Məhkəmə qərarları › İş №2(103)-3632/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3632/2025

07.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3632/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “ aliment” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əli-zadə Fidan Rafiq qızının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Əli-zadə Fidan Rafiq qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “aliment” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əli-zadə Fidan Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı (iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək) İddiaçı ilə Cavabdeh birgə nikahından dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü Əli-X13 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X15 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay onun ümumi qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi (1/3) miqdarında alimentin və əlavə olaraq, xx.xx.2024-cü il təvəllüdlü Əli- X15 üç yaşı tamam olanadək hər ay 250 manat məbləğində alimentin, həmçinin əlavə olaraq, xx.xx.2022-ci il təvəllüdlü X6 üç yaşı tamam olanadək hər ay 250 manat məbləğində alimentin, xx.xx.2022-ci il təvəllüdlü Əli-X13 müalicə xərclərinin ödənilməsi üçün hər ay 350 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011 -ci il tarixində 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində nikah bağlanmış və 1507 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan tərəflərin 2 övladı - xx.xx.2022-ci il təvəllüdlü X23 oğlu və xx.xx.2024-cü il təvəllüdlü Əli-X21 dünyaya gəlmişdir. Nikah haqda şəhadətnamə və uşaqların doğum haqda şəhadətnamələri əlavə olunur. Hazırda uşaqların maddi tələbatlarının ödənilməsi yükü tamamilə ananın üzərindədir. Halbuki, Azərbaycan Respublikasının qüvvədə olan Ailə Məcəlləsinin 75.1 -ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Eyni zamanda, hər iki valideyn uşağın həyatında bərabər qaydada iştirak etməli, onun maddi ehtiyaclarını qarşılamalıdırlar. Belə olan halda, hesab edir ki, cavabdehdən aliment məhkəmə qaydasında tutulmalıdır. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə görə, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Belə olan halda da, aliment cavabdehin ümumi gəlirlərinin üçdə bir hissəsi (1/3) məbləğində tutulmalıdır. Bundan əlavə, xx.xx.2024-cü il təvəllüdlü Əli-X15 3 yaşı tamam olanadək cavabdehdən əsas aliment tələbi ilə yanaşı, əlavə olaraq hər ay 250 manat məbləğində vəsait iddiaçıya ödənilməlidir. Çünki, qüvvədə Ailə Məcəlləsinin 85.1. 1 -ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 2.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2022-ci il təvəllüdlü Əli-X13 və xx.xx.2024cü il təvəllüdlü Əli-X15 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X4 xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, xx.xx.2024-cü il təvəllüdlü Əli-X21 və xx.xx.2022-ci il təvəllüdlü X6 üç yaşı tamam olanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü Əli-X13 müalicə xərcləri üçün yetkinlik yaşına çatanadək hər ay 300 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58.2,60.1, 60.2, 75.1, 75.4, 76-78, 84.1, 84.2.2,86, 100.2; BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi "Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə; "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumuna; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından iki övladları doğulmuşdur. Tərəflərin nikahları pozulmamışdır. İddiaçı hazırda cavabdehin uşaqların saxlanmasında iştirak etməməsinə əsaslanaraq alimentin məhkəmə qaydasında tutulmasını xahiş edir. Cavabdeh isə əvvəlki nikahından olan uşağına əmək haqqının 4/1 hissəsi miqdarında aliment ödədiyinə əsaslanaraq alimentin məbləğinə etiraz edir. Məhkəmə tərəflər nikahda olsalar da, uşaqların saxlanmasının əsasən anaları tərəfindən həyata keçirildiyini, ananın isə aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, cavabdehin bunların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, uşaqların saxlanması üçün aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə xüsusilə uşaqların mənafeyini nəzərə alır. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. İddiaçının alimentin qazancın müəyyən hissəsi (üçdə bir) şəklində ödənilməsi tələbini, cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, cavabdehin əmək haqqından əvvəlki nikahdan olan uşaq üçün 4/1 hissəsi miqdarında aliment tutulmasını, cavabdehin və üçüncü şəxsin mənafelərini və cavabdehin gəlirlərini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay cavabdehin qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Cavabdehdən tutulmalı alimentin məbləği müəyyənləşdirilərkən onun ikinci nikahından olan uşağına ödədiyi alimentin, eləcə də əlavə xərclərin tutulmasının, həmçinin iddiaçının yüksək maaşla işləməsinin (11033 manat), 3 uşağa görə qanunvericiliklə əmək haqqının yarısı qədər aliment tutulmasının müəyyən edilməsinin nəzərə alınmaması, mövcud qanunvericilik tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş Qərarında əks olunmuş hüquqi mövqelərinə zidd olacaqdır. İddia tələbinin cavabdehdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü övladları X17 oğlu və Əli-X15 saxlanılması üçün 3 yaşına çatanadək hər ay sabit pul məbləğində bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat alimentin tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq olaraq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşaqlar üç yaşına çatmadıqlarından, İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin ödəyəcəyi alimentin məbləğini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya, uşaqlar 3 yaşına çatanadək hər uşaq üçün 200 manat məbləğində aliment hər ay sabit pul məbləği şəklində ödənilməlidir.Məhkəmə xx.xx.2022-ci il tarixli Əli-X13 müalicə xərcləri üçün 350 manat pul tələbi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1 -ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.İş materiallarında olan tibbi sənədlərdən göründüyü kimi, xx.xx.2022-ci il təvəllüdlü X17 oğlu tuberoz skleroz xəstəliyindən əziyyət çəkir.Qanunvericiliyin mövqeyinə əsasən uşağın sağlamlığının müdafiəsində, onun üçün zəruri tibbi yardımların alınmasında hər iki valideyn iştirak etməlidir. Cavabdehin nümayəndəsi və vəkili cavadehin iddia ərizəsində göstərilən məbləğdə olmasa da, uşaq xəstə olduğundan əlavə xərclərdə iştirak etməyə hazır olduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan qismən təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü Əli-X13 müalicə xərcləri üçün hər ay cavabdehdən 300 manat məbləğində pul tutulmalıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikahları bağlanmışdır ; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X17 oğlu doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü Əli-X21 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətinə əsasən, tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişdirlər; - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətinə əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X4 hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq X8 ödənilməlidir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-1100/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 76.2; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına; “ Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88,174.2, 184, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin əsli ondan ibarətdir ki, Cavabdeh kifayət qədər yüksək əmək haqqı almaqdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 və daha çox uşaq üçün aliment valideynin qazancının (və ya digər gəlirlərinin) üçdə bir hissəsi miqdarında təyin edilməlidir. Hazırki işdə iddiaçı Əli-X21 və X17 oğlu üçün aliment tələb etmişdir ki, bu da qanuna uyğun olaraq cavabdehin qazancının 1/3 hissəsi miqdarında olmalı idi. Lakin məhkəmə, qanunun bu imperativ normasını gözardı edərək, hər iki uşaq üçün cəmi ¼ hissəsi miqdarında aliment təyin etmişdir. Bu, qanun tələbinin açıq şəkildə pozulmasıdır. Cavabdeh, öz aliment öhdəliklərindən yayınmaq məqsədilə, məhkəməyə əvvəlki nikahdan olan uşağın anası Əli-zadə Fidan Rafiq qızını üçüncü şəxs qismində cəlb etmək barədə vəsatət vermişdir. Cavabdehin yüksək əmək haqqına malik olduğu və maddi imkanlarının kifayət qədər geniş olduğu nəzərə alınsa, onun bu cür manipulyativ davranışları uşaqlardan aliment öhdəliyinin icrasından qəsdən yayınmaq cəhdi kimi qiymətləndirilməlidir.İşin hallarından da göründüyü kimi Əli-zadə Fidan Rafiq qızı hazırki işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Lakin onun cəlb edilməsi işin mahiyyətinə heç bir təsir göstərməməli idi, çünki hazırki iddia yalnız Əli-X21 və X6 aliment təminatı ilə bağlıdır. Məhkəmə, cavabdehin vəsatətinə əsasən üçüncü şəxsi cəlb etməklə və onun mənafelərini nəzərə almaqla, hazırki iddia üzrə uşaqların qanuni haqqını və üstün maraqlarını təmin etmək əvəzinə, cavabdehin və üçüncü şəxsin maraqlarına üstünlük vermis, beləcə işə qərəzli yanaşmışdır. Bu, uşağın mənafelərinin üstünlüyü prinsipinin kobud şəkildə pozulmasıdır.Ailə Məcəlləsinin 76-78-ci maddələri və ümumi hüquqi prinsiplər uşağın layiqli həyat tərzində yaşamaq hüququnu və valideynlərin onların maddi və mənəvi inkişafını təmin etmək vəzifəsini vurğulayır. Məhkəmə, hazırki işdə Əli-X21 və Əli-X13 mənafelərini nəzərə almadan, cavabdehin və əvvəlki nikahdan olan uşağın mənafelərinə üstünlük vermişdir. Bu, uşağın hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və yerli hüquqi normalara, o cümlədən BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə açıq şəkildə ziddir. Məhkəmənin qərarı, cavabdehin aliment öhdəliklərinin icrasını məqsədyönlü şəkildə məhdudlaşdırdığını göstərir. Cavabdehin aylıq 10 min manatdan çox əmək haqqı alması onun maddi imkanlarının geniş olduğunu təsdiqləyir. Buna baxmayaraq, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinin imperativ normalarını nəzərə almadan, alimentin miqdarını əsassız olaraq aşağı səviyyədə təyin etmişdir. Bu, uşağın layiqli həyat tərzində yaşamaq hüququnu təmin etmək vəzifəsinə ziddir və məhkəmənin qərarının qanunsuz olduğunu sübut edir. Məhkəmə, cavabdehin maddi vəziyyətini hərtərəfli qiymətləndirmək əvəzinə, aliment öhdəliyini məhdudlaşdıran qərara üstünlük vermişdir ki, bu da iddiaçı tərəfin hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, cavabdehin yüksək gəlir səviyyəsinə (aylıq 10 min manatdan çox) baxmayaraq, onun digər öhdəliklərini əsassız olaraq üstün tutmuş və iddiaçı tərəfin övladlarının qanuni aliment hüquqlarını məhdudlaşdırmışdır. Xüsusən qeyd edilməlidir ki, Əli-X13 tuberoz skleroz xəstəliyindən əziyyət çəkməsi müvafiq qaydada tibbi sənəd və arayışlarla təsdiqlənmişdir. Bu xəstəlik uşağın xüsusi tibbi qayğıya, müalicəyə və maddi dəstəyə ehtiyacını artırır ki, bu da alimentin miqdarının ədalətli və düzgün təyini üçün kifayət qədər yetərli bir haldır. Lakin, məhkəmə hansısa səbəblərəsə görə qeyd olunan faktlara hüquqi qiymət verməmiş, yalnız cavabdehin formal mülahizələrinə əsaslanan qərar qəbul etmişdir.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əli-zadə Fidan Rafiq qızı qətnamədən apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli e- 2(005)-1100/2025 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iclasında iddiaçının nümayəndəsi ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdehin əvvəlki nikahından olan uşağına aliment ödəməsi onu qanunla müəyyən edilmiş miqdarda hazırki iddiaçıya aliment ödəmək vəzifəsindən azad etmir.Cavabdehin nümayəndəsi isə demək olar ki, iddia tələbi ilə razılaşaraq cavabdehin əmək haqqından A hissədə tutulmalar olmasını, 3 uşağa görə alimentin onun əmək haqqının yarısından çox ola bilməyəcəyini, bu səbəbdən əvvəlki nikahdan olan uşağa da ödənilən aliment nəzərə alınmaqla əmək haqqının yarısından çox olmayan aliment təyin edilməsini xahiş etmişdir. Halbuki, işin materiallarından göründüyü kimi iddia tələbi ilə ümumən razılaşan cavabdeh nədənsə mediasiya mərhələsində razılığa gəlmək istəməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, iddia ərizəsi göründüyü kimi formal olaraq verilmiş və iş üzrə cavabdehin birinci nikahından anadan olmuş azyaşlı uşağına ödədiyi alimentin miqdarının azalmasına yönəlmiş hazırlıqdan ibarət olmuşdur.Yəni, cavabdehin faktiki olaraq alimenti ödəməməsi barədə sübutlar olmadan, əksinə tərəflər bir yerdə yaşadıqları bir halda məhkəmə formal olaraq verilmiş iddianı əsassız olaraq təmin etmişdir.Ona görə də, hesab edir ki qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Məhkəmənin iclasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də yalnız məhkəmənin sonuncu iclası barədə bildiriş göndərilmiş və proses gününə 1 gün qalmış onunla müvəkkili arasında müqavilə bağlandığı üçün məhkəmə iclasına gedərək iddianın mahiyyətindən xəbəri olmadığını və iddia üzrə təmsil etdiyi şəxsin fikrini öyrəndikdən sonra çıxış edə biləcəyini bildirib, bunun üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, vəsatəti təmin edilməmiş, beləliklə, iddianın formal olması barədə sübutlarını təqdim edə bilməmiş və işin obyektiv tədqiqinə şərait yaradılmamışdır.Beləliklə, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını hərtərəfli araşdırmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayaraq əsaslandırılmışdır.

Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinin nəzərə alınmadığını, belə olduğu halda isə birinci nikahdan olan uşağın, ikinci nikahdan olan uşaqlara münasibətdə daha çox aliment aldığını, uşaqlar arasında belə bir ayrıseçkiliyin isə yolverilməz olduğunu, hazırda 2 uşağa görə cavabdehin aylıq qazancının 1/3 hissəsində alimentin tutulmalı olduğunu bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini əsassız hesab etdiyini, cavabdehin əvvəlki nikahından olan övladı üçün də aliment ödədiyini,iddiaçının iddia tələbi tam təmin olunduğu halda 3 uşağa görə cavabdehin əmək haqqının yarısından çoxunun aliment kimi tutulmalı olduğunu, bunun isə yolverilməz olduğunu, Konstitusiya Məhkəməsinin Plenum qərarında da cavabdehin əvvəlki nikahdan olan uşağına aliment ödəməsinin nəzərə alınmalı olduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Mübahisə edilən hissə müəyyən edilən alimentin məbləğidir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən: İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 3 4 . 1 Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.34.2.Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. 34.3.Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.34.4 Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.34.5Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. 38.1.Hər kəsin sosial təminat hüququ vardır.38.2.Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. 11.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 1.1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər.3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər.6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

13. “ İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. 65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15.Kollegiya iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırkı işdə iki uşağa görə tutulan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq cavabdehin aylıq qazancının və ya başqa gəlirinin 1/3 hissəsində olmalıdır. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında iddiaçının bu dəlilinə etiraz edərək bildirmişdir ki, cavabdeh birinci nikahdan olan övladı üçün də aliment ödəyir, iddiaçının tələbi təmin olunduğu təqdirdə isə cavabdehin üç uşaq üçün ümumilikdə ödədiyi alimentin miqdarı onun aylıq qazancının 50 faizindən çoxunu təşkil edəcəkdir. Buna isə qanunvericilik yol vermir və bu qətnamənin icrasını mümkünsüz edəcək. Məhkəmə kollegiyası hesab edir ki, uşaqlar arasında ayrı-seçkiliyə yol verilə bilməz və iddiaçının birinci nikahdan olan övladı qarşısında aliment ödəmək öhdəliyinin olması, onu ikinci nikahdan olan uşaqları qarşısında aliment öhdəliyindən azad etmir və ya onun az miqdarda tutulması üçün əsas ola bilməz. Cavabdehin aylıq qazancının 50 faizindən artıq ödəmələrin olmasına yol verilməməsi ilə bağlı cavabdehin nümayəndəsinin arqumentinə münasibətdə isə qeyd edilməlidir ki, “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinə nəzər yetirildikdə 65.3-cü maddədə qeyd edilmişdir ki: “Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.” Mübahsə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsassızdır, onun dəlillərini sübuta yetirən hallar müəyyən edilmir və formal xarakter daşıyır. 16.Ümumiyyətlə yuxarıda istinad edilən qanunvericilik normalarının tətbiqi üzrə qeyd edilməlidir ki, ailə münasibətlərinin tənzimlənmasi və ondan irəli gələn mübahisələrin həlli zamanı ilk olaraq uşağın bir ailə (və ya mövcud olmuş bir ailə) üzvlərinə münasibətdə təhlil edilməli, sonra isə bu münasibətlərin digər (o cümlədən iki və daha çox ailəyə mənsub olmuş və ya olan) şəxslərin qanunlarla müəyyən edilmiş mənafelərinə təsiri nəzərə alınmalıdır. Belə ki, ailə qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyir (Ailə Məcəlləsinin tələbinə görə: “2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər.”) Qeyd edilənlərdən irəli gələrək aliment öhdəlikləri üzrə Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tətbiqi, yəni uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydadan fərqli olan payların miqdarının müəyyən edilməsi, məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla, azaldılma və artırılma barədə geniş səlahiyyət verən dispozitiv imkanlar sui-istifadə amilləri istisna edilməlidir. Bu mənada diqqətə çatdırılmalıdır ki, normanın birinci hissəsində qeyd edilən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən alimentin tutulması bir ailəyə mənsub valideynləri və uşaqları ehtiva edir. Qanunvriciliyin bu norması (məcəllənin 76.1-ci maddəsi) tənzimləməni ilk növbədə ailə (nikah) daxilində, yəni bir ailə (ümumi ev) təsərrüfatına malik şəxslərə (valideynlərə və uşaqlara) aid olan münasibətlərə şamil edir. Aliment miqdarın azaldılması barədə iddianın olmadığı prosessual vəziyyətdə qanunla müəyyən edilmiş alimentin miqdarın azaldılması və başqa ailədən (nikahdan) olan uşağın yüksək miqdarda alimentin almasının müəyyən edilməsi bərabərlik hüquqlarına da ziddir. 17.Qeyd edilməlidir ki, Ailə Məcəlləsində “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” barədə xüsusi norma var ki, orada deyilir: “112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Buradan da görünür ki, aliment miqdarının dəyişdirilməsi üçün tələb olmalıdır.Beləliklə, qətnamə alimentin tutulmasının miqdarı hissəsində dəyişdirilməli və 1/3 miqdarda müəyyən edilməlidir. O da diqqətə çatdırılmalıdır ki, cavabdeh hazırkı mübahisə edilən qətnamədən apellyasiya şikayəti verməmişdir. 18.Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. 19.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əli-zadə Fidan Tofiq qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1100/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi alimentin tutulmasının miqdarı hissəsində dəyişdirilsin. xx.xx.2022-ci il təvəllüdlü Əli-X13 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X15 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X4 xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar