Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-363/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı (həmçinin, digər iddiaçının nümayəndəsi) İddiaçı və onun nümayəndəsi (vəkili) X5, Cavabdeh «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi (vəkili) X11 iştirakı ilə, İddiaçı və X6 cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı «ötürücü antennanın sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-147/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı və X9 cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı «ötürücü antennanın sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 20, mənzil 1 ünvanında yerləşən «xxxxxxxxxxx» MMC-yə məxsus ötürücü antenanın sökülməsi və cavabdehdən maddi zərərə görə 10000 manat, mənəvi ziyana görə 20000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu il təvəllüdlü oğlu X9 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 18, mənzil 5 ünvanında yerləşən xüsusi mülkiyyətində olan evdə yaşayır. Həmin ünvanda xeyli illər yaşadıqdan sonra, yaşadığı evin ərazisinə yaxın təxminən 5 metr məsafədə «xxxxxxx» MMC-yə məxsus ötürücü antena quraşdırılmışdır. Halbuki belə quraşdırılmış antenalar ancaq yüksək tezlikli dalğaların hesabına işləyə bilir ki, bu da insan orqanizminə təsirsiz ötüşmür. Həddən çox yüksək tezlikli şüalanmalar nəinki insanlara, hətta ətrafdakı hər növ canlı varlığa belə mənfi təsir göstərir. Mobil ötürücü və qəbuledici qurğuların insan orqanizminə mənfi təsiri birmənalıdır. Belə mobil rabitə ötürücülərinin evlərə çox yaxın yerləşməsi insan bədəninə düşən elektromaqnit şüalanmanın həcmini ciddi ölçüdə artırır və bu da hər zaman sakinlərdə əsaslı, ciddi narahatlıqlar yaradır. Hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 18, mənzil 5 ünvanında bu tip ötürücü antennanın quraşdırılmasından ciddi əziyyət çəkirlər. Göstərilən «xxxxxxx» MMC-nin radio baza stansiyasının yaratdığı elektromaqnit dalğalar onun və oğlunun səhhətində müəyyən dəyişikliklər, xəstəliklər və neqativ, xoşagəlməz hallar yaratmışdır ki, bu da, onların səhhətinə olduqca mənfi təsir etmişdir. Radiasiyanın təsirindən özü də tibb bacısı olmaqla hər gün özünün və övladının səhhətində ümumi zəiflik, halsızlıq, tez yorulma hallarının baş verməsini müşahidə edirlər. Lakin bu hallar oğlunun səhhətinə daha ciddi təsir göstərmiş, nəticədə onda «MTS?», «Limfoproliferativ proses?» xəstəliyi diaqnozu qoyulmuş, əməliyyat olunmuş, əməliyyatın nəticəsi (diaqnoz) «Limfodenit» xəstəliyi aşkar olunmuşdur. Bu xəstəliyin araşdırılmasının səbəbi məhz elektromaqnit sahələrinin səviyyəsinin artıq olması nəticəsində baş vermişdir. Onun övladında müəyyən edilmiş bu xəstəliyə görə xx.xx.2011-ci il tarixdə 1 saylı Yoluxucu Xəstəxanasında, xx.xx.2011-ci il tarixdə Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinikasında, xx.xx.2011-ci il tarixdə isə Azərbaycan Tibb Universitetinin Onkologiya klinikaslnln uşaq şöbəsində müalicə olunmuş və hal-hazırda da həkim ambulator nəzarətindədir. Bir kimsəsiz ana kimi bütün bu əməliyyat, müalicə prosesləri ciddi stress və həyəcan çərçivəsində müşayiət olunmuşdur. Ona görə də, hesab edir ki, oğlunun səhhətində yaranan bu xəstəliklərin baş verməsində Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 18, mənzil 5 ünvanında yerləşən xüsusi mülkiyyətindən təxminən 5 metr məsafədə «xxxxxxx Telecom» MMC-nə məxsus ötürücü antennanın quraşdırılmasına görə cavabdeh məsuliyyət daşıyır və ona dəyən maddi, fiziki və və mənvi ziyanı qarşılamaqla yanaşı, ötürücü antenanı yığışdırmalıdır. «xxxxxxx Telecom» MMC-nin radio baza stansiyasının yaratdığı elektromaqnit sahələrinin səviyyəsinin ölçüsü hədsiz çoxdur. Halbuki elektromaqnit sahələrinin səviyyəsi (enerji selinin sıxlığı) 900 MHZ tezlikdə 10 mkVT/sm2 olduğu halda, bu göstərici onun evindən 900 MHZ tezlikdə 15 mkVT/sm2 müəyyən olunmuşdur. Lakin o, aidiyyəti qurumlara müraciət etsə də, bunu təkzib etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-147/2019 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia rədd olunmuşdır. İddiaçılar məhkəmənin qeyd edilən qətnaməsindən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri mübahisəli ünvanda quraşdırılmış və istismar edilən baza stansiyasının Dövlət Radiotezliklər İdarəsində müvafiq qaydada qeydiyyata alınmasını bildirərək,apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 18 saylı evin 5 saylı mənzili İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi- Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutunun xx.xx.2015-ci il tarixli çıxarış epikrizindən görünür ki, xəstə X9 müayinə olunmuş və «İrsi hemolitik anemiya-Q6FDQ fermentinin aktivliyi defisiti» diaqnozu müəyyənləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin məhkəmənin sorğusuna ünvanlandığı xx/xx-00172 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Nüvə və X2 üzrə Dövlət Agentliyi (NRFTDA) respublikada nüvə və radioloji fəaliyyətin dövlət tənzimlənməsini həyata keçirir. Nüvə və radioloji fəaliyyətlərə insan orqanizminə və ətraf mühitə ionlaşdırıcı şüalanmanın təsiri ilə əlaqəli olan istənilən praktiki fəaliyyət daxildir. Müxtəlif növ rabitə (mobil, radio, televiziya və s.) yaratmaq məqsədilə istifadə olunan radiodalğalar ionlaşdırıcı qabiliyyətə malik deyildir və onların təsirindən qorunma elektromaqnit təhlükəsizliyi sahəsinə aiddir. Elektromaqnit təhlükəsizliyinin təmin edilməsi NRFTDA-nın fəaliyyət dairəsinə daxil deyil. «Sanitariyaepidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1992-ci il tarixli, 371 nömrəli Qanununun 33-cü maddəsinə müvafiq olaraq dövlət sanitariya nəzarətini Səhiyyə Nazirliyi müvafiq qurumları vasitəsilə həyata keçirir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məhkəməyə ünvanlandığı 04-22/3-494 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Mərkəzin mütəxəssisi tərəfindən ekspertin iştirakı ilə Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 18 və 20 ünvanda keçirilmiş baxış nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 20, mənzil 1 ünvanda quraşdırılmış radio baza stansiyasının ötürücü antenalarının yatardığı elektromaqnit sahələrin səviyyələri yaşayış sahələrində «Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları» ilə müəyyən edilmiş yol verilən həddən artıq olduğu halda insan sağlamlığına mənfi təsir göstərə bilər. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi ev 18 mənzil 5 ünvanda aparılmış ölçmələr nəticəsində elektromaqnit sahələrin səviyyəsi (enerji selinin sıxlığı) 900,1800 və 2100 MHz tezlik diapazonlarında 0,07-0,5 mkVt/sm2 arasında olaraq yol verilən hədd (10 mkVt/sm2) daxilində olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının 1586 nömrəli, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiena və Epideomologiya mərkəzinin baş direktor vəzifəsinin icra edən İmran Abdullayevin xx xxxx 2019-cu il tarixli, 04-22/3-494 nömrəli məktubuna, həmin məktuba əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli «Sanitariya müayinə aktı» və xx xxxxxx 2019-cu il tarixli 06 №-li «Elekromaqnit şüalarının müayinə protokolu»na görə, İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 18, mənzil 5 ünvanda yerləşən yaşayış evində aparılmış ölçmələr nəticəsində elektromaqnit sahələrin səviyyəsi (enerji selinin sıxlığı) 900, 1800 və 2100 MHz tezlik diapazonlarında 0,07-0,5 mkVt/sm2 arasında olaraq yol verilən hədd (10 mkVt/sm2) daxilində olmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 20, mənzil 1 ünvanda cavabdeh «xxxxxxx LTD» MMC tərəfindən quraşdırılmış radio baza stansiyasının ötürücü antenalarının yatardığı elektromaqnit sahələrin səviyyələri yol verilən hədd (10 mkVt/sm2) daxilində olduğu üçün stansiyanın fəaliyyəti sağlamlığa zərər vurma təhlükəsi yaratmamaqla iddiaçıların öz mənzilindən istifadə hüququna mane olmur. Digər tərəfdən, İddiaçı oğlu, iş üzrə iddiaçı X1 yaranan xəstəliklərin cavabdeh tərəfindən quraşdırılmış radio baza stansiyasının yaratdığı elektromaqnit dalğaların təsirindən olması ilə əsaslandırsa da, işdə olan sübutlardan görünür ki, X9 irsi xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan xəstəlik epikrizində onun bu xəstəliyinin irsi olduğu qeyd edilməklə, elektromaqnit və ya digər şüalanma nəticəsində aldığı göstərilməmişdir. İddiaçı tərəfindən də oğlunda olan xəstəliyin cavabdehdə aid olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq,həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 39-cu maddəsinə əsasən hərkəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun 6-cı maddəsinə əsasən hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq, ətraf mühitin mühafizəsi haqqında qanunvericilin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq, sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququna malikdir. Birinci instansiya məhkəməsində icraat zamanı araşdırılmış sübutlardan,eləcə də ekspertiza rəyindən görünür ki,iddiaçıların yaşadığı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 18, mənzil 5 ünvanda yerləşən yaşayış evində aparılmış müvafiq ölçmələr nəticəsində elektromaqnit sahələrin səviyyəsi (enerji selinin sıxlığı) 900, 1800 və 2100 MHz tezlik diapazonlarında 0,07-0,5 mkVt/sm2 arasında olaraq yol verilən hədd (10 mkVt/sm2) daxilində olmuşdur. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu birinci instansiya məhkəməsinə təqdim etməmiş,tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra bilməmişlər. Lakin,apellyasiya icraatı zamanı iddiaçı tərəf məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 00783 saylı aktının surətini təqim etmişdir. Həmin aktdan görünür ki, daxil olmuş şikayət-müraciətlə əlaqədar baş mühəndis Nurlan Məmmədov və aparıcı mütəxəssis Ülvin Hüseynov tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 18, mənzil 5 ünvanın ətraf ərazilərində elektromaqnit dalğalarının enerji sellinin sıxlığının təyini məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinqin məqsədi qeyd olunan ünvanda yerləşən 4 mərtəbəli binanın 1-ci mərtəbə səviyyəsində və təqribi 5-6 metrlikdə yerləşən mobil rabitə şirkətinə məxsus radiobaza (qurğu) antennalarının fəaliyyətdə olduğu müddətdə ətrafa yayılan elektromaqnit dalğalarının enerji sellinin sıxlığının tədqiqindən ibarətdir. Ölçmə işləri sabit hava şəraitində saat 16.00-17.00 radələrində şikayətçi İddiaçı iştirakı ilə mobil rabitə şirkətinə məxsus radiobaza qurğusunun antennalarının fəaliyyətdə olduğu səyyar portativ ATT-2592 cihazı vasitəsilə həyata keçirilmişdir. Ölçmə işləri zamanı mobil şirkətə məxsus radiobaza anten qurğusundan ətrafa yayılan elektromaqnit dalğalarının enerji sellinin sıxlığı 11,041 mkVt/sm3 təşkil etdi və ətraf mühit üçün yol verilən hədd daxilindən (norma 10,0 mkVt/sm3) yüksək olduğu müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı şahid qismində ifadə vermiş X12 göstərmişdir ki, o, xx xxxxxx 2017-ci il tarixdən «xxxxxxxxxxx» MMC-də dövlət orqanları ilə işlər üzrə aparıcı ekspert vəzifəsində çalışır, texniki elmlər üzrə fəlsəfə doktorudur. Hazırda çalışdığı «xxxxxxxxxxx» MMC-nin təsisçiləri «xxxxxxx» və «xxxxxxx» MMC-dir və hər iki şirkətin mobil baza stansiyaları «xxxxxxxxxxx» MMC-nin balansına verilməklə onlara texniki və digər xidmətləri həyata keçirir. Hazırki mübahisə üzrə iddiaçıların sökülməsini tələb etdiyi mobil baza stansiyası Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşir. Mobil baza stansiyası qeyri-yaşayış sahəsinin üzərində yerləşir və bağlanmış icarə müqaviləsinə əsasən quraşdırılmışdır. Həmin mobil baza stansiyası ilə iddiaçıların yaşadığı mənzili yol ayırır. Mobil baza stansiyasının 1 ədəd sektoru vardır. Həmin sektorun istiqaməti yola tuşlanmışdır və iddiaçıların yaşadığı mənzilə istiqamətlənməmişdir. Ümumiyyətlə, mobil baza stansiyaları quraşdırılan zaman əsas məqsəd həmin ərazidə fasiləsiz mobil rabitənin və yaxında olan digər mobil baza stansiyası ilə uzlaşmanın təmin edilməsi əsas götürürlür. İşə Səbail Rayon Məhkəməsində baxılarkən o da yerli baxışda iştirak etmiş və bunların şahidi olmuşdur. Azərbaycan Respublikasında elektromaqnit sahələrinin səviyyəsi (enerji selinin sıxlığı) 10 10,0 mkVt/sm3 müəyyən edilmişdir. Hazırda da Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən mobil baza stansiyasında elektromaqnit sahələrinin səviyyəsi normadan qat-qat azdır. Həmçinin, qeyd edir ki, ona təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərtib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli, 00783 saylı aktı əsassız hesab edir. Belə ki, aktın tərtibi zamanı ölçmə işlərinin aparıldığı ATT 2592 markalı səyyar ölçmə cihazının təyinatı, yəni məhz mobil baza stansiyalarının elektromaqnit selinin ölçmək üçün təyin olunması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əsaslandırılmamışdır. Həmin cihaz ofis şəraitində istifadə olunan cihazların, yəni mobil telefon, Wi-fi rutor, noutbook və digər cihazların elektromaqnit fonunu ölçmək üçün nəzərdə tutulub. Həmin avadanlıqla mobil baza stansiyasından yaşayış evinə daxil olan elektromaqnit selinin sıxlığını müəyyən etmək olmaz. Bu hal yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiena və Epideomologiya Mərkəzinin əməkdaşlarının ölçmə cihazları ilə müəyyən oluna bilər. Əlavə olaraq qeyd edir ki, hazırki baza stansiyası ilə bağlı elektromaqnit dalğalarının ətraf mühitə ziyanının olmaması ilə bağlı ekoloji pasport da alınmışdır. Göründüyü kimi, işdə olan sübutlarla (ekspertiza rəyi və s.) iddiaçı tərəfin təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 00783 saylı aktı ziddiyyət təşkil etmiş, bu səbəbdən də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə əlavə məhkəmə mühəndis texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 32421 saylı əlavə məhkəmə mühəndis texniki ekspertizasının rəyinə əsasən – xx xxxx 2020-ci il tarixdə elektromaqnit sahələrinin səviyyəsini ölçən cihazlar vasitəsilə aparılmış yoxlama zamana, ATT-2592 markalı (SN 150600116) cihazla ölçülmüş elektromaqnit sahələrinin səviyyəsi (enerji selinin sıxlığı) 2-3 mkVt/sm2, «Spektron HF-6060» markalı (SN 09802) cihazla ölçülmüş 900, 1800 və 2100 MHz tezlikdə eletromaqnit sahələrinin səviyyəsi (enerji selinin sıxlığı) 1 mVt/m2 (0,1 mkVt/sm2) təşkil etmişdir. «Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair qaydaları»nın 4.3-cü bəndində göstərildiyi kimi, qeyd olunmuş cihazlarla mənzilin daxilində və ətrafında ölçülmüş radiotexniki obyektlərin yaratdığı elektromaqnit sahələrinin səviyyəsi (enerji selinin sıxlığı) həmin Qaydaların 1 saylı Əlavədə göstərilən (cədvəl 2) yol verilən səviyyələrdən (10 mkVt/sm2) artıq deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş «Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair Qaydaları»nın 4.3-cü bəndinə əsasən, xarici radiotezlik diapazonlu elektromaqnik sahələrin təsirinə məruz qalan seliteb ərazilərdə, kütləvi istirahət yerlərində, yaşayış və qeyri-yaşayış binalarının daxilində ötürücü radiotexniki obyektlərin yaratdığı elektromaqnit sahələrinin səviyyəsi 1 saylı Əlavədə (cədvəl 2) göstərilən yolverilən səviyyələrdən artıq olmamalıdır. Göründüyü kimi, apellyasiya baxışı zamanı da tədqiq olunmuş sübutlarla bir daha iddiaçı tərəfə məxsus yaşayış sahəsində və onun ətrafında elektromaqnit sahələrinin səviyyəsi (enerji selinin sıxlığı) yol verilən səviyyə həddindən (10 mkVt/sm2) aşağı olmuşdur. İddiaçı tərəfin apellyasiya baxışı zamanı təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 00783 saylı aktında göstərilənlər isə işdə olan digər mötəbər sübutlarla (səlahiyyətli inzibati orqanların aktları, ekspertiza rəyləri və s.) öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, həmin akt iddia tələbinin təmin olunması üçün yetərli və əsaslı sayıla bilməz. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası, işin faktiki halları, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, iddiaçı tərəf tələblərinin əsas kimi istinad etdikləri halları, həmçinin onlara cavabdeh tərəfindən maddi və mənəvi ziyan vurulmasını, həmin ziyanla cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını əsaslandıra və sübut edə bilməmişlər Belə olan halda isə iddia təmin oluna bilməz,iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X4rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfin izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. «İnsan hüquqlarının və X10 haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 150 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçılara aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və X6 cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı «ötürücü antennanın sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-147/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-147/2019 saylı qətnaməsi apellyasya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci iddiaçılara aid edilsin. İddiaçılardan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab –Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-363/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-363/2020
16.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver