Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3658/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqı, məzuniyyət haqqı və kirayə haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, məzuniyyət haqqı və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin Gürcüstan nümayəndəliyi (“Akkord Georgia”) tərəfindən İT baş mühəndis vəzifəsi üzrə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 9223 manat əmək haqqının, 182 günlük məzuniyyət haqqı olan 17.500 manat, ev kirayə haqqı 2.278 və 2 aylıq 3.389 manat kompensasiyanın, cəmi 33.390 manat pulun alınıb İddiaçı verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 2022-ci ilin mart ayı daxil olmaqla işdən azad olunmağı ilə bağlı xəbərdarlıq təqdim olunan günə kimi "xxxx" ASC tərəfindən aylıq 3.500 lari pulun günün məzənnəsi ilə hər ay 1.700 manat olmaqla əmək haqqı hesablanıb ödənilməsini xahiş etmişdir və 2022-ci ilin avqust ayı üçün daxil olmaqla 10.200 manat təşkil etdiyini bildirmişdir. Eyni zamanda onun avtomobil təmirinə çəkdiyi 800 lari məbləğində pulun xx.xx.2021-ci ilin məzənnəsinə uyğun hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC ilə əmək müqaviləsi bağlayaraq Gürcüstandakı filialında Baş İT baş mühəndis vəzifəsinə təyin olmuşdur. Həmin vaxtdan xx.xx.2022-ci ilin il tarixə kimi "xxxx" ASC-nin Gürcüstan filialında nöqsansız olaraq işləmişdir. 2022-ci ilin aprel ayının 1-dən ixtisarla bağlı işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində 5 aylıq əmək haqqı, 5 aylıq kirayə(ev) və 182 günlük məzuniyyət pulu ona ödənilməmiş qalmışdır. Dəfələrlə şirkətə ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun, və kirayə pulunun ödənilməsini tələb etsə də müxtəlif bəhanələr edərək ödəməkdən yayınırlar.
5. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iş materiallarına əlavə edilən materiallardan göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsinə Gürcüstan Respublikasının qanunvericiliyi tətbiq edilir və Gürcüstan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. Mübahisəyə ümumiyyətlə Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı deyil. Əmək müqaviləsinə Gürcüstan Respublikasının qanunvericiliyi tətbiq edildiyi üçün hər hansı kompensasiyanın ödənilməsi və gecikdirilmə faizinin hesablanması əsassızdır. İddiaçı kirayə haqqı borcu olduğunu qeyd edir, lakin həmin borcun nə əsasında yarandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı ödənilməmiş məbləğə faizin hesablanması və ödənilməsini tələb edir. İddiaçının ödənişi gecikdirilməsi ehtimal edilən məbləğə faizlərin hesablanması tələbi də əsassızdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ödənilməmiş 2021-ci ilin avqust və sentyabr ayları, həmçinin 2022-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş 7.307,22 (yeddi min üç yüz yeddi manat iyirmi iki qəpik) manat məbləğində əmək haqqı, 2021-ci ilin sentyabr ayı, 2022-ci ilin yanvar və fevral ayları üçün 1.669,20 (bir min altı yüz altmış doqquz manat iyirmi qəpik) ev kirayə haqqı, avtonəqliyyat vasitəsinin təmirinə xərclədiyi 437,44 manat (dörd yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində pul, ümumilikdə 9413,86 (doqquz min dörd yüz on üç manat səksən altı qəpik) məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir.
7. Məhkəmə iddiaçının təqdim etdiyi, onun cavabdehin nümayəndələri ilə elektron poçt üzərindən apardığı yazışmalara istinad edərək, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının qanunvericiliyini tətbiq edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin iddianın 182 gün məzuniyyət haqqı tələbi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı tərəfindən onun 2021-ci il üçün nəzərdə tutulan məzuniyyətdən istifadə edib-etməməsi, əvvəlki illərdə hansı məbləğdə məzuniyyət pulunun ödənilməsi və s. barədə mötəbər sübutlar (müvafiq əmrlər, işçilərin iş vaxtının aylıq uçotu cədvəl və s.) məhkəməyə təqdim edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni, Gürcüstan Respublikasının Əmək Məcəlləsinin 12.1, 12.2, 21, 31.1, 31.4, 41.1, 41.3, 44, 83-cü maddələri; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1, 83.2, 143, 144, 154, 172, 195, 154-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu Məcəllənin 87- ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Onun işdən azad olunması ilə bağlı işəgötürənlə arasında olan əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı hal-hazırki vaxtadək işəgötürən tərəfindən xəbərdarlıq olunmamışdır. Ona görə də xəbərdarlıq müddəti ərzində hər iş həftəsinə əmək haqqı saxlanılmalıdır. Lakin məhkəmə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi tam təmin olunmalı idi. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin məhkəmə hazırlıq iclası prosesində iştirakını cəmi bir dəfə təşkil etmiş və digər proseslərdə isə təmin edə bilməmişdir. Bununla da sübutları düzgün qiymətləndirməyərək iddianı tam təmin etməməkdə haqlı olmamışdır.
11. Həmçinin cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası qanunvericiliyinin - Əmək Məcəlləsinin və MPM-nin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Məhkəmənin qətnamə üzrə verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir və qanun tələblərinə əsaslanmır və subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və göstərir. İddiaçı məhkəməyə əmək haqqının ödənilməməsi ilə bağlı maliyyə hesabatı sənədləri, 2021-ci ilin sentyabr ayı üçün ev kirayə haqqının, 2021-ci il tarixdə avtomobilin təmirinə çəkilmiş xərcin tutulması barədə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə isə mötəbər sübut təqdim edilmədiyi halda düzgün olmayan əsassız qətnamə çıxarmışdır. İddiaçının işlədiyi müəssisə Gürcüstan Respublikasında yerləşdiyi, cavabdehin Gürcüstan Respublikasındakı filialında işlədiyi üçün məhkəmə qətnamə çıxararkən səhvə yol vermiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarını tətbiq etmişdir. İddiaçı cavabdehin Gürcüstan Respublikasındakı filialının işçisi olduğu və əmək haqqını oradan aldığı üçün Gürcüstan Respublikasının məhkəməsinə müraciət etməli və onun iddiasına orada baxılmalı idi. Nərimanov Rayon Məhkəməsi cavabdehin etiraz ərizəsində bununla bağlı mövqeyinə düzgün hüquqi qiymət verməmiş, işə Azərbaycan Respublikasında deyil, Gürcüstan Respublikasının məhkəmələrində baxılmalı olduğu halda, aidiyyət qaydalarını pozaraq baxmışdır. Məhkəmə əmək haqqının, ev kirayə haqqının və avtomobilin təmirinə çəkilmiş xərcin cavabdehdən tutularaq İddiaçıya ödənilməsi qənaətinə gələrkən mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə cavabdeh tərəfindənxx.xx.2022-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş məktuba istinad edərək iddiaçıya əmək haqqının ödənilməməsi qənaətinə gəlmişdir. Halbuki, həmin müddətdən xeyli vaxt keçib və iddiaçı ötən müddətdə əmək haqqını almamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə əmək haqqının ödənilməməsi ilə bağlı maliyyə hesabat sənədləri, 2021-ci ilin sentyabr ayı üçün ev kirayə haqqının, 2021-ci il tarixdə avtomobilin təmirinə çəkilmiş xərcin tutulması barədə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə isə mötəbər sübut təqdim edilmədiyi halda düzgün olmayan əsassız qətnamə çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmadığından və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərində müvafiq olaraq qətnamənin iddianın təmin olunan və təmin olunmayan hissələrində ləğv olunması, müvafiq olaraq iddianın təmin edilməsi və rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin
19.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 20.3-cü maddəsinin 1-ci hissəsinə əsasən müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir.
21. 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki hüquq münasibətlərində hüquqi şəxs müqavilənin istənilən bərabərhüquqlu tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
23.50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından, "xxxx" ASC-nin şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, məzuniyyət haqqı və kirayə haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilən nəticəyə uyğun olaraq İddiaçı şikayəti isə təmin edilməməlidir.
25. İş materiallarından göründüyü kimi iddiaçı işəgötürən "xxxx" ASC-nin Gürcüstan Nümayəndəliyi (“Akkord Georgia”) ilə bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə əsasən İT şöbəsinə baş mühəndis vəzifəsi üzrə işə qəbul olunmuş, "xxxx" ASC-nin Gürcüstan Nümayəndəliyinin (“Akkord Georgia”) xx.xx.2022-ci il tarixli əmri ilə Gürcüstan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Hazırda iddiaçı işəgötürən tərəfindən son haqqhesabının düzgün aparılmadığına istinad edərək müvafiq məbləğdə pulun "xxxx" ASC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. 26.Məhkəmə kollegiyası qeyd edir ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının pozulması ehtimal edilən müvafiq subyektiv hüququ mövcud olsa da, onun hazırki cavabdeh tərəfindən pozulması faktı müəyyən edilməmişdir. 27.Belə ki, işçi ilə işəgötürən əmək hüquq münasibətlərinin əsas iştirakçılarıdır. Onların arasındakı münasibətlərin tənzimlənməsi Əmək Məcəlləsinin müvafiq normalarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. 28.Göründüyü kimi, mülki qanunvericilikdən fərqli olaraq əmək qanunvericiliyi hüquqi şəxsi, onun və xarici hüquqi şəxsin filial və nümayəndəliklərini əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləri hesab etmişdir. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. 29.Beləliklə işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, işçiyə müvafiq işi təqdim etmək, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etmək və əməyinin qarşılığını ödəmək hüququna malik olan müvafiq hüquqi (filialı, nümayəndəliyi) və ya fiziki şəxs əmək hüquq münasibətlərində işəgötürən anlamına gəlir və beləliklə də işçi ilə bərabər müstəqil subyekt kimi nəzərə alınır. 30.Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir, filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. 31.Hazırki mülki işin materiallarından da görünür ki, iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu və işdən çıxarılması ilə əlaqədar müvafiq əmrlər verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs "xxxx" ASC deyil, ASC-nin Gürcüstan Nümayəndəliyidir (“Akkord Georgia”). Hazırki tərəflər arasında isə əmək münasibətləri yaranmamışdır, cavabdeh qismində cəlb edilmiş hüquqi şəxs işçi ilə işəgötürənin hüquq və vəzifələrini tənzimələyən əmək müqaviləsinin tərəfi deyildir. 32.Halbuki istənilən müqavilədən irəli gələn hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 33.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, məzuniyyət haqqı və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası, əsl olmayan cavabdehə ("xxxx" ASC-yə) qarşı irəli sürüldüyündən rədd edilməlidir. Həmçinin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilənlərə uyğun olaraq İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir. 34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əmək haqqı, məzuniyyət haqqı və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova