Məhkəmə qərarları › İş №2(103)-3628/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3628/2021

15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3628/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5330/2020 saylı, 20.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.300,0 manat əsas pul, 10.000,0 manat əldən çıxmış fayda, 25.000,0 manat mənəvi zərərin və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05.11.2019-ci il tarixində saat 21:00 radələrində internetdə tap.az saytında iş axtaran zaman “Maye Sexi” hazır biznes adı altındakı elan diqqətini cəlb etmiş, elana daxil olaraq saytda olan telefon nömrəsi ilə əlaqə saxlamışdır, o, həmin əlaqə vasitəsi ilə Cavabdeh ilə əlaqə yaratmış, cavabdeh ona biznesini satdığını bildirmişdir, həmin gün gecə təxminən saat 23:00-da iddiaçı cavabdehlə danışıqdan sonra birlikdə Xətai rayonu, Kərimov küçəsində yerləşən Maye Sexinə gəlmiş və sexə baxış etmişlər, ona cavabdeh həmin avadanlıqların sənədinin olduğunu və həmin avadanlıqlarla sabun, qabyuyan, maye şampun istehsal edəcəyini bildirmişdir, onlar həmin sexi 28.000 (iyirmi səkkiz min) manata razılaşmışlar, 11.112019-cu ildə saat 15 radələrində o, onun atası X2 və Cavabdeh görüşmüşlər, cavabdeh 28000 manatın içində, firmanın adında olan məhsulların adlarını, hər biri üçün məhsullara aid sənədləri (sertifikatları və satışa icazə sənədlərini), sexin avadanlıqlarını, sexdə olan xam malın qalığını, hazır məhsulları verəcəyini, bundan əlavə olaraq məhsulların satışına kömək edəcəyinə söz vermişdir, o da Cavabdeh xam malın qalığını və hazır məhsulun məbləğini soruşanda o, bunun məbləğinin 8000 manat olduğunu bildirmiş və biznes barədə məlumat verməyə başlamışdır, cavabdeh sexin gəlirli sahə olduğunu, birə bir qazanc olduğunu, hər bir mal üçün sənədlərin qaydasında olduğunu, alacaqları təqdirdə əl üçün maye sabun, qab üçün maye sabun, xlor, ACE, maşın yumaq üçün olan şampunu, netin və domestosun hazırlanması qaydalarını və gedişatlarını başa salacağını bildirmişdir, sonra cavabdeh əgər 12 noyabr tarixinə kimi iddiaçı sexi alacağı təqdirdə, 16.11.2019-cu il tarixinə qeydə alınmış Qəbələdən olan 4000 manatlıq və Tovuzdan olan 3000 manatlıq sifarişləri ona yönəldiləcəyini bildirmişdir, onun atası cavabdehdən bu işi başlamaq üçün nə qədər məbləğ lazım olduğunu soruşanda cavabdeh 1500 manatın kifayət edəcəyini söyləmişdir, həmin gün aralarındakı danışıqlardan sonra o, Cavabdeh sexin yanında onun şəxsi maşınının içərisində 10.000 ABŞ dolları (günün məzənnəsi ilə 17.000 manat) pul vermiş, qalan 11.000 manat pulu isə danışdıqları kimi işi onlara öyrədəndən sonra 5 ay müddətinə verəcəyini demiş və cavabdeh sexin açarlarını ona vermişdir, 12.11.2019-cu il tarixdə cavabdeh iddiaçını xam mal satan Cavanşir adlı şəxslə görüşdürmüşdür, Cavanşir görüşdə Cavabdeh 1500 manat borcunu nə vaxt verəcəyini soruşmuş, Vüsal da Orxan ödəyəcək demişdir, Cavabdeh İddiaçı malı nisyə aldığını və sexi artıq təhvil verdiyinə görə pulu onun ödəyəcəyini, o isə danışıqda belə sözün keçmədiyini və cavabdehin özü ödəyəcəyini bildirmişdir, bundan sonra Cavabdeh iddiaçıdan ona çatacaq 11.000 manat puldan 1000 manatını Cavanşirə verməyini xahiş etmiş, o da cavabdehə ödəməli olduğu 11.000 manatdan 1000 manatını Cavanşirə vermiş, cəmi sex üçün cavabdehə 18.000 manat pul ödəmişdir, iddiaçı cavabdehə sex üçün 18.000 manat puldan əlavə xam mal üçün 2300 manat əlavə pul vermişdir, lakin bir müddətdən sonra Cavabdeh işdən çıxmış və söz verdiyi kimi işləri İddiaçı öyrətməmiş, bu səbəbdən də iddiaçının işləri yarımçıq qalmışdır, 12.12.2019-cu ildə iddiaçı cavabdehlə birlikdə sexi satışa çıxarmış, 24.12.2019cu ildə sex üçün alıcı çıxmış və sənədlərlə tanış olduqda sexin yalnız qab şampunu istehsal etməyə və satmağa icazəsi olduğu müəyyən edilmişdir, bu hadisədən sonra o, cavabdehin onu aldatdığını və qanunsuz olaraq onun pulunu ələ keçiridyini başa düşmüşdür, beləliklə, o, aldadıldığını anladıqda 27.12.2019-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizələri yazmışdır, 2020-ci ilin yanvar ayında Xətai Rayon 37-ci Polis Bölməsinə iddiaçı və cavabdeh dəvət olunaraq izahatları alınmış, Cavabdeh izahatında İddiaçı izahatını təsdiq etmiş və ondan 10.000 ABŞ dolları pulu aldığını etiraf etmişdir, Xətai RPİ-nin PŞ-nin təhqiqatçısı polis kapitanı Budaq Budaqlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir, bu qərarla razı qalmayan İddiaçı Xətai Rayon Prokuroru Yusif İldırımzadəyə şikayət etmişdir, Yusif İldırımzadə qərarı ləğv edərək materiallar yenidən istintaqa qaytarmışdır, bu dəfə işlə Xətai RPİ-nin baş təhqiqatçı polis kapitanı Vlazim Musayev məşğul olmuş, təhqiqat zamanı cavabdeh pulu aldığını etiraf etmişdir, Vlazim Musayev cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.03.2020-cı il tarixli qərarında İddiaçı Cavabdeh qarşı 20.300 (iyirmi min üç yüz) manat pul tələbi iddiası mülki hüquq münasibətlərini yaratdığını və tərəflər arasında yaranmış mübahisə mülki mübahisə predmeti olduğundan Cavabdeh barəsində cinayət tərkibinin əlamətlərini yaratmadığını, beləliklə iddiaçı 20.300 manat pul tələbi üçün mülki qaydada məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir, o, cavabdeh ilə şifahi razılığa gəlmiş, Cavabdeh “Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi” tərəfindən verilmiş qab şampunu istehsalına dair Dövlət Reyestrində qeydiyyata alınmış Uyğunluq Sertifikatını və “Qlobal Standart 1 Azərbaycan Avtomatik İdentifikasiya Cəmiyyəti”nin Şəhadətnaməsini ona təqdim etmişdir, onlar qarşılıqlı şifahi əqd bağlamışlar, onunla cavabdeh belə qarşılıqlı razılaşma ilə sexi almaq üçün razılaşmış və iddiaçı cavabdehə ümumilikdə 20.300 (iyirmi min üç yüz) manat pul vermiş və həmin pulun almasını cavabdeh təhqiqata verdiyi izahatlarında etiraf etmişdir, o, obyekti geri qaytarmış, cavabdeh də ona bildirmişdir ki, kömək etsin ki, obyekt satılsın və o da borcunu ona qaytara bilsin, o, istehsal avadanlıqlarını cavabdehin verdiyi kimi tam yararlı şəkildə təhvil vermişdir, o, həmçinin məhsulların istehsalına başladıqdan sonra cavabdeh ondan müəyyən miqdarda məhsulları satmaq məqsədi ilə götürmüş, buna görə də cavabdehin ona 400 manatlıq borcu yaranmışdır, cavabdeh məhkəmədə 18400 manat hissədə iddia tələbini qəbul etdiyindən iddia tələbinin o həcmdə də təmin olunmasına razıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5330/2020 saylı, 20.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 18.400,0 (on səkkiz min dörd yüz) manat pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(011)-5330/2020 saylı qətnaməsini ləğv edib, onun barəsində yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(011)-5330/2020 saylı qətnaməsini aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, 05.11.2019-cu il tarixdə ona məxsus olan “Maye Sexi” biznesini satmaq üçün “tap.az” saytında elan yerləşdirdi və qiymətini 28000 manata qeyd etmişdi.Bundan sonra İddiaçı bu elanı gördükdən sonra onunla əlaqə saxlamış, həmin günü atası ilə birgə sözügedən obyektə baxmış, razılaşmışdılar.Bundan sonra 28000 manatdan 18000 manat ona ödəniş eləmiş və qalan 10000 manat pulu 3 aya verəcəyini bildirmişdi. Bundan 2 ay sonra İddiaçı onunla əlaqə saxlamışdı.O, sözügedən biznesi satmaq istədiyini bildirmişdi və satdıqdan sonra ona olan borcunu qaytaracağını demişdi.Bunun üçün ona kömək göstərməyini xahiş etmişdi. İddiaçı sözügedən obyekti satışa qoymuş, aradan xeyli müddət keçməsinə baxmayaraq həmin obyekti sata bilməmişdi. İddiaçı vəkilə müraciət etmişdir.İddiaçının vəkili onunla əlaqə saxlamışdır, ona verilən pulun geri qaytarılmasını bildirmişdi və hər ay 1000 manat ödəniş edəcəyini bildirmişdi.Halbuki, İddiaçı 10000 manat ona borcu olduğu halda ondan pul tələb edir.Hal-hazırda Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(011)- 5330/2020 saylı qətnaməsində qeyd olunan tələblə razı deyil, çünki o, iddiaçıdan 18000 manat borc almamışdır, sadəcə olaraq satdığı biznesin pulundan 18000 manat pulu tam şəkildə almışdır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının səhv tətbiq olunması səbəbi ilə ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Bakı şəhər Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(011)-5330/2020 saylı qətnaməsini ləğv edib, onun barəsində yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia tələbi qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki,1-ci instansiya məhkəməsi iddianın qismən təmin olunması ilə bağlı düzgün nəticəyə gəlsə də, düzgün olmayaraq tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən normalarını tətbiq etmişdir. Belə ki, iş materiallarında olan 29.10.2020-ci il tarixli, İSS 001708 saylı uyğunluq sertifikatından görünür ki, "xxxx" MMC-nin istehsalçısı olduğu “qab şamunu” AZS053- 2001 tələblərinə uyğundur. İş materiallarında olan 16.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət içinin başlanması rədd edilmiş, təhqiqat zamanı Cavabdeh İddiaçı ona 10.000,0 ABŞ dolları verdiyini öz izahatında bildirmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 11.11.2019-cu il tarixdə tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə əsasında cavabdeh özünə məxsus 28000 manat dəyərində istehsal avadanlıqlarını iddiaçıya satmış, bunun müqabilində iddiaçı əvvəlcə 10.000,0 ABŞ dolları cavabdehə vermiş, daha sonra cavabdehə ödəməli olduğu 11000 manat məbləğdən 1000 manatını cavabdehin borcunun əvəzi kimi ödəmişdir, iddiaçının istehsal etdiyi 400 manatlıq məhsul cavabdeh tərəfindən götürülmüşdür, alqı-satqı müqaviləsi tərəflər arasında etibarsız hesab edilmiş, cavabdeh iddiaçıdan təhvil aldığı avadanlqları onun özünə qaytarmış, lakin həmin avadanlıqlara görə ödənilmiş məbləğ geri alınmamışdır. Həmçinin, apellyasiya baxışı zamanı da tərəflərin izahatından bir daha təsdiq olunmuşdur ki, tərəflər arasında şifahi olaraq hazır biznesin alqı-satqı müqaviləsi bağlanmış, sonradan bu müqavilə etibarsız hesab olunnmuş, həmin müqavilə əsasında cavabdehə məxsus 28000 manat dəyərində iddiaçıya satdığı istehsal avadanlıqları cavabdehin özünə qaytarılmış və hazırda cavabdehin istifadə və sahibliyindədir, lakin cavabdeh iddiaçıdan həmin avadanlıqlara görə ödənilmiş məbləği, yəni 18400 manatı geri qaytarmamışdır. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Azərbaycanın Respublikası Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Müəyyən olunur ki, cavabdeh sexin gəlirli sahə olduğunu, birə -bir qazanc olduğunu, hər bir mal üçün sənədlərin qaydasında olduğunu, alacaqları təqdirdə əl üçün maye sabun, qab üçün maye sabun, xlor, ACE, maşın yumaq üçün olan şampunu, netin və domestosun hazırlanması qaydalarını və gedişatlarını iddiaçıya başa salacağını, əgər 12 noyabr tarixinə kimi iddiaçı sexi alacağı təqdirdə, 16.11.2019-cu il tarixinə qeydə alınmış Qəbələdən olan 4000 manatlıq və Tovuzdan olan 3000 manatlıq sifarişləri ona yönəldiləcəyini bildirmişdir.Lakin bir müddətdən sonra Cavabdeh söz verdiyi kimi işləri İddiaçı öyrətməmiş, bu səbəbdən də iddiaçının işləri yarımçıq qalmışdır, Bundan əlavə, iş materiallarında olan 29.10.2020-ci il tarixli, İSS 001708 saylı uyğunluq sertifikatından görünür ki, “qab şamunu” AZS053- 2001 tələblərinə uyğun olsa da onun istehsalçısı "xxxx" MMC-dir. Göstərilənlərə əsasən, Kollegiya bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsızdır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi əgər bağlanmış əqd etibarsızdırsa həmin müqavilə hər hansı hüquqi nəticə, yəni tərəflər üçün hüquq və öhdəlik yaratmır. Odur ki, tərəflər arasında bağlanmış 11.11.2019-cu il tarixli müqavilə onlar üçün pulun və ya əşyanın icarəsinin verilməsi öhdəliyi yaratmamışdır. Başqa sözlə, İddiaçı Cavabdeh 18.400,0 manat ödəməsinin hüququ əsası yoxdur.Ona görə də, iddia18.400,0 manat pulun qaytarılması hissədə təmin edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, cavabdehin iddiaçıya olan borca dair öhdəliyini istisna edən, həmçinin həmin pul məbləğindən bu və ya digər formada cavabdehin faydalanması halları məhkəmə tərəfindən müəyyən olunmamışdı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh iddia tələbini 18400 manat hissədə etiraf etdiyindən, bundan daha çox məbləğdə cavabdehin borcunun olması barədə iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmadığından cavabdehin iddiaçıya olan borc məbləğinin həddi 18.400,0 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə sübutetmə ilə bağlıdır və iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd edir ki, əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür ki, bu da sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı, cavabdehlə alqı-satqı barədə müqavilə bağlamayacağı təqdirdə mübahisə obyekti olan pul vəsaitinin adi mülki dövriyyə şəraitində istifadəsindən əldə edə biləcəyi hansı gəlirlərdən məhrum olması barədə sübutetmə yükü daşıyır, lakin onun tərəfindən bu hallara dair mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərindən irəli gələn cavabdehin hər hansı hüquqa zidd və ya təqsirkar əməlinə əsas verən hallar da məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi həmin hissədə əsaslı hesab oluna bilməz.Belə olan halda məhkəmə hesab edir ki, buna görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(011)-5330/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18.400,0 (on səkkiz min dörd yüz) manat pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar