Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3682/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Süleymanova (Yaqubova) Şəlalə Əhməd qızına qarşı “uşaqların atanın yanında saxlanılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, iddiaçının nümayəndəsi (atası) X2, iddiaçının vəkili (nümayəndəsi) Vəkil3, cavabdeh Süleymanova (Yaqubova) Şəlalə Əhməd qızının özünün və onun vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikahdan doğulmuş 2 uşağın – xx.xx.2011-ci il təvəllüdlü Malikin və xx.xx.2015-ci il təvəllüdlü Muradın cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan iki övladları var. Əvvəllər münasibətləri normal olsa da, sonradan bu münasibətlər pisləşmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (İş № 2(008)- 754/2020) ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan Malikin atadan (hazırki iş üzrə iddiaçı) alınaraq anasının (hazırki iş üzrə cavabdeh) himayəsinə verilməsi, Muradın isə anasının yanında saxlanılması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi iddiaçı tərəfindən apelyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi Malikin anasına verilməsi hissəsində bu günədək icra edilməmişdir. Çünki, Malik anası ilə qalmaq, onunla birlikdə yaşamaq istəmir. O, bu barədə fikrini dəfələrlə icra məmuruna da bildirmişdir. Sonuncu dəfə Malik İcra Şöbəsində iradəsi əleyhinə zorla atasından alınaraq, anasının evində sonuncuya təhvil verilmişdir. Lakin hər iki uşaq anası ilə qalmaq istəmir. Bunun səbəbi isə uşaqların anası tərəfindən tez-tez döyülməsi, ağır şəkildə cəzalandırılması, onlara normal münasibət göstərməməsidir. Anasının yanında qaldığı müddət ərzində Malik “WhatsApp” vasitəsilə atasına SMS-lər göndərərək, onunla qalmaq istədiyini və onu yanına aparmağını xahiş etmişdir. Sonradan Malik öz təşəbbüsü ilə anası ilə yaşadığı evi tərk edərək, taksi minib atasının yaşadığı evə gəlmişdir. Həmin vaxtdan da Malik, atası ilə birlikdə yaşayır. Ötən 1 ilə yaxın müddət ərzində ana Maliki görməyə cəhd belə göstərməmişdir. Malikin qayğısına iddiaçı qalır, onun təhsili ilə məşğul olur, bir sözlə bütün maddi və mənəvi ehtiyaclarını qarşılayır. Malik atasına çox bağlıdır. Tərəflərin digər birgə övladı olan Murad da atası və qardaşı ilə birlikdə qalmaq istəyir. Cavabdeh heç bir yerdə işləmir, onun gəliri yoxdur, uşaqları təkbaşına saxlamaq onun üçün çox çətindir. Hər gün azuqə, dərman və s. əşyaların qiymətləri bahalaşır. Bu səbəbdən cavabdeh tərəfindən uşaqların ildən-ilə artan maddi və mənəvi ehtiyaclarını qarşılamaq mümkünsüz olacaqdır. İddiaçı isə işləyir və övladlarının bütün ehtiyaclarını ödəmək imkanındadır. Göstərilənlərə əsasən, iddiaçı, hər iki uşağın cavabdehdən alınaraq onun himayəsinə verilməsini xahiş edir. b) birinci instansiya məhkəməsindəki icraat barədə məlumat
3. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
4. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh və onun vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyil. Cavabdeh öz övladlarına qarşı heç vaxt zor tətbiq etməmiş, bir ana kimi onları tənbehləmişdir. Malik anası ilə birlikdə yaşadığı vaxt məktəbə tək gedib-gəlmiş və atasının yanına qaçmaq niyyətində olmamışdır. Atası onu öyrədəndən sonra anasına münasibəti dəyişmişdir.
5. Uşaqlar ilə bağlı məsələnin həlli ilə əlaqədar Rayon Məhkəməsi xx.xx.2011-ci il təvəllüdlü Malikin fikrini məhkəmə hazırlıq iclasında dinləmişdir. Malik bildirmişdir ki, anası onu döydüyündən və atasına qarşı yönəltdiyindən, o evdən qaçmış və taksiyə minərək atasının yanına Sulutəpə qəsəbəsinə gəlmişdir. Anasını heç görmür. Hal-hazırda o məktəbə getmir, təhsildən geri qalır. O, Sulutəpə qəsəbəsindəki 103 nömrəli məktəbdə oxumaq istəyir, lakin anası onun sənədlərini atasına vermir. O, bundan sonra da atası ilə qalmaq istəyir. Rayon Məhkəməsi həmçinin xx.xx.2015-ci il təvəllüdlü Muradın fikrini məhkəmə hazırlıq iclasında dinləmişdir. Murad bildirmişdir ki, o, qardaşı Maliki istəyib-istəmədiyini bilmir, qardaşı onların yanından qaçıb atasının yanına getmişdir, atası onun anasını döydüyünə görə, o, atasını istəmir, anası ilə qalmaq istəyir. O, daha sərbəst olandan sonra qardaşı ilə birlikdə anasının yanında qalmaq istəyir. Anası Maliki heç vaxt döyməmişdir.
6. İşə baxmış Rayon Məhkəməsi Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bunu və Komissiyanın iş üzrə müvafiq rəyin təqdim edilməsini nəzərə almış Rayon Məhkəməsi işə həmin Orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə verdiyi 1/2785 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində bildirmişdir ki, Komissiya, ona təqdim edilmiş sənədləri, iş üzrə tərəflərin verdikləri məlumatları araşdıraraq və uşaqların fikirlərini nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü Malikin atasının, xx.xx.2015-ci il təvəllüdlü Muradın isə anasının yanında qalmaları məqsədə müvafiqdir.
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 11/592 nömrəli, xx.xx.2023-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur: Malikin hazırda atasına – iddiaçıya və qardaşı Murada bağlılığı müəyyən olunmaqla, anasına – cavabdehə bağlılığı üzə çıxmır. Onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. İddiaçı və X1 fərdi-psixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, hər iki uşağın normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Muradın hazırda anası və qardaşına bağlılığı müəyyən olunmaqla, atasına bağlılığı üzə çıxmır, onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur, valideynləri arasında qarşılıqlı münasibətlərdə yaranmış gərginlik hər iki uşağın emosional-iradi sferasına və ayrı yaşayan valideyninə qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, uşaqların cavabdehdən (anadan) alınıb iddiaçıya (ataya) verilməsi üçün əsas ola bilməz. Hər iki uşağın anadan alınaraq ataya verilməsi və ya Malikin atasının, Muradın isə anasının himayəsində saxlanılması, başqa sözlə desək uşaqları bir-birindən ayırmaq onların mənafeyinə uyğun deyil. Nəzərə alınmalıdır ki, uşaqlar bir-birlərinə bağlıdır, ana qayğısına və nəvazişinə ehtiyacları vardır. d) apellyasiya şikayəti barədə məlumat
10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iddianı rədd etməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi uşaqların üstün mənafeyini, tərbiyəsini, psixi, fiziki, mənəvi inkişafını, Malikin artıq atası ilə yaşamasını, atası ilə qalmaq üçün özünü təhlükəyə atmasını (evdən qaçmasını), bu halın nə vaxtsa təkrarlana biləcəyini, Qəyyumluq və Himayəçilik Komissiyasının iş üzrə verdiyi rəyi, uşaqların fikirlərini, onların atalarına bağlılığını, Malikin anasına bağlılığı olmamasını, onun həm Qəyyumluq və Himayəçilik Komissiyasında həm də məhkəmədə atası ilə qalmaq istəyini nəzərə almamış, onların mənafeləri baxımından atalarının yanında qalmalarını əlverişli vəziyyət kimi qiymətləndirməmiş və uşaqların ataları ilə saxlanmasını istisna edən halların olmamasınına baxmayaraq iddianı rədd etməklə azyaşlı uşaqların mənafeyinə zidd qətnamə qəbul etmişdir. Bundan başqa, Rayon Məhkəməsi nəzərə almamışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə hər iki uşağın nikahın pozulmasından sonra analarının yanında saxlanılması hissəsində bugünədək icrasız qalmışdır. Çünki həmin qətnaməni icra edilməsi ilə bağlı icra məmuru müvafiq icra hərəkətlərini həyata keçirmək istəsə də, Malik anasının yanına getməkdən imtina edir. Qəyyumluq və Himayəçilik Komissiyası da hazırki iş üzrə verdiyi rəydə göstərmişdir ki, Malikin atasının yanında saxlanılması Malikin mənafeyinə uyğun olardı. Həmçinin Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh, uşaqları saxlamaq, onları normal böyütmək üçün zəruri vəsaitə və şəraitə malik deyil. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İddiaçı və onun nümayəndələri (atası – Malik Yaqubov, vəkili – Vəkil3) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətinin, habelə iddia ərizəsinin məzmununa və əsaslarına uyğun izahat verdilər.
13. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili – Nümayəndə1) apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iş üzrə tərəflər xx.xx.2010-cu-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların iki övladları var: xx.xx.2011-ci il təvəllüdlü Malik və xx.xx.2015-ci il təvəllüdlü Murad. Nikahdan övladlarının olmasına baxmayaraq iş üzrə tərəflər ayrılmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (İş № 2(008)-754/2020) ilə nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü Malikin atası İddiaçı alınaraq anasına verilməsi, xx.xx.2015-ci il təvəllüdlü Muradın isə anasının yanında saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, Malik atasından alınaraq anasına verilsə də, qısa müddət sonra Malik atasının yanına qayıtmışdır. Hazırda da Malik atanın yanında, anadan ayrı yaşayır.
16. Hazırki iddianı irəli sürən iddiaçı hesab edir ki, hər ki övladı onun yanında saxlanılmalıdır, çünki o, hər iki övladını sevir, onlara qayğı göstərir. Hazırda onun yanında yaşayan Malik ona çox bağlıdır, onunla qalmaq istəyir, anası ilə isə yaşamaq istəmir. Malik qardaşı Muradın da onlarla birlikdə yaşamağını arzulayır. Cavabdehin hər iki uşağa qarşı zor tətbiq edir, işləmir və bununla da uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılaya bilmir. İddiaçı isə əksinə işləyir və övladlarının maddi və mənəvi cəhətdən təmin etməyə bütün imkanları vardır. Buna baxmayaraq Rayon Məhkəməsi uşaqların üstün mənafeyini, tərbiyəsini, psixi, fiziki, mənəvi inkişafını, Malikin artıq atası ilə yaşamasını, atası ilə qalmaq üçün özünü təhlükəyə atmasını (evdən qaçmasını), bu halın nə vaxtsa təkrarlana biləcəyini, Qəyyumluq və Himayəçilik Komissiyasının iş üzrə verdiyi rəyi, uşaqların fikirlərini, onların atalarına bağlılığını, Malikin anasına bağlılığı olmamasını, onun həm Qəyyumluq və Himayəçilik Komissiyasında həm də məhkəmədə atası ilə qalmaq istəyini nəzərə almamış, onların mənafeləri baxımından atalarının yanında qalmalarını əlverişli vəziyyət kimi qiymətləndirməmiş və uşaqların ataları ilə saxlanmasını istisna edən halların olmamasınına baxmayaraq iddianı rədd etməklə azyaşlı uşaqların mənafeyinə zidd qətnamə qəbul etmişdir.
17. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
18. “Uşaq hüquqları haqqında” Konvensiyanın tələblərinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən (maddə 3; bənd 1.). İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir (maddə 18; bənd 1.). Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar (maddə 27; bənd 2.).
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır (maddə 17.). Valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümum bəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbtlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarşmasınayalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər (maddə 19.).
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar (maddə 49.1.). hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (maddə 49.2.). uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.3.). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.).
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 7.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən uşağın fikri onun bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
22. Göstərilənləri, uşaqların hüquq və mənafelərini, iş üzrə verilmiş rəylər və uşaqların ana qayğısına daha çox ehtiyacının olmasını, uşaqların psixoloji vəziyyətini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi tərəflərin birgə nikahından olan hər iki uşağın anadan (cavabdeh) alınaraq ataya (iddiaçıya) verilməsinin uşaqların mənafeyinə uyğun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu zaman işə baxmış Rayon Məhkəməsinin iş üzrə keçirtdiyi hazırlıq iclasında hər iki uşağın fikrini dinləmiş (bax: hazırki qətnamənin 5-ci bəndinə), Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzinin iş üzrə verdikləri müvafiq rəyləri alaraq, rəyləri tədqiq etmişdir (bax: 7 və 8-ci bəndlərinə). Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları əlaqəli şəkildə araşdırmış, onlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq hüquqi qiymət vermişdir.
23. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
24. Apellyasiya şikayətində iddiaçı, cavabdehin yaşayış şəraitinin və maddi vəziyyətinin uşaqlar üçün əlverişli olmadığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İşdə olan və yuxarıda qeyd edilən sənədlərdən isə həmin hal müəyyən edilmir.
25. Belə ki, iş üzrə tərəflərin verdikləri məlumatlardan, Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının yuxarıda qeyd edilmiş xx.xx.2023-cü il tarixli rəyinə əlavə edilmiş “Müayinə aktlarından” görünür ki, həm iddiaçı, həm də cavabdehin yaşadıqları yaşayış sahələri tam kommunal şəraitli, orta təmirli, yaşayış üçün sanitar normalara cavab verir və zəruri məişət əşyaları ilə təchiz edilmişdir.
26. Tərəflərin məhkəmələrə bildiriklərindən həmçinin məlum olur ki, iddiaçının daimi iş yeri var və o, işləyir. Cavabdehin isə rəsmi iş yeri yoxdur. O, yaşadığı mənzildə bunun üçün şərait yaradaraq dırnaq ustası kimi fəaliyyət göstərir.
27. Bundan başqa nəzərə alınmalıdır ki, əgər cavabdeh uşaqların saxlanılması ilə bağlı gələcəkdə maddi çətinliklə üzləşərsə, hazırki iş üzrə iddiaçıya “alimentin tutulması tələbi barədə” iddia irəli sürmək hüququna malikdir.
28. Buna görə də, hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
29. Apellyasiya şikayətində iddiaçı daha sonra bildirir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2011-ci il təvəllüdlü Malikin cavabdehin yanında deyil, onun yanında qalmaq barədə arzusunu nəzərə almamışdır.
30. Bununla bağlı Məhkəmə bildirir ki, Malik cavabdehin yanında deyil, iddiaçının himayəsində qalmaq barədə istəyini işə baxmış birinci instansiya Rayon Məhkəməsinə bildirsə də, apellyasiya baxışı zamanı Məhkəmə, iddiaçı tərəfin təşəbbüsü və hər iki valideynin razılığı ilə həm xx.xx.2011-ci il təvəllüdlü Maliki, həm də xx.xx.2015-ci il təvəllüdlü Muradın fikrini dinləmişdir.
31. Malik bildirmişdir ki, o, atasını sevir, onunla birlikdə yaşamaq istəyir. Qardaşı Murad üçün çox darıxır. İstəyir ki, o və Murad atalarının yanında yaşasınlar. Onu zorla “Ədliyyədən” (İcra Şöbəsini nəzərdə tutur) atasının əlindən zorla alıb qaçırıblar. O, hazırda məktəbdə təhsil ala bilmir. Lakin hazırlıqlara gedir. Çünki, “qarşı tərəf” (anasını nəzərdə tutur) sənədlərini oxudu məktəbdən alaraq başqa məktəbə təqdim etmişdir. O, anası ilə qalanda, nənəsi ayağı ilə onun dizinin üstünə çıxmış və dizini əzmişdir. Murad isə bildirmişdir ki, o, anasının yanında yaşayır. İstəyir ki, qardaşı Malik də onlarla birlikdə yaşasın. Anası və nənəsi Maliki döyməmişlər. Nənəsi Malikin dizini əzməmiş, o, bunu görməmişdir.
32. Göründüyü kimi Malik, qardaşı Muraddan fərqli olaraq anasına (cavabdehə) aqressiv olduğu göstərməyə çalışsa da, o, anasına olan bu münasibətin hansı səbəbdən yarandığını izah edə bilməmişdir (o, bu barədə verilən suallara cavab verməmiş, ağlamışdır). Bütün bunları nəzərə alan Məhkəmə, Malikin fikrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2016-cı il tarixli qərarının tələbləri baxımından qiymətləndirərək hesab edir ki, uşaqların bir-birindən ayrı yaşaması onların mənafeyinə uyğun deyil, çünki əks hal qardaşlar arasında bağlılığın qırılmasına gətirib çıxara bilər.
33. Hər bir halda nəzərə alınmalıdır ki, uşaqların ana qayğısına daha çox ehtiyacları var. Yalnız müstəsna hallarda uşaqlar anadan alınaraq ataya verilə bilər. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Lakin hazırki halda, yuxarıda sadalanan hallardan heç biri mövcud deyil. Cavabdeh fiziki və psixi cəhətdən sağlamdır. Heç bir pis vərdişi yoxdur. O, hüququndan sui-istifadə etməmiş, uşaqlarına qarşı zor tətbiq etməmişdir. Bunun əksini təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Bu zaman isə nəzərə alınmalıdır ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. h) apellyasiya baxışının nəticəsi
35. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə tərəflərin birgə nikahından olan uşaqların cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi barədə tələbi əsassız hesab etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən, MPM-nin 385, 392, 393 və 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışınski (imza) Azad İmanov
“Əsli ilə düzdür”
Hakim Məmməd Məmmədov