Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3654/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin tutulması) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-378/2010 nömrəli, xx.xx.2010-cu il tarixli hökmü ilə X15 AR CM-nın 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən X15 Azərbaycan Respublikası Dövlət Neft Şirkətin Cavabdehn Bakı şəhəri qaz istismar idarəsi rəisinin xx.xx.2009-cu il tarixli, 3428-k saylı əmri ilə xx.xx.2009-cu il tarixdən Nəsimi rayon 2 saylı qaz istismar xidmətinin 12-ci dərəcəli rəisi vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.19 bəndinin, “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat”ın 1.8, 3.2 bəndlərinin, “Bakı şəhəri Baş İstehsalat Qaz 'İdarəsinə tabe olan rayon Qaz istismar idarələrinin X33 rəisinin vəzifə təlimatı”nın 2.1, 2.11, 2.17, 2.20, 2.24, 4.1 bəndlərinin tələblərini pozaraq, istismarda olan qaz kəmərlərinin, cihazlarının və qurğuların texniki vəziyətinə nəzarəti, xidmət işçiləri ilə əhalinin təbii qazla normal və təhlükəsiz təchizatı məsələləri barədə təlimatın keçirilməsini, abonentlərin evlərində olan qaz cihazlarına müəyyən edilmiş qaydada və müddətdə texniki baxış keçirilməsini, bu barədə abonent kitabçasında qeydiyyat aparılmasının təşkil edilməsini, tabeçiliyində olan, işçilərin, o cümlədən nəzarətçilərin vaxtaşırı təhlükəsizlik texnikası qaydaları ilə təhmatlandırılmasının təşkil etməsini və nəzarətdə saxlanılmasını, tabeçiliyində olan işçi heyətinin fəaliyyətinin təşkil edilməsinin, istisqamətləndirilməsini və rəhbərlik etməsini, texniki təhlükəsizliyə qarşı tədbirlərin yerinə yetirilməsində iştirakını təmin etmədiyinə görə və Bakı şəhəri Nəsimi rayon, Əlövsət Quliyev küçəsi, ev 96, 3 saylı mənzilin hamam otağının, həmçinin axar su-qızdırıcı quraşdınldıqda 7.5 kub m-dən az olmaması, hamam otağında ventilasiya kanalının və qəfəsinin olmamasını, yaxud hava keçməsi üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 kv.m-dən az olmayan məsafənin olması, hamam otağının tüstü borusunun damın ətraf hissəsindən 0,5 metr hündürdə olması, su qızdırıcı istifadə olunduqda yaranmış yanma məhsulunun normal çəkilməsinin təmin olunması üçün lazımı tədbirlər görməyərək səhlənkarlıq etmiş və nəticədə ehtiyatsızlıqdan xx.xx.2010-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi ev 96, 3 nömrəli mənzildə kirayəşin kimi yaşayan X16 həmin mənzilin hamam otağında çimərkən dəm qazı ilə kəskin zəhərlənərək ölmüş, həmin vaxt hamam otağında olan X24 isə dəm qazı ilə zəhərlənərək ona ikincili ensefalopatiya ilə müşayiət olunmuş, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-877/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X15 haqqındakı xx.xx.2010-cu il tarixli hökmü dəyişdirilmiş, ona AR CM-nin 314.2-ci maddəsilə təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixdə ölmüş X10 anasıdır. X3 başqa hər hansı digər övladı olmamışdır. İddiaçının həyat yoldaşı olmuş X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən 50.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin işçisi X15 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə onun qızı X16 dəm qazından zəhərlənərək ölmüşdür. Belə ki, Poladxan Quliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Qaz İstismar İdarəsi rəisinin xx.xx.2009-cu il tarixli, 3428-k saylı əmri ilə xx.xx.2009-cu il tarixdən Nəsimi rayon 2 saylı qaz istismar xidmətinin 12-ci dərəcəli rəisi vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın, “Yaşayış yerlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat”ın, “Bakı şəhər Baş İstehsalat İdarəsinə tabe olan rayon qaz istismar idarələrinin “X33 rəisinin vəzifə Təlimatı”nın aidiyyəti bənlərinin tələblərini pozmuş və bunun nəticəsi olaraq ehtiyatsızlıqdan Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 96 sayı evin, 3 nömrəli mənzilində kirayəşin kimi yaşayan X16 həmin mənzilin hamam otağında çimərkən dəm qazı ilə kəskin zəhərlənərək ölmüşdür. Qızının ölümünə səbəb olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Nəsimi rayon 2 saylı qaz istismar xidmətinin 12-ci dərəcəli rəisi vəzifəsində işləyən X15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 378/2010 nömrəli, xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-877/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-38/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası CMin 314.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində ona mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində 23 yaşlı yeganə qızının həlak olmasından sonra davamlı iztirab, sarsıntı keçirir. Övlad acısı valideyn, xüsusilə ana üçün unudulması mümkün olmayan, davamlı əzab və iztirab deməkdir. Sübutlar toplanarkən aydın oldu ki, qızının ölümündə təqsirli olan cavabdehin işçisi X15 onun qızının ölümündən sonra başqa şəxslərin də ölümünə səbəb olub. Belə ki, Ali Məhkəmənin 1(102)-822/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Nəsimi rayonu X23 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin 12-ci dərəcəli xidmət rəisi vəzifəsində işləyən X15 və cavabdehin başqa bir işçisi - Nəsimi rayonu X23 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin 10-cu dərəcəli xidmət ustası X19 öz işlərinə vicdansız və laqeyid münasibət göstərib, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiklərindən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 74 saylı mənzildə A.Abdullayev və B.Mahmudova kəskin dəm qazından zəhərlənərək ölmüşlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə X15 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, X19 isə Azərbaycan Rsepublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmdən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-169/2011 nömrəli, xx.xx.2011ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. X18 tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin - cavabdehin vəzifəsidir. Artıq bir nəfərin ölümünə səbəb olmasına baxmayaraq, cavabdeh X15 tutduğu vəzifədən kənarlaşdırılmamış, sonradan yenidən eyni cinayətin törədilməsinə bilərəkdən yol vermişdir. Cavabdeh tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işi lazımi qaydada təşkil etmədiyinə görə nəticədə biri onun 23 yaşlı qızı olmaqla 3 insan həlak olmuşdur. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Göründüyü kimi, cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində mənəvi əzab çəkməyə davam edir. Çəkdiyim bu iztirablara, əzablara görə günahkar cavabdehdir və vurduğu mənəvi ziyanın əvəzini ödəməyə borcludur. Qanun ona ana olaraq bu haqqı tanıyır. İddia ərizəsinə əlavə etidiyi sənəddən də görünür ki, cavabdehin əmlak vəziyyəti 1,7 milyard manatdan çoxdur. Baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən keçirdiyi iztirabları ömür boyu davam edəcək. Hazırkı işdə mənəvi zərərə görə tutulacaq təzminat məbləğini qiymətləndirərkən, mülki hüquq pozuntusunun 23 yaşlı yeganə qızının ölümü kimi mühüm itki ilə nəticələnməsini və bu hadisənin ona sarsıdıcı təsirini, keçirdiyi əzab, ruhi sarsıntı və iztirabların davam etməsi nəzərə alınmalıdır. Cavabdehin əmlak vəziyyəti də nəzərə alınaraq mənəvi zərərin miqdarı tam şəkildə təmin edilməlidir ki, pozulmuş hüquqlarının real bərpası baxımından ədalətli olsun.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun Cavabdehndən İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X22)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının azyaşlı qızı - X10 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 50.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 25.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan 240 manat dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci, 1097.1-ci, 1099.1-ci, 1099.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının aidiyyəti bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh İB apellyasiya həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan hökmlər X11 barəsindədir. Həmin hökmlərlə o, AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh öz işçisi X11 hərəkətlərinə görə dəymiş mənəvi zərərə görə məsuliyyət daşımır və təqsirli sayıla bilməz. Cavabdehndən mənəvi zərərə görə 25.000 manat məbləğində pul vəsaiti alınması ilə bağlı ümumiyyətlə iddiaçı tərəf iddia tələbini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsində də cavabdehdən 25.000 manat mənəvi zərərin alınaraq iddiaçıya ödənilməsi ilə bağlı heç bir əsaslandırma aparılmamışdır. Birinci instansiya məhkəməsi yalnız bir cümlə ilə qeyd etmişdir ki, iddiaçının keçirdiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alaraq 25.000 manat məbləğində mənəvi zərərin həcmi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qeyd olunan əməllərin törədilməsində təqsirli deyildir, özünün təqsiri olmadığı hallara görə məsuliyyət daşıya bilməz, bununla yanaşı birinci instansiya məhkəməsi də mənəvi zərərin həcmi məsələsində belə əsaslandırma aparmamışdır, hər hansısa bir sübuta istinad etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının X8 hər hansısa mənəvi zərərin tələb edilib-edilməməsi, ümumiyyətlə X11 İddiaçı mənəvi zərəri ödəyib-ödəməməsi hallarını yoxlamamış, ümumiyyətlə öz qətnaməsində bu məsələləri araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən qeyd olunan əməli cavabdehin işçisi X15 törətmişdir. Təqsirli şəxs zərəri ödəmədiyi halda işçisi olduğu şəxs qeyd olunan zərəri nəticədə haqsız olaraq Cavabdehndən 25.000 manat mənəvi zərərin tutulması təmin edilmişdir. Hazırki iş üzrə iddianın təmin olunaraq cavabdeh Azəriqaz İB-dən tutulacaq mənəvi ziyanın məbləği gələcəkdə cavabdeh Azəriqaz İB tərəfindən iddia qaldırılaraq X8 tələb oluna bilər. Bu da özlüyündə Quliyev Poladxan eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaqdır. Bununla da birinci instansiya məhkəməsi əsassız və qanunsuz qətnamə çıxarmışdır. Eyni zamanda zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Birinci instansiya məhkəməsi Quliyev Poladxan tərəfindən iddiaçıya vurulan zərərin ödənilib-ödənilməməsi məsələsini yoxlamamış və araşdırmamışdır. Birinci instansiya məhkəməsi mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsası da əsassızdır, əsaslı olsaydı belə 25.000 manat məbləği ədalətli deyil, işin hallarına uyğun gəlmir. Bundan əlavə birinci instansiya məhkəməsi məhkəmə iclasları vaxtı barədə cavabdehə məlumat verməməklə, nəticədə məhkəmə baxışında iştirakını təmin etməməklə Azərbaycan Respublikası MPMnin 9-cu maddəsinin tələblərini pozumuşdur. Həmin maddənin tələblərini pozmaqla bütün faktiki halları araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Çünki məhkəmə baxışında iştirakları təmin olunsa idi, hazırki işlə bağlı öz arqumentlərini təqdim edə bilərdilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar Ali Məhkəmənin Plenumunun qərarında da ayrı-ayrı halların, o cümlədən yaxın qohumun itirilməsi faktının mövcudluğu mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas hesab edilir. Digər tərəfdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Göründüyü kimi, istər milli qanunvericilikdə, istər milli məhkəmə təcrübəsində, istərsə də avropa məhkəmə təcrübəsində itkinin, azalmanın, hüquq pozuntusunun özü mənəvi zərərin mövcudluğunun sübutu kimi qəbul edilir. Cavabdehin nümayəndəsi özü-özünün fikirini təkzib edərək bir tərəfdən yazır ki, birinci instansiya məhkəməsinin qətnaməsində də cavabdehdən 25.000 manat mənəvi zərərin alınaraq iddiaçıya ödənilməsi ilə bağlı heç bir əsaslandırma aparılmamışdır. Ardınca isə qeyd edir ki, birinci instansiya məhkəməsi yalnız bir cümlə ilə qeyd etmişdir ki, iddiaçının keçirdiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alaraq 25.000 manat məbləğində mənəvi zərərin həcmi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq maddələrinə istinadən iddiaçı hüququndan istifadə edərək, iddia ərizəsində də göstərdiyi kimi işçisinin vurduğu zərərə görə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiasını işəgötürənə qarşı irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Cavabdehin nümayəndəsi tələbin əsaslı olduğunu özü də bilir, lakin xidməti vəzifəsinə görə nəsə yazmalıdır. Məbləğin ədalətli olmaması məsələsinə gəlincə cavabdehin nümayəndəsi bu suala cavab axtaranda bir anlıq ailə üzvlərindən kimisə gözünün qarşısına gətirsin və düşünsün ki, ölənin, mənəvi zərərə məruz qalan yaşayan adamın həyatından birdəfəlik məhrum edilməsinə görə 25.000 manat kifayət edirmi? Əlbəttə ki, 25.000 manat azdır - ədalətli məbləğ deyil. Məbləğ daha çox olmalıdır. Beləliklə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Məhkəmə iclasında iştiraklarının təmin edilməməsinə gəldikdə isə qətnamənin 2-ci səhifəsində qeyd olunur ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sadalananlar onu təsdiq edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti formal xarakterli olmaqla yanaşı, işi uzatmaq məqsədi daşıyır. Çünki, yaxın qohumun öz əcəli ilə ölməsi halında insanın mənəvi hüzuru pozulur, əzablara, iztirablara məruz qalır. Bir ana üçün əziz olan insanın, sevə-sevə, oxşaya-oxşaya böyütdüyü övladının faciəvi şəkildə ölməsi halında isə bu iztirablar, sarsıntılar silinməz və davamlı olur. Məhz cavabdehin işçisinin törətdiyi qanuna zidd əməl nəticəsində iddiaçının qızının ən mühüm şəxsiyyət haqlarından olan yaşamaq hüququ pozulmuş, iddiaçıya unudulmayacaq dərəcədə mənəvi zərər vurulmuşdur. Qızının ölümü nəticəsində iddiaçının dərin iztirab və üzüntü keçirərək mənəvi zərər çəkməsi (zərərin ölümlə səbəbli əlaqəsi) həyatın normal axışı şərtlərinə uyğundur. Etirazında göstərilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti formal xarakterli, göstərdiyi xüsusatlar isə əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əvvəla bədbəxt hadisə Cavabdeh əməkdaşı tərəfindən qəsdən törədilməmiş, sözügedən hadisə ehtiyatsızlıqdan baş vermişdir. Digər bir məsələ mərhum X16 ilə onun ailə üzvləri arasında heç bir şəfqət, mənəvi bağlılıq olmamışdır. Belə ki, ailəsi rayonda yaşamasına baxmayaraq, qadın Bakı şəhərində faktiki münasibətlərdə olduğu bir şəxslə kirayə əsaslarla tutduqları mənzildə yaşamışdır. Həmin mənzildə, başqa bir şəxs də kirayə əsaslarla qalmışdır. Mənəvi zərərlə bağlı Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarında da qeyd edilir ki, bu qəbildən olan işlərə baxılarkən ailə üzvləri arasında mənəvi bağlılığın olması, onların birgə və ya ayrı yaşaması, münasibətləri nəzərə alınmalıdır. Heç təsadüfi deyil ki, hadisə ilə bağlı cinayət işi zamanı X10 atası deyil, anası hüquqi varis kimi tanınmış, o da Cavabdeh əməkdaşından heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarından müəyyən edilir ki, mərhum kirayə evə köçdükdən 10 gün sonra bədbəxt hadisə baş vermişdir. Bu da onu təsdiq edir ki, qaz təchizatından təhlükəsiz istifadə qaydalarını qadın özü də mənimsəməmişdir. Hadisədən sonra X16 üzərində aparılmış müvafiq ekspertia nəticəsində onun qanında alkoqol da aşkar edilmişdir. Digər məsələ ondan ibarətdir ki, hadisə 2010-cu ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 13 il sonra irəli sürülmüşdür. 2021-ci ildə X10 atası vəfat etmiş və bundan sonra qadının anası mənəvi zərərlə bağlı iddia qaldırmışdır. Onlar iddiaçının bir ana olaraq mənəvi sarsıntı, iztirab keçirtməsini istisna etmirlər. Lakin bunun iddia tələbində göstərilən məbləğ həddində olmadığını hesab edirlər. Həmin bədbəxt hadisənin baş verməsindən 13 il keçib, əlbəttə ki, Cavabdeh tərəfindən dəfn mərasimi və digər mərasimlərlə bağlı maddi yardım göstərilməsi istisna edilmir, lakin bununla bağlı hər hansı rəsmi sənəd təqdim edə bilmirlər. Mənəvi zərər məbləği qismində iddia üzrə tələb edilən məbləğin 1/5 hissəsi miqdarında pul tutulsa idi, bu məbləğ daha ağlabatan olardı. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin, habelə apellyasiya şikayətinə qarşı verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
14. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, o cümlədən iddiaçının apellyasiya şikayətinə etirazının məzmununu nəzərə alıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin məbləğini ağlabatan, ədalətli və işin halarına uyğun hesab etmir və belə qənaətə gəlir ki, qətnamə tutulmuş mənəvi zərərin məbləği hissəsində dəyişdirilməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçının qızı X16 faktiki münasibətlərdə olduğu X24 adlı şəxslə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində kirayə əsaslarla yaşadığı mənzilin hamam otağında olan zaman dəm qazından kəskin zəhərlənərək, ölmüşdür. Həmin vaxt hamam otağında olan X24 da dəm qazından zəhərlənmiş və nəticədə onun (ikincili ensefalopatiya ilə müşayiət olunmuş, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan) sağlamlığına az ağır zərər vurulmuşdur. Bu hadisənin məhz cavabdehlə əmək münasibətlərində olan işçisi, Bakı şəhəri Nəsimi rayon 2 saylı qaz istismar xidmətinin 12-ci dərəcəli rəisi vəzifəsində işləyən X11 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetiməməsi, o cümlədən həmin sahəni tənzimləyən qanunvericiliyin tələblərini pozması nəticəsində baş verməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-378/2010 saylı, xx.xx.2010-cu il tarixli Hökmü və həmin hökmdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş 1(103)-877/2010 saylı, xx.xx.2010-cu il tarixli qərarı ilə öz təsdiqini tapır. Bu da cavabdehin bu məsələ ilə bağlı dəlillərinin, o cümlədən bədbəxt hadisənin X10 mənzilə köçdükdən 10 gün sonra baş verməsi və onun özünün də qaz təchizatından təhlükəsiz istifadə qaydalarını hələ mənimsəməməsi mövqeyinin əsassız olmasını sübut edir. Bununla belə, öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti məhz cavabdeh daşıyır və bu baxımdan iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi də onun üzərinə düşür.
23. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, X1 yol verdiyi eyni əməllər xx.xx.2011-ci il tarixdə daha iki nəfərin, X5 və X12 ölümünə səbəb olmuşdur. Bunun nəticəsi olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarxili hökmü ilə onun barəsində 3 il 6 ay müddətinə azadıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya və kasasiya şikayətləri isə təmin edilməmişdir. Bu da öz növbəsində həmin şəxsin peşakarlığını şübhə altına alır və belə olan halda, məsələ üzrə məhz cavabdeh təşkilatın məsuliyyətini artırmış olur. Hər bir halda, ilk hadisədən sonra cavabdeh bu işçinin peşakarlığını və tutduğu vəzifəyə uyğunluğunu yoxlamalı, bununla bağlı tədbirlər görməli idi.
24. İddiaçı qızının ölümü ilə bağlı cavabdeh, habelə hadisənin baş verməsində təqsirli bilinən X15 tərəfindən ona hər hansı yardımın göstərildiyini, habelə ona maddi təzminat ödənilməsini bildirmir, əksinə cavabdeh tərəf belə bir halın baş vermədiyini qeyd edir. Cavabdeh tərəf isə bu mövqedən çıxış etsə də, öz mövqeyinin əsaslı olmasını nəinki sübuta yetirə bilmir, ümumiyyətlə bununla bağlı hər hansı sübutunun olmadığını etiraf edir. Belə bir halın mövcud olması hökmün məzmunundan, habelə işin digər hallarından da müəyyən olunmur. Bu da cavabdehin bununla bağlı dəlillərinin ehtimal xarakterli olduğunu təsdiq edir və mübahisəyə hüquqi nəticə etibarı ilə təsir göstərmir. Məhkəmə kollegiyası cavabdehin X10 qanında alkoqolun aşkar edilməsi ilə bağlı mövqeyinə də eyni qaydada əsassız mövqe kimi yanaşır.
25. Digər tərəfdən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatların cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsi, onlara bu barədə lazımi qaydada məlumat verilməməsi ilə bağlı dəlillərinin də əsassız olmasına dəlalət edir.
26. Məhkəmə iddiaçının qızının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayır ki, X16 iddiaçının yeganə övladı olmuş, hadisə baş verən zaman iddiaçının (anasının, 1964-cü il təvəllüdlüdür) 46, atasının isə (1956-cı il təvəllüdlü) 54 yaşı olmuşdur. Bu baxımdan onlar yenidən uşaq dünyaya gətirəcək yaşda olmamışlar. Hadisədən sonra da onların digər uşaqları olmamışdır. X10 isə 23 yaşı olmuş və o, 1 ildir ki, valideynlərdən ayrı yaşamağa başlamışdır. Başqa sözlə, 22 il valideynləri ilə birlikdə yaşamış, onlarla birgə təsərrüfat aparmışdır. İddiaçının həyat yoldaşı isə 2021-ci ildə ölmüşdür. Qeyd edilənlər X10 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. İddiaçı ömrünün sonunadək bir ana olaraq yeganə övladını digər bir şəxsin təqsirindən vaxtsız itirməsinin acısını çəkməyə məhkumdur. Bu da öz növbəsində cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını şərtləndirir.
27. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, X16 artıq bir ilə yaxındır ki, valideynlərindən, o cümlədən iddiaçıdan ayrı və fərqli məkanda (Bakı şəhərində) faktiki münasibətlərdə olduğu bir şəxslə yaşaması, bu baxımdan valideynləri ilə artıq birgə təsərrüfat aparmaması onunla iddiaçı arasında olan şəfqət və mənəvi bağlılığın möhkəmliyinə bilavasitə təsir edən hallardır. Eyni zamanda, nəzərə alınmalıdır ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən X10 hüquqi varisi kimi tanınmış iddiaçı təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir.
28. Həm bu hallar, həm də baş vermiş hadisədən artıq 13 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur. İddiaçı məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarından və əri, X13 ölümündən sonra (xx.xx.2021-ci il) məhkəməyə müraciət etmişdir. Belə ki, onun müraciət etdiyi vaxt artıq qeyd edilən Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə uyğun olaraq, məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır.
29. Yuxarıda göstərilən qərarlarda nümayiş etdirilmiş hüquqi mövqeyə uyğun olaraq bir sıra xüsusatların araşdırılması, habelə iddianın mahiyyətinə uyğun bir sıra məsələrin aydınlaşdırılması üçün (birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır) məhkəmə kollegiyası tərəfindən iddiaçı şəxsən və vəkili (nümayəndəsi) vasitəsi ilə məhkəmə iclaslarına dəvət olunsa da, nəticə etibarı ilə gəlməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən mübahisə ilə bağlı əhəmiyyət kəsb edən bir çox məsələnin (məsələn, qızın hansı şəraitdə valideyn evini tərk etməsi, onun başqa bir şəxslə nikah olmadan yaşamasına münasibət, ayrı yaşadığı bir il ərzində onların arasında olan bağlılığın səviyyəsi, son bir il ərzində ünsiyyətlərinin olub-olmaması, hansı qaydada ünsiyyət saxlaması, iddiaçının hadisədən əvvəlki və sonrakı həyat tərzi və sair), habelə qeyd edilən halların aydınlaşdırılması mümkün olmamışdır.
30. Qeyd edilənlər də öz növbəsində mənəvi zərərin tutulmasını istisna edən hal olmasa da, tutulan mənəvi zərərin məbləğinə təsir edən haldır. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, eyni zamanda cavabdeh tərəfin izahatında səsləndirdiyi fikirləri (tələb edilən məbləğin 1/5 hissəsinin ağlabatanlığı barədə) nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzini tutmaqda haqlı olmuş, lakin nəticədə müəyyən edilmiş mənəvi zərərin miqdarı ağlabatan və ədalətli olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin miqdarı ilə bağlı hissədə dəyişdirilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 10.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi tutulmuş mənəvi zərərin məbləgi hissəsində dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 10.000 (on min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.