Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3621/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası X3 Komitəsinin nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası X3 Komitəsinin ilkin iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1725/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası X3 Komitəsi ilkin iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3257 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X3 Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 55000 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsi satıcı X3 Komitəsi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinə əsasən 150000 (yüz əlli min) manata alıcı Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 55000 (əlli beş min) manat ödəmiş, digər hissənin, yəni 95000 (doxsan beş min) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. X3 Komitəsi tərəfindən Cavabdeh müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsinə, əks təqdirdə müqavilənin ləğv olunacağına dair xx.xx.2019-cu il tarixli, **********19 nömrəli və xx.xx.2019-cu il tarixli, **********90 nömrəli bildirişlər göndərilsə də, alıcı satın aldığı əmlakın dəyərini tam ödəməmişdir. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinə və Bakı şəhəri Xatai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 349,3 kv.m. qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadənin mümkünsüz edən tikililərin sökülməsi və həmin sahəyə maneəsiz girşi-çıxış təmin edilməsi ilə sahənin iddiaçıya təhvil verilməsi və bugünədək həmin sahədən istifadənin mümkünsüz olması nəticəsində iddiaçıya dəymiş 58000 manat maddi ziyanın və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 58030 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsi satıcı Azərbaycan Respublikası X3 Komitəsi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinə əsasən 150000 manata iddiaçıya satmışdır. Bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilə üzrə ilkin iddia üzrə cabandeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 60000 manat məbləğində pul ödənilmiş, 90000 manat məbləğində qalıq borcu qalmışdır. İddiaçı iddia üzrə öhdəliyini yerinə yetirməyə başlamış, lakin cavabdeh öz öhdəliyini icra edib əmlakı üçüncü şəxslərin hüquqlarında azad şəkildə iddiaçıya təhvil verməli halda, bunu etmədi. İddiaçının məqsədi qeyri-yaşayış sahəsini alıb orada bağça açmaqla gəlir əldə etmək olmuşdur. Lakin Azərbaycan Respublikası X3 Komitəsi tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyindən, həmin qeyri-yaşayış sahəsindən gəlir və fayda götürmək qeyri-mümkün olmuşdur. Belə ki, göstərilən qeyri-yaşayış sahəsi 4 tərəfdən bağlanmış, ora giriş-çıxış tamimilə mümkünsüzdür. Sahənin hasarlanması və ora girişin mümkünsüz edilməsi məhz Xətau rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Əgər cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmiş olsaydə, iddiaçı sahəni normal istifadə edib, oradan gəlir əldə edə bilərdi. İddiaçı həmin sahədən bağça kimi istifadə edib hər ay 2000 manat gəlir əldə edə bilərdi. İddiaçı hesab edir ki, mülkiyyətindən istifadəyə maneəçilik nəticəsində iddiaçı 3 il müddətinə həmin qeyri-yaşayış sahəsindən gəlir əldə edə bilməmiş, nəticədə 58000 manat məbləğində əldən çıxmış fayda olaraq ona maddi ziyan dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1725/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası X3 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3257 nömrəli müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq X3 Komitəsinə təhvil verilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin təmin edilməsi barədə hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını tam və hərtərəfli araşdırmadığını irəli sürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, AR X3 Komitəsi (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2017-ci il tarixli 3257 nömrəli Müəssisənin (obyektin) Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən: Müqavilənin predmetini alıcının Azərbaycan Respublikasının X3 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 01/01 №-li protokola əsasən satın aldığı 349,3 kv.m qeyriyaşayış sahəsi (6 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsi 301,8 kv.m və 1 mərtəbəli bitişik tikili 47,5 kv.m) təşkil edir. “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 2 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 150000.00 (bir yüz əlli min) manata satın alır; hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır; “Satıcı” müəssisənin satış qiymətinin “Alıcı” tərəfindən tam ödənilməsindən sonra alqı-satqı müqaviləsinin 1 nüsxəsini müvafiq sənədlərlə birlikdə əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini aidiyyəti ərazi idarəsinə göndərilməsini öhdəsinə götürmüşdür; “Alıcı” alqı-satqı müqaviləsi imzalandıqdan sonra müəssisənin bütün öhdəliklərini və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi, alınmış müəssisənin (obyektin) dəyərini. Yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 faiz də nəzərə alınmaqla 150000 manatı müqavilə bağlandığı andan 30 gün müddətindən gec olmayaraq və yaxud xx.xx.2017-ci il tarixədək “Satıcı”nın hesabına köçürməyi öhdəsinə götürmüşdür; “Alıcı” müqavilə imzalandıqdan sonra müəssisədən (obyektdən) müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir; “Alıcı” alqı-satqı müqaviləsinin imzalandığı gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri X3 Komitəsinə təqdim edir (satın alınan müəssisə (obyekt) ayrıca tikilidə yerləşdikdə); əgər “Alıcı” satın aldığı müəssisənin (obyektin) dəyərini müqavilə imzalandığı andan 30 (otuz) bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. AR X3 Komitəsinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişə əsasən ünvan 2 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar X3 Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 150000 (bir yüz əlli min) manatdan 45000 (qırx beş min) manat tərəfindən ödənilmiş, qalan 105000 (bir yüz beş min) manat ödənilməmişdir. Müqavilə üzrə ödənilməmiş 105000 (bir yüz beş min) manat vəsait 3 (üç) gün ərzində ödənilməlidir. Bu bildiriş təqdim edildiyi tarixdən 3 (üç) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1-ci bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır. AR X3 Komitəsinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişə əsasən ünvan 2 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar X3 Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2 bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 150000 (bir yüz əlli min) manatdan 55000 (əlli beş min) manat ödənilmiş, qalan 95000 (doxsan beş min) manat ödənilməmişdir. Müqavilə üzrə ödənilməmiş 95000 (doxsan beş min) manat vəsait 10 (on) gün ərzində ödənilməlidir. Bu bildiriş təqdim edildiyi tarixdən 10 (on) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1 bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, AR X3 Komitəsi ilə Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 349,3 kv.m qeyriyaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin qeyri-yaşayış sahəsinin alınması üçün Cavabdeh əmlakın satış qiyməti olan 150.000 (bir yüz əlli min) manatı müqavilə imzalandıqdan sonra 30 gün müddətində ödəməyi öhdəsinə götürmüş, lakin 60.000 (altmış min) manat ödənilmişdir. İddiaçı həmin müqavilənin aldadılaraq bağlandığını və müqavilə üzrə ödənilməli pul vəsaitinin ona verilmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, tələblərinin hüquqi əsası kimi “Notariat haqqında” Qanunun 74-cü və 42-1-ci, Mülki Məcəllənin 340-cı və 421.2-ci maddələrinə istinad etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ilkin iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 422.2-ci və 422.2.3-cü maddələrinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh götürdüyü öhdəliyini tam icra etməmiş, sözügedən müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, beləliklə AR ƏMDK-nin müqavilənin ləğv edilməsi hüququ yaranmışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla belə məhkəmə qarşılıqlı iddiaçıya izah edir ki, onun məhkəməyə müstəqil idda tələbi ilə müraciət edərək müqavilə üzrə ödədiyi vəsaiti geri tələb etmək hüququ vardır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1725/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3621/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3621/2021
07.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver