Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3624/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək haqqı və digər ödənişlər üzrə pul” tələbinə 2(011)- 6355/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirillməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.04.2020-ci il tarixdən 26.10.2020-ci il tarixədək 1500 manat əmək haqqının və digər kəsrlər son haqq-hesab ödənişlərinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.04.2018-ci il tarixindən orta aylıq əmək haqqı 400 (dörd yüz) manat olmaqla Taksi xidməti şirkətində xəzinədar vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Şirkət tərəfindən ona əmək müqaviləsi təqdim edilməsə də o, öz peşə vəzifələrini yerinə yetirməyə başlamış, çalışdığı müddətdə ona tapşırılan vəzifələri tam yerinə yetirmiş, heç bir nöqsana, qüsura yol verməmiş və əmək məcəlləsinin tələblərinə uyğun olaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmişdir. Kadlar şöbəsi tərəfindən onu işə qeydiyyata alarkən X2 qizi adı ilə rəsmiləşdirilmişdir, 2 il 2 ay həmin şirkətdə işləmişdir, bütün dünyada yeni növ koronavirus infeksiyasının yayılmasından sonra cari ilin may ayında Taksi Xidmətinin rəhbəri ona 10 günlük qısa fasilə götürməsini və evdə oturub işə gəlməməsini bildirmişdir. Ona 10 gündən sonra işə çağıralacağı bildirilsə də, bu günə kimi rəhbərlik onu işə çağırmamış, həmin müddətdə ona əmək haqqı da ödənilməmiş və işdən çıxarılması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Cari ilin oktyabr ayında o, rəhbərliyə işi ilə bağlı müraciət etdikdə ona ASAN Xidmətlə problemlərinin olduqlarını və bu səbəbdən də onun hələ çağırıla bilməyəcəklərini bildirmişlər. Bununla bərabər ona məlum olmuşdur ki, 2018-cİ ilin aprel ayından 2020-ci ilin iyun ayına kimi o, həmin Taksi Xidmətində X1 adı altında işləmiş və onun adı ilə əmək haqqı almışdır, indi isə rəhbərliyin ona dediyinə görə Taksi Xidmətində rəsmi olaraq cari ilin iyun ayından rəsmi işə başlamışdır, yəni işlədiyi 2 il 2 ay onun əmək stajına daxil edilməmişdir, bundan əlavə 2018-ci ilin aprel ayından bu günə kimi ona məzuniyyət hüququndan istifadə etməyə icazə verilməmiş, 2018-ci ilin aprel ayından hər ay cari ilin fevral ayına kimi əmək fəaliyyətində olduğu müddətdə hər ay 400 manat əmək haqqı ilə çalışmış, həmin müddətdən sonra ona may ayına kimi 200 manat əmək haqqı verilməyə başlanmışdır. İşəgötürənin təqdim etdiyi sənədlərdən görünür ki, onun əmək haqqı 250 manatdır və 01.10.2020-ci il tarixdən işdən azad olunmuşdur, o, işə bərpa olmaq niyyətində deyil, əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirmir, əmək haqqının aşağı salınması barədə ona heç bir məlumat verilməmişdir və ya şirkət-daxili əmr olmamışdır, işdən çıxarılmasına baxmayaraq ona son haqq-hesab, o cümlədən əmək haqqı ödənilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödənilməmiş əmək haqqı kimi ümumilikdə 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət eidlmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2 (iki) ildən artıq müddət ərzində taksi xidməti şirkətində xəzinədar vəzifəsində çalışdığı iddiasını irəli sürsə də, bu məsələ sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçı tərəfdən irəli sürülən iddia tələbi ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə olduqda iddiaçı digər yollara əl ataraq rəsmi olaraq əmək müqaviləsi bağlanıldığı, yəni 01.04.2020-ci il ildən əmək müqaviləsinə xitam verildiyi 01.10.2020-ci il tarixinədək işlədiyi müddət ərzində əmək haqının ödənilmədiyini irəli sürməyə başladı. Halbuki, əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəfimdən razılaşdırılmış əmək haqqı, yəni 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Halbuki, prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı tərəfindən irəli sürülən iddia onun tərəfindən sübut edilməli olduğu halda sübutların təqdim edilə bilməməsi və məhkəmə tərəfindən bu kimi halların düzgün qiymətləndirilməməsi onun prosessual hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin əsassız olduğunu təsdiq edəcək digər bir məqam isə məhkəmə baxış protokolunda da öz əksini tapmışdır. İddiaçı tərəfindən aylıq əmək haqqının guya 200 (iki yüz) manat məbləğində olduğu qeyd etsədə tərəfindən təqdim olunmuş sübutlara müvafiq olaraq bu iddiada öz əhəmiyyətini itirmişdir. Belə ki, tərəfindən təqdim edilmiş sübutlara əsasən İddiaçı tərəfindən irəli sürülən əsassız iddia təkzib edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, məhkəmə baxışı zamanıda İddiaçı tərəfindən bir neçə dəfə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edilməsi onun tələbi barəsində əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dəlalət edir. İddiaçının sonuncu dəqiqləşdirmə barədə ərizəsində ümumiyyətlə iddianın mahiyyətini əks etdirən hər hansı bir məlumat yox idi və eyni zamanda anlaşılan olmamış, onun nə istədiyi bilinməmişdir. Bütün bunlara əsasən məhkəmə tərəfindən İddiaçı iddia tələbinin tam həcmdə rədd edilməsinə dair qətnamənin qəbulunu şərtləndirsədə məhkəmə bu kimi halları düzgün hüquqi qiymət verməyərək İddiaçı iddia tələbinin qismən təmin olunmasına dair sözü gedən qətnaməni qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə iddianını təmin olunmuş hissəsində qətnamə yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh tərəfindən verilmiş 01.04.2020-ci il tarixli, İX-10 saylı əmrlə İddiaçı ilk 3 ay sınaq müddəti olmaqla kassir vəzifəsinə 01.04.2020-ci il tarixdən təyin edilmiş, aylıq zəhmət haqqı 250 manat müəyyən edilmişdir. 01.10.2020-ci il tarixli, X-2 saylı Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, İddiaçı şifahi tələbinə əsasən onunla bağlanmış 01.04.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İşəgötürən Cavabdeh və işçi İddiaçı arasında bağlanmış 01.04.2020-ci il tarixli əmək müqaviləsinə 01.10.2020-ci il tarixli əmrə əsasən xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalından çıxarışdan görünür ki, İddiaçı 01.04.2020-ci il tarixdən xəzinədar vəzifəsinə qəbul olunmuş, onun aylıq əmək haqqısı 250 manat təşkil edir. Bundan başqa, mygov.az hökümət portalında çıxarışdan görünür ki, iddiaçı “Yeni *8555 taksi xidməti”-də xəzinədar vəzifəsinə 01.04.2020-ci il tarixli əmək müqaviləsi əsasında qəbul olunmuş, işçinin aylıq əmək haqqı 250 manat təşkil edir. 2020-ci ilin İİİ rübü üçün muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamənin surətindən görünür ki, İddiaçı Rəfail qızının əmək haqqının tərkibinə daxil olmayan gəlirləri 250 manat təşkil edir. 2020-ci ilin aprel, may və iyun ayı üçün hesablanmış əmək haqqı cədvəllərindən görünür ki, kassir vəzifəsində işləyən İddiaçı 250 manat əmək haqqı hesablanmışdır Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 173-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin Məcəllənin 173-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləğinə dair məlumatlar göstərilir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinə və iddiaçının əmək məzuniyyətindən istifadə etmək hüququnun yaranmasına əsas verən hallar müəyyən olunmur. Bununla yanaşı, cavabdeh işəgötürən olaraq əmək qanunvericliyinə əsasən, əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi vəzifəsi daşıdığından, həmin hallara dair sübutetmə yükü onun üzərindədir. Belə ki, mülki iş üzrə tərəflər öz dəlillərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu dövr ərzində işçiyə əmək haqqının tam həcmdə ödənilməsini təsdiq edən mötəbər sübutlar (ödəniş tapşırığı, işçinin əmək haqqını qəbul etməsi barədə kitabçası, vərəqi, çeki) iş materiallarına əlavə edilməmiş, belə hallar isə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İşdə olan, cavabdeh tərəfindən təqdim edilmiş “2020-ci ilin aprel, may, iyun ayları üçün işçilərin əmək haqqlarının hesablanmasına dair cədvəllər”ə münasibətdə hesab edir ki, həmin sənədlər ödənişin həyata keçirildiyini deyil, müvafiq aylar üzrə əmək haqqının hesablanmasını təsdiq etdiyindən, bu sənədlər əmək haqqı, o cümlədən son haqq-hesab ödənişlərinin həyata keçirilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, tərəflər arasında olan əmək müqaviləsinə 01.10.2020-ci il tarixdə xitam verildiyindən və bu iddiaçı tərəfindən mübahisələnidirilmədiyindən, əmək haqqının ödənilməli olduğu dövr əmək müqaviləsinin bağlandığı 01.04.2020-ci il tarixdən əmək müqaviləsinin xitam verildiyi 01.10.2020-ci il tarixədək olan zaman kəsiyini əhatə etməli, ödənilməli olan əmək haqqının miqdarı isə tərəflərin əmək müqaviləsi əsasında razılaşdığı miqdarda aylıq 250 manat olmaqla hesablanmalı olmasına dair birinci insatansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(011)-6355/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3624/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3624/2021
04.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver