gətirmişdir. Sadəcə olaraq məhkəmə iclasından sonra atası qardaşını güclə özü ilə aparmışdır. O, vaxtdan qardaşı onlarla qalmır. Anası qardaşını geri gətirməsi üçün atasına zənglər edir, lakin atası telefon zənglərinə cavab vermir. O, abuturiyent hazırlıqlarına cəlb olunduğundan atasının yanına tez-tez gedə bilmir, lakin qardaşı tez-tez gedir. Atası qardaşını vaxtında qaytarmayanda qardaşı dərsə getmir. Atası ilə anası iki ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Onda olan məlumata əsasən atasından aliment tutulmamışdan əvvəl atası onlara pul vermirdi. Atası ona ad günündə hədiyyə də almamışdır. Atası ilə görüşəndə də atası ona pul vermir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir

15. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 192.3-cü maddəsinə əsasən uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci maddəsinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamə üzrə müəyyən edilmiş aliment məbləği hər iki uşağa münasibətdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında bağlanmış nikah pozulmamışdır. Lakin onlar iki ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Birgə nikahlarından doğulmuş 3 uşaqdan biri artıq yetkinlik yaşına çatmışdır. Digər iki uşaq yetkinlik yaşına çatmamışdır. Onların arasında bu uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən alimentin sabit pul məbləğində deyil, aylıq qazancının müəyyən hissəsi kimi tutulmasını tələb edir. Cavabdeh alimentin müəyyən edilmiş qaydası ilə razı deyil. Birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 onunla yaşadığını bildirir və bu səbəbdən ondan yalnız birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir.

25. Cavabdeh əmək fəaliyyəti ilə məşğul olur və müntəzəm aylıq gəlirə malikdir. Belə ki, cavabdeh "xxxx" MMC-də işarəvermə, mərkəzləşdirmə və bloklama qurğularının elektrik montyoru və "xxxx" ASC-də rəis müavini vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən aylıq əmək haqqı müvafiq olaraq 556 manat və 1.155 manat təşkil edir. Bu baxımdan alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür və hər hansı çətinlik yaratmır. İddiaçı etirafına əsasən qeyri-rəsmi olaraq gözəllik salonunda işə cəlb edilmişdir. Həmin salona hər gün getmir. Salonda olduğu zaman günündən asılı olaraq, gəliri 10-20 manat civarında olur.

26. Məhkəmə kollegiyası cavabdehin müntəzəm qazanca malik olmasını, həmin qazancın məbləğini, alimentin bu qazancdan tutulmasının mümkün olduğunu, habelə iddiaçının alimenti sabit pul məbləğində deyil, cavabdehin qazancın müəyyən hissəsi miqdarında tutulmasını tələb etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin dəlilləri bu hissədə əsassızdır və aliment sabit pul məbləğində deyil, məhz cavabdehin qazancının müəyyən hissəsi miqdarında tutulmalıdır.

27. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2014-cü il təvəllüdlü X7 onun yanında qalması barədə dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmamış, bu səbəbdən uşaqların valideynlərinin hansının yanında qalması məsələsi öz həllini tapmamışdır. İddiaçı hazırda Bakı şəhəri Binəqədi rayonu ərazisində, cavabdeh isə Xəzər rayonu ərazisində yaşayır. Həm xx.xx.2014-cü il təvəllüdlü X12, həm də xx.xx.2007-ci il təvəllüdlü X10 Bakı şəhəri Binəqədi rayonunda, yəni iddiaçının yaşayış ünvanı üzrə yerləşən 276 saylı orta məktəbdə təhsil alır.

28. İş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasına hər iki uşaq iddiaçı ilə birlikdə gəlmişdilər. Həm iddiaçı, həm də xx.xx.2007-ci il təvəllüdlü X10 bu iclasdan sonra xx.xx.2014-cü il təvəllüdlü X7 cavabdeh tərəfindən güclə aparıldığını bildirir. Lakin cavabdeh məsələ ilə bağlı uşağın fikrinin öyrənilməsi üçün xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Hər bir halda, cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şəxsən iştirak etmiş və uşaqların fikrinin öyrənilməsinin zəruriliyi onun iştirakı ilə müzakirə edilmişdir. Uşağın həqiqətən də onunla yaşamasını sübut etmək isə bilavasitə cavabdehin marağında olan məsələdir. Belə ki, məhz o, bu mövqedən çıxış etmişdir. Belə olan halda, ən azı bu halı sübut etmək üçün cavabdeh xx.xx.2023-cü il tarixdən onun yanında qalan uşağın iştirakını təmin etməli idi. Lakin etməmişdir. Bu da öz növbəsində onun mövqeyinin əsassız olmasına və reallıqda uşağın onunla yaşamamasına, hərdən onun yanında qalmasına dəlalət edir. Belə olan halda, bu uşaqların hər hansı birinin hərdən cavabdehin ünvanında qalması, ondan həmin uşağın saxlanılması üçün də alimentin tutulmalı olmaması anlamına gəlmir, bunu istisna etmir. Qeyd edilənlər öz növbəsində bu uşaqların hər ikisinin iddiaçının yanında qalmasını təsdiq edir və onların hər ikisinin saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasını şərtləndirir.

29. Məhkəmə kollegiyası tutulan alimentin məbləği ilə bağlı bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən qeyd edir ki, uşaqları saxlamaq vəzifəsini hər iki valideyn daşıyır və uşaqların saxlanması üçün vəsait (aliment) bu prosesdə, yəni uşağın saxlanılmasında iştirak etməyən valideyndən tutulur. Hər bir uşağın da Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat, yəni 2023-cü il üzrə müəyyən edilmiş meyara əsasən 220 manat məbləğində aliment almaq hüququ vardır. Bununla belə, qanunverici bu məbləğin 2023-cü il üzrə aşağı həddini müəyyən etmiş, lakin bu məbləğdən artıq alimentin tutulmasını nə istisna, nədə ki, qadağa etmişdir.

30. Hazırki vəziyyətdə cavabdehdən tutulmalı olan alimentin məbləği, qanunvericiliklə müəyyən edilmiş tutmalar çıxıldıqdan sonra təxminən 500 manat təşkil edir ki, bu da iki uşaq üçün müəyyən edilmiş yaşayış minimumundan 60 manat artıqdır. Başqa sözlə, alimentin bu qaydada tutulması nəticəsində hər bir uşağa yaşayış minimumundan təxminən 30-40 manat artıq məbləğdə aliment çatacaqdır. İddiaçının özünün də hər hansı məbləğdə konkret gəlir əldə etməsi müəyyən edilmir. Onun işə cəlb edildiyi gözəllik salonuna getdiyi günlərdə 10-20 manat civarında gəlir əldə etməsi də bu məbləğin azaldılmasına əsas ola bilməz. Qeyd edilənlər öz növbəsində Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tətbiq edilməsini və bu məbləğin azaldılmasını istisna edir.

31. Digər tərəfdən o hal da nəzərə alınmalıdır ki, iddiaçıdan fərqli olaraq cavabdehin uşağın saxlanılması ilə bağlı öhdəliyi yalnız ondan tutulan aliment məbləği ilə məhdudlaşdırılır. Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşaqların istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir (aydın məsələdir ki, yalnız bir uşaq üçün 200 manat məbləğində alimentin ondan tutulmasını tələb edən cavabdeh bu məbləği qarşılayan deyil). Uşaqların qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır.

32. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

33. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar