Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3750/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiası, cavabdehin iddiaçıya qarşı “uşaq tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və nümayəndəsi (anası) X5, habelə cavabdehin özünün və nümayəndələri (atası) X4, (vəkili) X1 iştirakları ilə, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, övladları xx.xx.2014-cü il təvəllüdlü Cahid və xx.xx.2015-ci il təvəllüdlü Əbdülün yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan xx.xx.2013-cü il tarixdə faktiki olaraq ailə qurub ər-arvad münasibətinə daxil olmuşlar. Həmin vaxt cavabdehlə faktiki olaraq ailə quranda şəxsiyyət vəsiqəsinin olmamasını bəhanə gətirərək bildirmişdir ki, şəxsiyyət vəsiqəsini alandan sonra nikahlarını rəsmiləşdirərlər. Ailə qurandan sonra bir neçə dəfə nikahlarının rəsmiləşdirilməsini cavabdehdən xahiş edəndə, cavabdeh hirslənərək iddiaçını söyüb təhqir etməyə başlamışdır. Sonradan cavabdeh iddiaçıya qarşı daha amansız olmuş, heç bir əsas olmadan iddiaçını mütəmadi olaraq döymüşdür. İddiaçı uşaqların xətrinə ailənin dağılmaması üçün döyülməsi barədə polisə müraciət etməmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh heç bir əsas olmadan, iddiaçını döymüş, qəflətən iddiaçının başına güclü zərbə endirmişdir. Bunun nəticəsində iddiaçı xəsarət almış və bir neçə gün ərzində xəstəxanada koma vəziyyətində qalmışdır. Bu hadisədən sonra iddiaçı İ qrup əlil olsa da, yenə də ailənin dağılmaması üçün bu barədə polisə müraciət etməmişdir. İddiaçı uzun müddət müalicə olunmuşdur. Müalicə xərclərini iddiaçının valideynləri tərəfindən ödənilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı yaşadığı mənzildə baldızı Nuranə Qasımova tərəfindən döyülmüş və ona qarşı edilmiş fiziki və mənəvi təsirlər nəticəsində uşaqları ilə birlikdə valideynlərinin yanına getmiş və hazırda iki uşaqla birlikdə valideynlərinin yanında yaşayır. İddiaçı işləməsə də, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi köməklik etmir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında Rayon Məhkəməsində mülki iş başlanmışdır. Bundan sonra cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ilə Rayon Məhkəməsinə müraciət edərək, hər 2 övladının iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə və cavabdehin ailə üzvlərinə qarşı olduqca şər-böhtan xarakterli sözlərdən istifadə etmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, guya onlar tərəfindən iddiaçıya aqressiv hərəkətlər edilmişdir və heç bir əsas olmadan qəflətən onun baş beyin nahiyəsinə zərbə vurmuşdur. Cavabdeh bildirir ki, əgər iddiaçı bu kimi zərbə nəticəsində komaya düşsə idi xəstəxana bu halı mütləq qeydiyyata alardı və hazırda iddiaçı həmin qeydiyyat barədə arayışı məhkəməyə maddi sübut kimi təqdim edərdi. İddiaçı doğurdan da İ dərəcəli əlildir. Ancaq bu əlillik dərəcəsi onu vurması nəticəsində deyil, iddiaçının anadangəlmə baş nahiyəsində müəyyən müddətə tədricən baş vermiş proseslər nəticəsində əmələ gəlmiş fəsadlardır. İddiaçının beynində anadangəlmə xəstəlik var və məhz bu xəstəlik nəticəsində komaya düşmüşdür. Buna baxmayaraq iddiaçı bəyan etmişdir ki, komaya onlar tərəfindən döyüldüyünə görə düşmüşdür. İddiaçının keçirdiyi xəstəliyə dair kifayət qədər həkim epikrizləri var və həmin epikrizlərdə iddiaçının xəstəliyinin səbəbi qeyd olunur. Onun bu vəziyyəti azyaşlı uşaqlarına kifayət qədər yaxşı baxmaq məhdudiyyəti yaratdığını hesab edir. Ona görə ki, iddiaçı keçirdiyi xəstəliyi ilə əlaqədar olaraq öz ehtiyaclarını tam qarşılayacaq dərəcədə yetərli deyildir. İddiaçı səhhətində olan problemlər səbəbindən uşaqlara baxa bilmir. Buna görə də, uşaqlar iddiaçıdan alınaraq cavabdehə verilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə qarşılıqlı iddianın rədd edilməsini, ilk iddianın isə qismən təmin edilməsini, hər 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, uşaqların sağlamlıq imkanları məhdud ananın himayəsində saxlanması uşaqların mənafeyinə uyğun deyil. İşə baxan Rayon Məhkəməsi isə bu halı nəzərə almamışdır. İşə Rayon Məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Nevrocərrahlıq Xəstəxanasına və Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinə sorğu verilməsi barədə, həmçinin psixoloji ekspertiza təyin olunması barədə vəsatət vermişdir. Ancaq Rayon Məhkəməsi vəsatətə qiymət verməmişdir. Cavabdehin özü və nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə qarşılıqlı iddian ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apellyasiya şikayətinə uyğun izahat verərək, bildirdi ki, Əmək və X16 Nazirliyi yanında X22 iddiaçının anasına 50 manat məbləğində sosial müavinət ödəyir. Ola bilsin ki, həmin müavinət iddiaçının anasının qəyyumluğunda olmasına görə ödənilsin. Əgər iddiaçı anasının qəyyumluğundadırsa deməli iddiaçının özünün elə başqasının köməyinə ehtiyacı var. Başqasının köməyinə ehtiyacı olan şəxsin isə uşaqlara qulluq edə bilməsi mümkün deyil. 50 manat məbləğində pulun iddiaçının anasına hansı əsaslarla ödənilməsi ilə bağlı X19 müraciət etsə də, ona cavab verilməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (anası) apellyasiya şikayətinin dəlillərini dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qarşılıqlı iddianın rədd edilməsi barədə hissəsinin əsaslarına uyğun izahat verdilər. İddiaçının nümayəndəsi (anası) bildirdi ki, həqiqətən də ona 50 manat məbləğində pul ödənilir. Lakin həmin pulun hansı əsaslarla ödənilməsi barədə məlumatı yoxdur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, ilk iddia qismən təmin olunsa da iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə qətnamənin ilk iddianın bir qisminin təmin olunmaması barədə hissəsinin əsaslılığını yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə veriliş AZ-İ seriyalı, 361966 saylı “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin” surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X6 atasıdır. Həmin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-T seriyalı, 082572 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X14 xx.xx.2014cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. Həmin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə veriliş AZ-İ seriyalı, 361967 saylı “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin” surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X7 atasıdır. Həmin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-T seriyalı, 082573 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X15 xx.xx.2015ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. Əmək və X12 Nazirliyi TSEK-də sonuncu müayinəyə dair məlumatda İddiaçı kəllədaxili qansızmanın nəticələri, beyin kötüyündə keçirilmiş qansızmanın qalıq əlamətləri, beyin kötüyünün kavernoz angiomasının və hematomanın çıxarılmasında sağ tərəfli ventrikuloperitoneal şuntlama əməliyyatından sonrakı vəziyyət, ataktik yeriş süst hemiplegiya, sol tərəfli hemiplegiya. Özünə xidmət zamanı köməyə ehtiyac var. Görmə sinirinin və görmə yollarının digər xəstəlikləri, görmə sinirinin 2-ci atrofiyası. Astiqmatizm OU mürəkkəb miopik astiqmatizm vizOD=0.03 k/ilə vizOS=0.05 k/ilə. Üz sinirinin zədələnməsi, üz sinirinin sağ tərəfli parezi diaqnozu qoyulmuşdur. Həmin məlumatda onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə birinci dərəcəli əlil olması müəyyən edilmişdir. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyanın iş üzrə verdiyi PR-1872 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, komissiya yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 azyaşlı olması faktını nəzərə alaraq azyaşlıların anaları İddiaçı himayəsində qalmalarını məqsədəuyğun hesab etmişdir. Qeyd edilənlərə əsasən Rayon Məhkəməsi müəyyən etmişdir ki, iddiaçının (ananın) uşaqların tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum deyil. İddiaçının İ qrup əlil olması isə uşaqların onun yanında saxlanmasına əngəl yarada biləcək hal deyil. İşin müəyyən olunmuş bu halını, habelə uşaqların mənafeyini, onların mənəvi, psixi və fiziki inkişafına təsir göstərən amilləri, uşaqların hazırki yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olduğunu nəzərə alan Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının yanında yaşayan uşaqların ondan alınıb cavabdehə verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, işə baxmış Rayon Məhkəməsi uşaqlarla bağlı məsələni iddiaçının sağlamlıq imkanlarını, iddiaçının qəyyumluqda olubolmamasını araşdırmadan həll etmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Nevrocərrahlıq Xəstəxanasına və Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinə sorğu verilməsi barədə vəsatət vermişdir. Ancaq Rayon Məhkəməsi vəsatətə qiymət verməmişdir. Apellyasiya şikayətinin bu dəlilini nəzərə alan Məhkəmə, Azərbaycan Respublikası Nevrocərrahlıq Xəstəxanasına və Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinə sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X17 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavabdeh məktubundan görünür ki, X8 (iddiaçının anasına) 50 manat məbləğində müavinət İ qrup əlilliyi olan şəxsə qulluğa görə ödənilir. Azərbaycan Respublikası Nevrocərrahlıq Xəstəxanasının xx.xx.2020-ci il tarixli cavabdeh məktubundan görünür ki, (iddiaçı) İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Respublika Neyrocərrahiyyə Xəstəxanasında Okkluzion hidrosefaliya diaqnozla stasionar müalicədə olmuş, xx.xx.2017-ci il tarixdə həkim-neyrocərrah B.E.Eyvazov tərəfindən “Ventrikulo-peritoneal şuntlama” cərrahi əməliyyatı icra edilmişdir. Beləliklə, Məhkəmə, Azərbaycan Respublikası Nevrocərrahlıq Xəstəxanasının xx.xx.2020-ci il tarixli cavabdeh məktubunu qiymətləndirərək, qeyd edir ki, həmin məktub ilə müəyyən olunur ki, iddiaçı əvvəllər psixi xəstəliklərdən müalicə almamış, xx.xx.2017-ci il tarixədək “okkluzion hidrosefaliya” diaqnozla stasionar müalicədə olmuşdur və hazırda həmin xəstəxanada müalicədə deyil. Məhkəmə hesab edir ki, iddiaçının psixoloji vəziyyətinin normal olmaması ilə bağlı şübhələr olmadığı üçün məhkəmə-psixoloji ekspertizanın təyin olunmasına da ehtiyac yoxdur. Bununla da, apellyasiya araşdırması zamanı müəyyən olunur ki, iddiaçının psixi və psixoloji vəziyyəti normaldır. Hər bir halda cavabdeh tərəf bunun əksini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. İddiaçı keçirdiyi xəstəliklər nəticəsində yalnız İ qrup əlillik dərəcəsi almışdır. Hazırda ona anası qulluq edir. 50 manat müavinət də iddiaçının anasına iddiaçıya qulluğa görə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı İ qrup əlil olsa da, bu hal uşaqlarının qayğısına qalmağa, onların təlim-tərbiyəsi ilə məşğul olmağa mane olan hal deyil. Belə ki, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli müayinə aktından görünür ki, İddiaçı hal-hazırda yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 22 ünvanı müayinə olunmuş, onun ailə mənzil şəraitinə baxış keçirmişdir. Aydın olmuşdur ki, İddiaçı qeyd olunan ünvanda azyaşlı övladları və ailə üzvləri ilə birlikdə 1 mərtəbəli həyət evində yaşayırlar. Yaşadıqları mənzil 3 yaşayış otağı, və köməkçi sahələrdən ibarətdir. Otaqların təmiri orta vəziyyətdə olub yaşayış üçün tam yararlıdır. Kommunal şəraitləri var. Su işıq və qaz daimidir. Mənzil mebel və digər məişət əşyaları ilə təmin olunmuşdur. Mənzilin mülkiyyət hüququ iddiaçının atası X3 məxsusdur. İddiaçı ailə üzvləri onun öz uşaqları ilə birlikdə göstərilən ünvanda yaşamalarına etiraz etmirlər. Eyni zamanda torpaqyanı sahələrində iddiaçının ailə üzvləri tərəfindən onun üçün 2 otaqdan ibarət yeni 1 mərtəbəli yaşayış evi inşa edilir. Binanın da işi tamamlanmış, dam örtüyü qoyulmuşdur. İddiaçı yaşadığı ərazidə qonşuları tərəfindən müsbət xarakterizə olunur. Psixoloji durumu normaldır. İddiaçı bildirdiyinə görə onun müalicəsi davam etdirilir. Hər iki azyaşlı övladı hal-hazırda onun himayəsində yaşayırlar. X2 və X10 göstərilən ünvanda sağlam ailə şəraitində böyümələri üçün şərait qənaətbəxşdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən Komissiyası nümayəndələri iddiaçının həyat şəraitini müayinə edərkən, onun İ qrup əlil olmasının uşaqların mənafeyinə mənfi təsir etməsinə dair heç bir hal aşkar etməmişlər. Uşaqlar uzun müddətdir ki, anasının yanımdadır, nənəsi və digər qohumları da onların qayğısına qalırlar. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, uşaqların iddiaçı (anaları) ilə yaşamalarının onların mənafeyinə zidd olması təsdiq olunmur. Rayon Məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3750/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3750/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver