Məhkəmə qərarları › İş №2(103)-3662/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3662/2025

20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3662/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh Aygün Muradxanlının (Muradxanovanın) iştirakı ilə, İddiaçı Seyfədin qızının cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızına qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-721/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində cavabdehdən tələb olunub ki, xx.xx.2023-cü il tarixdə “Prime TV” youtube internet televiziya kanalında "xxxx"ə mane olan qadını kim himayə edirdi. Qanun MTK-ları niyə qorumur” başlıqlı video müsahibəsində iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələrin həqiqətə uyğun olmadığını etiraf etməklə təkzib versin, “Prime TV” kanalında ardıcıl olaraq 10 gün üzrxahlıq videosu yaysın, həmin video müsahibəyə görə iddiaçının övladlarından və onu şəxsən tanıyanlardan, eləcə də “Prime TV”-nin izləyicilərindən üzr istəsin, bir daha belə verilişlərin verilməyəcəyinə söz versin, mənəvi zərərin əvəzi kimi 50.000 manat ödəsin, habelə məhkəmə xərclərinin əvəzini ödəsin. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) xx.xx.2023-cü il tarixdə “Prime TV” youtube kanalında cavabdehin aparıcısı olan "xxxx"ə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə iddiaçının barəsində cavabdeh tərəfindən səsləndirilən söz və ifadələr həqiqətə uyğun olmayan məlumatlar, şərəf və ləyaqəti ləkələyən söz və ifadələr hesab edilsin; 2) cavabdehin üzərinə “Prime TV” youtube kanalında “bomj”, “anlaqsız qadın üzündən”, “reketlik edən”, “dələduz, anlaqlı olmayan qadın”, “dəlinin əlində qalmışıq” kimi məlumatlarla əlaqədar qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində təkzib verilməsi vəzifəsi qoyulsun. İddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə həmçinin qət olunub ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən hər bir tərəf özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “Prime TV” youtube kanalında cavabdehin aparıcısı olduğu "xxxx"ə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə iddiaçının barəsində “bomj”, “anlaqsız qadın üzündən”, “reketlik edən”, “dələduz, anlaqlı olmayan qadın”, “dəlinin əlində qalmışıq” kimi ifadələr işlədilib. Cavabdeh bu əməlində görə, iddiaçının xüsusi ittiham qaydasında şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-853/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətin (təhqir) törədilməsində təqsirli bilinərək 1.000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilib və həmin qərar qanuni qüvvəyə minib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin ifadələri iddiaçının şərəf və ləyaqətini ləkələyən söz və ifadələr hesab edib və cavabdehin üzərinə təkzib verilməsi vəzifəsi qoyub. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Cavabdehin cinayət təqibi qaydasıda 1.000 manat cərimə cəzasınına məhkum edilməsilə, habelə mülki məhkəmə icraatı qaydasında cavabdehin üzərinə təkzib verilməsi vəzifəsinin qoyulması ilə, iddiaçının şərəf və ləyaqətin müdafiəsi barədə hüququ tam təmin olunuş sayılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin göstərişinə, habelə “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 nömrəli qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-721/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar