Məhkəmə qərarları › İş №2(103)-3687/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3687/2023

18.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3687/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “BFT Cheesella" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmək haqqının, hesablanmış məzuniyyət haqqı və maddi ziyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “BFT Cheesella" MMC-yə qarşı “əmək haqqı, hesablanmış məzuniyyət haqqı və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-1011/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və pendir istehsalı ilə məşğul olan cavabdeh “BFT Cheesella" MMC-dən gələn iş təklifini qəbul edərək həmin şirkətdə çalışmaq üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir.

2. Cavabdehin müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iş icazəsi verilmişdir.

3. Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “BFT Cheesella" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məccəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində cərimə edilmişdir. Qərara əsasən iddiaçı Saatlı rayonu Fətəlikənd kənd ərazisində yerləşən cavabdehə məxsus sexdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “BFT Cheesella" MMC-yə qarşı “əmək haqqı, hesablanmış məzuniyyət haqqı və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmış 12.000 ABŞ dolları məbləğində əmək haqqı və məzuniyyət hüququnundan irəli gələrək orta aylıq əmək haqqına uyğun olaraq 1.082 ABŞ dolları hesablanmış məzuniyyət haqqının, əmək mübahisəsinin həlli zamanı Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar çəkilən xərclər 490 ABŞ dolları, 200 manat məbləğində vəkil xərcləri, iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin, habelə, digər əlavə xərclər (qidalanma, taksi, gecələmə və s.) 1.000 manat, ümumilikdə cavabdeh “BFT Cheesella" MMC-dən 13.572 ABŞ dolları və 1.250 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və pendir istehsalı ilə məşğul olan cavabdeh “BFT Cheesella" MMC-dən gələn iş təklifini qəbul edərək həmin şirkətdə süd məhsulları istehsalı ustası vəzifəsində çalışmaq üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Cavabdehlə əldə olunmuş razılığa əsasən, ilk üç sınaq aylarında 1.500 ABŞ dolları, daha sonrakı müddət üçün isə 2.000 ABŞ dolları məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Şifahi qaydada razılığın əldə olunmasına baxmayaraq, işəgötürən sözügedən münasibətlərin əmək müqaviləsinin bağlanması ilə rəsmiləşdirilməsinə dair hər hansı sənəd (müvafiq əmr, sərəncam, qərar, əmək müqaviləsi, əmək müqaviləsinin bağlanılması və ona dəyişikliklərin edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi) təqdim olunmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən sınaq müddəti ərzində əmək haqqının vaxtında ödənilməməsi səbəbindən iddiaçı əmək münasibətlərinə xitam verərək Türkiyəyə qayıtmaq istəmişdir. Lakin cavabdeh əmək haqqı ödənişlərinin vaxtı-vaxtında həyata keçiriləcəyini vəd edərək iddiaçı ilə işgüzar münasibətin davam etdirilməsini istədiyini bildirmişdir. Bundan əlavə, miqrant olan iddiaçıya “BFT Cheesella" MMC tərəfindən iş icazəsi alınmadığından cavabdeh 2021-ci ilin iyun ayında inzibati məsuliyyətə cəlb olunmuş, daha sonra xx.xx.2021-ci il tarixdə iddiaçıya bir il müddətinə müvafiq iş icazəsi alınmışdır. İddiaçı sözügedən şirkətdə əmək fəaliyyətini davam etdirməyinə baxmayaraq şirkət tərəfindən vəd edilən əmək haqları ödənilmədiyindən 2021-ci ilin noyabr ayında Türkiyəyə dönmək üçün ailəsindən bilet alınmasını xahiş etmiş, lakin cavabdeh cari ayda ödənişlərin həyata keçiriləcəyini bildirərək biletin dekabr ayına təxirə salınmasını xahiş etmişdir. Cavabdehlə əldə olunan razılığa uyğun olaraq iddiaçı ölkədən gedişi dekabr ayına təxir salmış, ancaq cavabdeh tərəfindən işçinin əmək haqları ödənilməmiş və iddiaçı dekabr ayında Türkiyəyə geri dönmüşdür. Növbəti ilin yanvar ayında iddiaçı ödənilməmiş əmək haqqını tələb etmək məqsədilə Azərbaycana gələrək X2 Büyükelçiliyiğinə müraciət ünvanlanmış, həmin müraciətə aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətində baxılmışdır. Sonuncu tərəfindən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinə göndərilən xx.xx.2022-ci il tarixli məktubda Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzlədirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi" altsistemində İddiaçı Cavabdeh MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunduğu, habelə bununla əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi və baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərildiyi bildirilmişdir. İddiaçı Cavabdeh MMC-də on ay müddətində işlədiyinə baxmayaraq müəssisənin iddiaçı ilə əmək münasibətlərinin qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilməməsi, habelə əmək haqlarının ödənilməməsi və ödənilməməsinə rəğmən əmək münasibətlərinə xitam verilməməsi, habelə məzuniyyət haqqının ödənilməməsi qanunsuz və əsassız olmaqla iddiaçının əmək hüquqlarını kobud surətdə pozur. Məsələ ilə bağlı mediasiya təklifi ilə cavabdeh müəssisəyə müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi, tərəflər arasında əmək münasibətləri yaranmış olsa da, işçinin əmək münasibətlərindən doğan bütün hüquqları pozulmuşdur. Əmək müqaviləsinin surəti dəfələrlə tələb edilsə də iddiaçıya təqdim edilməmişdir.

6. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Mülki Prosesual Məcəllənin 53-cü maddəsini rəhbər tutaraq, daha öncə tədqim olunan iddia ərizəsinə dəyişiklik edərək xahiş etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmış 18.500 ABŞ dolları məbləğində əmək haqqı və məzuniyyət hüququnundan irəli gələrək orta aylıq əmək haqqına uyğun olaraq 1.082 ABŞ dolları hesablanmış məzuniyyət haqqının, əmək mübahisəsinin həlli zamanı Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar çəkilən xərclər 490 ABŞ dolları, 150 manat məbləğində vəkil xərcləri, iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin, habelə, digər əlavə xərclər (qidalanma, taksi, gecələmə və s.) 1.000 manat, ümumilikdə cavabdeh “BFT Cheesella" MMC-dən 20.072 ABŞ dolları və 1.200 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1011/2023 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “BFT Cheesella" MMC-dən 2.375 manat əmək haqqının, 50 manat mediasiya xərcinin və 100 manat vəkil xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə iddia tələbinin ilk hissəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmış 18.500 ABŞ dolları məbləğində əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilən Saatlı Rayon Məhkməsinin 3(055)-119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı həqiqətən də qeyd edilən dövr ərzində “BFT Cheesella" MMC tərəfindən əmək müqaviləsi bağlanmadan əmək fəaliyyətinə cəlb edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya qeyd edilən aralıq zamanı göstərmiş olduğu əmək fəaliyyətinə görə ona ödənilməli olan əmək haqqı ödənilməlidir.

9. Məhkəmə iddiaçıya ödənilməli olan əmək haqqının məbləğinə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ona ödənilməli olan əmək haqqı onların şifahi razılığına görə ilk 3 ayın 1.500 ABŞ dolları, digər aylar isə 2.000 ABŞ dolları olmalı olduğunu bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

10. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmalı əmək haqqı həmin dövürdə müəyyən edilmiş minumum əmək haqqına uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərancamına əsasən 2021-ci il tarixdə minumum əmək haqqı 250 manat olduğundan, cavabdehdən 9 ay 15 gün ərzində aylıq 250 manat tutulmaqla iddiaçıya ödənməlidir (250x9.5=2.375 manat).

11. Məhkəmə həmçinin iddia tələbinin digər hissəsini əhatə edən-məzuniyyət hüququnundan irəli gələrək orta aylıq əmək haqqına uyğun olaraq 1.082 ABŞ dolları hesablanmış məzuniyyət haqqının tutulması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, tərəflər arasında yazılı əmək müqaviləsi olmadığından və iddiaçı 9 ay 15 gün ərzində könüllü olaraq cavabdeh təşkilatda müqaviləsiz işlədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.

12. Məhkəmə həmçinin iddia tələbinin Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar çəkilən xərclər 490 ABŞ dollarının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddiaçı qeyd edilən pul məbləğini hansı səbəblərdən, hansı maddi hüquq normasına uyğun olaraq cavabdehdən tələb etdiyini məhkəmədə sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz.

13. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, 50 manat mediasiya xərci və vəkil xərci olaraq 100 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3.5, 5-1, 9, 135.2, 140, 154, 155.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli sərəncamına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 121.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə və sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə sübutları, faktları, iddiaçının təqdim etdiyi dəlilləri hərtərəfli, qərəzsiz, tam və obyektiv araşdırıb qiymətləndirməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, qətnamə məhkəmə tərəfindən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə işə baxarkən işçinin işlədiyi faktı müəyyən etsə də, əmək fəaliyyəti ilə məşğul olması üçün Azərbaycana dəvət olunan iddiaçının əmək şəraitinin əsas şərtlərindən olan əmək məzuniyyəti hüququnu tanımamış, istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi hissəsində iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi ilə əcnəbilərin Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquq sahibləri olduğu təsbit edilmişdir. Əcnəbilərin bütün əmək hüquqlarından istifadə edə bilməsi qanunla müəyyən olunsa da, İddiaçı əmək fəaliyyəti qarşılığında işəgötürənlə razılaşdırılmış əmək haqqı almaq, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya almaq hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının əcnəbi olması faktından cavabdeh müəssisənin sui-istifadə etməsi halını diqqətə almamış, onun Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər malik olduğu və pozulan konstitusion və əmək hüquqlarını bərpa etməmişdir. Minimum əmək haqqı-iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Əmək Məcəlləsinin normasından göründüyü kimi: 1. Minimum əmək haqqı təyin edilərkən işəgötürən ilkin olaraq iqtisadi və sosial şəraiti nəzərə almalıdır. 2. İqtisadi və sosial şərait dedikdə burada həm dövlətdə, həm cəmiyyətdə, həm işəgötürənin fəaliyyətində ümumi, həm də işəgötürənin özünün iqtisadi və sosial şəraiti nəzərə alınır. 3. Minimum əmək haqqı yalnız ixtisassız əməyə və xidmətə görə təyin edilir. Beləliklə, Türkiyədən xüsusilə yüksək ixtisaslı mütəxəssislər sırasından seçilib işləmək üçün müvafiq qaydada Azərbaycana dəvət olunan mütəxəssisə əmək fəaliyyətinə görə minimum əmək haqqının ödənilməsinin müəyyən edilməsi yanlış yanaşma olmaqla, işin faktiki hallarının düzgün aydınlaşdırılmamasına dəlalət edir və əmək qanunvericiliyin maddi normalarını kobud surətdə pozur. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı faktiki olaraq cavabdeh tərəfindən dəvət edilmiş və yalız onun dəvətindən sonra Azərbaycan Respublikasına gələrək miqrant kimi əmək fəaliyyətinə başlamışdır. Bidiyimiz kimi, digər ölkələrdən dəvət olunan xüsusi biliyə malik olan mütəxəssislər adətən razılaşmalara uyğun olaraq yüksək məvaciblə təmin olunur və eyni zamanda, təbii olaraq, onların gəlişi, gedişi, yaşayış yeri və digər xərcləri əcnəbi işçini dəvət edən şirkətlər tərəfindən qarşılanır. Heç bir halda yüksək ixtisas sahibi olan əcnəbi vətəndaş və ya əməkçi miqrant dəvət olunduğu ölkədə minimum əmək haqqının ödənilməsi şərti ilə razılaşaraq vətəndaşı oldu ölkəni, öz ailəsini tərk edib digər ölkəyə gəlib işləməz. İşə əlavə olunan sənədlərdən göründüyü kimi,cavabdeh tərəfindən əməkçi miqrant kimi dəvət olunan iddiaçının əmək hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Halbuki, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işəgötürən işçi qarşısında qanunvericiliyə müvafiq şəkildə məsuliyyət daşıyır. Xüsusi ilə əməkçi miqrant kimi dəvət olunan işçinin mövcud qanunvericiliyin tələblərini, əmək hüquqlarını bilməməsi və yaxud bilə bilməsi onu dəvət edən şirkətdən asılı vəziyyətə salmış, işəgötürən isə bu faktdan suiistifadə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmək üçün təyyarə biletini iddiaçıya cavabeh şirkət almışdır. Cavabdehin özü tərəfindən alındığı biletlə bağlı sübutları iddiaçı gec göndərdiyi üçün məhkəməyə təqdim etməmişdir. Digər xərclərlə bağlı da sübutlar təqdim edilməmişdir.

19. İşə baxılması ilə bağlı hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35.Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 7.2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda. Maddə 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindin qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilən hissəsində, həmçinin iddianın məzuniyyət haqqı tələbi ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

26. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tədbiqində səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddia tələbinin əmək haqqı və məzuniyyət haqqının ödənilməsinə dair hissələri ilə bağlı səhv nəticəyə gəlmişdir.

27. İşin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək münasibətlərində olmuşlar. Belə ki, cavabdeh əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı iddiaçını Azərbaycan Respublikasına dəvət etmiş, onun üçün iş icazəsinin alınması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etmişdir. Lakin cavabdeh əmək münasibətlərini əmək qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirməmişdir.

28. İddiaçı cavabdeh tərəfindən ona həmin müddət üçün 18.500 ABŞ dolları məbləğində əmək haqqı və orta əmək haqqına uyğun olaraq 1.082 ABŞ dolları məbləğində məzuniyyət haqqının ödənilməsini tələb etsə də, tərəflər arasında razılaşdırılmış əmək funksiyası və ona uyğun ödəniləcək əmək haqqının məbləği ilə bağlı hər hansı sübut birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mütəxəssis olaraq başqa ölkədən dəvət edilməsi mütləq qaydada ona yüksək əmək haqqının ödənilməsi anlamına gəlmir. İşçiyə ödəniləcək əmək haqqı bir qayda olaraq onun yerinə yetirəcəyi əmək funskiyasından asılı olur.

29. Kollegiyanın sorğularına cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasında əsas fəaliyyəti “Süd məhsullarının istehsalı” sahəsi olan müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 582,9 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş məlumata əsasən isə 2021-ci il üzrə iqtisadi fəaliyyət növü süd məhsullarının istehsalı olmaqla işəgötürənlər üzrə orta aylıq əmək haqqı 521,9 manat, "xxxx" MMC-də 2021-ci il üzrə orta əmək haqqı 250 manat təşkil etmişdir.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumat əsas götürülərək cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək orta aylıq əmək haqqı 582,9 manat hesablanmaqla əmək haqqı və həmin əmək haqqına uyğun olaraq hesablanmış məzuniyyət haqqı ödənilməlidir.

31. Belə ki, tərəflər arasında əmək münasibətlərinin mövcud olduğu müəyyən edildiyindən, iddiaçı isə cavabdeh müəssisədə altı aydan artıq əmək funskiyasını yerinə yetirdiyinə görə onun əmək qanunvericiliyin tələblərinə uyğun olaraq əmək məzuniyyətindən istifadə etmək hüququ yaranmışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinin digər hissələri ilə bağlı (yol xərci, qidalanma, gecələmə və s. xərclər) hər hansı mötəbər sübutlarını işə baxan birinci instansiya məhkəməsinə təqdim etmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz.

33. Kollegiya həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 50 manat mediasiya xərci və 100 manat vəkil xərci tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

34. Həmçinin qeyd edilməldiir ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır və belə olan halda apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Hüseyinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1011/2023 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində, həmçinin iddianın məzuniyyət haqqı tələbi ilə bağlı təmin edilməyən hissəsində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissələrdə qismən təmin edilsin. Cavabdeh “BFT Cheesella" MMC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək orta aylıq əmək haqqı 582,9 manat hesablanmaqla əmək haqqı və həmin əmək haqqına uyğun olaraq hesablanmış məzuniyyət haqqı tutularaq İddiaçı Hüseyinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-dən 47,5 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar