Məhkəmə qərarları › İş №2(103)-3717/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3717/2021

12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3717/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-1585/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşının səhlənkarlığı üzündən qardaşının həlak olması nəticəsində ona vurulmuş mənəvi zərərə görə cavabdeh təşkilatdan onun xeyrinə ******* manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-1585/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə 6000 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilmişdir. Lakin iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilməmişdir. İddiaçı dövlət rüsumu ödəməməsini “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunvericilik ailəni dolandıranın ölümü nəticəsində dəymiş ziyanın ödənilməsi barədə iddialar üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edərkən ailəni dolandıranın ölümü nəticəsində onun himayəsində olmuş şəxslərin maddi vəziyyətini nəzərə almışdır. Buna görə də qanunvericiliyin məqsədləri baxımından ailəni dolandıranın ölümü nəticəsində onun himayəsində olmamış şəxslərə vurulmuş mənəvi zərərə görə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmirlər. İş materiallarından görünür ki, mərhum X1 atasından miras qalmış, hadisə baş verən evdə yaşamış (bax i.v.15), İddiaçı 1987-ci ildə nikaha daxil olmaqla öz ailəsi olmuş (bax i.v.9), onlar ayrı-ayrı ünvanlarda yaşamış, bədbəxt hadisə nəticəsində ölmüş X1 İddiaçı münasibətdə ailəni dolandıran şəxs qismində olmamışdır. Buna görə də İddiaçı apellyasiya şikayəti verərkən müvafiq məbləğdə dövlət rüsumu ödəməli idi. Bundan əlavə, apelyasiya şikayətinin giriş hissəsində şikayət verən şəxsin yaşayış yeri, yaxud olduğu yer qeyd olunmamış, şikayətin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-1585/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar