Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3648/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı (3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə) “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüququlardan suiistifadə hallarına son qoyulması və s” tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3352/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3352/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir və bu səbəbdən də iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı istehlakçı qismində çıxış edərək cavabdehlə müqavilə bağlamış və onun xidmətlərindən yararlanmışdır. Bankın göstərdiyi xidmətlərə münasibətdə iddiaçı istehlakçı kimi müəyyən edildiyindən onun hazırki iddiası istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə görə istehlakçı hüquqlarının müdafiəsi haqqında iddialar iddiaçının seçiminə əsasən iddiaçının yaşadığı yerə görə də verilə bilər. İddiaçının təqdim etdiyi arayışdan da görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi.1,mənzil 38 ünvanında yaşayır. Odur ki, iddiaçı istehlakçı kimi öz seçiminə əsasən iddianı yaşadığı yer üzrə, yəni Sabunçu rayonu inzibati ərazisi üzrə məhkəməyə təqdim etdməkdə haqlı olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3352/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3352/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 05 avqust 2014-cü il tarixli "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Sabunçu rayonu, ünvan 2 ünvanında "xxxx" MTK-nın inşa etdiyi 1A saylı binasının 38 nömrəli mənzilində yaşayır. Elektron məhkəmə informasiya sistemindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020ci il tarixində verilmiş şəxsiyyətini təsdiq edən sənəddə qeydiyyat ünvanı kimi - ünvan 3 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.. Qanunun qeyd edilən maddələrinin mənasından belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respubliksı vətəndaşının, bir qayda olaraq, qeydiyyatda olduğu yer onun yaşayış yeri hesab edilir və vətəndaşın şəxsiyyət vəsiqəsində əks olunmuş qeydiyyat üvanına əsasən onun yaşayış yeri müəyyən edilir. Hazırda iddiaçı şikayətində Sabunçu rayonu ərazisində yaşadığını (2014-cü il tarixli arayışa istinad etməklə) və bu səbəbdən də iddia ərizəsini Sabunçu Rayon Məhkəməsinə verdiyini bildirsə də, şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə onun yaşayış yerinin Sabunçu rayonu ərazisində deyil, Nizami rayonu ərazisində olduğu məlum olur. Digər tərəfdən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Müəyyən olunur ki, iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Beynəlxalq Bankı ASC-nin hüquqi ünvanı Sabunçu rayonunun inzibati ərazisinə aid deyil. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı Sabunçu Rayon Məhkəməsində iddia qaldırmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq iddia ərizəsini ərazi aidiyyəti üzrə düzgün verməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3352/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3648/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3648/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver