Məhkəmə qərarları › İş №2(103)-3657/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3657/2025

03.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3657/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "TİM Consulting” MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmək haqqının və son haqq-hesabın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "TİM Consulting” MMC-yə qarşı əmək haqqının, son haqqhesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1751/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-də kiçik mühəndis proqramçısı vəzifəsinə işə qəbul olunmuş, MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

2. xxxxxxx000100 saylı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı vəzifə maaşı 555,43 manat təşkil etmiş, məzuniyyət hüququ 21 gün olmuşdur. xxxxxxx000101 saylı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı vəzifə maaşı xx.xx.2024-cü il tarixdən artırılaraq 841,14 manat təşkil etmişdir.

3. 16.12.2024-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 2024-cü ilin fevral ayında İddiaçı əmək haqqı ödənilməmiş, 2024-cü ilin fevral ayının əmək haqqı mart ayında, mart ayının əmək haqqı isə aprel ayında ödənilmişdir. 2024-cü ilin aprel ayının və sonrakı ayların əmək haqqı ödənilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "TİM Consulting” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənişin, 61 manat məbləğində mediasiya xərcinin və 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə kimi “kiçik mühəndis proqramçı” vəzifəsində çalışmışdır. Bu müddət ərzində əmək haqqı məbləği artırılmış, sonuncu dəfə aylıq əmək haqqı 841,14 manat olaraq müəyyən edilmişdir. Əmək müqaviləsi bağlandığı tarixdən ona cavabdeh tərəfindən 2024-cü ilin aprel ayına qədər əmək haqqı ödənilmişdir. 2024-cü ilin fevral ayının əmək haqqı mart ayında, mart ayının əmək haqqı isə aprel ayında ödənilmişdir. Tərəflər arasında əmək münasibətləri mövcud olsa da, məhz 2024-cü ilin aprel ayından başlayaraq ona cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. Bununla bağlı o, dəfələrlə cavabdehə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində o, cavabdeh tərəfindən qəbul olunmuş 47 nömrəli əmrə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2A bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hesab edirik ki, tərəflər arasında olan əmək münasibətlərinə əsasən ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 1751/2025 nömrəli qətnaməsi ilə (hakim L.Ş.Şövkətli-Mənsimli) iddia təmin edilmiş, Cavabdeh MMC-dən 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh "TİM Consulting” MMC-dən 250 manat vəkil xərci və 61 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi və 100 manat məbləğində dövlət rüsumunun cavabdeh "TİM Consulting” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, məhkəmə hazırlıq iclası dəfələrlə təxirə salınmasına və iddiaçıya 2024-cü ilin mart ayından sonra əmək haqqının ödənilməsini təsdiq edən sənədləri, eləcə də 21 gün məzuniyyət hüququndan iddiaçının istifadə edib-etməməsinə dair sənədləri, məzuniyyət hüququndan istifadə edilməmişdirsə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmək cavabdehə təklif edilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir.

8. İş materialları ilə həmçinin təsdiq edilmişdir ki, 2024-cü ilin fevral ayında İddiaçı əmək haqqı ödənilməmiş, 2024-cü ilin fevral ayının əmək haqqı mart ayında, mart ayının əmək haqqı isə aprel ayında ödənilmişdir. 2024-cü ilin aprel ayının və sonrakı ayların əmək haqqı ödənilməmişdir, eləcə də İddiaçı 21 gün məzuniyyət hüququndan istifadə etməmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə ona pul əvəzi ödənilməmişdir.

9. Beləliklə, məhkəmə qeyd etmişdir ki, İddiaçı 2024-cü ilin aprel ayından etibarən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilənədək əmək haqqının ödənilməməsi və əmək haqqının ödənilməsinin işəgötürən Cavabdeh MMC tərəfindən gecikdirilməsi, eləcə də İddiaçı istifadə edilməmiş 21 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilmədiyi təsdiq olunduğundan iddia təmin edilməli, 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləği işəgötürən "TİM Consulting” MMC tərəfindən hesablanaraq İddiaçı ödənilməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 250 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan, iddia tələbi vəkil xərcinə, həmçinin mediasiya xərcinə aid hissələrdə də təmin edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114.2, 131.1, 131.2, 131.5, 140.1, 142, 143.1, 143.2, 144.2, 154, 172.1, 172.4, 172.5, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 119.2, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsi, yalnız işəgötürənin təqsiri üzündən əmək haqqının gecikməsi halında cərimənin tətbiq edilməsi prinsipini irəli sürür. Lakin məhkəmə, bu normanı düzgün tətbiq etməyərək, əmək haqqının gecikməsini avtomatik olaraq işəgötürənin təqsiri kimi qəbul edib və nəticədə 1% cərimə tətbiq edib. Bu yanaşma, maddənin tələblərinə ziddir, çünki maddə açıq şəkildə yalnız işəgötürənin təqsiri hallarında cərimə tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə, işəgötürənin gecikməsinin səbəbini araşdırmadan, məsələn, texniki problemlər, maliyyə çətinlikləri və ya mübahisəli halları nəzərə almadan qərar qəbul edib. Bu hallarda, işəgötürənin təqsirinin mövcudluğu sübuta yetirilmədiyi üçün cərimənin tətbiq olunması hüquqi olaraq düzgün deyil. Əmək Məcəlləsinin bu maddəsi, işəgötürənin məsuliyyətini müəyyən edən və onun təqsirinin faktiki olaraq sübuta yetirilməsini tələb edən bir norma olduğundan, məhkəmənin qərarı Əmək Məcəlləsinin məqsəd və məntiqinə uyğun deyil. İşdə yalnız iddiaçı tərəf sübutlar təqdim etmişdir. Cavabdeh isə işə heç bir sübut təqdim etməmişdir. Məhkəmə də yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsasən qətnamə çıxarmışdır. Hakim iddia ərizəsinin forma və məzmununa əməl edilib-edilməməsini yoxlamamışdır. İddiaçının faktiki ünvanı və fin kodu göstərilməyib, cavabdehin faktiki ünvanı, əlaqə vasitəsi göstərilməmişdir. Nəticədə cavabdeh məhkəmədən vaxtında xəbər tutmamışdır. Çünki cavabdeh uzun müddətdir ki, hüquqi ünvanında (Bakı şəhəri, Xətai rayonu, ünvan 1in direktoru Teymur Hacıyevin faktiki yaşadığı ünvana məktub gələndə xəbər tutur. Bu ünvan isə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 3 149.2.3cü maddəyə görə iddianın predmeti və qiyməti ayrıca olaraq göstərilməmişdir. Ən pisi isə iddia ərizəsində sübutların siyahısı qeyd olunmamışdır. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Göstərilənlərə əsasən MPM-nin 384.0.5-cü maddəsini rəhbər tutub mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 9. d bəndi. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 114.2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Maddə 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 154.1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin olunduğundan, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixindən cavabdeh MMC-də kiçik mühəndis proqramçısı vəzifəsində çalışmış, xx.xx.2024-cü il tarixdən iddiaçının vəzifə maaşı artırılaraq 841,14 manat təşkil etmiş, məzuniyyət hüququ 21 gün olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

25. Hazırda iddiaçı 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı məbləğini, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğini və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənişi tələb edir.

26. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya 2024-cü ilin mart ayından sonra əmək haqqının ödənilməsini təsdiq edən sənədləri, eləcə də 21 gün məzuniyyət hüququndan iddiaçının istifadə edibetməməsinə dair sənədlər, məzuniyyət hüququndan istifadə edilməmişdirsə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin olunmalıdır.

27. Belə ki, cavabdeh tərəfindən iddiaçıya əmək qanunvericiliyin tələblərinə müvafiq olaraq ödənilməli olan bütün ödənişlərin həyata keçirilməsi iş materialları ilə müəyyən edilmir.

28. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə əmək haqqının gecikməsini avtomatik olaraq işəgötürənin təqsiri kimi qəbul etmişdir. Lakin cavabdeh tərəfindən əmək haqqının gecikməsinin səbəbləri və ya onun təqsirinin olmaması ilə bağlı apellyasiya şikayətinə hər hansı sübut əlavə edilməmişdir.

29. O da qeyd edilməlidir ki, kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat (tam açıqlanması ilə - vergilərə, DSMF-yə, həmkarkar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlü və imzalı), ödəniş sənədləri, əmək müqaviləsi, əmək müqaviləsində olunmuş dəyişiklər barədə əmrlər, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və hesablanması barədə məlumat, xəstəlik vərəqələri və məlumatlar, son haqq-hesabın hesablanması barədə məlumat, əmək haqqının hesablanmasına aid olan digər mövcud sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.

30. Kollegiya qeyd edir ki, cavabdeh hüquqi şəxs olmaqla “Elektron Məhkəmə” İnformasiya Sistemində qeydiyyatdan keçmiş və elektron kabinetə sahibdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh poçt vasitəsilə məhkəmə iclasları barədə xəbərdarlıq edilməklə yanaşı, onun elektron kabinetinə də bu barədə məlumatlar yerləşdirilmiş, habelə ona SMS-bildirişlər göndərilmişdir.

31. Apellyasiya icraatı zamanı da cavabdeh məhkəmə iclasları və ekspertizanın təyin edilməsi barədə qərardaddan elektron kabinet vasitəsilə məlumatlı olmuş, ekspertin vəsatəti “Elektron Məhkəmə” İnformasiya Sisteminə əlavə edilmiş, bununla bağlı cavabdeh hüquqi şəxsin nümayəndəsinə telefon vasitəsilə də məlumat verilmişdir.

32. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

33. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya onu da qeyd edir ki, iddia ərizəsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla vəkil tərəfindən tərtib edilmiş və birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəyə əmək qanunvericiliyin müvafiq normalarını tədbiq etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin, mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərcləri cavabdehə aid edilmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

"TİM Consulting” MMC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1751/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar