Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3758/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Səbuhi Paşayevin, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə yol nəqliyyat-hadisəsi nəticəsində vurulbuş zərərlə bağlıdır. Hadisə 27.10.2010-cu il tarxdə baş verib və 2 avtomobil toqquşub: 1) “X1-S” markalı, **-RO-*** nişanlı avtomobil; 2) “BMW-525” markalı, **-XN-*** nişanlı avtomobil. Hadisə nəticəsində hər 2 avtomobil zədələnib. Hadisə cavabdehin – 2-ci avtomobli etibarnamə əsasında idarə edən sürücünün təqsiri üzündən baş verib. 1-ci avtomobilə dair iddiaçı (sığortaçı) ilə həmin avtomobilin mülkiyyətçisi arasında “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” müqaviləsi mövcud olub. İddiaçı 1-ci avtomobilin sahibinə zərərin əvəzi kimi 7.980 manat sığorta ödənişi verib. Bundan sonra iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, 7.980 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 6.230 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə həmçinin məhkəmə xərclərinin – dövlət rüsumunun əvəzi kimi 30 manat və ekspertiza tədqiqatının dəyəri kimi 150 manat pulun cavabdehdən tutulması qət edilib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Məcəllənin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Zərərin miqdarı barədə 2 hüquq şəxs - “xxxx” MMC və “xxxx” MMC tərəfindən akt verilib. “xxxx” MMC tərəfindən verilmiş 12.11.2010-cu il tarixli aktda zərərin məbləğinin 7.520 manat olduğu müəyyən edilib (iş v. 12). “xxxx” MMC tərəfindən verilmiş tarixsiz aktda zərərin əvəzi kimi əlavə olaraq 460 manat xərc tələb olunuğu müəyyən edilib (iş v. 14). Göstərilən məbləğlərin cəmi 7.980 manat təşkil edir. İddia ərizəsində bu məbləğ tələb olunub. Həmin aktlar əsaslandırılmayıb. Bundan başqa, avtomobilin hadisədən sonrakı görüntülərini əks etdirən foto və ya videoçəkiliş yoxdur. İddiaçı bu aktlara əsaslanaraq 7.980 manat sığorta ödənişi verib və 10 il keçdikdən sonra həmin aktlara istinad edərək cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürüb. Ona görə də cavabdeh haqlıdır ki, iddia ərizəsində göstərilən məbləğin əsaslandırılmasını iddiaçıdan tələb etsin. Əgər iddiaçı zərərin məbləğini əsaslandırmadan faydalanan şəxsə sığorta ödənişi veribsə, bu, iddiaçıya əsas vermir ki, zərərin məbləğini əsaslandırmadan cavabdehdən sığorta ödənişinin həddində zərərin əvəzini tələb etsin. Mülki Məcəllənin 936.2-ci maddəsindən görünür ki, sığortaçıya faydalanan şəxsin zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüququ keçir. Ona görə də faydalanan şəxsin hansı məbləğdə pul tələb etmək hüququ varsa, sığortaçıya da həmin məbləğdə (sığorta ödənişinin məbləğini aşmamaq şərtilə) pul tələb etmək hüququ keçir. Bu baxımdan hazırkı iddia o halda tam təmin oluna bilər ki, faydalanan şəxsin 7.980 manat tələb etmək hüququnun olduğu mötəbər sübutlarla müəyyən edilsin. Lakin belə sübutlar yoxdur. Sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məbləğini müəyyən edərkən mötəbər sübutlardan istifadə etməlidir ki, sonradan subroqasiya qaydasında zərərin əvəzini tələb edə bilsin. İddiaçı özü özünü bu imkandan məhrum etmiş, sığorta ödənişi verənə qədər zərərin məbləği barədə mötəbər sübutlar əldə etməmişdir. Ona görə də zərərin məbləği müəyyən edilərkən cavabdeh tərəfindən etiraf olunan məbləğ əsas götürülməlidir. Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh apellyasiya icraatı zamanı ərizə verərək zərərin 450 manat təşkil etdiyini etiraf edib. Beləliklə, qətnamə ləğv edilməli, iddia qismən təmin edilərək 450 manat subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində icraat zamanı “xxxx” MMC tərəfindən zərərin məbləği barədə hesabat verilsə də, bu hesabat formaldır, hesabatın məzmununda yuxarda qeyd olunan aktlara istinad olunub və hər hansı əsaslandırma aparılmayıb. Ona görə də hesabatla bağlı xərcin əvəzi tutulmalı deyil. İddia ərzəsinin verilməsinə görə iddiaçı tərəfindən, apellyasiya şikayətinin verilməsinə görə isə cavabdeh tərəfindən dövlət rüsumu ödənilib. İddia ərizəsi və apellyasiya şikayəti qismən təmin olunduğuna görə hər bir tərəfin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat pul alınaraq “xxxx” ASC-yə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3758/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3758/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver