Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3719/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(005)-1556/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına əldə edilmiş “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunan vəsaitin ½ hissəsinin, yəni 4150 manat məbləğində pul vəsaitinin və “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunan vəsaitin ½ hissəsinin, yəni 16500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 20650 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 27 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki azyaşlı uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyi üçün nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına 2012-ci il buraxılışlı “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını və 2013-cü il tarixli “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşın əldə edilmişdir. 2019-cu ilin iyul və sentyabr aylarında – cavabdehlə faktiki olaraq nikah münasibətlərinə xitam verildikdən sonra cavabdeh hər iki avtomaşını onun razılığı olmadan özgəninkiləşdirmişdir. Onda olan məlumata görə cavabdeh “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşını 33000 manata, “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını isə 8300 manata satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(005)- 1556/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasından əldə edilmiş 7000 manat məbləğində pul vəsaitinin və “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 15000 manat məbləğində pulun ½ hissəsi, yəni 11000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 15 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəticəyə gələrkən, DİN BDYPİ-dən alınmış alğı-satqı müqavilələrində göstərilən qiymətləri əsas götürmüşdür, həmin müqavilələrdə olan məbləğlə razı deyildir, avtomobillər cavabdeh tərəfindən ailə münasibətləri pozulduqdan sonra onun razılığı olmadan satılmış və cavabdeh müqavilələrdə bilərəkdən az məbləğ göstərmişdir. Hər iki avtomobilin dəyəri ilə bağlı mütəxəssis rəyi təqdim etmişdir. Məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilərək, avtomobillərin dəyəri ilə bağlı şübhələr aradan qaldırılmalı idi. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edərək, göstərmişdir ki, onun boşanmaq niyyəti olmamış, iddiaçının təkidi ilə iddia qaldırmışdır. Avtomobillər satılarkən iddiaçı onunla bir yerdə olmuşdur, iddiaçı bilirdi ki, o, maşın almaq üçün Şirkətdən 12000 manat borc almış, 2018-ci ildən sonra borclarını ödəyə bilmədiyinə görə avtomobilləri satıb borcları ödəmişdir. Məhkəmə avtomobillərin iddiaçı ilə boşanmamışdan əvvəl borcların ödənilməsi üçün satıldığını nəzərə almamışdır. Həmin pulun bir hissəsini iddiaçının Türkiyə səfərinə xərcləmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı 27.02.2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5205/2019 saylı 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 08.10.2015-ci il təvəllüdlü X1 və 11.08.2017-ci il təvəllüdlü X2 analarının yanında saxlanılması və Cavabdeh uşaqların saxlanılması üçün alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 28 avqust 2020-ci il tarixli 77037/220 nömrəli məktubdan və məktuba əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüququnu 08.09.2015-ci il tarixdə AC551225 nömrəli şəhadətnamə əsasında, “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşına isə mülkiyyət hüququnu 29.12.2018-ci il tarixdə əldə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir (maddə 32.2.2). Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1). Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (maddə 33.3). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2). Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir (maddə 37.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). İddiaçı hazırda avtomobillərin satışından əldə olunan vəsaitin ½ hissəsinin, ümumilikdə 20650 manat pulun cavabdehdən tutulmasını tələb edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin 11.08.2020-ci il tarixli qiymətləndirmə rəyi ilə “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05.08.2020-ci il tarixə olan analoji bazar dəyəri 26000 manat (təliqə məktubunda isə 30000 manat), “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin analoji bazar dəyəri isə 8000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 28 avqust 2020-ci il tarixli 77037/220 nömrəli məktubundan və məktuba əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh “VAZ 21041” markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını 27 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən 7000 manata, “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşını isə 30 iyul 2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən 15000 manata satmışdır. Birinci instansiya məhkəməsi də alqı-satqı müqavilələrində göstərilən avtomobillərin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinin (ümumilikdə 22000 manatın yarısı, yəni 11000 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. İddiaçı apelyasiya şikayətində avtomobillərin məhkəmə tərəfindən müəyyən edilmiş məbləği ilə razılaşmamışdır. Apelyasiya şikayətinin qeyd edilən dəlilinin araşdırılması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3719/2021 saylı 05.04.2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilmiş və qərardadın icrası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.04.2021-ci il tarixli 14/0488 saylı qiymətləndirmə hesabatı ilə “VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il üçün bazar dəyəri 6700 manat, “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il üçün bazar dəyəri 26000 manat müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, hesab edir ki, “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin məbləğinə aid hissədə məhkəmənin qətnaməsi dəyişdirilməlidir. Kollegiya hesab edir ki, 2013-cü il buraxılışlı “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsində göstərilən məbləğdə (15000 manata) qiymətləndirilməsi real və ağlabatan deyildir, belə ki, həmin məbləğ qeyd olunan avtomobilin real məbləğinə uyğun deyildir və qiymətləndirmə rəyi ilə müəyyən edilmiş avtomobilin satıldığı dövrə məbləği ilə alqı-satqı müqaviləsində göstərilən məbləğ arasında kəskin fərq olması da bu halı sübuta yetirir. Tərəflər 2019-cu ilin iyul ayından birgə təsərrüfat aparmırlar və həmin avtomobil də 30 iyul 2019-cu il tarixdə satılmışdır, belə olan halda Kollegiya hesab edir ki, cavabdeh həmin avtomobilin mümkün bölgüsünü nəzərə alaraq alqı-satqı müqaviləsində avtomobilin dəyərini bilərəkdən az göstərmişdir. Digər avtomobilə aid hissədə isə Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi ilə avtomobil 7000 manata satılmış, qiymətləndirmə rəyi ilə isə 6700 manat müəyyən edilmişdir. Göründüyü kimi, məbləğlər arasında kəskin fərq yoxdur, həmin avtomobilin satışından əldə olunan məbləğin yarısının iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili 19.12.2018-ci il tarixli “X3 Machinery” MMC ilə Cavabdeh arasında bağlanılmış borc müqaviləsini təqdim edərək, göstərmişdir ki, cavabdeh bu müqavilə ilə 12000 manat borc pul götürərək, “Hyundai Azera” markalı avtomobili almış və borcu qaytara bilmədiyi üçün də avtomobili sataraq borcu ödəmişdir. Kollegiya qeyd edilənləri əsaslı hesab etmir, belə ki, həmin müqaviləyə əsasən götürülmüş pulun mübahisəli avtomobilin alınmasına xərclənməsi, eyni zamanda avtomobilin satılaraq borcun qaytarılması işin hallarından müəyyən edilmir, cavabdeh isə bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir, təqdim edilmiş borc müqaviləsi cavabdeh tərəfindən borcun alındığını göstərsə də, borcun alınması həmin pul ilə avtomobilin alınması nəticəsinə gəlməyə əsas vermir. Avtomobilin satılmasından əldə edilən pulun həmin borcun qaytarılmasına sərf edildiyi qənaətinə gəlmək üçün də hər hansı əsas müəyyən edilməmişdir. Odur ki, Kollegiya hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1556/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 26000 manat müəyyən edilsin və Cavabdeh “Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni 13000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3719/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3719/2021
24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver