Məhkəmə qərarları › İş №2(103)-3678/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3678/2025

30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3678/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “aliment” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2661/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Kiçik-Qaramurad kənd Soveti icrakomu tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş İİЖГ 369436 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə İddiaçı1 ilə X2 arasında 51 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir.

2. Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ- İ 478941 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə Cavabdeh ilə X1 arasında 248 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir.

3. 4 saylı Bakı “ ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 arvadı xx.xx.1961-ci təvəllüdlü İddiaçı2, qızları xx.xx.1980-ci il təvəllüdlü X5, xx.xx.1982-ci il təvəllüdlü X6, oğlu isə xx.xx.1983-cü il təvəllüdlü Cavabdehdur.

4. 3 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 517354 saylı arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 ikinci dərəcəli əlildir, əlilliyi müddətsiz və əmək qabiliyyətsizdir.

5. Əmək və Əhaliyinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1961-ci təvəllüdlü İddiaçı2 ikinci dərəcəli əlildir, əlilliyi müddətsizdir.

6. “TƏBİB” publik hüquqi şəxsi “X14” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək aldığı xalis əmək haqqının aylıq miqdarı 530-566 manat təşkil etmişdir.

7. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Parakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Əsgərov X8 rayonunun Parakənd kəndində özlərinə aid olan 0,25 ha həyətyanı, 0,9 ha pay torpağında əkin işləri aparır.

8. “Elektron-məhkəmə” informasiya sistemindən aşkar edilmiş əmlak məlumatlarına əsasən, İddiaçı2 mülkiyyətində 2001-ci il buraxılışlı VAZ 21074 minik markalı nəqliyyat vasitəsi vardır.

9. “Elektron-məhkəmə” informasiya sistemindən aşkar edilmiş gəlir məlumatlarına əsasən, İddiaçı1 əlilliyə görə 411 manat, İddiaçı2 isə əlilliyə görə 393 manat məbləğində pensiya alırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən saxlanmaları üçün hər ay hər birinə görə 232 manat olmaqla, cəmi 464 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1980-ci il tarixdə Kəmalə, xx.xx.1982-ci il tarixdə Nuranə, xx.xx.1983-cü il tarixdə isə Rövşən anadan olmuşdur. Qızları Kəmalə və Nuranə onlardan ayrı yaşasalar da, həmişə onlara qayğı göstərmiş, daima maddi və mənəvi köməklik etmişlər. Oğulları Rövşən isə onlarla bir evdə yaşasa da, hal-hazırda onlara hörmət etmir, maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamır, onlara heç bir maddi və mənəvi köməklik, qayğı göstərmir. Onların hər ikisi pensiyaçıdır, ikinci dərəcəli əlildirlər, əlillikləri müddətsizdir və əmək qabiliyyətləri yoxdur. Hər ikisi ağır xəstədir, İddiaçı1 iki dəfə əməliyyat olunmuş, İddiaçı2 isə onkoloji xəstədir və pensiyalarının çox hissəsi müalicələrə və dərmanlara sərf olunur. Cavabdehin qazancı kifayət qədər olsa da (onun daimi iş yeri və başqa gəlirləri vardır), öz valideynlərini saxlamaqdan və onlara qayğı göstərməkdən imtina edir. Bakı 8 saylı Mediasıya Təşkilatının (mediator A.Ə.Rzayev) xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışlarından görünür ki, Cavabdeh yetkinlik yaşına çatmış övladdan aliment tələbinə dair iş üzrə mediasiya prosesini davam etdirməyə razılıq vermədiyinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü və 26.4-cü maddələrinə əsasən, mediator tərəfindən mediasiya prosesinin həyata keçirilməsindən imtina edilmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2661/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X7).

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. İddiaçılar apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsaslandırmışlar, əlavə olaraq göstərmişlər ki, məhkəmə iddia tələbini rədd edərkən göstərilən maddələrin tələblərinə səthi yanaşmış, iddiaçı-ların ağır xəstəliyini, əlilliyini,əmək qabiliyyəti olmamasını, pensiyadan başqa digər gəlir və qazancın olmamasını və onlarınmaddi yardıma ehtiyacı olmasını nəzərə almamışdır..

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iddiaçılar və onların nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.

17. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 83.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən pellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

25. Hazırkı işin faktiki hallarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları Cavabdeh ilə eyni evdə yaşayırlar. Evin kommunal ödənişlərinin cavabdeh tərəfindən ödənilməsi, gündəlik ərzaq məhsullarının onun hesabına alınması işin mübahisəsiz halıdır. Yəni Cavabdeh bir övlad olaraq valideynlərini atmamış, əksinə onlarla eyni evdə yaşamaqla, maddi imkanı yetdiyi qədər onların ərzaq, kommunal və digər xərclərini qarşılayır. Burada nəzərə alınmaldır ki, cavabdeh ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Uşaqlarının bütün xərcləri ata olaraq onun üzərindədir. Cavabdehin rəsmi aylıq əmək haqqı 600 manat civarındadır, musiqiçi kimi ara-sıra tədbirlərə getsə də, bu, daimi iş yeri sayılmır və ilin müəyyən aylarında musiqili tədbirlər ümumiyyətlə keçirilmir. İddiaçıların isə, cəmi pensiya məbləği aylıq 804 manat təşkil edir və onlar həmin vəsaiti başqalarına xərcləmək öhdəliyi daşımırlar. İddiaçılardan İddiaçı2 mülkiyyətində «VAZ 21074» minik markalı avtomobil vardır. Digər İddiaçı1 Gədəbəy rayonunda özünə aid 0.25 ha həyətyanı və 0,9 ha pay torpağa malik olması, həmin rayonda əkin işləri apararaq təsərrüfatla məşğul olması barədə məhkəməyə rəsmi arayış təqdim edilmişdir. Bundan başqa, iddiaçılara hər ay 120 manat kirayə ödənişi olunması onlar tərəfindən inkar edilməmişdir.

26. Bundan əlavə iddiaçıların İİ qrup əlil olmaları, əmək qabiliyyətlərinin olmaması, ağır xəstə olmaları, bu səbəbdən maddi yardıma ehtiyacları olmaları barədə dəlillərinə münasibət bildirərək, məhkəmə qeyd edir ki, dövlət tərəfindən onların sosial müdafiəsi təmin olunmuş, hər birinə ayrı-ayrılıqda hər ay 411 manat və 393 manat məbləğində pensiya ödənişi həyata keçirilir. Göründüyü kimi iddiaçıların maddi yardıma ehtiyaclarının olması, eyni zamanda cavabdehin onları saxlamaqdan imtina etməsi halları məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmadığından, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

27. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Hazırkı iş üzrə qətnamənin alimentin məbləği ilə bağlı mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2661/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar