Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3728/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı “müqavilənin və sazişin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-xxx/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, etibarnamə əsasında cavabdehlər "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 32 Ui/12 nömrəli ipoteka müqaviləsinin və “xx.xx.2012-ci il tarixli, 32Ui/12 saylı ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2014-cü il tarixli Sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-xxx/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı “müqavilənin və sazişin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadına istinad olunsa da, məhkəmə bu hissədə düzgün olmayan qənaətə gəlmişdir. Nəticədə məhkəmə öz qərardadını hüquqi cəhətdən düzgün əsaslandırmamış, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi baxımından öz qərardadını əsaslandırmamışdır. Nəticədə Konstitusiya ilə ziddiyyət təşkil edən əsassız qərardad cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-xxx/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1743/2023 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadının 54-56-cı bəndlərinə əsasən əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cəmi 131.661,46 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat pulun əvəzinin İddiaçı bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsaitin hesabına İddiaçı banka olan borcunun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən banka olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmeti olan mübahisəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı və Cavabdeh1 çıxarılması” tələbinin təmin edilməməsi hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli mənzilin hərracda ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənzilin ilkin satış qiyməti 165.000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin həmin icraat çərçivəsində ipoteka qeydinin mötəbərliyinə etiraz edilməmiş və bunun nəticəsi olaraq həmin qeydin əsasında duran ipoteka predmetinin etibarlılığı yoxlanılmamışdır. Hazırda isə həmin iş üzrə cavabdeh olmuş İddiaçı qismində mülkiyyətində olan mənzilin onun məlumatı olmadan "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edildiyini iddia edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı “müqavilənin və sazişin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Bu səbəbdən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-xxx/2023 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-xxx/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3728/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3728/2023
30.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver