Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-367/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar "xxxx" MMC-nin, İddiaçı2 və İddiaçı3 Ağaəli qızının cavabdeh "xxxx" ASC-nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması” tələbinə dair iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi, ədalətli araşdırma hüququnun pozulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə "xxxx" MMC-nin, İddiaçı2 və İddiaçı3 Ağaəli qızının "xxxx" ASC-nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı3 Ağaəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.10.2011-ci il tarixli qətnaməsi ilə X1 150 000 (yüz əlli min) manat əsas, 7554,13 (yeddi min beş yüz əlli dörd manat on üç qəpik) manat faiz, 7500 (yedi min beş yüz) manat cərimə borcu, habelə 20 manat dövlət rüsumu olmaqla cəmi 165 074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manatın tutularaq “MuğanBank" ASC-nə ödənilməsi, “MuğanBank" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospektində istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli, 70,9 kv.m. ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2 nömrəli mənzilin və İddiaçı2 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində istifadədə olan 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir.
2. Həmin qətnamə apellyasiya və ksassaiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmış və 06 avqust 2012-ci il tarixdə icraya yönəldilmişdir.
3. Açıq hərracın yekunlarına dair 26/01 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında 09.06.2015-ci il tarixli müqaviləyə əsasən, İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracın yekunlarına görə 204 000 manata "xxxx" ASC-nə satılmışdır.
4. 19.07.2018-ci ildə iddiaçılar "xxxx" MMC, İddiaçı2 və İddiaçı3 Ağaəli qızı "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda İddiaçı3 Ağaəli qızına məxsus 2-ci mənzilə və İddiaçı2 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsinə dair ipotekaya xitam verilməsi, göstərilən əmlakların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC 15 may 2008-ci il tarixdə “ƏSR" MMC ilə 039 F saylı kredit müqaviləsi bağlayaraq, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “ətlik-südlük istiqamətli heyvandarlıq təsərrüfatının yaradılması yolu ilə ət və süd məhsullarının istehsalı” yönümlü investisiya layihəsinə əsasən “ƏSR" MMC-yə 5 (beş) il müddətinə, illik 7% hesablanmaq şərti ilə 150 000 (yüz əlli min) manat məbləğində kredit vermiş, müqavilənin təminatı kimi 15 may 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı3 Ağali qızına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev pr-ti 0,0204 ha torpaq sahəsində yerləşən, 11 saylı ünvanda, 1 mərtəbəli 70,9 kv.m ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2-ci mənzil, 17 iyun 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Kreditin qaytarılmasında problem yarandığına görə “MuğanBank" ASC Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 12 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X1 150 000 (yüz əlli min) manat əsas, 7554,13 (yeddi min beş yüz əlli dörd manat on üç qəpik) manat faiz, 7500 (yedi min beş yüz) manat cərimə borcu, habelə 20 manat dövlət rüsumu olmaqla cəmi 165 074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manatın tutularaq “MuğanBank" ASC-nə ödənilməsi, “MuğanBank" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospektində istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli, 70,9 kv.m. ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2 nömrəli mənzilin və İddiaçı2 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində istifadədə olan 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (malqara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Göstərilən qətnamənin icra olunması üçün Qaradağ rayon və Sumqayıt şəhər icra şöbələrinin müvafiq qaydada 17/65 - 4400/3 saylı 20.09.2012-ci il və 17/63-271 saylı 13.09.2012-ci il tarixli sifarişləri ilə kreditin qaytarılması üçün yüklü edilmiş Qaradağ rayon, Sahil qəsəbəsi, E.Quliyev pr-ti, 11 saylı evin İddiaçı3 Ağali qızına məxsus 2 nömrəli mənzili 80 000 manat, Sumqayıt şəhəri 46-cı məhəllədə yerləşən İddiaçı2 məxsus qeyri-yaşayış sahəsini 320 000 manat qiymətləndirilmişdir. Məhkəmənin adıçəkilən qətnaməsinin icrası qaydasında İddiaçı3 Ağali qızına məxsus Qaradağ rayonu Sahil qəsəbəsi 11 saylı evin, 2-ci mənzilini hərracda satılması üçün icra məmurunun sifarişi ilə hərraca çıxarılmış, hər iki halda alıcı olmadığına görə hərrac baş tutmamışdır. Sumqayıt şəhəri, 46-cı məhəllədə mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsi də Sumqayıt şəhər icra şöbəsinin İcra məmurunun sifarişi ilə iki dəfə hərraca çıxarılmış, alıcı olmadığına görə hərrac baş tutmamışdır. “İpoteka haqında" AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin həmin normasına əsasən ipoteka predmetləri olan əmlaklara münasibətdə ipotekaya xitam verilməli və ipoteka predmetləri mülkiyətçiliyə qaytarılmaqla ipoteka müqaviləsi ləğv olunmalıdır.
6. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, bundan sonra İddiaçı2 qətnaməni icra etməmək məqsədilə bir-birinin ardınca özünün, yaxud rəhbəri olduğu MMC-nin adından 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində, Sumqayıt İnzibati-İqtisadi məhkəməsində, Qaradağ Rayon Məhkəməsində eyni tərəflərə qarşı eyni əsaslarla iddialar qaldıraraq qətnamənin icrasına maneələr yaratmışdır. İddiaçı2 krediti qaytara bilmədiyinə görə Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli qətnaməsi icra edilmiş və iddiaçının əmlakı ipoteka saxlayan "xxxx" ASC tərəfindən 09.06.2015-ci il tarixdə hərracdan əldə edilmişdir. Həmin əmlaklar açıq hərracdan satıldıqdan sonra ipoteka qoyan İddiaçı2 tərəfindən Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində istifadədə olan 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv. m əmlak kompleksini bir ay ərzində boşaldılması hissəsi icra edilərək onun iştirakı ilə 18 noyabr 2015-ci il tarixdə akt tərtib olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, hərrac protokolunun və eyni tarixli alqı-satqı müqavilərinin ləğv edilməsi tələbi üzrə tərəflər arasında mübahisəyə əvvəllər baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qərarı ilə yekun qiymət verilmişdir.
9. Məhkəmə öz qətnaməsini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların birgə verdikləri apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyi halda xitam verilə biləcəyini vurğulamışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi İddiaçı3 Ağaəli qızının ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev pr-ti 11 saylı evin 2-ci mənzilinə dair ipotekaya xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv olunaraq və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
13. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası iddiaçılar "xxxx" MMC və İddiaçı2 iddiasının təmin edilməməsi və ipoteka predmeti olan Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv. m ümumi sahədən ibarət əmlak kompleksinə dair ipotekaya xitam verilməsi barədə iddianın rədd edilməsi hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq pozuntularına yol verməmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, ipoteka predmeti olan Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutma yönəldilmiş, əmlak hərraca çıxarılmış və hərracda alıcı olmadığından 09.06.2015-ci il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsi əsasında həmin əmlak 204 000 manata bank tərəfindən əldə edilmişdir. Bu hərracın keçirilməsi və əmlakı ipotekaqoyan tərəfindən əldə edilməsi zamanı “İpoteka haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı İddiaçı2 eyni dəlilləri onun cavabdeh "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı, 3-cü şəxslər "xxxx" ASC və qeyrilərinə qarşı “qiymətləndirmə rəyinin, hərrac protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə tələblərinə dair mülki iş üzrə ətraflı araşdırılmış və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin Mülki Prossesual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Buna görə də, ipoteka predmeti olan Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldiyindən və o, ipotekaqoyan tərəfindən əldə edildiyindən, İddiaçı2 həmin əmlakın ipotekasına xitam verilməsi barədə tələbi əsassızdır. Digər iddiaçı "xxxx" MMC isə nə mübahisəli əmlakların mülkiyyətçisi, nə də kredit müqaviləsi üzrə tərəf deyil. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2011 -ci il tarixli qətnaməsi ilə kredit borcu "ƏSR” MMC-dən deyil, X1 tutulmuşdur. Lakin məhkəmə kollegiyası İddiaçı3 Ağali qızının ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev pr-ti 11 saylı evin məxsus 2-ci mənzilinə dair ipotekaya xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev pr-ti 11 saylı evin məxsus 2-ci mənzilinə tutmanın yönəldilməsi, bu əmlakla bağlı hərracın keçirilib-keçirilmədiyi, onun nəticələri barədə heç bir araşdırma aparılmamış, iddianın rədd edilməsi bu hissədə ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın bu hissəsi üzrə işin faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, apellyasiya şikayətinin dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə İddiaçı3 Ağali qızının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur”.
d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar
14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər (İddiaçı2 17.03.2021-ci il tarixdə vəfat etdiyi müəyyənləşdirilmişdir).
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
16. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
17. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)
18. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
19. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
20. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız İddiaçı3 Ağaəli qızının “Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev pr-ti 11 saylı evin 2-ci mənzilinə dair ipotekaya xitam verilməsi və həmin əmlakın geri qaytarılması” tələbinin təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamənin digər hissələri artıq kassasiya qaydasında yoxlanılmışdır. Nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
27. Kollegiya onu da qeyd edir ki, qətnamə İddiaçı2 iddia tələbinə münasibətdə apellyasiya baxışının predmeti olmadığından, onun vəfat etmiş olması hər hansı prosessual hərəkətlərin həyata keçirilməsini (icraatın dayandırılması, prosessual hüquq varisinin cəlb edilməsi və s.) zəruri etmir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
28. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.10.2011-ci il tarixli qətnaməsi əsasında 06 avqust 2012-ci il tarixdə verilmiş icra sənədi Sumqayıt şəhər İcra şöbəsinə, Qaradağ rayon İcra şöbəsinə və Səbail rayon İcra şöbəsinə göndərilmiş, Sumqayıt şəhər Məhkəməsinin 14.12.2015-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra şöbəsinin icra məmurunun həmin məhkəməyə verdiyi təqdimat “icra sənədinin tam icra olunduğu” əsas göstərilməklə təmin olunmuş və icra sənədi üzrə icraata xitam verilmiş, bundan sonra icra sənədi Qaradağ rayon İcra şöbəsi tərəfindən 05.10.2016-cı il tarixli məktubla Qaradağ Rayon Məhkəməsinə geri qaytarılmışdır.
29. Təkrar apellyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev prospekti, 11 saylı evin 2-ci mənzili hazırkı vaxtadək "xxxx" ASC-nin ipoteka yüklülüyündə olmaqla İddiaçı3 Ağaəli qızının mülkiyyətindədir.
30. Həmin əmlakla bağlı hərrac keçirilib-keçirilmədiyi barədə verilmiş sorğulara hər hansı cavab verilməmiş, icra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən də bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
31. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.10.2011-ci il tarixli qətnaməsi ilə X1 cəmi 165 074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manatın tutularaq “MuğanBank" ASC-nin xeyrinə tutulması və bu borcun “MuğanBank" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospektində istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli, 70,9 kv.m. ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2 nömrəli mənzilin və İddiaçı2 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində istifadədə olan 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (malqara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılması hesabına ödənilməsi qət edilmiş, bu əmlaklardan biri - Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində yerləşən əmlak kompleksi hərraca çıxarılmış, hərracda alıcı olmadığından 09.06.2015-ci il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsi əsasında 204 000 manata bank tərəfindən əldə edilmişdir.
32. Kollegiya hesab edir ki, işin bu halları, yəni icra sənədi üzrə borcludan tutulmalı borcun 165 074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manat təşkil etməsi və ipoteka predmetlərindən birinin 204 000 manat müqabilində bank tərəfindən əldə olunması, həmçinin bundan sonra icra sənədi üzrə icraata xitam verilməsi, hazırkı mübahisəyə münasibətdə “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinin dispozitiv şərtinin mövcud olması qənaətinə gəlməyə əsas verir.
33. Belə ki, əsas öhdəlik olan 165 074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manat kredit borcu 204 000 manat dəyərləndirilən əmlakın əldə olunması müqabilində ödənilmişdir; əsas öhdəliyə xitam verildikdə isə ipotekaya xitam verilməlidir.
34. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, “İpoteka haqqında” Qanun ipoteka qoyan və ipoteka saxlayan arasındakı hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. Bu mənada qeyd olunmalıdır ki, 2012-ci ildə icraya yönəldilmiş icra sənədi əsasında hərraca çıxarılmalı olan əmlak barəsində hərrac keçirilməmişdirsə və ipoteka saxlayan bununla bağlı hər hansı tədbir görməmişdirsə, yaranmış qeyri-müəyyəinliyin məsuliyyətini ipoteka qoyan daşıya bilməz.
35. Bununla yanaşı kollegiya qeyd edir ki, İddiaçı3 “əmlakın qaytarılması” tələbinin təmin olunması mümkün deyildir; çünkü əmlakın cavabdeh "xxxx" ASC-nin sahibliyində olması müəyyən olunmamışdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı3 Ağaəli qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3805/2019 saylı iş üzrə 21 oktyabr 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı3 Ağaəli qızının “Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev pr-ti 11 saylı evin 2ci mənzilinə dair ipotekaya xitam verilməsi və həmin əmlakın geri qaytarılması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. İddiaçı3 Ağaəli qızının həmin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev pr-ti 0,0204 ha torpaq sahəsində yerləşən, 11 saylı ünvanda, 1 mərtəbəli 70,9 kv.m ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2-ci mənzil üzərində 15 may 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə qeydə alınmış ipoteka yüklülüyünə xitam verilsin. İddiaçı3 Ağaəli qızının iddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev