Məhkəmə qərarları › İş №2(103)-3733/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3733/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3733/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İddiaçı Rza qızının katibliyi ilə, İddiaçı X1, Cavabdeh X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın saxlanması və aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3130/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə, xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri XəzərRayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iki azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Hal-hazırda cavabdeh iki azyaşlı uşağın saxlanmasında ona köməklik etmir. O, tək olaraq uşaqların saxlanmasında çətinlik çəkir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında Cəbrayıl rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 251 sayla qeyd edilməklə nikah bağlanmışdır. Arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən, İddiaçı ilə Cavabdeh birgə nikahlarından iki uşaqları – xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını Cavabdeh İddiaçı sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Uşaq Hüquqları Bəyannaməsinin 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. İşin hallarından müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh rəsmi nikah münasibətlərində olmuş, tərəflərin rəsmi nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alaraq, haqlı olaraq iddianı, tərəflərin birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə ödənilməsini vacib hesab etmişdir. Kollegiya hesab edir ki, 150 manat sabit pul məbləğində alimentin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Belə ki, Cavabdeh hazırkı vaxtda işləməməsi, müalicə alması onun İddiaçı ilə birgə nikahdan olan uşaqlarının saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, Respublika üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunduğundan uşağın mənafeyi əsas götürülməklə tutulmalı aliment məbləği həmin qanuna uyğunlaşdırılmalıdır. Kollegiya iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbini yuxarıda qeyd olunan qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar