Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3748/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X5ə qarşı mülki iş (Açar sözlər: «əmək haqqının və son haqq-hesabın ödənməyən hissəsi olan pulun tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1163/2023 saylı, 09 fevral 2023cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları:
1. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X5in ştat cədvəlində əmək bazarının monitorinqi və təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinin aylıq vəzifə maaşı 600 manat, vəzifə maaşına əlavə 600 manat, aylıq əmək haqqı fondu 1200 manat təşkil edir.
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial müdafiə Məsələləri üzrə Milli Observatoriya X5in xx.xx.2020-ci il tarixli, **********5 saylı əmri ilə İddiaçı Əmək Bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsindən xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı azad edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1729/2021 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X5ə qarşı işə bərpa və pul tələbinə dair iddiası təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2982/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş; mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1729/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin qismən təmin edilərək İddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 **********5 nömrəli, 30 iyun 2020-ci il tarixli əmrinin ləğv edilməsi, o, həmin Şəxsin “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4338/2022 saylı, 10 oktyabr 2022-ci tarixli qərarı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X5 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(001)-2982/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialının xx.xx.2020-ci il tarixli hesabdan çıxarışından müəyyən olunur ki, İddiaçı son əmək haqqını xx.xx.2020-ci il tarixdə almışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X5ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin aprel, may və iyun ayları üzrə ödənilməli olan əmək haqqının, yəni 1800 manatın və həmin aylar üçün son haqq-hesabın ödənməyən hissəsi olan 153,25 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiada göstərilir ki, o, 2003-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə ElmiTədqiqat və Tədris Mərkəzində 17 il ərzində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 480 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı olaraq Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 775 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 95 nömrəli qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Əmək bazarı və Sosial müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi yaradılmışdır. O, xx.xx.2020-ci il tarixdə ƏƏSMN tərəfindən ETTM-dən Observatoriyaya transfer edilmiş və Observatoriyanın Əmək bazarının proqnozlaşdırılması şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Onunla işə qəbul olunan zaman əmək müqaviləsi bağlanmamış, 3 ay işlədiyi dövr pandemiya ilə əlaqədar olaraq sərt karantin rejimi dövrünə təsadüf etdiyindən və Observatoriyanın rəhbərliyi tərəfindən elektron portaldan ona icazə alınmadığı üçün, cəmi 20 gün müddətində işə gedə bilmişdir. xx.xx.2020-ci il tarixdə o, Observatoriyaya çağrılmış və 2 saatlıq icazə mesajı ilə işə getmişdir. Ona işə qəbul zamanı imzalamalı olduğu əmək müqaviləsini 3 ay sonra imzalamalı olduğu bildirilmişdir. Müqaviləni oxumadan imzalamağa məcbur edilmiş və əmək müqaviləsinin bir nüsxəsi də ona verilməmişdir. Əmək müqaviləsi, işdən azad olunma ilə bağlı əmrin surətini və əmək kitabçasını xx.xx.2020-ci ildə, yəni, həmin tarixdən 3 ay sonra Observatoriyadan götürmüşdür. xx.xx.2020-ci il tarixdə o, yenidən işə çağırılaraq onunla əmək müqaviləsinin 3 aylıq müddətə bağlandığı, artıq onunla işləmək istəmədikləri bildirilmiş və heç bir səbəb göstərilmədən qanunsuz olaraq işdən çıxarılmışdır. İşdən azad olunduqdan sonra o, portalda əmək haqqının 1200 manat qeyd olunduğuna baxmayaraq ona 600 manat əmək haqqı verilməsini aşkar etmişdir. Daha sonra o, özü ilə eyni gündə işdən azad olunmuş 11 işçi ilə birlikdə cənab nazir Sahil Babayevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məktubla müraciət etmişdir. Observatoriyanın xx.xx.2020-ci il tarixli **********5 nömrəli əmri və əmək haqqının natamam ödənilməsi, son haqq-hesabın düzgün hesablanmaması və gecikdirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Cavabdeh şəxs tərəfindən 2020-ci ilin aprel, may, iyun ayları üzrə hər ay 600 manat olmaqla, cəmi 1800 manat əmək haqqı ona verilməmişdir. Hesab edir ki, cavabdeh onu işə cəlb edib əmək haqqını tam ödəmədiyinə görə maddi məsuliyyətə cəlb edilməli, ödənilməmiş əmək haqqı birdəfəlik ödəniş formasında cavabdehdən tutulmalı və ona ödənilməlidir. Son haqq-hesaba düşən 7,5 gün, 1 günə düşən məbləğ 39,48 manat, cəmi hesablanmış son haqq-hesab 296,1 manat hesablanmalı və işdən çıxdığı gün hesabına köçürülməli idi. Lakin onun son haqq-hesabı cavabdeh tərəfindən 600 manata uyğun hesablanaraq xx.xx.2020-ci il tarixdə, yəni 62 gün gecikdirilərək yarı hissəsi, yəni 142,85 manat verilmişdir. xx.xx.2020-ci ildə işdən azad edilsə də, həmin gün ona əmrin surəti, son haqq-hesabı, əmək kitabçası verilməmişdir. Əmək müqaviləsi isə ona ümumiyyətlə verilməmişdir. Əmək kitabçasını o, 3 aydan sonra, yəni xx.xx.2020-ci il tarixdə, işdən çıxması barədə əmrin surətini xx.xx.2022-ci il tarixdə, son haqq-hesabını isə xx.xx.2020-ci il tarixdə almışdır. Qanunsuz olaraq işdən azad edildikdən sonra o, məhkəməyə müraciət etmiş, iki il yarımdan sonrakı müddət ərzində məhkəmə çəkişmələrindən sonra iddiası təmin edilmiş və o, işə bərpa olunmuşdur. Hazırda icra mərləsində cavabdeh ona məcburi işburaxmaya görə əmək haqqını 1200 manat deyil, hər ay üçün 600 manat olmaqla hesablamaq istəyir. Hazırkı iddia ərizəsi ilə o, məhkəməyə müraciət edərək əmək haqqının 1200 manat olmasının təsdiq edilməsini istəyir. Vaxtında məhkəməyə müraciət etməməsinin səbəblərindən biri də səhhətində olan problemlər olmuşdur. Bu səbəbdən onun müddəti ötürməsi üzürlü hesab edilməlidir. Ona görə də 2020-ci ilin aprel, may və iyun ayları üzrə ödənilməli olan əmək haqqının, yəni 1800 manatın və həmin aylar üçün son haqq-hesabın ödənməyən hissəsi 153,25 manat məbləğində pulun cavabdeh Əmək bazarı və Sosial müdafiə Məsələləri üzrə Milli Observatoriya X5dən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1163/2023 saylı, 09 fevral 2023cü il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin aylıq vəzifə maaşının ştat cəvəlinə uyğun müəyyən ediləcəyi göstərilsə də, işəgötürən əmək münasibətləri elektron informasiya sisteminə daxil etdiyi məlumata əsasən işiçinin əmək haqqının 1200 manat olduğunu qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının vəzifə maaşının ştat cədvəlinə əsasən 600 manat olmasını, 600 manatın isə əmək haqqına əlavə olmasını, əmək münasibətləri elektron informasiya sisteminə işçinin əmək haqqının 1200 manat göstərilməsinin səbəbinin isə həmin məbləğ ödəniləcəyi halda vergilər hesablanarkən çaşqınlıq yaranmaması üçün qeyd edildiyini bildirsə də, məhkəmə cavabdehin etirazında istinad etdiyi bu halı əsassız hesab edir. Belə ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşəgötürənin ştat cədvəlindən də müəyyən olunur ki, işçinin vəzifə maaşına 600 manat əlavə edildikdən sonra onun əmək haqqı 1200 manat təşkil edir bu məlumatı da işəgötürən işçinin əmək haqqı olaraq əmək münasibətləri elektron informasiya sisteminə daxil etmişdir. Məhkəmə iddiaçının iddia tələblərinin iddia müddətini ötürməsi səbəbindən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə, son haqq-hesabını isə xx.xx.2020-ci il tarixdə almış, işə bərpa tələbi ilə məhkəməyə müraciət etdiyi halda işlədiyi müddətdə əmək haqqının natamam ödənilməsi barədə iddia ərizəsi ilə iki ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib iddia müddətinin üzrlü səbəblərdən buraxmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməyən iddiaçının iddia müddətini ötürməsi səbəbindən iddia ərizəsinin təmin edilməsini qeyrimümkün hesab etmişdir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
11. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.
12. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, haqsız olaraq işdən azad olunmağı, məhkəmə proseslərində çəkdiyi sarsıntılar səhhətində ciddi problemlər yaratdı və xərçəng xəstəliyindən müalicə almağa başladı. Ona görə də, adıçəkilən iddia üzrə həmin vaxt məhkəməyə müraciət edə bilmədi. Uzun müalicələrin heç bir nəticəsi olmadığı üçün əməliyyata göstəriş verildi. Beləliklə, 18 noyabr 2022-ci ildə Milli Onkologiya Mərkəzinin cərrahiyə bölməsinə yerləşdirildi. 23 noyabr tarixində sağ böyrəyin xərçəngi, sağ tərəfli laparoskopik radikal nefrektomiya diaqnozu ilə əməliyyat olundu (epiqriz əlavə olunur). Əmək Məcəlləsinin 296-cı maddəsində 6-cı bəndində qeyd edilir ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər”. Göründüyü kimi, qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Belə olan halda, iddiaçının ilk dəfə irəli sürdüyü tələblərin yuxarı instansiya məhkəmələri tərəfindən iddia tələbindən kənara çıxmaqla təmin edilməsi ehtimalı istisna edilmədiyindən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. Hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla mübahisə olduğundan, həmin müddətdə məhkəmə prosesləri davam etdiyinə və səhhətində yaranan problemlərlə əlaqədar olaraq məhkəməyə gec müraciət etmişdir. Eyni zamanda, əmək müqaviləsini və işdən çıxma barədə əmrin surətini xx.xx.2022-ci il tarixində Observatoriyaya rəsmi məktubla müraciət etdikdən sonra əldə etmişdir.
13. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla İddiaçı iddiasının iddia müddətinin tətbiqi ilə yanaşı, həm də iddia tələbinin mahiyyəti üzrə əsaslarla təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edərək göstərir ki, tərəflər arasındakı əmək müqaviləsinin istinad olunan müddəasından göründüyü kimi tərəflər arasında bununla bağlı hər hansı konkret məbləğ razılaşdırılmamış, sadəcə olaraq işəgötürən müqavilədə əmək haqqı qismində İddiaçı məhz ştat cədvəlinə uyğun olaraq müəyyən edilən aylıq vəzifə maaşını ödəmək öhdəliyi götürmüşdür. Başqa sözlə, tərəflər arasında bağlanmış istinad olunan əmək müqaviləsindən görünür ki, işəgötürənin müqavilənin məbləği (aylıq əmək haqqı) ilə bağlı imperativ öhdəliyi yalnız ştat cədvəli üzrə aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 mart 2020-ci il tarixli **********2 saylı əmrinə əsasən X1 təsdiq olunmuşdur. Həmin ştat cədvəlinə əsasən, İddiaçı işlədiyi ştat vahidi, yəni Əmək bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə müəyyən edilmiş aylıq vəzifə maaşı 600 manat məbləğdən ibarət olmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin əmək haqqı ilə bağlı müddəasının blanket dispozisiyasında qurumun ştat cədvəlinə istinad olunmuş, cavabdehin həmin əmək müqaviləsi üzrə imperativ öhdəliyi aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur ki, həmin məbləğ 600 manat təşkil etmişdir. Məsələ burasındadır ki, ştat cədvəlində aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin və aylıq əmək haqqı fondunun ödənildiyi halda mümkün maksimal məbləği də göstərilmiş, lakin aylıq vəzifə maaşına əlavələr tərəflər arasındakı Əmək müqaviləsinin istinad olunan əmək haqqının məbləğini müəyyən edən 4.1-ci bəndindən göründüyü kimi, işəgötürənin imperativ öhdəliyi olmamış, işəgötürən müqavilə üzrə həmin məbləğlərin mütləq şəkildə ödənilməsi öhdəliyi daşımamışdır. Başqa sözlə, işəgötürənin işçi qarşısında iddiaçıya aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin ödənilməsi kimi müqavilə öhdəliyi mövcud olmamış, ştat cədvəlində müəyyən edilmiş aylıq vəzifə maaşına əlavələr dispozitiv xarakter daşımışdır. İddiaçının istinad etdiyi və məhkəmənin əsassız olaraq qətnamənin əsaslandırıcı hissəsində rəhbər tutduğu “X2”nda əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə işçinin aylıq əmək haqqının məbləği qrafasında sadəcə olaraq ştat cədvəlinə uyğun olaraq işçinin işlədiyi ştat vahidi üzrə mümkün aylıq əmək haqqı fondunun ümumi məbləği, yəni aylıq vəzifə maaşı ilə yanaşı, vəzifə maaşına əlavələrin mümkün maksimal həddinin cəmi göstərilmişdir ki, həmin əlavələr qurumun maliyyə vəziyyətinə uyğun olaraq perspektivdə işçiyə ödənildiyi halda mümkün vergi, mühasibatlıq, statistik və s. hesabatlılıqda çaşqınlıq yaranmasın. Başqa sözlə, iddiaçı tərəfindən istinad olunan əmək müqaviləsi bildirişində işəgötürənin işçi qarşısında maliyyə öhdəliyi deyil, ümumilikdə ştat vahidi üzrə əmək haqqı fondunun cəmi məbləği göstərilmiş, ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşı hissəsi tərəflər arasındakı əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən, işəgötürənin işçi qarşısında imperativ öhdəliyi olmuş, vəzifə maaşına əlavələrin verilməsi isə qurumun maliyyə vəziyyətindən asılı olaraq onun səlahiyyəti dairəsində olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olundu.
14. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı verdiyi yazılı etirazında göstərir ki, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan formada hazırlanıb. Həmçinin əmək müqaviləsinin bir nüsxəsi ona verilməmişdir. Əmək müqaviləsinin surətini məhkəmə prosesləri zamanı əldə etmişdir. Əldə etdikdən sonra da ona məlum olmuşdur ki, əmək müqaviləsində heç bir məbləğ göstərilməyib. “X3”nda əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək haqqı məbləği 1200 manat göstərildiyi halda, ona 3 aylıq əmək haqqı 600 manatdan, cəmi 1800 manat ödənilmiş və son haqq-hesab da bu məbləğ üzərindən hesablanaraq aparılmışdır.
15. Cavabdeh tərəfindən isə iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 7.
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 42 (1-ci bəndi). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44 (1-ci hissə). Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 46 (1-ci bəndi). Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 46 (6-cı hissə). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 49 (1-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. İddiaçının apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilməsə də, qətnamənin əsaslandırıcı hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
27. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsada, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da iddia müddəti keçdiyindən birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
28. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, iddia müddəti ötürüldüyündən iddia haqlı sayıla bilməzdi.
29. İddiaçı şikayətində səhhətində yaranmış problemlərlə əlaqədar məhkəməyə vaxtında müraciət etmədiyini qeyd etsə də bu dəlillər işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təkzib olunur. Çünki, iddiaçı qeyd olunan dövrdə işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi ilə bağlı onsuzda məhkəməyə müraciət etmişdi və uzun müddət məhkəmə çəkişmələrində iştirak etmişdir. Yəni, hazırki iddianı həmin iddia ilə birlikdə verməsinə ona maneə yox idi. Əlbətdə ki, hazırki iddianın sonradan irəli sürülməsində məqsəd iddiaçının işdən azad edildiyi vaxtadək cavabdeh qurumdan almalı olduğu əmək haqqının cəmi məbləğinin məhkəmə aktı ilə təsbit edilməsinə nail olmaqdan ibarət olmuşdur. İddia rədd edilsə də birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində bu məsələyə münasibət bildirmişdi. Ona görə də Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin bərpasına da əsas və zərurət yaranmamışdır. 30.Cavabdeh şikayətində iddianın iddia müddətinin tətbiqi ilə yanaşı, həm də iddia tələbinin mahiyyəti üzrə əsaslarla təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etsə də bu əsaslı mövqe sayılmır. Çünki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin aylıq vəzifə maaşının ştat cəvəlinə uyğun müəyyən ediləcəyi göstərilsə də, işəgötürən əmək münasibətləri elektron informasiya sisteminə daxil etdiyi məlumata əsasən işiçinin əmək haqqının 1200 manat olduğunu qeyd etmişdir. Cavabdeh tərəf vəzifə maaşının ştat cədvəlinə əsasən 600 manat olmasını, 600 manatın isə əmək haqqına əlavə olmasını, əmək münasibətləri elektron informasiya sisteminə işçinin əmək haqqının 1200 manat göstərilməsinin səbəbinin həmin məbləğ ödəniləcəyi halda vergilər hesablanarkən çaşqınlıq yaranmaması üçün qeyd edildiyini bildirsə də, iddiaya bu cür etiraz əsaslı sayıla bilməz. Çünki, əmək haqqının anlayışı Əmək Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin normada əmək haqqına edilən əlavələr, mükafatlar və digər ödənclərin əmək haqqının tərkibinə daxil olduğu konkret göstərilmişdir. Ona görə də cavabdeh iddiaçının əmək haqqına 600 manat əlavə ödəmək öhdəliyi götürməmişdirsə yaxud bu cür öhdəliyi götürmək istəmirdisə elektron informasiya sisteminə onun əmək haqqının 1200 manat olacağını qeyd etməyə bilərdi.
31. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1163/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1163/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.