Məhkəmə qərarları › İş №2(103)-3721/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3721/2024

23.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3721/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: istirahət və iş günü hesab edilməyən bayram günlərinə görə əmək haqqının və əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “istirahət və iş günü hesab edilməyən bayram günlərinə görə əmək haqqının və əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-16/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də (bundan sonra “cavabdeh”) satıcı vəzifəsində çalışmış və xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, həmin əmrə əsasən xx.xx.2021 – xx.xx.2022-ci iş ili üçün 8 (səkkiz) istifadə edilməmiş məzuniyyət gününün hesablanıb ödənilməsi əmr edilmişdir. İddiaçı cavabdeh cəmiyyətdə işlədiyi dövrdə ona ödənilən əmək haqqının məbləği tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavələrə əsasən dəyişdirilmiş və sonuncu dəfə xx.xx.2021-ci il tarixli əlavəyə əsasən 300 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 9/711 nömrəli ekspert rəyinə əsasən X3 xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də işlədiyi müddətdə əlavə olaraq ödənilməli məbləğ, 2011-2012-ci illər üzrə məzuniyyət haqqına görə 72,87 manat, məzuniyyət haqqının hər gecikdirilmiş günə görə 1% cərimə məbləği 2.812,05 manat olmaqla, ümumi 2.884,92 manat təşkil etdiyi müəyyən edilmişri. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 9/9138 nömrəli ekspert rəyinə əsasən İddiaçı Cavabdeh MMC-də işlədiyi 2011-2021-ci illər üzrə əmək məzuniyyətində olduğu halda xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövr ərzində məzuniyyət günlərində işə cəlb olunmasına görə əlavə 2.259,14 manat məbləğində əmək haqqı hesablanmalı və gəlirlər çıxıldıqdan sonra ödənilməli məbləğin 2.089,13 manat olduğu müəyyən edilir. Həmçinin, İddiaçı məzuniyyət günlərində işə cəlb olunmasına görə ödənilməli 2.089,13 manat əlavə əmək haqqının ödənişinin gecikdirildiyinə görə xx.xx.2024-cü il tarixə (ekspert rəyi tərtib edildiyi tarixə) 1 faiz cərimə hesablamaqla 46.118,18 manat məbləğində olduğu müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin cəmiyyətdən 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%-nin tutularaq ona ödənilməsi barədə, həmçinin ekspertiza xərci kimi tərəfindən ödənilmiş 400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh müəssisə ilə bağladığı əmək müqaviləsi əsasında 2011-ci ildən həmin Cəmiyyətdə satış məsləhətçisi və bir müddət interyer dizayner vəzifələrində çalışmışdır. 2022-ci ilin 14 yanvar tarixində öz arzusu ilə könüllü şəkildə xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixdən onu işdən azad etsinlər. Eyni zamanda, onun istifadə etmədiyi qalan məzuniyyətlərini düzgün hesablamalarını və onun almalı olduğu məbləği ona ödəmələrini xahiş etmişdir. O, 11 il orada işlədiyi müddət ərzində ona verilməli olan qanuni məzuniyyətin yalnız 29-30 günündən istifadə edə bilmişdir. Buna baxmayaraq, şirkətdən ona bildirilmişdir ki, onun 11 il ərzində toplanmış məzuniyyət günləri məbləğləri ilə birlikdə sıfırlanmış və uzağı ona ödəsələr son iki ilin məzuniyyət pulunu ödəyəcəklər. Buna narazılığını bildirəndə şirkətin İnsan resursları üzrə şöbəsinin məsul şəxsi Kəmaləddin bildirmişdir ki, onu onlar özləri ildə bir dəfə rəsmi məzuniyyətə çıxardıb işə qaytarmışlar. Lakin onun bu barədə ümumiyyətlə məlumatı olmamış və bütün illər üzrə məzuniyyətsiz çalışmışdır. xx.xx.2022ci il tarixdə "xxxx" MMC-nin baş ofisinə yaxınlaşmışdır ki, əmək kitabçasını alsın. Şirkətin HR-sı Ramilə xanım ona dövriyyə vərəqi təqdim etmişdir. Həmin vərəqədə cəmi 54 gün qalıq məzuniyyət günləri qeyd olunmuşdur. O, etirazını bildirərək 11 il işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanı tələb etmişdir. Lakin şirkətin rəhbərliyindən etirazını rədd etmişlər. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinın Bakı Ərazi İdarəsinə şikayət etmişdir. Orada aparılan araşdırma zamanı məlum olmuşdur ki, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqına əlavələr hesablanmamış və son haqq-hesab olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tam ödənilməmişdir. Qeyd olunanlara əsasən X10 Xidmətinın Bakı Ərazi İdarəsi tərəfindən Cəmiyyətin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin idarə tərəfindən "xxxx" MMC-yə istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrə və istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmamış vəsaitə görə pul əvəzinin ona ödənilməsinin zəruriliyi barədə məktub ünvanlanmışdır. Bütün bunlara baxmayaraq "xxxx" MMC qanunun və inzibati orqanın tələblərinə məhəl qoymadan onun hüquqlarını kobud şəkildə pozmaqla almalı olduğu kompensasiyanı ona ödəmir. Bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırmaq fikrinə düşdüyündən ilk olaraq Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə baş tutan mediasiya prosesində iştirak etməmişdir və bu səbəbdən mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir.

4. Bundan sonra Cavabdeh MMC iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iş rejimi işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində öz əksini tapmışdır. İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işə (işlərə) cəlb olunmayıb. İşəgötürən tərəfindən İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunması ilə bağlı hər hansı əmr (sərəncam, qərar) verilməyib və iddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmayıb. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən gündəlik normal iş vaxtının müddəti, yəni günlük 8 saat, həftədə isə 40 saat iş vaxtı müəyyən edilmişdir. İş vaxtının uçotu işəgötürən tərəfindən 1C kompüter proqramı vasitəsilə aparılır. İş vaxtının uçotunun 1C kompüter proqramından çıxarış işə əlavə edilmişdir. İddiaçı müvafiq iş illəri üzrə əmək məzuniyyəti hüququndan istifadə etmişdir və ona məzuniyyət haqqı tam ödənilmişdir. İddiaçı tərəfindən 2019, 2020 və 2021-ci illərə dair “tabel" təqdim edilibdir. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürənin buna məsul olan aidiyyəti struktur bölməsi (Kadrlar və inzibati işlər şöbəsi) tərəfindən 1C kompüter proqramı vasitəsilə aparılır. Həmin ”tabel” imza edən Mirməhəmməd Hadıyevin işçilərin iş vaxtının uçotunu aparmağa səlahiyyəti və hüququ yoxdur. X6 MMC-də baş satıcı vəzifəsində işləyir, onunla bağlanılmış əmək müqaviləsinin (əmək müqaviləsinin və ona əlavənin surəti əlavə olunur) funksiyalarına əsasən o satıcıların işinə nəzarət etməli, müştərilərə malın vaxtında çatdırılmasına və quraşdırılmasına nəzarət etməli, SƏTƏM qaydalarına riayət etməli, mağazanın işçi heyətinin effektiv işinin təşkili və idarə edilməsi, mağazanın işçi heyətinin işinə nəzarət edilməsi və s. Təqdim edilmiş “tabel”də adı olan Mirməhəmməd Hadıyevin bu kimi sənədləri tərtib edib imzalamaq səlahiyyəti mövcud olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş “tabel”in heç bir əsası yoxdur, şirkətin iş saatının uçotunun aparılmasına dair sənəd hesab edilə bilməz. Bundan əlavə iddiaçı iddia edir ki, guya onun məzuniyyətə çıxması barədə məlumatı olmayıbdır. Məzuniyyətin verilməsi zamanı işçi tərəfindən məzuniyyət qrafiki imzalanır və işçinin bu barədə məlumatı olmuş olur. İddiaçının tələbinin “əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq 4.540 manat pulun ödənilməsi” hissəsində 4.540 manat nəyin əsasında hesablanması göstərilməyibdir. Məcəllədə “əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə” deyil, “əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə” sözü keçir. İddiaçının tələbinin “hər gecikdirilmiş günə görə həmin məbləğin 1% tutularaq ona ödənilməsi” hissəsi iddiaçı tərəfindən açıqlanmamışdır. Tələbin “əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq 4.540 manat pulun ödənilməsi” hissəsində də hər gecikdirilmiş gün üçün 1 (bir) faiz qeyd edilib. Tələbin bu hissəsini başa düşmək olmur, nə tələb olunur anlaşılmır. Bununla belə, iddiaçının qaldırdığı iddia əmək münasibətlərini təşkil edir. Bu nöqteyi-nəzərdən də hətta iddiaçının guya iddia etdiyi kimi olsa belə tələb 5 il üzrə qüvvəsini saxlayır. Belə ki, Mülki Məcəlləyə əsasən öhdəliklərin xitamı üçün müddətlər müəyyən olunub. Həmin Məcəllənin 551.2.3-cü maddəsinin tələblərinə əsasən zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələblər 5 (beş) il keçdikdən sonra qüvvəsini itirir. İddiaçının hazırda qaldırdığı iddia, həmçinin fərdi əmək mübahisəsidir. İddiaçı əgər hüquqlarının pozulması halları davamlı şəkildə olmuşdursa keçən 10-11 il ərzində müvafiq dövlət qurumuna və yaxud məhkəməyə rəsmi müraciət etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir.

5. Bununla yanaşı, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-16/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh MMC-də işlədiyi 2021-2022-ci il dövr ərzində məzuniyyət günlərində işə cəlb olunması ilə bağlı ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 2.308,67 manat, həmçinin bayram və istirahət günlərində işə cəlb olunması ilə bağlı ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 608,56 manat olmaqla, cəmi 2.917,23 manat məbləğində ödənilməmiş əmək haqqının əvəzinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olaraq 200 manatın Cavabdeh MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X12)

7. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMC tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqlarının verilməsi, işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin Cəmiyyətdən 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%nin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh MMC iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək İddiaçı "xxxx" MMC-də işlədiyi müddət ərzində (xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddia etdiyi kimi əmək hüquqlarının pozulması barədə məlumatlı olmuşdursa, nəticə etibarı ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması həmçinin pul və digər əmlak tələbi ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməli idi, bununla bağlı narazılığını "xxxx" MMC-yə və ya səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməli idi. Lakin İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması (həmçinin pul və digər əmlak tələbi) ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməmiş, bununla bağlı narazılığını nə "xxxx" MMC-yə, nə də səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməmişdir. O, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı iddia müddətini ötürdüyü üçün işdən çıxdığı yalnız xx.xx.2022-ci il tarixdən bir il üçün yəni xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün ödənilməyən pul məbləğini tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməldir. Belə ki, iddia tələbi üzrə iddia müddəti tətbiq olunmaqla, yalnız iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün məzuniyyət günlərində işə cəlb olunduğuna görə ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1% cərimə məbləği, bayram və istirahət günləri işə cəlb olunduğuna görə ödənilməyən pul məbləğləri ödənilməlidir.

8. İddiaçıya ödənilməli olan məbləğə aid hissədə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/9138 saylı rəyinin təsviri hissəsinə əsasən 2021-2022-ci il dövr üçün məzuniyyət günlərində işə cəlb olunduğuna görə ödənilməli olan əmək haqqı və əməkhaqqı ödənişinin gecikdirildiyi günlərə görə 1% cərimə məbləği 2.308,67 manat iddiaçıya ödənilməlidir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 08-104/2022 saylı mütəxəssis rəyinin təsviri hissəsinə əsasən İddiaçı 2021-2022-ci illər üzrə əmək haqqı 3.454,48 manat hesablanmış, lakin qeyd olunan dövr ərzində bayram və istirahət günləri işə cəlb olunduğuna görə 3.997,88 manat hesablanmalı idi. Göründüyü kimi, 543,40 manat az hesablanmışdır. Odur ki, 2021-2022-ci illər üzrə bayram və istirahət günləri işə cəlb olunduğuna görə 543,40 manat iddiaçıya ödənilməlidir.

9. Məhkəmə ekspertiza xərclərinə münasibətdə qeyd etmişdir ki, keçirilmiş ekspertiza xərclərinin əvəzi 200 manat, yəni 50+150 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci, 373cü, 375.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü, 135-ci, 143-144-cü, 164-cü, 172-ci, 296-cı, maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz hüquqlarının pozulduğunu yalnız işlədiyi Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar haqq-hesab alarkən müəyyən etmişdir. Haqq-hesab qismində ödənilən vəsaitin miqdarı az olduğundan iddiaçı bununla razılaşmamış, işlədiyi uzun illər ərzində əmək məzuniyyətindən cəmi bir neçə dəfə istifadə etdiyini, istirahət və bayram günlərində də işlədiyini, bu səbəbdən də ona daha çox məbləğdə haqq-hesabın ödənilməsini tələb etmişdir. İşəgötürənin işçinin tələbinin təmin olunmasından imtina etməsi sonuncunun qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərə əl atmasına səbəb olmuşdur. İlkin mərhələdə o X10 Xidmətinə, sonradan isə qeyd edilən normailə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi xx.xx.2021-xx.xx.2022-ci il dövrdən əvvəlki müddət üçün iddiaçının iddia müddətini ötürməsi qənaətinə gəlməklə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsini işin hallarına münasibətdə düzgün tətbiq etməmişdir. Onun iddia müddətini ötürməsi yalnız o halda mümkün olardı ki, o, MMC tərəfindən hüquqlarının pozulduğunu əvvəlki illərdə həqiqətən də bilmiş olsun və bununla bağlı heç bir tədbir görməsin. İş materiallarında onun hüquqlarının pozulduğunu 2022-ciilin yanvarından əvvəl müəyyən etməsinə dair heç bir dəlil mövcud deyil, cavabdeh məhkəməyə təqdim etdiyi etirazda və iddia müddətinin tətbiqinə dair ərizədə iddiaçının hüquqlarının pozulduğunu daha əvvəlki dövrlərdə bildiyini, lakin heç bir şikayət etmədiyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı sübuta yetirə bilməmiş, bununla bağlı heç bir dəlil göstərməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyini sonuncunun istinad etdiyi halı sübut edə bilmədən qəbul etməklə qeyd edilən prosessual normanın tələblərini açıq və kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinin iddia tələbinə dair iddia müddətinin tətbiqi ilə bağlı gəlmiş olduğu nəticə faktiki olaraq işin araşdırılmış, aydınlaşdırılmış və sübuta yetirilmiş halları ilə uyğunsuzluq təşkil edir. İş materiallarında olan əmək müqaviləsindən və digər sənədlərdən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırkı iş üzrə Cavabdeh MMC-də işləmiş, onunla MMC arasında bağlanmış əmək müqaviləsinə öz ərizəsi ilə xx.xx.2022-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasında xitam verilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq o, əmək müqaviləsinə xitam verildiyi gün ona haqq-hesab ödənilməsi həyata keçirilərkən müəyyən etmişdir ki, haqq-hesab kimi ödənilməsi nəzərdə tutulmuş vəsaitin həcmi həddən artıq aşağıdır və onun işlədiyi vaxtdan istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzini əhatə etmir. Bu səbəbdən də o, aşağı miqdarda nəzərdə tutulmuş haqq-hesabı götürməkdən imtina etmiş, həmin gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayətlə müraciət etmişdir. İş materiallarında olan X10 Xidmətinin Bakı Ərazi İdarəsinin məktubundan və həmin İdarənin nümayəndəsi Nümayəndə3 məhkəmə araşdırması zamanı verdiyi izahatından görünür ki, məhz onun şikayəti əsasında onun istirahət və bayram günlərində işə cəlb olunması, əmək haqqında əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətinin pul əvəzinin ödənilməməsi müəyyən edilmiş, bu səbəbdən Cavabdeh MMC-nin vəzifəli şəxsi X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə xx.xx.2022-ci il tarixli inzibati xətaya dair protokol tərtib edilmiş və həmin protokol əsasında İdarə tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin məhkəmə araşdırması zamanı verdiyi məlumatdan görünür ki, qeyd edilən qərar həmin qərar üzrə inzibati xətaya görə təyin edilmiş 1.000 manat həcmində cərimə ödənilməklə icra edilmişdir. Göründüyü kimi, iddiaçı öz istəyi ilə onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi və haqq-hesab aldığı gün, yəni 2022-ci ilin yanvar ayında almalı olduğu haqq-hesabın miqdarının az olmasından irəli gələrək hüquqlarının pozulduğunu aşkar etmiş, hüquqlarının pozulması ilə əlaqədar dərhal X10 Xidmətinə, xx.xx.2022-ci il tarixdə isə, yəni hüquqlarının pozulduğunu aşkar etdiyi gündən hesablanmaqla həmin tarixdən cəmi 5 ay keçdikdən sonra müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə o, Əmək Məcəlləsi ilə pul və digər əmlak tələbi ilə bağlı fərdiəmək mübahisələri üçün nəzərdə tutulmuş 1 illik xüsusi iddia müddətini ötürməmişdir. O, "xxxx" MMC-yə ekspertiza xərci kimi tərəfindən ödənilmiş 400 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi qeyd edilən normanın tələbinə zidd olaraq ödənilmiş məbləği məhkəmə xərci olaraq cavabdehə aid etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizənin məzmuna uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər.

15. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir; 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; 137.2-ci maddəsinə əsasən müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir; 137.3-cü maddəsinə əsasən əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir; 138.1-ci maddəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir; 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur; 140.4-cü maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir; 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 164.1-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, eyni zamanda, qətnamənin cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini, iddiaçı tərəfindən isə təmin edilməyən hissəsində mübahisələndirildiyini nəzərə alıb hesab edir ki, apellyasiya şikayətinin hər hansı formada (tam və ya qismən) təmin edilməsi və bunun nəticəsi olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh cəmiyyətin işçisi olmuş, ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, həmin əmrə əsasən xx.xx.2021 – xx.xx.2022-ci iş ili üçün 8 (səkkiz) istifadə edilməmiş məzuniyyət gününün hesablanıb ödənilməsi əmr edilmişdir. İddiaçı cavabdeh cəmiyyətdə işlədiyi dövrdə ona ödənilən əmək haqqının məbləği tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavələrə əsasən dəyişdirilmiş və xx.xx.2021-ci il tarixli əlavəyə əsasən sonuncu dəfə 300 manat məbləğində müəyyən edilmişdir.

26. Lakin iddiaçı cavabdeh tərəfindən ona ödənilən son haqq-hesab məbləği ilə razılaşmamış, işlədiyi illər üzrə istifadə etmədiyi məzuniyyətin olduğunu, habelə iş günü hesab edilməyən bayram və istirahət günlərində işə cəlb edilyini bildirmiş və istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin və qeyd edilən günlərdə işə görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin cavabdeh belə bir halların baş verməməsinə istinadən iddiaçıya bu məsələ üzrə hər hansı ödəniş etməmişdir.

27. Bununla bağlı iddiaçı cavabdehə qarşı iddia qaldırmış və həmin iddia üzrə cavabdehə qarşı 3 tələb irəli sürür: - istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi; - iş günü hesab edilməyən bayram və istirahət günlərində işə cəlb edilyinə görə əmək haqqının ödənilməsi; - bu məbləğlərin ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin azı bir faizi məbləğində ödəncin tutulması. İddiaçı ilk iki tələbi üzrə ona ödənilməli olan pul vəsaitinin ümumi məbləğinin 4.540 manat olduğunu iddia edir və hər gecikdirilmiş gün üçün məhz bu məbləğin bir faizi məbləğində ödəncin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı əsassız hesab edir, həm də 1 illik iddia müddətinin tətbiq edilməsini tələb edir.

28. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

29. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).

30. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

31. Məhkəmə kollegiyası bu kontekdən çıxış edərək istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyi həm işçiyə konkret iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın, həm də əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini nəzərdə tutmuşdur. Lakin işlədiyi 11 ilə yaxın müddət ərzində iddiaçının hər hansı il üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya tələb etməsi və ya ona bu əsaslarla hər hansı məbləğin ödənilməsi müəyyən edilmir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən (xx.xx.2022-ci il), əvvəlki illər üçün də istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tələb etmişdir. Cavabdeh tərəfindən ödənişin aparılmasından imtina edildikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl 2022-ci ilin aprel ayında mediasiya təşkilatına müraciət etmişdir.

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən əmək mübahisələri üzrə pul iddiaları şəxsin hüququnun pozulduğunu bildiyi gündən 1 il ərzində qaldırıla bilər. Hazırki mübahisə üzrə qeyd edilən tələb də məzuniyyətə görə pulun ödənilməli olduğu gündən 1 il müddət əsas götürülməklə qaldırıla bilərdi. Bu aspektdən çıxış etdikdə, o cümlədən iddiaçı 2022-ci ilin aprel ayında mediasiya təşkilatına müraciət etdiyindən iddiaçı 2022-ci ilin aprel ayınadək həm bu, həm də digər tələbi üzrə hər hansı məbləği və məbləğin ödənilməsinin gecikdirilməsinə görə ödənc tələb edilməsi üçün 1 illik iddia müddətini ötürmüşdür.

33. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi iddiaçının məsələ ilə bağlı mediasiya təşkilatına müraciət edildiyi xx.xx.2021-ci il tarixdən hesablana bilər. Başqa sözlə, ən yaxşı halda, 1 il üçün istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi tələb edilə bilər. Cavabdehin xx.xx.2021-ci il tarixli, K-2103 saylı əmrinə əsasən iddiaçıya xx.xx.2020 - xx.xx.2021-ci iş ili dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 25 təqvim günü (21 gün əsas + 4 gün əlavə əmək stajı) məzuniyyət verilməsinə baxmayaraq, Cavabdeh Babək mağazasının oktyabr 2021-ci il üçün tabelində onun həmin tarixlərdə iş yerində olduğu kimi (cədvəldə “M” hərfi mövcud deyil, “G” hərfi mövcuddur) göstərilməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı qeyd edilən tarixlərdə məzuniyyətdə olmamışdır. Bu da öz növbəsində ona həmin il üçün istifadə etmədiyi əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsini şərtləndirir.

34. Lakin əmək qanunvericiliyinin bu məsələni tənzimləyən yuxarıda göstərilən müddəalarının tələbləri baxımından həmin məbləğ əmək müqaviləsinə xitam verilən gün, yəni xx.xx.2022-ci il tarixdə əmək haqqının 300 manat, məzuniyyət günlərinin sayı isə 25 gün olmaqla aparılmış hesablama üzrə ödənilməli idi. Lakin ödənilməmişdir. Bununla belə, həmin məbləğin verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən xx.xx.2022-ci il tarixdən başlayaraq, hər gecikdirilmiş gün üçün işçiyə bu məqsədlə ödənilməli olan məbləğin azı bir faizi məbləğində ödənc verilməlidir. Birinci instansiya məhkəməsi də ödənci bu tarixdən də artıq tarixə, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9138 saylı rəyinə uyğun olaraq xx.xx.2021-ci il – xx.xx.2024-cü il tarixləri üçün hesablamışdır. Başqa sözlə, tutmalı olduğu məbləğdən də artıq məbləğ tutmuşdur. İddiaçı da hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissəsi ilə razılaşır və həmin hissəsini mübahisələndirmir. Cavabdeh isə ümumiyyətlə mübahisələndirməmişdir. İddiaçı da xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üçün də bu qaydada hesablama aparılıb, pulun və ödəncin tutulmasını tələb edir ki, bu da artıq qeyd edildiyi kimi, iddia müddətinin tətbiqi səbəbindən mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddianın bu hissəsi üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir.

35. Məhkəmə kollegiyası iddianın iddiaçının iş günü hesab edilməyən bayram və istirahət günlərində işə cəlb edilyinə görə əmək haqqının və əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının özünün təqdim etdiyi və mötəbərliyini qəbul etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət ərzində iddiaçıya 3.454,48 manat məbləğində əmək haqqı hesablanmışdır, lakin bayram və istirahət günləri işə cəlb olunmaya görə ona ümumilikdə 3.997,88 manat hesablanmalı, nəticədə 543,40 manat az hesablanmışdır. İddiaçı həmin dövr üzrə bu məbləğlə razılaşır. Birinci instansiya məhkəməsi də bu tələb üzrə də iddia müddəti tədbiq etməklə 2021-2022-ci illər üzrə bayram və istirahət günləri işə cəlb olunduğuna görə 543,40 manat məbləğində pulun iddiaçıya ödənilməli olması qənaətinə gəlmiş və bu məbləğin gecikdirildiyi günlərə görə 1 faiz cərimə məbləği olaraq 608,56 manat məbləğində ödənc hesablamışdır.İddiaçı da qətnamənin bu hissəsi, o cümlədən 2021-2022-ci il tarixləri üçün hesablamış əmək haqqının və ona hesablamış ödəncin məbləği ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı bu hal bir daha dəqiqləşdirilmiş və iddiaçı tərəfin izahatları ilə öz təsdiqini tapmışdır. Sadəcə olaraq iddiaçı birinci instansiya məhkəməsi tərəfindən hesablama aparılmış tarixlərdən əvvəlki dövr üçün də bu qaydada hesablama aparılıb, əmək haqqı və ödəncin tutulmasını tələb edir ki, iddia müddətinin tətbiqi səbəbindən həmin tələbin də hər hansı formada təmin edilməsi mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddianın bu hissəsi üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir.

36. Məhkəmə kollegiyası iddia üzrə tələb edilən 400 manat pul vəsaitinin də cavabdehdən tutulması üçün hər hansı əsas görmür və bu hissədə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-16/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar