Məhkəmə qərarları › İş №2(103)-3702/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3702/2021

18.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3702/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993- 2020-ci illər üçün ödənilməmiş əmək haqqına görə 362.000 manat, əmək haqqının gecikdirilməsinə görə 79.000 manat və 10.000 manat məbləğində mənəvi zərərin, 1993- 1996-cı illərin istifadə edilməmiş məzuniyyətinə görə ödənclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmış və iddiaçıya müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə isə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Kollegiya sadalanan hüquq normalarına əsasən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı dövlət qulluqçusu olmuş, cavabdeh isə dövlət müəssisəsi olmaqla inzibati orqandır. İddia tələbi inzibati orqandan pul tələbi barədədir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbinin məhkəmədə baxılmalı olmaması səbəbindən iş üzrə icraata xitam verilməsindən ibarət mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Məhəmməd oğlunun şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar