Məhkəmə qərarları › İş №2(103)-3654/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3654/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3654/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1423/2009 saylı, 28 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətinə əsasən işə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış 21 may 2008-ci il tarixli kredit və zaminlik müqavilələrinin ləğv edilməsi, 3870,05 manat məbləğində əsas borc, 303,29 manat məbləğində faiz borcu, 829 manat məbləğində cərimə borcu və 21 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5023,34 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2009-cu il tarixli, 2(009)-1423/2009 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış 21 may 2008-ci il tarixli 02/B029 saylı kredit və zaminlik müqavilələrinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3870,05 manat məbləğində əsas borc, 303,29 manat məbləğində faiz borcu, 829 manat məbləğində cərimə və 21 manat dövlət rüsumu olmaqla, cəmi 5023,34 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5237/2009 saylı, 10 dekabr 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2009-cu il tarixli, 2(009)- 1423/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2009-cu il tarixli, 2(009)-1423/2009 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1423/2009 saylı, 28 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2009-cu il tarixli, 2(009)-1423/2009 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onu verən şəxsə geri qaytarılmışdır. Hazırda Cavabdeh2 şikayət yerərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1423/2009 saylı, 28 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gödərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada baxılmışdır. O, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə dəvət olunan zaman qətnamənin mövcudluğundan məlumatlı olmuş, bundan sonra ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək 18 fevral 2022-ci il tarixdə qətnaməni rəsmi qaydada əldə etmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işin faktiki hallarına uyğun olmamışdır. Eyni zamanda işə birinci instansiya qaydasında baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(009)-1423/2009 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə apellyasiya şikayətinin verilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından cvabadehin məhkəmə iclasllarında iştirakını təmin edilməsini göstərən sənədlər, həmçinin cavabdehə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2009-cu il tarixli, 2(009)- 1423/2009 saylı qətnaməsinin rəsmi qaydada çatdırılmasını sübut edən sənədlər (reyestr, poçt xəbərnamələri və s.) iş materiallarından görünmür. Xüsusən qeyd edilir ki, hazırkı materiallarla bağl itirilmiş məhkəmə icraatının bərpa olunması məsələsinə münasibət bildirilməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən (Əlavə-1) başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Bu baxımdan, qeyd edilənlərin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, və birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla şikayətdə göstərilə hallar yenidən araşdırılması üçün iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1423/2009 saylı, 28 fevral 2022 saylı qərardadı ləğv edilsin. Bu qərardadda qeyd edilənlər nəzərə alınmaqla apellyasiya şikayətinin qəbulu məsələlərə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar