Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3653/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “həkim müayinəsi xərclərinin tutulması, doğum xərclərinin cavabdehə həvalə edilməsi, evə istifadə hüququnun tanınması və s. tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən öz xeyrinə saxlama və hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 500 manat və hamiləliklə bağlı birdəfəlik 431 manat həcmində çəkilmiş həkim müayinəsi xərclərinin tutulması, doğuşu ilə bağlı xərclərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehə məxsus olan və Buzovna qəsəbəsi, Koroğlu küçəsi, A56 ünvanında yerləşən evdən onun (iddiaçının) istifadə hüququnun tanınması və həmin evin bir nüsxə açarı ilə cavabdehlə bərabər istifadə üçün onun faktiki istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.03.2022-ci il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə Xəzər Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. İşə daşınmaz əmlakın olduğu yer üzrə Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.03.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, işə Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, saxlama, hamiləlik və s. xərclərlə yanaşı, cavabdehə məxsus olan və Buzovna qəsəbəsi, Koroğlu küçəsi, A56 ünvanında yerləşən evdən onun istifadə hüququnun tanınması və həmin evin bir nüsxə açarı ilə cavabdehlə bərabər istifadə üçün onun faktiki istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, bu tələb, ərazi aidiyyəti qaydaları baxımından MPM-nin 35.1-ci maddəsinin deyil, MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Belə olan halda, prosessual qanun iddianın cavabdehin yaşayış yeri üzrə verilməsini istisna edir. İşdə olan sənədlərdən görünür ki, mübahisəli yaşayış sahəsi Bakı şəhəri, Xəzər rayonun ərazisində yerləşir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, iddia ərizənə baxılması üçün iş Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “həkim müayinəsi xərclərinin tutulması, doğum xərclərinin cavabdehə həvalə edilməsi, evə istifadə hüququnun tanınması və s. tələbi barədə” iddiasına baxılması üçün iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3653/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3653/2022
29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver