Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3644/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı "ilkin müqavilənin ləğv edilməsi və pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında Bak şəhəri, 14 saylı Notariat kontorunda bağlanmış 3M-1302 reyestr nömrəli xx.xx.2016-eı il tarixli ilkin müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə ödənilmiş 100.000 manatın, 16.000 manat əldən çıxmış faydanın və 25.000 mənəvi zərərin əvəzi olmaqla, cəmi 141.000 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında Bak şəhəri, 14 saylı Notariat kontorunda bağlanmış 3M-1302 reyestr nömrəli xx.xx.2016-cı il tarixli ilkin müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə ödənilmiş 100.000 manatın, Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 25.875 manatın, əldən çıxmış fayda qismində 18.400 manatın, 25.000 mənəvi zərərin əvəzi olmaqla, cəmi 169.275 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-2985/20) iddia tələbi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 3M-1302 reyest nömrəli xx.xx.2016-cı il tarixli İlkin müqavilə ləğv olunmuş və Cavabdeh1 100.000 (bir yüz min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı və Cavabdeh1 sözügedən qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən binanın 2-ci girişinin, 4-cü mərtəbəsində yerləşən, 88 nömrəli mənzilə dair Bakı şəhəri 14 saylı Notariat kontorunda 3M-1302 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə dair “ilkin müqavilə” bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin predmeti olan əmlakın qiyməti 100.000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, “alıcı” bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətini “satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə qeyd edilmişdir ki, “satıcı” istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən binanın 2-ci girişin, 4- cü mərtəbəsində yerləşən, 88 nömrəli mənzilini bu müqavilə bağlandığı andan xx.xx.2017-ci il müddətinə “alıcı”ya təhvil verməyi və 30 il müddətinə əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehdən mənzilin təhvil verilməsini tələb etsə də, buna məhəl qoymamış, əksinə əri Cavabdeh2 ilə əlbir olub, məhkəməyə müxtəlif məzmunlu iddia ərizələri ilə müraciət edərək müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Belə ki, Cavabdeh2 ona və arvadı Cavabdeh1 qarşı ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Hətta tərəfındən müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin ona geri qaytarılması barədə xx.xx.2020-ci il tarixli təklif məktubuna da bu günədək cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldırılmış, Yasamal Rayon Məhkəməsi tərəfindən iddiası təmin olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir. Cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş, mənzili ona təhvil verməmiş və həmin mənzilin təhvil verilməməsi, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməməsi səbəbindən ona maddi ziyan dəymişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflərdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, o, müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək 100.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş, cavabdeh isə müqavilənin 2.1-ci bəndinə qeyd olunmuş öhdəliyini yerinə yetirməyərək mülki qanaunvericiliyin tələblərini pozmaqla ona mənəvi zərər yetirmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış ilkin müqavilənin 3.1-ci bəndi ilə mənzilin xx.xx.2017-ci il tarixədək iddiaçıya təhvil verilməsi müəyyən edilsə də, onun mənzilin təhvil verilməsinə dair iddia tələbi yekun məhkəmə aktı ilə təmin edilməmişdir. Belə ki, Apellyasiya instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hesab etmişdir ki, nə qədər ki, tərəflər arasında əsas müqavilə bağlanmamışdır, iddiaçının hələ bağlanmamış müqavilə üzrə cavabdehi qanuni sahibliyində olan mənzildən onun və ailə üzvlərinin çıxarılmalarından ibarət tələbi təmin edilə bilməz. Belə olan halda iddiaçı mənzilin ona təhvil