Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3662/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh2 vəkili X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2149/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 224000 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2149/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qohumu X10 2005-ci ildə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 12 sot torpaq sahəsinə mülkiyyət hüquqları əldə edərək xx.xx.2007-ci ildə çıxarış almışdır. Səhhətində müəyyən problemlər olan Elşən Xəlilov torpaq sahəsinin alqı-satqısı ilə bağlı işləri görə bilmədiyi üçün onu formal olaraq onun adına rəsmiləşdirmişdir. Belə ki, həmin vaxt Elşən Xəlilov hərbi qulluqda olmuş və işdən tez-tez icazə ala bilmədiyindən torpaq sahəsinin alqı-satqısı ilə məşğul olmağı ona həvalə etmişdir. Alqı-satqı işlərini həyata keçirməyi üçün xx xxxxx 2014-cü il tarixli, şərti xarakterli müqavilə ilə torpaq sahəsi ona satılmış və adına çıxarış verilmişdir. Buna baxmayaraq, əmlakın faktiki mülkiyyətçisi Elşən Xəlilov olmuşdur. 2014-cü ilin may ayında Elşən Xəlilov dostu X4 da məsləhəti ilə ortaq tanışları Cavabdeh2 Həsən oğluna qeyd etdiyi 12 sot torpaq sahəsini 470.000 ABŞ dollarına satmaq qərarına gəlmişdir. Torpaq sahəsinin satış qiymətini Elşən Xəlilov, Rafil və Azad birlikdə müəyyən etmiş, lakin alqı-satqı müqaviləsində torpaq sahəsinin qiymətini şərti olaraq 20 000 manat göstərmişlər. Həmin torpağı Cavabdeh2 oğlu Cavabdeh1 adına rəsmiləşdirərək çıxarış almışdır. Alqı satqı prosesində o, Azad Məhərrəmov, Cavabdeh2 və Cavabdeh1 iştirak etmişlər. İcra müddəti müəyyən edilmədiyindən razılaşdırdırılan məbləğin 310. 000 ABŞ dollarını Cavabdeh2 hissə-hissə 2015-ci ilin sonuna qədər ödəmiş, 2015-ci ildən sonra Cavabdeh2 pulu qaytarması üçün vaxt istəmişdir. 2018-ci ilin ortasına qədər gözləsə də Cavabdeh2 borcun 160.000 ABŞ dollarını hal-hazıradək qaytarmamışdır. Cavabdehlər öhdəliklərini yerinə yetirmədikləri üçün 2018-ci il tarixində torpaq sahəsinin faktiki sahibi X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə» dair Qaradağ Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin iş üzrə Cavabdeh2 izahat verərkən Azad Məhərrəmova 310.000 ABŞ dolları ödədiyini, E.Xəlilovun ondan mütəmadi olaraq pul tələb etdiyini göstərərək iddianı qismən etiraf etsə də, sonradan torpaq sahəsinə görə hər hansı borclarının olmadığını göstərmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixli məhkəmə baxışı zamanı Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 12 sot torpaq sahəsinə görə əvvəlcə 310 000 ABŞ dolları pul ödədiyini, hakimin dəqiqləşdirici sualından sonra isə səhv etdiyini və 20.000 manat ödədiyini, bundan başqa qeyd olunan torpaq sahəsinin alqısatqısında iştirak etmədiyini, oğlu Cavabdeh1 sərbəst şəkildə Azad Məmmədovla alqısatqını həyata keçirdiyini və bundan xəbərsiz olduğunu, hakimin dəqiqləşdirici sualından sonra isə özünün Cavabdeh1la Azad Məmmədovu tanış etdiyini və bundan sonra alqısatqının baş tutduğunu göstərmişdir. Lakin məhkəmədə şahid qismində ifadə vermiş Azad Məhərrəmov Cavabdeh2 qeyd etdiyi 310.000 ABŞ dollar pulu məhz qeyd olunan torpaq sahəsinin alqı-satqısına görə verdiyini, onun həmin pulu E.Xəlilova çatdırdığını, bundan sonra isə Cavabdeh2 160.000 ABŞ dolları məbləğində borcunun qaldığını göstərmişdir. Cavabdehlərin 160.000 ABŞ dolları borcu olması sübutlarla təsdiq olunsa da E.Xəlilov alqı-satqı müqaviləsinin tərəfi olmadığı üçün iddia tələbi təmin edilməmişdir. Buna görə də tərəfindən yeni iddia qaldırılmışdır. Həmin iş üzrə Elşən Xəlilov, Mirheydər Xəlilov və Azad Məhərrəmov şahid qismində Qaradağ rayon Məhkəməsinə dəvət edilmişdir. İfadələrində qeyd olunan torpaq sahəsinin qiymətinin danışıqlar zamanı 470.000 ABŞ dolları məbləğində razılaşdırıldığını, alqı-satqı müqaviləsində göstərilən 20.000 manatın həqiqəti əks edirmədiyini, hal-hazıradək Cavabdeh2 tərəfindən 310.000 ABŞ dolları məbləğində pulun ödənildiyini, Cavabdeh2 mütəmadi olaraq 160 000 ABŞ dolları məbləğində borcu etiraf etdiyini göstərmişlər. Azad Məhərrəmov Cavabdeh2la Elşən Xəlilovun ortaq tanışıdır. Birinci instansiya məhkəməsi qətnamədə Azad Məhərrəmovun işdə marağı olduğunu qeyd etmiş, ifadəsini mötəbər sübut hesab etməmişdir. Lakin ifadələrin nə üçün mötəbər hesab edilməməsini əsaslandırılmamış, Azad Məhərrəmovun işdə marağının olmasına dair heç bir əsas göstərilməmişdir. Məhkəmə işdə heç bir marağı olmayan Azad Məhərrəmovun ifadəsini sübut kimi qəbul etmədiyi halda, formal xarakter daşıması şahid ifadələri və digər sübutlarla təsdiq olunan şərti alqı-satqı müqaviləsini mötəbər hesab etmişdir. Halbuki bütün şahidlər müqavilədə göstərilən məbləğin həqiqəti əks etdirmədiyi barədə ifadə vermiş, hətta Cavabdeh2 da öz ifadəsində bunu qismən etiraf etmişdir. Məhkəmə şahid ifadələrini qəbul etməməsinin və mötəbər hesab etməməsinin səbəblərini göstərməyərək qanunvericiliyin tələblərini pozmşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş Cavabdeh2 məxsus səs yazısından görünür ki, o E.Xəlilova borcu olduğunu etiraf etmiş və ödəcəyini vəd etmişdir. Alqı-satqı müqaviləsində göstərilən 20.000 manatın formal xarakter daşıdığını və əmlakın həqiqi dəyərinə uyğun gəlmədiyini “AB”xxxxxxxxxxx” tərəfindən verilən mütəxəssis rəyi də təsdiq edir. Belə ki, “AB”xxxxxxxxxxx” MMC-nin mütəxəsisləri tərəfindən qiymətləndirmə keçirilmiş və hazırda Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbaıl rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin 2014-cü ilin may ayına olan qiyməti 480.000 manat, hazırki bazar qiyməti isə 543.000 manat müəyyən edilmişdir. Dəyəri bu qədər yüksək olan torpaq sahəsinin 20.000 manata satılması isə heç bir məntiqə uyğun gəlmir. Şahidlərin ifadələri, qiymətləndirmənin nəticələri və digər sübutlar torpaq sahəsinin 470 000 manata satıldığını göstərir. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin mötəbərliyini araşdırmadan onu sübut kimi qəbul etmişdir, nəticədə formal xarakter daşıyan müqaviləyə əsaslanan qanunsuz məhkəmə qətnaməsi çıxarılmışdır. Bundan başqa, işin materiallarına əlavə edilmiş «xxxxxxx» MMC- ilə X11 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Səbail rayonu S.Məmmədov küçəsində yerləşən torpaq sahəsinin 15 kv.m sahəsi şirkətə icarəyə verilmiş, şirkət buna görə E.Xəlilova aylıq 350 manat ödəyəcəyini öz üzərinə götürmüşdür. Müqavilə 10 il müddətinə bağlanmışdır. İş materiallarına əlavə edilmiş bank çıxarışından görünür ki, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən X5 hesabına 2018-ci ilə qədər aylıq 350 manat pul köçürülmüşdür. Hal-hazıradək Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə görə icarə haqqının E.Xəlilovun hesabına köçürülməsinə səbəb tərəflərin razılaşması və mövcüd borcun etiraf edilməsidir. Ümumiyyətlə birinci instansiyası məhkəməsi tərəflərin ifadələrinə düzgün qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Hakim tərəfindən obyektiv araşdırma aparılmamış və qərəzli mövqe nümayiş etdirilmişdir. Belə ki, cavabdehlərin 160 000 manat borclarının olmasını təsdiq edən səsyazısı məhkəməyə təqdim olunmuş, lakin hakim səsyazısını dinləməmək üçün məhkəmə baxışını ardıcıl olaraq 3 dəfə, yəni 5, 18 və 26 noyabr tarixlərində təxirə salmışdır. Halbuki cavabdehlər daha əvvəl onların iştirakı olmadan işə baxılmasına dair məhkəməyə ərizə təqdim etmişlər. Yalnız cavabdehlər tərəfindən səs yazısının onların xəbəri olmadan yazıldığı üçün qanunsuz sübut hesab edilməsi və dinlənilməməsi üçün ərizə verildikdən sonra hakim işə baxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X14 bildirdi ki, 12 sot torpaq 20.000 manata ola bilməz, heç vaxt da olmayıb. Hətta hazırda onun qiyməti 500 000(beş yüz min) manatdır. Torpaq sahəsi Badamdar qəsəbəsində prestijli yerdə yerləşir. 224.000 ABŞ dolları faizlə birlikdə olan puldur və onu tələb edirlər. 310.000 ABŞ dolları ödənilib. Bunu cavabdehdə bildirir. 20000 manat müqavilədə formal olaraq yazılıb, real münasibətləri əks etdirmir. 470000 ABŞ dollarına razılaşıblar. Məhkəmə iclasında Cavabdeh2 vəkili X12 şikayətin təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iş üzrə Cavabdeh1 Rafail oğlu məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, xx xxxxx 2014-cü il tarixli Bakı şəhəri 51 saylı xüsusi notarius tərəfindən təsdiq edilən müqavilə ilə satıcı X15 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı satmışdır. xx xxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına RX seriyalı, ******* saylı çıxarış verilmişdir. xx xxx 2014-cü il tarixli müqavilə ilə İddiaçı nümayəndəsi X13 vasitəsi ilə nümayəndə kimi həmin torpaq sahəsini Cavabdeh1 satmışdır. Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarış verilmişdir. Yuxarıda göstərilən alqı-satqı müqavilələrinin hər ikisində satılan torpaq sahəsinin qiyməti 20000 manat müəyyən olunmuşdur. X1 Xəyal Rafil oğluna və Cavabdeh2 qarşı məhkəmədə eyni iddia tələbi və eyni əsaslarla iddia qaldırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələb hüququ olmayan şəxs tərəfindən qaldırıldığı üçün X5 iddiası təmin edilməmişdir. Hazırki işdə İddiaçı öz iddiasının hüquqi əsası kimi Mülki Məcəlləsinin 1091-1095-ci maddələrinə istinad edərək, Cavabdeh1 satdığı torpaq sahəsinin ödənilməmiş qalan məbləğini Bank uçot dərəcəsi tətbiq edilməklə tələb edilmişdir. Tərəflər arasında bağlanılmış xx xxx 2014-cü il tarixli müqavilənin 4-cü bəndindən görünür alqı-satqının predmetini təşkil edən torpaq sahəsinin alqı-satqı qiyməti 20000 manat müəyyən olunmuşdur. Alıcı torpaq sahəsinin nəzərdə tutulan qiymətini notariusun Bankda depozit hesabı vasitəsi ilə ödəmişdir. İş üzrə şahid kimi dindirilmiş X4, X5 və X2 ifadəsinə tənqidi münasibət bildirərək qeyd edir ki, iddia tələbinə münasibətdə maraqlı olduqlarına görə ifadələri mötəbər sübut kimi qəbul edilmir. Əksinə İddiaçı ilə Cavabdeh1 arasında rəsmi bağlanmış müqavilə ilə müəyyən edilir ki, alqı-satqı predmeti olan torpaq sahəsinin qiyməti 20000 manat olmuşdur. Satıcı, iş üzrə İddiaçı satılan torpaq sahəsinin qiymətinin 470000 ABŞ dolları məbləğində müəyyən olunması, cavabdehlərin bu məbləğdən 160000 ABŞ dolları borclu qalması barədə məhkəməyə digər mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, göstərdiyi bu halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. İkincisi, iddiaçı özü bəyan edir edir ki, qeyd olunan torpaq sahəsi formal olaraq onun adına rəsmiləşdirilmiş, faktiki mülkiyyətçisi Elşən Xəlilov olmuş, torpaq sahəsinin qiymətini də sonuncu və cavabdehlər müəyyən etmişdir. Demək iddiaçı ilə cavabdehlər arasında nə həqiqi alqı-satqı münasibətləri, nədə borc münasibətləri yaranmamışdır. Bu cür vəziyyətdə iddiaçının tələbinin faktiki əsasını nə təşkil edir? Əlbətdə ki, bu cür iddia irəli sürməzdən əvvəl iddiaçı bu məsələləri özü üçün dəqiqləşdirməli idi. Üçüncüsü, birinci instiansiya məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasında olan alqı-satqı müqavilələrində torpaq sahəsinin qiymətinin 20000 manat olduğu göstərilmişdir. Bu məbləğin ödənilmədiyi mübahisələndirilmir. Mübahisələndirilən hal torpağın faktiki mülkiyyətçisi olmuş Elşən Xəlilovla cavabdehlər arasında həmin torpaq sahəsinin alqısatqı müqavilələrində rəsmiləşdirilməmiş, lakin real dəyəri ilə bağlı öz aralarında ehtimal olunan razılaşmalarıdır. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə də bu halın iddiaçıya hər hansı bir aidiyyətinin olmadığı təsdiq olunur. Çünki, iddiaçı ilə cavabdehlər arasında bununla bağlı hansısa razılaşmalar olmamışdır. Olmuş rəsmi razılaşdırmanı, yəni torpağın müqavilədə göstərilən qiymətinin ödənilmədiyini isə qeyd olunduğu kimi iddiaçı mübahisələndirmir. Bu cür vəziyyətdə iddiaçının cavabdehlərdən hansı əsasla pul tələb etməsi də ziddiyyətlidir. Belə çıxır ki, iddiaçı özü üçün deyil Elşən Xəlilov üçün sonuncunun cavabdehlərlə aralarında yarandığı iddia olunan qeyri-rəsmi münasibətləri ilə bağlı pul tələb edir. Bu hal da iddianın əsassızlığına dəlalət edir. Dördüncüsü, mübahisəli torpaq sahəsinə görə cavabdehlər tərəfindən Elşən Xəlilova 310000 ABŞ dollarının ödənilib-ödənilməməsinin hazırki iddianın əsaslılığına hansısa təsiri ola bilməz. Çünki, qeyd olunan hallar həqiqi olsa belə iddiaçı özü həmin münasibətlərdə qeyri-rəsmi də olsa danışıqlarda yaxud razılaşmalarda iştirak etməsini inkar edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2149/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3662/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3662/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver