Məhkəmə qərarları › İş №2(103)-3711/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3711/2024

28.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3711/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-248/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər hesablanmış 7.500 manat əmək haqqı, əmək haqqının verilməsinin gecikdirilməsinə görə 1 faizlə hesablanmış 2.250 manat kompensasiya, 7.595 manat məzuniyyət haqqı, 3.000 manat mənəvi zərərin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əmək haqqı kimi 7.500 manat, əmək haqqının gecikdirilməinə görə 2.250 manat, məzuniyyət haqq kimi 1.304,8 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Cavabadeh Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh təşkilatda xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər nəzarətçi, xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilə qədər dəstə rəisi vəifəsində çalışıb. İddiaçı iddia edir ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər hesablanmış 7.500 manat əmək haqqı ona ödənilməyib. Birinci instansiya məhkəməsi 5 aya görə 7.500 manat (5 ay x 1.500 manat) əmək haqqının tutulmasını qət edib. Cavabdeh əmək haqqının verilmədiyini etiraf edib, bunu onunla əsaslandırıb ki, iddiaçı xx.xx.2023-cü ildən etibarən ümumiyyətlə işə gəlməyib, bu səbəbdən ona əmək haqqı hesablanmayıb. Apellyasiya şikayəti də eyni qaydada əsaslandırılıb. İddiaçı isə bildirib ki, həmin dövrdə işə gəlib və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirib. İşçinin işə gəlmədiyini, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini işəgötürən sübut etməlidir, lakin cavabdeh bu barədə sübut təqdim etməyib. Ona görə məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq əmək haqqının verilməsini qət edib. İddiaçı yuxarıda göstərilən müddətdə əmək haqqının verilməsinin gecikdirilməsinə görə 2.250 manat ödənc tələb edir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Əmək haqqının verilməsinin gecikdirilməsində təsqiri olmadığını cavabdeh sübut etməlidir, lakin cavabdeh məhkəməyə bu barədə heç bir sübut təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsini tələb həddində qət edib. İddiaçı istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi tələb edir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/228 nömrəli ekspert rəyinə görə, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab kimi 1.304,80 manat hesablanmalıdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq istifadə edilməmiş məzuniyyətə görə həmin məbləğdə pul əvəzinin verilməsini qət edib. Beləliklə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etəklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellysiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-248/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar