Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3700/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), İ oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-204/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330.3 kv.m olan fərdi yaşayış evinin 12/24 hissədən ibarət payını hədiyyə alan nəvələri Cavabdeh3 və Cavabdeh4 bağışlamışdır. Sonuncuların sözügedən daşınmaz əmlaka mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X3 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-149/2023 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2451/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmim olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-149/2023 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4055/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş ünvan 1 ünvanda yerləşən mənzilə görə cavabdeh X1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmaqla ona məxsus olmuşdur. O, yaşca 1950-ci il təvəllüdlü olmaqla 74 yaşı vardır. Yeganə övladı Cavabdeh1 ailəli olmaqla iki qız övladı vardır: Cavabdeh3 və Cavabdeh4. O, həyatda olmadığı zaman onun nəvələrinin evi olsun deyə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin 12/24 hissə payının nəvələri Cavabdeh3 və Cavabdeh4 adına bağışlama müqaviləsinin olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə özünün xx.xx.2021- ci il tarixli qətnaməsi ilə xahişini təmin etmişdir. Lakin sonradan baş vermiş hallar, oğlunun həyat yoldaşı Mirzəyeva Səİminaz Rüstəm qızının oğlundan boşanması, onu evdən qovmaq niyyətinin olması, bu qoca vaxtında bir gəlin kimi ona qulluq etməkdən imtina etməsi və s. kimi hallar onun etdiyi bu əməlinə görə peşmançılıq çəkməyinə səbəb olmuşdur. Ancaq vəziyyətdən istifadə edən X4 ona qarşı etdiyi məkrli siyasətini onunla nəticələndirmişdir ki, o, qeyd etdiyi mənzilə yeni çıxarış almaqla mənzili onun mülkiyyətindən çıxarmışdır. Onun iddia ərizəsində nəzərdə tutduğu tələb həmin mənzilə görə çıxarılmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasıdır.
6. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, oğlu ilə gəlini boşanmışlar. Onların evi söküntü planına düşür. Gəlinlə münasibətləri pisdir, çöldə qalmaq istəmir. Bir həyətdə ayrı evlərdə yaşayırlar. Ev onun babasından qalan mirasdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, o, iddianı qəbul edir. Anası evi uşaqlara bağışlayanda o, evli olmuşdur. Bir qardaşı var, Şüvəlanda yaşayır. Leyla və Fatimə qızlarıdır. Ev həyət evidir, qonşulara da aid paylar mövcuddur. O, həmin evdə qeydiyyatdadır. Səlminaz keçmiş həyat yoldaşıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 204/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırda İddiaçı cavabdeh X2 oğlundan boşanması, onu evdən qovmaq niyyətinin olması, bu qoca vaxtında bir gəlin kimi ona qulluq etməkdən imtina etməsi və s. kimi hallara istinad edərək çıxarışı mübahisələndirir.
10. İşin materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1-ə dair Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixində məhz xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən qeydiyyata alınmışdır.
11. Həmin bağışlama müqaviləsi İddiaçı tərəfindən mübahisələndirilsə də, işə baxan yuxarı instansiya məhkəmələri tərəfindən etibarsız hesab edilməmişdir. Başqa sözlə, bağışlama müqaviləsi hazırda qüvvədədir. Buna baxmayaraq iddiaçı hazırda bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir.
12. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsi qüvvədə olduğundan və çıxarışın ləğv edilməsinə digər əsas müəyyən edilmədiyindən hazırkı iddia təmin edilə bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 152.5, 178.1, 178.2, 337-349-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddəsinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə əsasında onun mülkiyyət hüququnu kobud şəkildə məhdudlaşdırılmışdır. Belə ki, o, hazırda mübahisələndirilmiş çıxarışın alınması nəticəsində mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilmir, onun üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Bunun səbəbi isə məhz tərəfindən edilmiş bağışlama müqaviləsi əsasında cavabdehin öz adına çıxarış alması olmuşdur. Buna görə də, hesab edir ki, məhz cavabdehin adına qeydə alınmış çıxarış ləğv edilməklə onun adına olan çıxarış və bununla da mülkiyyət hüquqları bərpa edilməlidir. Birinci instansiya məhkəməsi məhz mübahisəli əmlakın hazırda kimin adına olması barədə araşdırma aparmadan iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Burada əsas diqqət edilməli məqam odur ki, iddia tələbinin əsaslandırılıb əsaslandırılmamasından asılı olmayaq məhkəmə məhz daşınmaz əmlakın hüquqi vəziyyətini, hazırda kimin mülkiyyətində olmasını və hansı əsasla keçməsini araşdırmalı idi. Lakin iş materiallarından və yekun məhkəmə aktından da göründüyü kimi məhkəmə formal əsaslarla iddia tələbini rədd etməklə belə bir araşdırma aparmağa lüzum görməmişdir. Yuxarıda qeyd etdiyi kimi, məhkəmə sadəcə olaraq işdə olan sənədlərə qiymət verməklə, mübahisəli daşınmaz əmlakın hazırki statusunu araşdırmadan və məhz cavabdehin adına hansı əsasla çıxarışın alınmasını araşdırmadan, bununla bağlı olaraq işin hallarına hüquqi qiymət vermədən qətnamə qəbul etmiş, işin digər hallarını ümumiyyətlə araşdırmamış və qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavaddeh Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 adına olan çıxarışın ləğv edilməsini xahiş etsə də, sonuncunun adına hər hansı çıxarış mövcud deyil.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İşdən görünür ki, iddiaçı ona məxsus daşınmaz əmlakı xx.xx.2021-ci il tarixli müqavilə ilə nəvələri Cavabdeh3 və Cavabdeh4 bağışlamış, daha sonra gəlini ilə münasibətləri korlandıqdan sonra bağışlama müqaviləsini mübahisələndirmiş, lakin iddiası təmin edilməmişdir.
26. Hazırda iddiaçı cavabdeh Mirzəyeva ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə görə cavabdeh X1 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan bəlli olur ki, əslində iddiaçı yaşayış sahəsinin nəvələrinə bağışlaması nəticəsində sonuncuların adına dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi qüvvədə olduğundan hazırkı iddia təmin edilə bilməz. Belə ki, mübahisələndirilən çıxarışın verilməsi, yəni daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 və Cavabdeh4 adlarına aparılmış qeydiyyat üçün əsas sözügedən bağışlama müqaviləsi olmuşdur.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-204/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: