Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3631/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının tutulması, əmrlərin ləğvi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ödənilməmiş əmək haqqının tutulması, əmrlərin ləğvi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin e-2(011)-1002/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh QSC-nin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh QSC-yə qarşı “ödənilməmiş əmək haqqının tutulması, əmrlərin ləğvi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bayram və iş günü hesab edilməyən günlər üçün əmək haqqınının üçqat misli olmaqla, 1.464 manat məbləğinin və həmin məbləğin ödəniş gününədək 1 faiz məbləğinin, mənəvi zərərə görə 1.000 manat, mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 423/1 nömrəli, xx.xx.2023-cü il tarixli 487/1 nömrəli, xx.xx.2024-cü il tarixli 044/1 nömrəli “əvəzgün əmrləri”nin onun müraciətərizəsi olmadan qanunsuz olaraq qəbul edildiyi üçün ona aid hissədə ləğv edilməsi, Cavabdeh QSC-dən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərinə aid olan işə cəlb olunduğu günlər (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il) üçün əmək haqqının üçqat misli olmaqla, ümumilikdə 1.281 manat məbləğinin və icra gününədək gecikdirilməyə görə 1 faiz ödənişin, 2024-cü ilin sentyabr ayı üçün nəzərdə tutulmuş bonusun əsassız olaraq kəsilmiş hissəsi olan 50 manatın və icra gününədək gecikdirilməyə görə faizinin, ona vurulmuş mənəvi zərərə görə 3.000 manat məbləğinin, mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
3. Xətai Rayon Məhkəməsinin e-2(011)-1002/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Aynur Abdullayeva) ilə İddiaçı Cavabdeh QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN yanında X3 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının tutulması, əmrlərin ləğvi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh QSC-nin 03 noyabr 2023-cü il tarixli, 423/1 nömrəli; 30 dekabr 2023-cü il tarixli, 487/1 nömrəli; 05 aprel 2024-cü il tarixli 044/1 nömrəli “əvəzgün verilməsi haqqında” əmrlərinin birinci bəndləri İddiaçı münasibətdə ləğv edilməsi, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixləri üçün vəzifə maaşının ikiqat misli olmaqla müvafiq olaraq 44,11 (qırx dörd manat on bir qəpik) manat, 46,43 (qırx altı manat qırx üç qəpik) manat, 44.11 (qırx dörd manat on bir qəpik) manat məbləğləri; xx.xx.2024–cü il tarixi üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan 31,67 (otuz bir manat altmış yeddi qəpik) manat məbləği və həmin məbləğlərin ödənilməsi gününədək gündəlik 1 (bir) faiz dərəcə ilə ödənc hesablanaraq, Cavabdeh QSC-dən tutulub İddiaçı ödənilməsi, 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi, 30 (otuz) manat dövlət rüsumu Cavabdeh QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixi üçün iddiaçıya 31,67 manat yox, 88,23 manat ödənilməlidir. Açıqlaması: 800 : 15 x 3 = 160 manat, xx.xx.2024 tarixi üçün məhkəmə hesablama apararkən həmin günün ödənişini “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi” kimi qiymətləndirmişdir. Lakin bu belə deyildir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı bəndinə görə əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Mən 29 mart tarixdə işə çıxmalı olduğum halda, 1 gün tez xx.xx.2024-cü il tarixdə işə çıxmışam. Deməli mən 1 gün istirahət günümdə işə çıxmışam və buna uyğun əmək haqqı almalı idim. Yəni mənim məzuniyyətimə əlavə edilən gün mənim istirahət günüm hesab edildiyinə görə həmin gün üçün əmək haqqı da Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinə uyğun hesablanmalıdır. Bu tarix üçün ödəniş "istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi" kimi qiymətləndirilə bilməz. Bu tarix üçün ödənişin təyinatı “İstirahət günü görülən işə görə əməkhaqqıdır”. Qətnamənin iddianın təmin edilməyən hissəsinin qanunsuz olduğuna dair 6 sübutu var: 1-ci sübut: 5 halın hər birində cavabdehin bayram günlərində işə çıxması ilə bağlı ona ödədiyini bildirdiyi məbləğlərin təyinatı "əmək haqqına əlavə və ya bonus" olaraq qeyd edilmişdir İş materiallarında olan əmək haqqından çıxarışdan da göründüyü kimi 2023-ci ilin noyabr ayı üçün bonus məbləği-400 manat xx.xx.2023-cü il tarixdə onun bank hesabına köçürülmüş və təyinatı "əmək haqqına əlavə" kimi qeyd edilmişdir; 2024-cü ilin fevral ayının bonus məbləği-400 manat xx.xx.2024-cü il tarixdə onun bank hesabına köçürülmüş və təyinatı "fevral ayı bonus" kimi qeyd edilmişdir; 2024-cü ilin mart ayının bonus məbləği-400 manat xx.xx.2024-cü il tarixdə onun bank hesabına köçürülmüş və təyinatı "mart əmək haqqı bonus" kimi qeyd edilmişdir; 2024-cü ilin may ayının bonus məbləği -400 manat xx.xx.2024-cü il tarixdə onun bank hesabıma köçürülmüş və təyinatı "may ayı bonus" kimi qeyd edilmişdir; 2024-cü ilin iyun ayının bonus məbləği- 400 manat xx.xx.2024-cü il tarixdə onun bank hesabıma köçürülmüş və təyinatı "iyun ayı bonus" kimi qeyd edilmişdir. Əmək Məcəlləsinin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi qaydalarını müəyyən edir. Adından da göründüyü kimi bu ödənişin təyinatı "əmək haqqına əlavə" və ya "bonus" yox "əmək haqqı"dır. 2-ci sübut: Bölmə rəhbəri tərəfindən ümumi skayp qrupuna göndərilən və iş materiallarında mövcud olan bonusun məbləği cədvəllərindən də göründüyü kimi iddiaçının işlədiyi "İlkin təqib" bölməsinin bütün əməkdaşlarının bonus məbləği dəyişməyən, həmçinin heç bir göstəricidən asılı olmayan standart hissədən və krediti ödətdirmə faizindən asılı olaraq dəyişən (50 manat və ya 75 manat) əlavə hissədən ibarətdir ki, bu cədvəllərlə cavabdehin məhkəməyə təqdim etdiyi mükafat əmrində göstərilən rəqəmlər ziddiyyət təşkil edir. Bu da iş materiallarında olan mükafat əmrlərinin məhkəmə icraatı ərəfəsində “tez bazar” hazırlandığının sübutu olduğunu qeyd edir. 3-cü sübut: 2024-cü ilin mart ayı üçün nəzərdə tutulmuş mükafat 5 aprel 2024-cü il tarixdə rəsmiləşdirilmiş 043/1/M nömrəli əmr əsasında işçilərə ödənilmişdir. Lakin əmək haqqından çıxarışdan da göründüyü bu mükafat iddiaçıya 4 aprel 2024-cü il tarixdə ödənilmişdir. Belə çıxır ki, işçilərə bonus məbləği müvafiq əmr olmadan ödənilmişdir. Amma bu belə deyil sadəcə mükafat əmrləri məhkəmə icraatı ərəfəsində “tez bazar” hazırlandığı üçün əmrin tarixinə fikir verməyə və bütün ödəniş tapşırıqlarının tarixlərini araşdırmağa vaxt olmamışdır. 4cü sübut: Cavabdehin dediyinə görə istirahət, bayram və qeyri-iş günlərində görülən işə görə əmək haqqı işçilərə iş materiallarında olan “mükafat əmrləri” əsasında ödənilmişdir. Lakin 5 mükafat əmrinin heç biri əmrlər kitabında qeydiyyata alınmamışdır. Həmçinin Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Bu Məcəllənin 157-ci maddəsinin 6cı hissəsinə əsasən Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 5-ci sübut: iddiaçıya hər ay vergi və digər tutulmalar çıxıldıqdan sonra 400 manat əmək haqqı (vəzifə maaşı), standart olaraq 400 manat bonus və əgər yüksək kredit ödətdirmə faizinə malik olmuşsa bonusa əlavə 50 manat ödənilmişdir. Bunu da iş materiallarında olan əmək haqqından çıxarış və kredit ödətdirmə faizləri cədvəlinin sübut etdiyini qeyd edir. Cavabdehin nümayəndəsi iddia edir ki, bu 400 manat məbləğin bir hissəsi bayram günlərində işə çıxmağa görə ödənilmişdir. Onda sual yaranır ki, niyə ümumiyyətlə bayram günü olmayan aylarda (məsələn: dekabr 2023, iyul 2024) iddaçıya bonus məbləği daha az məsələn 350 manat yox, yenə də 400 manat ödənilib. İddiaçı qeyd edir ki, buradan çıxan nəticə odur ki, cavabdeh şirkət işçiləri işə götürərkən Azərbaycanda bir çox şirkətin etdiyi kimi maaşı razılaşdırır, lakin əmək müqaviləsində tam məbləği yox onun bir hissəsini göstərir, qalan hissəni isə mükafat olaraq işçiyə ödəyir. 6-cı sübut: İddiaçı 5 ədəd mükafat əmrinin heç biri ilə tanış edilməmişdir. Həmçinin ona əmək haqqı və ya bonus ödənərkən heç vaxt haqq-hesab sənədləri təqdim edilməyib. Əmək Məcəlləsinin 173-cü maddəsinin 3-cü hissəsinə görə haqqhesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Cavabdehin nümayəndəsi isə öz izahatında bildirmişdir ki, şirkətdə əmrlərlə tanış olma kitabı, yaxud buna uyğun hər hansı bir sənəd mövcud deyil. İddiaçının tanış olduğu yalnız bir məlumat olub - hər ay bonus ödənilməmişdən 1 gün əvvəl skayp qrupuna bölmə rəhbəri tərəfindən göndərilən faiz və bonus cədvəlləri. Onlarda isə bayram və ya qeyri-iş günlərinə görə əmək haqqı ilə bağlı heç bir məlumat olmayıb. Bu sənədlərdə yalnız standart bonus məbləği və kredit ödətdirmə faizinə görə ödənəcək əlavə məbləğ qeyd olunub. İddiaçı qeyd edir ki, hər 6 sübut onu təsdiq edir ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 5 ədəd mükafat əmri sırf məhkəməni yanıltmaq və işçinin əmək haqqını ödəməkdən boyun qaçırmaq məqsədilə hazırlanmışdır. Məsələ onda deyil ki, cavabdeh şirkət ona bayram günlərində işə görə əmək haqqı ödəyib, amma banka ödəniş tapşırığı göndərərkən təyinatı düz qeyd etməyib, məsələ ondadır ki, cavabdeh şirkət seçki, bayram və digər iş günü hesab edilməyən günlərdə iddiaçını işə cəlb etdiyinə görə ona ümumiyyətlə əmək haqqı ödəməyib. Şirkətin iddiaçıya ödədiyi bonus işə qəbul olarkən onun görəcəyi işin əvəzi olaraq razılaşdırdığı məbləğdir. İşçilərə həmin bonus məbləğinin vəzifə vakansiyaya çıxarılarkən əvvəldən vəd edildiyini iş materiallarında mövcud olan ferrumcapital.az saytının “karyera” bölməsindən çıxarış da təsdiq edir. Belə ki, iddiaçı 2022-ci ilin iyul ayında cavabdeh şirkətin rəsmi saytında vakant “İlkin təqib bölməsinin kiçik mütəxəssi” vəzifəsinə işçi axtarılması elanını görmüşdüm və bu elanda vəzifə maaşından əlavə işçiyə bonus da ödənildiyi qeyd edilmişdi. Məhkəmənin təmin etmədiyi iddianın “2024-cü ilin avqust ayı üçün nəzərdə tutulmuş bonusun əsassız olaraq kəsilmiş hissəsi olan 50(əlli) manat” hissəsi ilə bağlı iddiaçı bildirir ki, iş materiallarında olan bölmə rəhbərinin 3 sentyabr 2024-cü il tarixdə göndərdiyi avqust ayı üçün kredit ödətdirmə və bonusa əlavələrin məbləği barədə cədvəldən də göründüyü kimi iddiaçının avqust ayında kredit ödətdirmə faizi 90,23% olmuşdur. Ondan daha aşağı nailiyyət əldə etmiş əməkdaşların standart bonus hissəsinə əlavə 50 manat qeyd edilmiş və onlara ödənilmiş, lakin ona belə bir ödəniş olunmamışdır. Rayon məhkəməsinin təmin edilməyən hissədə ləğv edilməsi və həmin hissədə də (yekun ödənəcək məbləğdən Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixdə iddiaçıya ödədiyi 151.06 manat (yüz əlli bir manat altı qəpik) çıxılmaqla) təmin edilməsi barədə Qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin xx.xx.2024-cü il tarixi üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan 31.67 manat məbləği və həmin məbləğin ödənilməsi gününədək gündəlik 1 (bir) faiz ödənc hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv olunmaqla iddia tələbinin həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdilər.
7. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunda etiraz təqdim edərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi S.Quliyev apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
11. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC-nin faktorinq departamentində əsas iş yeri üzrə “ilkin təqib bölməsinin kiçik mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçiyə hər ay 326,86 manat məbləğində əmək haqqı ödənilir. 4.3-cü maddəsinə əsasən işçiyə 0 manat məbləğdə mükafat verilir. 4.16-cı maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. 4.17-ci maddəsinə əsasən iş saatı 09:00da başlayır, saat 18:00-dəkdir. 4.27-ci maddəsinə əsasən əsas məzuniyyətin müddəti 30 təqvim günüdür.
12. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-də “ilkin təqib bölməsinin kiçik mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə “ilkin təqib bölməsinin mütəxəssisi” vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir
13. Cavabdeh QSC-nin “işdən azad edilmə haqqında” 200/Ş nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.
14. Cavabdeh QSC-nin “əmək məzuniyyətinin rəsmiləşdirilməsi” barədə 071/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı “ikin təqib bölməsinin mütəxəssisi” vəzifəsində çalışır. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi olan məzuniyyət ili üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixi də daxil olmaqla 5 gün, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi olan məzuniyyət ili üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixi də daxil olmaqla 1 gün, cəmi 6 gün müddətinə əsas əmək məzuniyyətinə buraxılması, məzuniyyətin 4 günü bayram gününə təsadüf etdiyindən işçinin məzuniyyəti xx.xx.2024-cü il tarixi də daxil olmaqla uzadılması, işçinin xx.xx.2024-cü il tarixindən işə başlaması əmr edilmişdir.
15. Cavabdeh QSC-nin “əvəzgün verilməsi haqqında” 423/1 nömrəli xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, cəmiyyətin əməkdaşlarının iş və istirahət günlərinin yeri dəyişdirilərək – xx.xx.2023-cü il iş, xx.xx.2023-cü il isə istirahət günü (əvəzgün) müəyyən edilmişdir. Siyahıda İddiaçı da adı qeyd edilmişdir.
16. Cavabdeh QSC-nin “əvəzgün verilməsi haqqında” 487/1 nömrəli xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, cəmiyyətin əməkdaşlarının iş və istirahət günlərinin yeri dəyişdirilərək – xx.xx.2024-cü il iş, xx.xx.2024-cü il isə istirahət günü (əvəzgün) müəyyən edilmişdir. Siyahıda İddiaçı adı qeyd edilmişdir.
17. Cavabdeh QSC-nin “əvəzgün verilməsi haqqında” 044/1 nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, cəmiyyətin əməkdaşlarının iş və istirahət günlərinin yeri dəyişdirilərək – xx.xx.2024-cü il iş, xx.xx.2024-cü il isə istirahət günü (əvəzgün) müəyyən edilmişdir. Siyahıda İddiaçı adı qeyd edilmişdir.
18. Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 458/1/MK nömrəli xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar və əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 44,11 manat mükafat verilməsi nəzərdə tutulmuşdur.
19. Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 025/1/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar və əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 44,11 manat mükafat verilməsi nəzərdə tutulmuşdur.
20. Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 043/1/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 58,82 manat mükafat verilməsi nəzərdə tutulmuşdur.
21. Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 066/1/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 42,01 manat mükafat verilməsi nəzərdə tutulmuşdur.
22. Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 082/1 nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 55,14 manat mükafat verilməsi nəzərdə tutulmuşdur.
23. İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. 10 manat poçt xərci təşkil etmişdir. Tətbiq edilən maddi hüquq normaları:
24. Azərbaycan Respublikası Konstitusiyası: Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
26. 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
27. 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.
28. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir.
30. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
31. Həmin maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
32. 85-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunu aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, uçot kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
33. 85-ci maddəsinin 1-1-ci hissəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir.
34. 85-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin 1-ci və 2-ci hissələrində göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.
35. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
36. 105-ci maddəsinin 2-ci hissəsinə əsasən yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.
37. 105-ci maddəsinin 3-cü hissəsinə əsasən iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
38. 105-ci maddəsinin 4-cü hissəsinə əsasən Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
39. 105-ci maddəsinin 7-ci hissəsinə əsasən bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
40. 107-ci maddəsinə əsasən bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
41. 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.
42. 101-ci maddəyə əsasən dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda iş vaxtından artıq işlərə müstəsna hallarda yol verilir.
43. 102-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
44. 137-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
45. 164-cü maddəsinin 1-ci hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
46. 164-cü maddəsinin 2-ci hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
47. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
48. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
53. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
54. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
55. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
58. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
59. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
60. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
61. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
62. İddiaçı iddianın təmin edilməyən, cavabdeh isə təmin edilən hissəsindən apellyasiya şikayəti vermişdir, belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
66. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azından mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).
67. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119)
68. İddiaçının apellyasiya şikayəti əmək haqqının tutulması və mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçının işə cəlb olunduğu xx.xx.2023-cü il tarixinə görə 44,11 manat, xx.xx.2024-cü il tarixinə görə 44,11 manat, xx.xx.2024-cü il tarixinə görə 58,82 manat, xx.xx.2024-cü il tarixinə görə 42,01 manat, xx.xx.2024-cü il tarixinə görə 55,14 manat pul ödənişləri onun xeyrinə icra edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçıya hər ay 400 manat əlavə ödəniş edilməsi ilə bağlı cavabdeh şirkətin öhdəliyini təsdiq edən hər hansı müqavilə, müqaviləyə əlavə və.s müəyyən olunmamışdır. İddiaçının hər ay 400 manat əlavə ödəniş almasına dair etirafedici məlumatına əsasən hesab edirik ki, həmin ödənişlər qeyd edilən 400 manat əlavə ödənişin tərkibinə daxildir. Məhkəmə mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, hazırkı halda Avropa Məhkəməsinin presedentlərində vurğulandığı kimi, pozuntu faktının müəyyən edilməsi bəzi hallarda özü-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Belə bir yanaşma bu işin halları baxımından ədalətli və mütənasib olacaqdır.
69. Cavabdehin apellyasiya şikayəti əmək haqqının tutulması və əmrlərin ləğvinin təmin edilməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. “xx.xx.2023-cü il tarixli 423/1 nömrəli, xx.xx.2023-cü il tarixli 487/1 nömrəli, xx.xx.2024-cü il tarixli 044/1 nömrəli əmrlərin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbini təmin etmiş rayon qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətində qeyd etdiyi hallar əsaslı hesab etməyən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qeyri-iş günlərinin digər günlərlə əvəz edilməsi işçinin arzusu ilə aparıldığını təsdiq edən hər hansı sübut olmadığından və həmin günlərə görə ödənişlərin verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, əmrlər ləğv edilməli və sözügedən tarixlər üçün müvafiq olaraq 44,11 manat, 43.43 manat, 42,01 manat pul məbləğləri və onların icra gününədək əlavə 1 faiz ödənc hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
70. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
71. Beləliklə də, aparılmış məhkəmə araşdırmalarına əsasən Məhkəmə Kollegiyası belə qənəatə gəlir ki, apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir. Nəticə:
72. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və Cavabdeh QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Xətai Rayon Məhkəməsinin e-2(011)-1002/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.