verilməməsinə istinad edərək bu halı müqavilə üzrə öhdəliyin icra edilmədiyi kimi təqdim etməsi qanunvericiliyə ziddir. Belə ki, müqavilədə təsbit ediimiş oisa belə, iddiaçı cavabdehlərdən məhkəmələr tərəfindən müyyən edimiş və qanuni qüvvəsini almış qanuna zidd olan bir müqavilə şərtinin icrasını gözləyə bilməzdi. Cavabdehlərin belə bir öhdəliyi məhkəmə qərarları ilə ortadan qalxmışdır. İddiaçı mənzilə dair alqı-satqı müqaviləsinin cavabdehlər tərəfindən rəsmiləşdirilməməsini də müqavilə öhdəliyinin pozuntusu kimi təqdim edirək maddi ziyana uğradığını qeyd edir. Lakin ilkin müqavilənin 3.1-ci bəndi ilə çox aydın bir şəkildə satıcının 30 il müddətinə əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi öhdəlik olaraq müəyyənləşdirilmişdir. Həmin bənddən də göründüyü kimi müqavilə üzrə satıcının müqavilə şərtlərini pozması müəyyən edilmir. Belə olan halda cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi ziyandan da söhbət gedə bilməz. Beləliklə, ilkin müqavilə üzrə satıcının müqavilə öhdəliyini pozması və pozuntu ilə alıcıya ziyan vurması müəyyən edilmir. İddiaçı iddia ərizəsi ilə müqavilə dəyəri olan 100.000 manat məbləğdən başqa mümkün olan bütün ziyanları da tələb edir. Maddi, mənəvi, bank uçot dərəcəsi, əldən çıxmış fayda. Görünən odur ki, iddiaçı ya AR Mülki Məcəlləsinin 443.1 maddəsindən xəbərsizdir, ya da xəbərdar olduğu halda yenə hüquqdan sui-istifadə edir. Belə ki, AR Mülki Məcəlləsinin 443.1 maddəsinə əsasən "Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur." Tərəflər arasında imzalanmış İilkin müqavilə ilə tərəflərin öhdəliyi icra etmədikləri halda belə qarşı tərəfə dəymiş ziyanın əvəzini ödəməsi şərti müəyyən edilməyib. İddiaçı ilkin müqavilə tərəfi olmayan və müqavilə dəyərini almamış şəxs olan Cavabdeh2 da müştərək cavabdeh kimi pul tutulmasını tələb edir, səbəbini isə anlamaq mümkün deyil. Odur ki, iddia tələbinin rədd ediməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Kontorunun nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ilkin müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 2 otaqlı 88 saylı mənzilin İddiaçı Fıkrət qızına satılmasına dair öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə satıcı müqavilə bağlandığı andan xx.xx.2017-ci il tarixədək mənzili alıcıya təhvil verməyi və 30 il müddətinə əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. İlkin müqavilə Bakı şəhəri 14 saylı notariat kontorundə təsdiq edilmiş və reyestrdə 3M-1302 nömrə ilə qeydiyyatı aparılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Fıkrət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 88 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamə ləğv olunmuş və iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 9, mənzil 88 (giriş 2) xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına hüquqi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün iddiaçı mənzildən istifadə edə bilməmiş, həmin mənzil barədə sərəncam verə bilməmiş, cavabdehə ödədiyi həmin məbləğdən səmərəli istifadə edib, iş qurub gəlir əldə edə bilmədiyi üçün cavabdeh iddiaçıya 16000 manat məbləğində pul vəsaiti, həmin məbləğə nisbətdə hesablanmış əldən çıxmış faydanın əvəzini də ödəməlidir. Belə ki, cavabdeh müqavilədə göstərilən müddət ərzində mənzili iddiaçıya təhvil versə idi, iddiaçı həmin mənzili kirayə verməklə aylıq 400 manat məbləğində qazanc əldə bilərdi. Cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin 25000 manat məbləğində mənəvi ziyanı da iddiaçıya ödəməyə borcludurlar. Cavabdeh1 apellyasiya şikayətində iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış İlkin müqavilənin 3.1 bəndi ilə mənzilin xx.xx.2017-ci il tarixədək iddiaçıya təhvil verilməsi müəyyən edilsə də, iddiaçının mənzilin təhvil verilməsinə dair iddia tələbi yekun məhkəmə aktı ilə təmin edilməmişdir. Belə ki, apellyasiya instansiyasi Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hesab etmişdir ki, nə qədər ki, tərəflər arasında əsas müqavilə bağlanmamışdır, iddiaçının hələ bağlanmamış müqavilə üzrə cavabdehin qanuni sahibliyində olan mənzildən onun və ailə üzvlərinin çıxarılmalarından ibarət tələbi təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsi İlkin müqavilənin 3.1-ci bəndi üzrə mənzilin xx.xx.2017-ci il tarixədək alıcıya təhvil verilməsi hissəsində qanunvericiliyə zidd hesab etməsi səbəbindən iddianı rədd etmişdir. Müqavilədə təsbit edilmiş olsa belə, iddiaçı cavabdehlərdən məhkəmələr tərəfindən müyyən edilmiş və qanuni qüvvəsini almış qanuna zidd olan bir müqavilə şərtinin icrasını gözləyə bilməzdi. Cavabdehlərin belə bir öhdəliyi məhkəmə qərarları ilə ortadan qalxmışdı. İddiaçı mənzilə dair alqı-satqı müqaviləsinin cavabdehlər tərəfindən rəsmiləşdirilməməsini də müqavilə öhdəliyinin pozuntusu kimi təqdim edir bu səbəbdən də maddi ziyana uğradığını qeyd edir. Lakin İlkin müqavilənin 3.1-ci bəndində çox aydın şəkildə əsas alqı-satqı müqaviləsinin 30 il müddətinə rəsmiləşdirilməsi öhdəlik olaraq müəyyənləşmişdir və öhdəlik bu dövr ərzində istənilən an icra edilə bilər. Beləliklə, satıcının bu günə qədər mənzilə dair əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməməsi müqavilə üzrə öhdəliyin və ya qanunun pozuntusu hesab edilə bilməz. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil2 isə hüquqlarını müdafiə etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə tam həcmdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli ilkin müqavilənin şərtlərinə görə Cavabdeh1 sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 2 otaqlı 88 saylı mənzilin İddiaçı Fıkrət qızına satılmasını, müqavilə bağlandığı andan xx.xx.2017ci il tarixədək mənzili alıcıya təhvil verməyi öz üzərinə öhdəlik olaraq götürmüşdür. İlkin müqavilə Bakı şəhəri 14 saylı notariat kontorundə təsdiq edilmiş və reyestrdə 3M-1302 nömrə ilə qeydiyyatı aparılmışdır. Mənzilin dəyəri 100.000 manat alıcı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödənilmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq mübahisəli mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin öz adına qeydiyyata alınmışdır. İddiaçının tələbi ilkin müqavilənin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada müqavilə üzrə ödənilmiş 100.000 manatın, Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 25.875 manatın, əldən çıxmış fayda qismində 18.400 manatın, mənəvi zərərin əvəzi kimi 25.000 manatın, cəmi 169.275 manat məbləğində pul vəsaitinin tutulması barədədir. İddiaçı tələbini müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən – ilkin müqavilənin ləğv edilməsi və Cavabdeh1 100 000 manat pulun tutulması hissəsində əsaslı saymış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilkin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülkİ Məcəlləsinin 21, 386.1, 402.1, 421.1, 425-ci və sair maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, Cavabdeh1 iddianın təmin edilən hissəsinə dair apellyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən və iddiaçı tərəfindən mübahisələndirilən hissəsində (maddi və mənəvi zərər) mövqeyini onunla əsaslandırmışdır ki, “dəymiş mənəvi zərərin əvəzi olaraq 25.000 manat məbləğində pulun cavabdehlərdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Eyni zamanda, iddia tələbi müqavilə üzrə ödənilmiş məbləğə bank uçot dərəcəsi tətbiq edilməklə hesablanmış 25.875 manatın və əldən çıxmış fayda qismində 18.400 manatın tutulması hissəsində də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi bu hissədə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 443 və sair maddələri, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməyən və iddiaçı tərəfindən mübahisələndirilən (maddi və mənəvi zərər) hissəsində də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız məhkəmə tərəfindən təmin olunan hissədə sübut edə bilmişdir. Cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3644/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3644/2021
21.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver