Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3670/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4957/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 10.000 (on min) və 190.000 (yüz doxsan min), ümumilikdə 200.000 (iki yüz min) ABŞ dollarıının cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4957/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ailə münasibəti 2015-ci ildə pozulmuş və 2018-ci ildən tərəflərin arasında ərarvad münasibəti olmadığına görə xitam verilmiş və nikah ləğv olunanadək ayrı yaşamışdılar. xx xxxxxx 2020-ci ildə nikahları rəsmi ləğv olunmuşdur. Uzun sürən danışıqlardan sonra, 2019-ci ilin sonunda tərəflər öz aralarında (şifahi olaraq) əmlak bölgüsünü aşağıdaki kimi razılaşıblar: -iddiaçı cavabdehə verir:
1. ünvan 1 ünvanda yerləşən tam təmirli 156 kv.m sahəsi olan, 3 otağlı 28 saylı mənzil;
2. ünvan 2 ünvanda yerləşən tam təmirli 57 saylı mənzil;
3. 99-SN-166 dövlət qeydiyyat nişanlı “İnfınity” markalı avtomobil.
4. 200.000 (iki yüz) min ABŞ dollar məbləğində pul; -cavabdeh bunun müqabilində aşağıdakı əmlaklara iddiadan imtina edir:
1. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küç., 717-ci məhəllə 57 saylı təmirsiz 2 otağlı mənzil;
2. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küç., 717-ci məhəllə 61 saylı təmirsiz 2 otağlı mənzil;
3. 90-RR-166 dövlət qeydiyyat nişanlı “Land Rover" markalı avtomobil.
4. Qax şəhəri, Azərbaycan prospekti 2F ünvanda yerləşən əmlak. Yuxarıda qeyd olunan öhdəliklər (pul məbləğinin köçürülməsi daxil olmaqla) hər biri iddiaçı tərəfindən yerinə yetirildikdən sonra, cavabdeh, daha çox varlanmaq məqsədi ilə vəziyyətdən istifadə etmiş, yəni iddiaçı notarial qaydada “mənzillərin cavabdehə verilməsinə” dair ərizəni imzaladıqdan sonra, xx xxxx 2020-ci il tarixdə “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdeh “əmlak bölgüsü” haqqında iddia ərizəsində həmin 200.000 ABŞ dollarının, digər əmlaklarla yanaşı, bölünməsini tələb etməmişdir. Qətnamədə göstərilmiş məhkəmənin nəticəsi işin hallarına uyğun deyil. İddiaçının tələb eldiyi pul, tərəflərin birgə nikah dövrünə aid edilə bilməz. Çünki, tələb etdiyi mübahisəli 200.000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə aralarında ailə münasibətləri olmadığı və tərəflərin ayrı yaşadığı dövrdə, yuxarıda qeyd olunan əmlak bölgüsü razılaşmasının bir hissəsi kimi verilmişdir, yəni: xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dollar; xx.xx.2020-ci il tarixdə 190.200 ABŞ dollar. Qeyd: Qətnamədə pul köçürülmələrinin düzgün olmayan tarixləri qeyd olunmuşdur. Buna dair sübutlar, (hansı ki məhkəmə qərəzli şəkildə nəzərə almamışdır): İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-3352/2020 saylı qətnaməsinə əsasən Cavabdeh izahatı - “..cavabdeh(İddiaçı) 2020-ci ilin yanvar ayından etibarən ailədən ayrı yaşayır. ” İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-3643/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh izahatı - tərəflərin ‘'ailə münasibətləri 2020- ci ilin yanvar ayına kimi mövcüd olmuşdur”. İş materiallarında olan “Fairmont”-un arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixindən xx xxxxx 2019-cu il tarixinədək 708 saylı mənzildə daimi sakin kimi yaşamışdır. İş materiallarında olan “FMG”-in arayışdan görünür ki, X2 xx xxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli müqavilələr əsasında Rosevill yaşayış kompleksinin 67 saylı mənzildə daimi sakin kimi yaşamışdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dollarının İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülmələri barədə məlumat qəbzi. İş materiallarında olan, xx.xx.2020-ci il tarixdə 190.200 ABŞ dollarının İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülmələri barədə məlumat qəbzi. Məhkəmə yuxarıda olduğu kimi, həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutlarının obyektiv tədqiqini aparmaq istəməmişdir. İşin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavabdehin xeyrinə iki mənzildən imtina edir, bundan sonra mübahisəli pulu sonuncunun hesabına köçürdür. Məhkəmənin mövqeyini nəzərə alanda isə, ziddiyətli məqam yaranır: iddiaçı əmlakların birgə mülkiyyət olduğunu, habelə gələcəkdə əmlak bölgüsü əsasında hər iki tərəfin ½ hissədə pay hüququ olduğunu bilirdisə, əlavə olaraq əmlakların bir hissəsini cavabdehin xeyrinə niyə ödəsin ki? “Ərlə arvadın ümumi mülkiyyətini tənzimləyən norma Mülki Məcəllədə öz əksini tapmışdır. Belə ki, MM-in 225.1-ci maddəsinə əsasən, “Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayn qayda nəzərdə tutulmayıbsa, onlann ümumi mülkiyyətidir". Qanunvericilik nikah müqaviləsindən başqa tərəflərin arasında razılaşmanın olmasını da istisna etmir, əksinə razılaşmada olan qaydanı üstün tutur. Tərəflərin arasında olan razılaşma da, yuxarıda qeyd olunan notarial sənədlər əsasında iddiaçı tərəfindən edilən hərəkətləri ilə öz mövcudluğunu sübut edir. Bundan əlavə, AM-in 36.2-ci maddəsinə əsasən, “Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.” Yəni qanunvericilik, əmlak bölgüsünün həyata keçirilməsini notarial təsdiqi tələb edə bilər, lakin razılaşmanın notarial təsdiqi olunmadan hüquqi cəhətdən qüvvə daşımasını isə istisna etmir. Beləlilklə tərəflər öz arzusu ilə aralarında razılşaraq, əmlakın bölgüsünü həyata keçirtmişlər, lakin cavabdeh vəziyyətdən istifadə etmiş, razılaşmanı danaraq, mübahisəli pulu əsassız olaraq varlanmış və həqiqəti pərdələmək üçün əmlaklarının bölünməsi üzrə məhkəmə mübahisəsini açmışdır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, 2018-ci ilin iyun ayından münasibətləri pozulub, ayrı yaşamışlar. Həmin vaxt, o, Cənubi Koreyada qaldı, iddiaçı isə Bakıya qayıtdı. Nikahları qalsa da, faktiki olaraq ailə münasibətləri yox idi. 2 otaqlı 61 saylı təmirsiz mənzil və hazırda istifadə etdiyi “Land Rover” markalı avtomobil ailə münasibətləri pozulandan sonra alınıb. Qeyd edilən qaydada əmlaklar bölgüsünə etiraz etməmişlər. Sadalanan əmlakların əksər hissəsi birgə nikah dövründə alınıb, lakin münasibətləri pozulandan sonra alınanlar da var. 200.000 ABŞ dollarını ona görə tələb edir ki, cavabdeh ümumi razılaşmadan kənara çıxır. Çünki, cavabdeh Qax rayonunda yerləşən əmlakı da tələb edir. Xarici neft şirkətində məhsullara nəzarət rəhbəri işləmişdir. Hazırda Bakıda işləyir, aylıq əmək haqqı 20.000 manatdır. Arvadı da xaricdə işləyəndə ikisi də aylıq 14.000 ABŞ dolları maaş alırdı. 200.000 ABŞ dolları birgə əmək haqqından yığılmayıb. Münasibətləri yaxşı olduğu üçün razılaşmanı yazılı formada bağlamamışdılar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, qətnamədəki izahatlarında tərəflər etiraf edirlər ki, 2018-ci ilin iyun ayından ailə münasibətləri mövcud deyil. Cavabdeh gəlirlərinin hamısını iddiaçının hesabına köçürüb. Lakin sual yaranır ki, cavabdeh öz xərclərini və ailə xərclərini necə ödəyirdi. X1 şirkətə bununla bağlı sorğu vermişlər. Onlara cavab göndərdilər ki, Şirkət ödədiyi bütün xərcləri İddiaçı hesabından çıxdığı vəsait hesabına ödəyib. Bu da onu göstərir ki, İddiaçı qarşı tərəfin iddia etdiyi kimi pulları özündə saxlamayıb. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 2018-ci ilin iyun ayında qızı ilə Bakıya gəldi. Sentyabr ayında qızının dərsləri başlayanda Orxan da gəldi. Orxanın iş yoldaşı ilə münasibətləri olduğu üçün 2019-cu ilin sonlarında aralarında narazılıq oldu. Amma münasibətləri tam qopmamışdı. 2020-ci ilin yanvar ayında pulu verib. Münasibətləri 2020-ci ilin aprel ayında pozuldu. 200.000 ABŞ dollarını iddiaçı özünü sığortalamaq üçün, yəni ailə münasibətlərini pozmayacağına söz verdiyinə, eləcə də iddiaçıya verdiyi pulun əvəzinə görə vermişdi. Əslində qızına görə ailəsinin dağıtmaq istəmirdi. Lakin qızının təhsil haqqı üçün nikahı pozmağa məcbur oldu. Çünki, iddiaçı təhsil haqqını ödəməyəcəyini bildirmişdi. Hazırda neft şirkətində işləyir, 7500 manat maaş alır. Qızıının aylıq təhsil haqqı 3500 manatdır. İddiaçı 3500 manat aliment ödəyir. Xaricdə yaşayanda bütün pulları “Honq-Konq” bankında idi. Orxan özünə 300.000 ABŞ dolları saxlamışdı. Onun həmişə bütün maaşı Orxanda olurdu. Anasının adına keçirilən mənzilin müqabilində, onun razılığı ilə iddiaçının qardaşının adına 220 kv.metrlik ev keçirilib. Hər ikisi 2019-cu ildə olub. Əvvəl onun razılığı ilə Orxanın qardaşının adına mənzil keçirilib, sonra da onun anasının adına mənzil keçirilib. Onlar xaricdə olarkən onların bütün xərcləri çalışdıqları “Şevron” şirkəti tərəfindən ödənilirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, qarşı tərəfin qeyd etdiyi kimi cavabdeh 2018-ci ildən ailə münasibətlərinin olmamasını etiraf etməmişdir. İddiaçı hazırda məhkəmə iclasında verdiyi izahatında da təsdiq etdi ki, münasibətləri olub, çünki bildirirdi ki, o, bilə bilməzdi ki, münasibətləri bu həddə çatar. 57 saylı mənzilin hazırki işə ümumiyyətlə aidiyyəti yoxdur. Bu mənzildən başqa, qalan əmlakın hamısı Yasamal Rayon Məhkəməsində baxılan işin predmetidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh hesabına müvafiq məbləğdə pul köçürülmüşdür. İddiaçı iddia etdiyinə görə, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən, o, hesaba köçürdüyü puldan əlavə ünvan 4 ünvanında yerləşən 28 saylı mənzil, ünvan 5ında yerləşən 57 saylı mənzil və “İNFİNİTİ QX30 MİNİK” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilindən cavabdehin xeyrinə imtina etməyi, cavabdeh isə iddia ərizəsində adları çəkilməyən birgə nikah dövründə əldə olunmuş digər əmlakdan imtina etməyi öz üzərinə götürmüşdür. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən iddia tələbinin keçərliliyi qanunda nəzərdə tutulmuş və yuxarıda qeyd edilən dispozitiv şərtlərin həm də eyni vaxtda olmasından asılıdır. Belə ki, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Məhkəmə hazırki münasibətlərin ailə mübahisəsindən yarandığını vurğulamaqla qeyd edir ki, ər-arvad arasında birgə nikah dövründə pul köçürmələrinin baş tutması Ailə Məcəlləsinin 31-ci maddəsinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Həmin maddənin birinci və ikinci hissələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Beləliklə tərəflərin birgə nikah dövründə əldə olunmuş və hal-hazırda Yasamal Rayon Məhkəməsində mübahisələndirilən digər əmlaklar kimi hazırki mübahisə predmeti olan pul vəsaitinin arvadın hesabına köçürülməsinin qanuni əsası məhz Ailə Məcəlləsinin 31-ci maddəsi olmuşdur. Mübahisəli pulun köçürülməsi müqabilində cavabdeh tərəfindən hər hansı hərəkətlərin yerinə yetirməli olduğu da iş materiallarından öz təsdiqini tapmamış, iddiaçının məhkəməyə təqdim etdiyi ünvan 4 ünvanında yerləşən 28 saylı mənzil və ünvan 5ında yerləşən 57 saylı mənzildən cavabdehin xeyrinə imtina etməsi barədə ərizələrdən də bu faktı müəyyən etmək mümkün olmamışdır. Belə ki, qanunverici ər-arvad üçün əmlakının qanuni rejimini dəyişdirmək məqsədilə nikah müqaviləsi adlanan razılaşmanı bağlamaq imkanını yaradır. Həmin müqavilə nikahın qüvvədə olduğu zaman və (və ya) nikah pozulduqda bağlana bilər. Qanunverici nikah müqaviləsinin bağlanma qaydasını notariat qaydasında təsdiq olunmaqla yazılı formada bağlanmalı olduğu kimi qeyd edir. Lakin iddiaçının istinad etdiyi razılaşmanın Ailə Məcəlləsinin 39cu maddəsinin tələblərinə uyğun rəsmiləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmamış, əksinə Cavabdeh iddia ərizəsinə əsasən İddiaçı onun xeyrinə imtina etdiyi güman edilən həmin mənzillərin üzərində hər iki tərəfin ½ hissədə pay hüququnun tanınmasına dair tələb hal-hazırda Yasamal Rayon Məhkəməsində baxılmaqdadır. Halbuki, məhkəmənin qənaətinə görə iddiaçının istinad etdiyi razılaşmanın mövcud olması qeyd edilən əmlakın və “İNFİNİTİ QX30 MİNİK” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəmə qaydasında birgə mülkiyyət hesab edilməsi barədə tələbi istisna edib, mənzillərin tam mülkiyyət hüququ əsasında cavabdehin adına rəsmiləşdirilməsinə zəmin yaradardı. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1093.1-ci maddəsinə istinadən hazırki iddianın təmin edilməsi də mümkün deyildir. Məhkəmə həmçinin bir də xatırladır ki, nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət hüququ əsasında ərlə arvada bərabər paylarla məxsusdur. İddiaçı isə birgə nikah dövründə əldə olunmuş pulun tək ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki yuxarıda qeyd edilənlərə əsasən əsassız varlanma obyekti olan əmlak məhrum olana məxsus olmalı, əsassız varlanmış şəxsin isə həmin əmlaka heç bir aidiyyəti olmamalıdır. Belə olan halda məhkəmə iddiaçının mübahisəli pul vəsaitinin əsassız varlanma ilə tələb edilməsinə dair iddiasının əsaslı olması ilə razılaşmasa da, ona həmin pul vəsaitinin cavabdehlə arasında bərabər paylara bölünməsini tələb etmək hüququna malik olduğunu izah edir. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddiaçı cavabdehin onun hesabına əsassız varlandığını zənn edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də bu halları sübuta yetirə bilməmişdir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. Bu barədə onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. İkincisi, iddiaçı cavabdehlə 2019-ci ilin sonunda öz aralarında (şifahi olaraq) əmlak bölgüsü aparmışdılarsa yaxud bu barədə razılığa gəlmişdilərsə bunun həqiqi olması sübutlarla təsdiq olunmalı yaxud ən azından cavabdeh bunu etiraf etməlidir. Ancaq cavabdeh nəinki bunu etiraf etmir, əksinə birgə nikah dövründə əldə etdikləri əmlakların bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiaçı cavabdehin daha çox varlanmaq məqsədi ilə vəziyyətdən istifadə etdiyini, yəni notarial qaydada “mənzillərin cavabdehə verilməsinə” dair ərizəni imzaladıqdan sonra, xx xxxx 2020-ci il tarixdə “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini göstərsə də bu hal da iş materialları ilə təsdiq olunmur. Çünki, cavabdeh iddia ərizəsində özünün adına olan mənzilin də birgə nikah dövründə əldə edilmiş mənzil kimi bölünməsini istəmişdir. Cavabdehin “əmlak bölgüsü” haqqında iddia ərizəsində 200.000 ABŞ dollarının, digər əmlaklarla yanaşı, bölünməsini tələb etməməsi də, hazırki iddianın əsaslı olduğuna dəlalət etmir. Yetər ki, iddiaçı özü iddiasının əsaslılığını sübut etsin. Üçüncüsü, iddiaçı tələb etdiyi mübahisəli 200.000 ABŞ dollarının cavabdehə aralarında ailə münasibətləri olmadığı və tərəflərin ayrı yaşadığı dövrdə, yuxarıda qeyd olunan əmlak bölgüsü razılaşmasının bir hissəsi kimi verildiyini göstərsə də bu dəlillər də mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, iddiaçının istinad etdiyi qətnamələrdə cavabdeh ailə münasibətlərinin 2020-ci ilin yanvar ayına kimi mövcud olduğunu göstərməsi də iddianın təmin edilməsi üçün əsas kimi çıxış edə bilməzdi. Çünki, ən azından pulun köçürüldüyü aya qədər tərəflərin ailə münasibətləri var idi. Məhz bu aydan sonra ailə münasibətlərinin olmaması qeyd olunan məbləğin yalnız iddiaçının qazancı olduğu anlamına gəlməməlidir. Apellyasiya baxışı zamanı cavabdeh də iddiaçı ilə olan ailə münasibətlərinin tam olaraq 2020-ci ilin aperl ayından kəsildiyini bildirmişdir. Buna görə iddiaçının bununla bağlı istinad etdiyi sübutlar iddianın Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən mütləq təmin olunmalı olduğu halları şərtləndirən sübutlar kimi qəbul edilə bilməz. Dördüncüsü, iddiaçının qeyd etdiyi mənzillərdən cavabdehin xeyrinə imtina etməsi yaxud iddia etdiyi pul məbləğini cavabdehə ödəməsinin ailə münasibətlərinin qorunub saxlanması məqsədilə olması işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə daha uyğundur. Çünki, cavabdehlə olan ailə münasibətlərini qorumaq və davam etdirməyin iddiaçının marağında olmadığı da iş materialları ilə təsdiq olunmur, eləcə də iddiaçı həm də yeganə övladının anası olan cavabdehlə ailə münasibətlərinə son qoymaq istəməsinin hər hansı bir səbəbi yaxud motivi olması barədə hər hansı bir fikir səsləndirməmişdir. Ona görə də 200000 ABŞ dollarını məhz ailə münasibətlərinin davam etdiyi dövrdə və bu münasibətlərin qorunması üçün cavabdehə verilməsi barədə sonuncunun izahatı daha mötəbər qəbul edilməlidir. Beşincisi, Mülki Məcəllənin 225.1-ci maddəsində ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir müddəasının olması əlbətdə ki, nikah müqaviləsindən başqa tərəflərin arasında razılaşmanın olmasını da istisna etmir. Ailə Məcəlləsinin 36.2-ci maddəsində də ərlə-arvadın ümumi əmlakının onların sazişi əsasında bölünməsi nəzərdə tutulur. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında da təsdiq edilə bilər. Göründüyü kimi, hər iki normada ərlə-arvadın birgə nikah dövründə qazandıqları və onların ümumi əmlaklarından bəhs edilir. Ancaq iddiaçı bu maddələrə istinad etsə də 200000 ABŞ dollarının sırf öz qazancı olduğunu bəyan edir ki, sözsüz ki, bu halı da özü mötəbər sübutlarla təsdiq etməlidir. Başqa sözlə, həm də cavabdehin xeyrinə mənzillərdən notarial qaydada imtina edirdisə, iddia etdiyi pul məbləğinin müqəddəratını, yəni cavabdehə hansı məqsədlə verməsini də notarial qaydada müəyyənləşdirə bilərdi. Bunun üçün hər hansı bir maneə mövcud olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 4957/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.