Məhkəmə qərarları › İş №2(103)-3679/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3679/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3679/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(001)-1349/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və cavabdehin rəsmi nikah münasibətlərindən 03 iyul 2011-ci il təvəllüdlü X5 və 17 oktyabr 2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(001)-734/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Abdülkərimova (Məmmədova) İradə Rza qızı arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından doğulan yetkinlik yaşına çatmayan 03 iyul 2011-ci il təvəllüdlü X2 və 17 oktyabr 2015-ci il təvəllüdlü X4 analarının yanında qalması qət edilmişdir. İddiaçı uşaqlarının artan tələbatlarını ödəməkdə çətinlik çəkdiyindən, aliment tələbi ilə bağlı ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya münasibətində hazırda cəzaçəkmə müəssisəsində olduğundan aliment ödəmək üçün imkanı olmadığını bildirmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 03 yul 2011-ci il təvəllüdlü X2 və 17 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat miqdarında sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 may 2011-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsində 753 nömrəli qeyd ilə nikahları rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 03 iyul 2011-ci il təvəllüdlü X5 və 17 oktyabr 2015-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Ailədə xırda söz söhbətlər olsada heç zaman boşanma fikrində olmamışdır. Lakin cavabdehin azyaşlı qızlarına qarşı etdiyi hərəkətlərə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)- 477/2018 saylı hökmü ilə Cavabdeh 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin vaxtdan cavabdehin valideynləri ilə birgə yaşasa da, qaynanası və baldızı onu döyüb evdən qovduqdan sonra Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(001)-734/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin vaxt aliment tələb etməmişdir. Lakin övladları böyüyüb, tələbatları artıb. İstəyir ki, övladları normal, sağlam şəkildə yaşasın, valideyn qayğısından istifadə etsin. Buna isə hazırda nail olmaq mümkün deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(001)- 1349/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 03 iyul 2011-ci il təvəllüdlü X2 və 17 oktyabr 2015- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixindən hesablanması, Cavabdeh dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyndən aliment tələb etməsi əsaslıdır. Lakin məhkəmə cavabdehin cəzaçəkmə müəssisəsində olmasını və uşaqların saxlanması üçün iddiaçı tərəfindən tələb edilən aliment məbləğini ödəmək iqtidarında olmamasını, uşaqları saxlamağın hər iki valideynin borcu olmasını, qazanca malik olmayan valideynin uşaqları saxlamaq vəzifəsindən azad olunmamasını, cəzaçəkmə müəssisəsində də əmək fəaliyyəti ilə məşğul olmaq imkanının mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, hər uşaq üçün cavabdehdən tutulmalı olan alimentin məbləği 150 manat məbləğində müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə həmin məbləği işin hallarına və tərəflərin mənafeyinə uyğun olmaqla ədalətli hesab etmişdir. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 7 saylı cəzaçəkmə müəssisəsində 0,5 ştat vahidi ilə işlə təmin olunmuşdur və aylıq əmək haqqı məbləği 172 manat 50 qəpik təşkil edir. Aldığı əmək haqqı ilə məhkəmə tərəfindən müəyyən edilən 300 manat alimenti ödəmək imkanına malik deyildir. Valideynlərindən yalnız anası sağdır. Onun aldığı pensiya isə təkcə onun müalicələri üçün kifayət edir. Alimentin ödənilməsi üçün ona heç bir maddi dəstək göstərilmir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1349/2023 saylı qətnaməsi ilə qət olunmuş 300 manat alimentin məbləği onun maddi vəziyyəti nəzərə alınmadan müəyyən edilmişdir. Aylıq əmək haqqının 172 manat olduğunu nəzərə alaraq qazancından kifayət qədər yüksək məbləğdə aliment ödəmək öhdəliyi maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. Belə ki, qazancından artıq miqdarda alimentin ondan tutulması onun bir yetkin fərd kimi öz təlabatlarını qarşılamağı mümkünsüz edir. Odur ki, məhkəmə onun maddi vəziyyətini, barəsində olan diqqətəlayiq halları araşdırmadan ona münasibətdə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Azərbaycan Respublikası Konstitusiyası:

17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Ailə Məcəlləsi:

55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Hazırki iddia tələbi, aliment tələb edilməsindən ibarətdir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Kollegiya qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşalarının maddi tələblatlarını ödəməyə məcburdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin maddi vəziyyətini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 7 saylı cəzaçəkmə müəssisəsində 0,5 ştat vahidi ilə işlə təmin olunmuş və aylıq əmək haqqı məbləği 172 manat 50 qəpik təşkil etməsi və aldığı əmək haqqı ilə məhkəmə tərəfindən müəyyən edilən 300 manat alimenti ödəmək imkanına malik olmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh bir ata kimi harada olmasından asılı olmayaraq əmək qabiliyyətli olmaqla, həmçinin də işləyərək gəlir əldə etdiyi halda övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarıının tələbatını təmin etməlidir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı olduğu üçün apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(001)- 1349/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar