Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-376/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iş üzrə Açar sözlər: ezamiyyə pulunun və son haqq-hesabın ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə Nayib oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “ezamiyyə pulunun və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2084/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh ASC (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətdə mühəndis koordinator vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin 12/12-m nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla 30 təqvim günü əmək məzuniyyəti verilmiş və onun xx.xx.2023-cü il tarixdən işə başlanması qeyd edilmişdir. İddiaçının ərizəsinə əsasən cavabdehin 12/14-m nömrəli, xx.xx.2023-cü il tarixli “Məzuniyyət barədə” əmrə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi də daxil olmaqla ödənişsiz məzuniyyət verilmiş və onun xx.xx.2023-cü il tarixdən işə başlaması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının hesabında 2.411,48 manat məbləğində pul köçürülmüş, bu əməliyyatın təyinatı qismində “Azenco ASC 2023-cü il Avqust əmək haqqı” qeyd edilmişdir. xx.xx.2023- cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Bundan sonra iddiaçının cavabdeh təşkilat barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə ünvanlanmış şikayət əsasında aparılmış araşdırma nəticəsində cavabdeh cəmiyyət tərəfindən iddiaçıya son haqq-hesabın ödənilmədiyi müəyyən edilmiş və cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulduğundan onun direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin eyni maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cərimə tətbiq edilmişdir.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1906 nömrəli ekspert rəyinə əsasən “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” əsas götürülməklə, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunması üçün ona ödənilməli olan ezamiyyə xərcləri (mehmanxana və nəqliyyat xərci ayrı-ayrılıqda göstərilməklə) 15.647,34 (9000,00 USD + 190 EUR) manat məbləğində, o, cümlədən xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə (9.000,00 ABŞ dolları (45 gün*200,00 ABŞ dolları) = 15.300,00 (9.000,00 x 1.7) manat; nəqliyyat xərcləri – 190,00 Eur (c.i.v 66, 67 və 68-ci səhifələr) = 347,34 manat (190 x1,8281) manat müəyyən edilmiş, təqdim edilmiş iş materiallarında əmək müqaviləsi, tabel uçot vərəqəsi və şəxsi uçot vərəqəsi olmadığından son haqq-hesabı müəyyən etmək mümkün olmamışdır.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9207 nömrəli ekspert rəyinə əsasən cavabdeh "Azenco” MMC tərəfindən iddiaçı X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilkdə 22.509,07 manat ödəniş edilməsi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 1.791 ,34 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 1.790,76 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 1.788,00 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 1.789,17 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 3.000,00 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 1.788,36 manat, xx.xx.2023cü il tarixində əmək haqqı üzrə 1.788,59 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 2.288,18 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 2.284,80 manat, xx.xx.2023cü il tarixində əmək haqqı üzrə 1.788,39 manat, xx.xx.2023-cü il tarixində əmək haqqı üzrə 2.411,48 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASCdə mühəndis koordinator işlədiyi xx.xx.2023 - xx.xx.2023-cü il tarixədək ezamiyyət pulunun, xx.xx.2023-cü il tarixə qədər son haqq-hesabın, kirayə pulunun və aviabilet pulunun (cəmi:19.525,22 manat) Cavabdeh ASC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilatda işlədiyi müddətdə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində Gürcüstan Respublikasının Tiflis şəhərinə ezam olmuşdur. Həmin adıçəkilən şəhərdə Saburtalo rayonunda, P.Kavtardze küç 24, 9 mərtəbəli yaşayış binasının tikintisi üçün ezam olmuşdur. Ezamiyyətə "xxxx" ASC-nin sədri Pərviz Hacıyevlə birgə yollanmış və 2 gün sonra sədr Pərviz Hacıyev Azərbaycana qayıtmış, o isə işinə davam etmişdir. Ezam olduğu zaman heç bir ödəniş almamış, ödəniş haqqında məlumat istədiyi zaman ona bildirilmişdir ki, ezam olduğu şəhərdən ödəniş alacaq. xx.xx.2023-cü il tarixində "xxxx" ASC baş idarəsindən, baş mühasib Azər Məmmədəliyev onunla əlaqə saxlayaraq, Gürcüstana getdiyi bir gün əvvəl üçün xx.xx.2023-cü il tarixinə məzuniyyət haqqında ərizə yazmasını tələb etmişdir. O, isə bildirmişdir ki, ezamiyyətdədir. Buna baxmayaraq, israrla rəhbərliyin göstərişi olduğunu bildirmişdir. Daha sonra onunla insan resuslarının işçisi Gülnarə xanım whatsapp ilə əlaqə saxlamış və bildirmiş ki, ezamiyyəti ləğv olunub və onun yerinə mütləq məzuniyyət ərizəsi yazmalıdır. O, Gülnarə xanıma da bildirmişdir ki, ezamiyyətdədir, necə ola bilər ki, ləğv olunsun? Cavab olaraq bildirib ki, müdriyyətin göstərişidir. Azər Məmmədəliyev xx.xx.2023-cü il tarixində mütəmadi olaraq onunla whatsapp üzərindən əlaqə saxlayaraq, köhnə tarix ilə (xx.xx.2023) ondan ərizə yazmasını tələb etmiş və bu gün ay sonu olduğu üçün təcili həll etməyini tapşırmışdır. Çoxsaylı zənglərdən sonra məcbur qalaraq atdıqları nümunəyə əsasən ərizə yazmış və şəklini çəkib whatsapp ilə göndərmişdir (sənədin əsli ondadır). Bu yaranan problem ilə əlaqədər o, dəfələrlə rəhbərlik ilə əlaqə saxlamağa çalışmış, lakin nəticəsiz cavablar almışdır. Daha sonra sentyabr ayının əvvəli Gülnarə xanım onunla əlaqə saxlayaraq əlavə ödənişsiz məzuniyyət yazmasını tələb etmiş, lakin o, israrla yox cavabı verərək, özü Bakı şəhərinə qayıdıb problemin nə olduğunu bilib, daha sonra lazım olarsa, yazacağını bildirmişdir. xx.xx.2023-cü il tarixində o, öz vəsaiti hesabına Bakı şəhərinə qayıtmaq üçün xx.xx.2023cü il tarixinə təyyarəyə bilet almışdır. Biletin qiyməti isə 190 euro olmuşdur. xx.xx.2023-cü il tarixində, "xxxx" ASC-nin sədri Tiflis şəhərinə gələrək onun iştrakı ilə son dəfə iclas keçirmiş və daha sonra Bakı şəhərinə qayıtmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixində sədr Pərviz Hacıyev onunla whatsapp üzərindən əlaqə saxlayaraq aldığı bileti sentyabr ayının 17-nə dəyişməyini istəmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Müşahidə Şurasının sədri X9 gəlir və onunla iş barəsində görüşməsini istəmişdir. Alınan aviabiletlərin tarixlərinin dəyişdirilməsini ondan tələb etdiyi zaman o, sədr Pərviz Hacıyevə bildirmişdir ki, onun artıq vəsaiti qalmadığından və borclar səbəbindən dəyişdirməyə imkanı yoxdur. Bundan sonra sədr Pərviz Hacıyevə aldığı biletlərin surətini göndərmiş və özləri tarixi dəyişərək, yenidən ona göndərdimişlər. O, ümumilikdə Gürcüstan Respublikasının Tiflis şəhərində 45 gün qalmışdır. xx.xx.2023-cü il tarixində Bakı şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin ofisinə gedərək öz haqqını tələb etmiş və hansı səbəbdən ona 45 gün heç bir ödəniş etməmələrini soruşmuş, lakin həm sədr Pərviz Hacıyevdən, həm də baş mühasib Azər Məmmədəliyevdən aldığı cavablar onu qane etməmişdir. İlk başda söyləmişlər ki, narahat olmasın, bəs bütün alacaqlarını burada alacaq, daha sonra söhbətdən qaçaraq boş vədlər vermişldirər. Bununla paralel insan resuslarının mütəxəsissi Gülnarə xanım sentyabr ayı üçün ondan ödənişsiz məzuniyyət yazmağını tələb etmiş, halbuki, sentyabr ayının axırı idi və ona yenə də avqust ayı kimi keçmiş tarix üçün ərizə yazmağını tələb etmişlər. Lakin köhnə tarix üçün ərizə yazmadığı üçün onun işdən çıxmağı üçün ərizə yazmağa da imkan vermirdilər. O da məcbur qalaraq, sentyabr ayı üçün keçmiş tarix ilə ödənişsiz məzuniyyət ərizəsi yazmış, və nəhayət işdən çıxması barədə ərizəsini xx.xx.2023-cü il tarixdə qəbul etmişlər.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2084/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-dən 347,34 manat nəqliyyat xərci və 11.857,50 manat məbləğində ezamiyyə xərci olmaqla, ümumilikdə 12.204.84 manat pul vəsaiti və son haqq hesab olaraq 30 gün müddətində istifadə edilməmiş əmək məzuniyyətinin və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş əmək haqqının pulla kompensasiyası tutularaq İddiaçı verilməsi, 100 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdeh ASC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X7)
7. Məhkəmə məzuniyyət əmrlərinə münasibət bildirərək, qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi müddət üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla 30 təqvim günü əmək məzuniyyəti verilmiş, onun işə başlama tarixi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. 12/14-m nömrəli, xx.xx.2023-cü il tarixli “Məzuniyyət barədə” əmrlə isə İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixi də daxil olmaqla ödənişsiz məzuniyyət verilmiş və onun işə başlama tarixi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir Göründüyü kimi, iddiaçı həmin tarixlərdə istirahət ilə məşğul olmamış, iş yerindən verilmiş xidməti tapşırıqları yerinə yetirmişdir. Odur ki, işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmr verildiyi tarixdən hüquqi nəticə yaratmamış və formal olaraq verildiyindən məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Bakı şəhərində deyil, Gürcüstan Respublikasının Tbilisi şəhərində olması iş materialları ilə öz təsdiqini tapdığından, həmin ərizənin əslində xx.xx.2023-cü il tarixində tərtib edilmədiyi, sonradan tarix qoyulmaqla tərtib edildiyi öz təsdiqini tapır. Odur ki, həmin əmr də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir.
8. Məhkəmə ezamiyyə xərclərinin tutulması hissəsinə münasibətdə iş üzrə verilmiş ekspert rəyi ilə qismən razılaşmış və qeyd etmişdir ki, ekspert tərəfindən rəy verilərkən “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” əsas götürülsə də, iddiaçının məhz xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində Tbilisi şəhərində olmasına diqqət yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının xx.xx.2024-cü il tarixədək qüvvədə olan qaydalarına əsasən Gürcüstan Respublikasında ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, Tbilisi şəhərində ezamiyyə xərcinin 1 günlük norması isə 155 ABŞ dolları təşkil edir. Lakin ekspert rəy verərkən hazırda qüvvədə olan “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarını əsas götürmüş və Tbilisi şəhərində ezamiyyə xərcinin 1 günlük norması isə 200 ABŞ dolları olmaqla hesablamışdır. Odur ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunması üçün ona ödənilməli olan ezamiyyə xərcləri (45 gün x 155 ABŞ dolları = 6.975 ABŞ dolları ) qaydasında hesablanaraq, 11.857,50 manat (6.975 x 1.7 = 11.857,50) müəyyən edilməlidir.
9. Məhkəmə iddia tələbinin “kirayə pulunun cavabdehdən alınması” hissəsinə münasibətdə bildirmişdir ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4-cü bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri daxildir. Odur ki, məhkəmə iddia tələbini “kirayə pulunun cavabdehdən alınmasına” dair hissəsində təmin etməmişdir.
10. Məhkəmə iddia tələblərinin “aviabilet pulunun cavabdehdən tutulmasına” dair hissəsinə münasibətdə bildirmişdir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, mülki işin 66cı səhifəsində əlavə edilmiş məlumat vərəqindən görünür ki, aviabiletin qiyməti 190 EURO təşkil etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi gediş-gəliş aviabiletlərin ASC tərəfindən alındığnı bildirsə də, iddiaçı gediş biletinin ASC tərəfindən alındığını bildirmiş, gəliş aviabiletinin qiymətinin ilk olaraq iddiaçı tərəfindən ödənildiyini, lakin ASCnin ondan biletdə qeyd edilən tarixdə deyil, sonrakı tarixdə Bakı şəhərinə qayıtması istənildiyindən, aviabiletin tarixinin dəyişdirilməsinin ASC tərəfindən həyata keçirildiyini bildirmişdir. İddiaçının bu dedikləri onun tərəfindən məhkəməyə təqdim edilmiş həmin tarixlər üzrə whatsapp yazışmaları da təsdiq edir.
11. Məhkəmə iddia tələblərinin “son haqq-hesabın cavabdehdən tutulmasına” dair hissəsinə münasibətdə hesab etmişdir ki, həmin hissədə iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ödənişsiz məzuniyyətin verilməsi barədə Cavabdeh ASC tərəfindən verilmiş 12/14-m nömrəli, xx.xx.2023-cü il tarixli əmri məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, iddiaçının xx.xx.2023-cü il tarixinə qədər ezamiyyətdə olmasını, ezamiyyətdə olarkən orta aylıq əmək haqqının saxlanıldığını və iddiaçının xx.xx.2023-cü il tarixdə işdən çıxarılmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, xx.xx.2023 - xx.xx.2023-cü il tarixə qədər iddiaçının əmək haqqının pul ilə kompensasiyası cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə cavabdeh tərəfindən iddiaçının kirayə xərclərinin onlar tərəfindən ödənilməsi dəlilinə və buna sübut olaraq gətirdiyi gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş elektron vergi tapşırıqlarına münasibət olaraq bildirmişdir ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7- ci bəndinə əsasən büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir. Yəni həmin dövrdə iddiaçı cavabdehin işçisi olduğundan, ezamiyyə xərcinə aid olan mehmanxana xərci də işəgötürən tərəfindən ödənilməli idi. Lakin həmin vergi tapşırıqlarından görünür ki, pul ödəyən tərəf Cavabdeh ASC deyil, MMC Köhnə (Dzveli) Xibula olmuşdur. Cavabdeh hər nə qədər iddiaçının ümumiyyətlə ezamiyyətdə olmadığını bildirsə də, qeyd olunan sənədlərin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi bir daha onu sübut edir ki, iddiaçı həmin dövrdə məzuniyyətdə deyil məhz ezamiyyətdə olmuşdur. Belə ki, cavabdeh tərəf iddiaçının əmək məzuniyyətində və ödənişsiz məzuniyyətdə olduğunu, ezamiyyətə getmədiyini bildirsə də, sonradan iddiaçının Tbilisi şəhərində olarkən mehmanxana xərclərinin, habelə aviabiletlərin də cavabdeh tərəfindən alındığını bildirmişlər. İddiaçının bu dediklərini onun tərəfindən məhkəməyə təqdim edilmiş həmin tarixlər üzrə whatsapp yazışmaları da təsdiq edir.
13. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 12-ci, 113.1-ci, 128-ci, 129.1-ci, 179-cu, 181-ci, 288-ci, 292-ci, maddələrinə, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları”na, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 80-cı, 81-ci, 119.1ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən, ezamiyyə xərcləri, nəqliyyat və ekspertiza tədqiqatının dəyərinin ödənilməsi hissələrində ləğv edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, əmrlərin etibarsızlığına münasibət bildirmiş və bu yöndən yalnış nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı təqdim edilmiş və gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş 0933, 0949 və 0931 nömrəli elektron vergi tapşırıqlarından görünür ki, MMC Köhnə (Dzveli) Xibula hesabından (ödənişin təyinatı subhesab qeyd edilmişdir) İddiaçı hesabına xx.xx.2023-cü ildə 1500 GEL (lari), yenə xx.xx.2023-cü ildə 1.657,80 GEL, xx.xx.2023-cü ildə 4.206,72 GEL məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş 0927 nömrəli, xx.xx.2023-cü il tarixli elektron vergi tapşırığından görünür ki, MMC Köhnə (Dzveli) Xibula hesabından İddiaçı hesabına 690 GEL, 0935 nömrəli xx.xx.2023-cü il tarixli elektron vergi tapşırığından görünür ki, MMC Köhnə (Dzveli) Xibula hesabından İddiaçı hesabına 460 GEL məbləğində pul vəsaiti köçürülmüşdür. Hər iki elektron vergi tapşırığında ödənişin təyinatı “İddiaçı üçün mehmanxana qiyməti” qeyd edilmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi digər ödənişləri nəzərə almamış və yalnız mehmanxana xərclərinin olduğunu qeyd etmişdir. Halbuki məhkəmə bu ödənişlərin nəyə görə Gürcüstan Respublikasındakı MMC tərəfindən iddiaçıya ödənilməsi məsələsini tam aydınlaşdırmalı idi. Digər tərəfdən əgər ezamiyyə xərclərini Cavabdeh ASC ödəməli idisə, onda ezamiyyə xərcləri 40 gündən artıq ola bilməzdi. Çünki “X2 1-ci bölməsinin 4-cü bəndinə əsasən işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. Məhkəmə qətnamənin nəticə hissəsində 347,34 manat nəqliyyat xərcini əlavə olaraq Cavabdeh ASC-dən tutulmasını qət etmişdir. Halbuki bu ezamiyyə xərclərinə daxildir və dəvət edən şəxs tərəfindən ödənməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə öz qətnaməsində Nazirlər Kabinetinin qərarına istinad edərək həmin sübutlara dair münasibətini bildirmiş, həmçinin, tam araşdırmışdır. Cavabdeh öncəkliklə işçinin ezamiyyətdə yox, məzuniyyətdə olduğunu iddia edir, bunu sübut etmək üçün saxta dəlillər hazırlayır. Bu sübutların saxta olduğu, şəxsin ezamiyyətdə olduğunu pərdələmək məqsədilə hazırlandığı sübut edildikdən sonra isə həmin ezamiyyə xərclərini özünün yox, dəvət edən tərəfin ödəməli olduğunu bildirir. Bunu sübut etmək üçün isə ezamiyyə xərcləri ilə əlaqəsi olmayan vergi tapşırıqlarını önə sürür. MMC Köhnə (Dzveli) Xibula tərəfindən ona edilən ödənişlər ezamiyyə məqsədli deyil, iş prosesində şirkətin öhdəliklərinin icrası məqsədilə çəkilən xərclərin qarşılığı olaraq ödənilmişdir. Əgər cavabdeh ezamiyyə xərclərini dəvət edən tərəfin ödəməli olduğunu iddia edirsə, bunu sübut etmək üçün öz şikayətinə dəlillər əlavə etməli idi. Lakin nə birinci instansiyasında icraat zamanı, nə də apellyasiya şikayətini verərkən cavabdeh tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, qeyd olunan ödənişlərin təyinatı ezamiyyə xərclərini ödəmək məqsədi olsaydı, o zaman onun əmək haqqı kartına ödəniş edilməli idi. Bununla yanaşı, dəvət edən tərəf onu yaşayış yeri ilə təmin etməyi öz öhdəsinə götürmüş olsa idı, o zaman praktikaya uyğun olaraq ödənişi “mehmana xərcləri” adı altında ona yox, bibaşa mehmanxanaya ödəməli idi. Bundan əlavə, cavabdeh öz şikayətində Maliyyə Nazirliyinin müvafiq qərarına istinad edir, öz öhdəliyini boynundan atmağa çalışır. Onun ezamiyyətdə 40 gündən artıq qalmasının səbəbi də məhz cavabdeh olmuşdur. Birinci instansiyası məhkəməsinin araşdırmasında da öz əksini tapdığı kimi o, əslində xx.xx.2023- cü il tarixində ölkəyə qayıtmaq üçün bilet almış, lakin iddiaçı tərəfindən bilet xx.xx.2023-cü il tarixinə dəyişdirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyinin icrasından boyun qaçırmağa çalışsa da, onun tərəfindən ezamiyyətə göndərilmiş və bütün ezamiyyə və nəqliyyat xərcləri də onun tərəfindən ödənilməlidir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə Nayib oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır; 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 113.1-ci maddəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır; 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır; 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 179-cu maddəsinin “x” bəndinə əsasən yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır; 181-ci maddəsinə əsasən ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
24. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarının: 4-cü bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir; 5-ci bəndinə əsasən nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir; 7-ci bəndinə əsasən büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən Gürcüstan Respublikasında ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, Tbilisi şəhərində ezamiyyə xərcinin 1 günlük norması isə 155 ABŞ dolları təşkil edir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni ezamiyyə xərcləri, nəqliyyat və ekspertiza tədqiqatının dəyərinin ödənilməsi hissələrində ləğv olunaraq, iddianın həmin hissələrdə rədd olunması xahiş olunduğundan, qətnamə mübahisələndirilən, yəni yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan ezamiyyə xərcinin məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh cəmiyyətə mühəndis koordinator vəzifəsinə işə qəbul edilmiş, ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir.
31. Hazırda iddiaçı cavabdeh cəmiyyətin işçisi olduğu vaxtda, yəni 04 avqust tarixdə cavabdehin rəhbərinin göstərişinə əsasən öz peşəsinə uyğun olaraq yaşayış binasının tikintisində iştirak etmək məqsədi ilə Gürcüstan Respublikasına ezam edildiyini və yalnız 17 sentyabr 2023-cü il tarixdə ezamiyyətdən ölkəyə qayıtdığını və bundan sonra öz ərizəsi ilə xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edildiyini, buna baxmayaraq, ona ezamiyyətdə olduğu müddət (04 avqust – 17 sentyabr 2023-cü il) üçün ezamiyyə xərcinin, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesabın (2023-cü ilin sentyabr ayı üçün əmək haqqı və 2023-cü il üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin) ödənilmədiyini iddia edir və ezamiyyətdən qayıdarkən aviabiletin alınması üçün ödədiyi 190 avro məbləğində pul da daxil olmaqla qeyd edilən ödəmələrin ödənilməsini tələb edir.
32. Cavabdeh iddiaçının 03 avqust – 1 sentyabr 2023-cü il tarixlərdə ödənişli, 04 sentyabr – 05 oktyabr 2023-cü il tarixlərdə isə ödənişsiz əsaslarla məzuniyyətdə olduğunu bildirir və bununla bağlı iddiaçı tərəfindən yazılmış ərizələri, habelə müvafiq əmrləri təqdim edir. Eyni zamanda, bu mövqeyinə istinadən iddiaçının cavabdeh tərəfindən Gürcüstan Respublikasına ezamiyyətə göndərilmədiyini, onun həmin dövrdə məzuniyyətdə olduğundan Gürcüstan Respublikasına öz iradəsinə və seçiminə uyğun olaraq getdiyini, bu baxımdan ezamiyyə xərcinin, aviabiletin pulunun, habelə ekspert tədqiqatının dəyərinin ondan tutulması üçün hər hansı əsasın olmadığını vurğulayır. Həmçinin, iddiaçının Gürcüstan Respublikasında olan zaman ona cavabdehlə hər hansı əlaqəsi və əməkdaşlığı olmayan Gürcüstan Respublikasındakı MMC tərəfindən ödənişlərin edildiyini bildirir və bu halı təsdiq edən aidiyyəti elektron vergi tapşırıqlarını məhkəməyə təqdim edir.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının 2023-cü ilin 04 avqust – 17 sentyabr tarixlərində Gürcüstan Respublikasında olması həm iş materiallarında olan iddiaçıya məxsus milli pasportdan edilmiş çıxarışla (i.v.69), həm də “Elektron” məhkəmə informasiya sistemində olan iddiaçının sərhədkeçmə məlumatları ilə öz təsdiqini tapır. Eyni zamanda, 04 avqust 2023-cü il tarixdə iddiaçının Gürcüstan Respublikasına cavabdeh cəmiyyətin idarə heyətinin sədri Pərviz Hacıyevlə birlikdə uçması və onunla birlikdə 04-06 avqust 2023-cü il tarixdə Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən “X15” otelində qalması işin mübahisəsiz halıdır (i.v. 15-17, email yazışma, otelde nömrə rezervasiyasının vauçerinin çıxarışı). Hər bir halda, cəmiyyətin idarə heyətinin sədri Pərviz Hacıyevin həmin tarixlərdə Gürcüstan Respublikasında olmamasını təsdiq edən hər hansı sübut təqdim edilmir.
34. İş materiallarında olan (i.v. 13, 14, 31-65) görüş protokolunun və tədbirlər planının (iddiaçı, həmçinin cavabdehin idarə heyətinin sədri tərəfindən imzalanmışdır) surətindən, habelə email yazışmaları ilə bağlı çıxarşlardan isə iddiaçının Gürcüstan Respublikasının Tiflis şəhərində inşa edilən yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə cəlb edildiyi müəyyən edilir. Nəzərə alınmalıdır ki, görüş protokolunda (i.v.13) sifarişçi qismində məhz “Cavabdeh ASC – Pərviz Hacıyev”, icraçı qismində isə “”URBANA” Konstantin Qeladze” göstərilmiş, tədbirlər planında (i.v.14) göstərilən tikinti işləri üzrə məsul şəxs olaraq “Azenco – Dzveli Khibula” qeyd edilmişdir. Həmçinin, 2023-cü ilin avqust-sentyabr aylarını əhatə edən və iddiaçı, cavabdeh cəmiyyətin idarə heyətinin sədri Pərviz Hacıyev və bir sıra digər şəxslər arasında (məsələn, George Kopaleishvili, Mate Chixikvadze və sair) baş tutmuş bu email yazışmalarında tikinti işləri ilə bağlı görülmüş işlər barədə hesabatlar verilir, ayrı-ayrı işlərlə bağlı sxemlər göndərilir, tikinti işləri ilə bağlı məlumatlar ötürülür və sair bu kimi söhbətlər aparılır. Cavabdeh tərəf bu sənədlərin saxta olmasını, habelə tədbirlər planının cavabdehin idarə heyətinin sədri tərəfindən imzalanmadığını bildirmir və bu yazışmalara nəticə etibarı ilə aydınlıq gətirə bilmir.
35. Qeyd edilənlər birmənalı şəkildə iddiaçının 2023-cü ilin 04 avqust – 17 sentyabr tarixlərində məhz cavabdehin tapşırığı əsasında ezamiyyətdə olduğunu, yəni əmək funksiyalarını daimi iş yerindən kənarda, Gürcüstan Respublikasının Tfilis şəhərində yerinə yetirdiyini təsdiq edir. Hər bir halda, iddiaçı, işçi olaraq özü barəsində belə bir əmr verə bilməz, bu barədə rəsmiləşdirmənin aparılmaması cavabdehin məsuliyyətinə aiddir və belə bir əmrin olmaması mövcud vəziyyətdə iddiaçının ezamiyyətdə olması halını istisna edə bilməz.
36. Cavabdehin məhkəməyə təqdim etdiyi elektron vergi tapşırıqlarında ödəniş edən şəxs qismində qeyd edilən Dzveli Xibula isə sifarişçi qismində Cavabdeh ASC, icraçı qismində isə”URBANA” tərəfindən imzalanmış tədbirlər planının bəzi bəndləri üzrə məsul şəxs kimi göstərilmişdir. Bu da öz növbəsində elektron vergi tapşırıqlarında göstərilən cəmiyyətin cavabdehlə hər hansı əlaqə və əməkdaşlığının olmaması barədə mövqeyin əsassız olduğunu təsdiq edir.
37. Bununla belə, 34-36-ci bəndlərdə göstərilənlər iddiaçıya 03 avqust – 1 sentyabr 2023-cü il tarixlərdə ödənişli, 04 sentyabr – 05 oktyabr 2023-cü il tarixlərdə isə ödənişsiz əsaslarla məzuniyyət verilməsi barədə əmrlərin hər hansı hüquqi nəticə yaratmadığını, həqiqətən də etibarsız olduğunu təsdiq edir. Məhkəmə kollegiyası əmrlərlə bağlı o halı da qeyd edir ki, iddiaçı məzuniyyətin verilməsi barədə ərizənin onun tərəfindən ərizədə göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, cavabdeh cəmiyyətin aidiyyəti əməkdaşlarının təkidi ilə Gürcüstan Respublikasında olan zaman, yəni xx.xx.2023-cü il tarixdə yazdığını və istifadəsində olan telefon (telefonda olan “whatsapp” sosial proqram) vasitəsi ilə göndərildiyini və bu səbəbdən cavabdehdə həmin ərizənin əslinin olmadığını bildirir və bunun təsdiqi olaraq telefonunda cavabdeh cəmiyyətin əməkdaşı olan Azər Məmmədəliyevlə xx.xx.2023-cü il tarixə aid (məhkəmə iclasında baxış keçirilmişdir) “whatsapp” yazışmasını göstərir. Cavabdeh tərəf həmin ərizənin əslinin onlarda olduğunu bildirmiş, hətta bu ərizənin məhkəməyə təqdim edilməsi üçün işə baxılması təxirə də salınmışdır. Lakin cavabdeh nə ərizənin əslini, nə də ki, xx.xx.2023-cü il tarixdən əvvəl bu ərizənin iddiaçı tərəfindən təqdim edilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən xüsusilə vurğulayır ki, cavabdeh 2023-cü ilin sentyabr ayı üçün əmək haqqının və son haqq-hesab olaraq 2023-cü il üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (bu hallar iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarla, habelə iddiaçının hesabından çıxarışla öz təsdiqini tapır, son ödəniş 2.411,48 manat məbləğində avqust ayı üçün əmək haqqı qismində ödənilmişdir) ondan tutulmasını mübahisələndirməməklə hüquqi nəticə etibarı ilə iddiaçının 2023-cü ilin 04 avqust – 17 sentyabr tarixlərində məhz onun tapşırığı əsasında Gürcüstan Respublikasının Tfilis şəhərində ezamiyyətdə olduğunu etiraf etmiş olur. İddiaçıya ezamiyə xərcinin Gürcüstan Respublikasında fəaliyyət göstərən MMC Köhnə (Dzveli) Xibula tərəfindən ödənilməsi barədə cavabdehin dəlilləri də əsassızdır. Ən azı ona görə ki, cavabdeh inadkarlıqla bu cəmiyyətlə hər hansı əlaqəsinin olmadığını bildirir. Bu da ezamiyə xərcinin ödənilməsi ilə bağlı onun mövqeyinin ehtimallara əsaslandığını təsdiq edir. Digər tərəfdən bununla bağlı təqdim edilmiş elektron vergi tapşırıqlarına əsasən iddiaçıya ümumilikdə (1.500 + 4.206,72 + 1.657,80 = 7.364,52 GEL) 7.364,52 GEL, yəni həmin dövrün məzənnəsi ilə təxminən (7.364,52 / 2,62 = 2.810) 2.810 ABŞ dolları məbləğində pulun məhz ezamiyyə xərci olaraq ödənildiyi ödənişin təyinatından müəyyən edilmir. Həmçinin, iddiaçı ilə cavabdeh cəmiyyətin idarə heyətinin sədri və digər şəxslər arasında email vasitəsi ilə xeyli sayda yazışmanın olmasına baxmayaraq, bu yazışmaların hər hansı birində iddiaçıya hər hansı məbləğdə ezamiyyə xərcinin ödənildiyinə istinad belə yoxdur. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış hər hansı məzmunlu ismarıcın olması da müəyyən edilmir. İddiaçı özü də bu vəsaitin ona gördükləri işlə bağlı aidiyyəti materialların alınması üçün köçürüldüyünü bildirir.
39. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, iddiaçının 2023-cü ilin 04 avqust – 17 sentyabr tarixlərində Gürcüstan Respublikasının Tfilis şəhərində ezamiyyətdə olması və bununla bağlı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən (Gürcüstan Respublikasının Tbilisi şəhərində ezamiyyə xərcinin 1 günlük norması) ezamiyyətdə olduğu hər gün üçün 155 ABŞ dolları məbləğində pulun məhz cavabdeh tərəfindən ödənilməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi iə razılaşır. Lakin ümumilikdə bu əsasla cavabdehdən tutulmuş ezamiyyə xərcinin məbləği ilə razılaşmır.
40. Belə ki, artıq qeyd edildiyi kimi, iddiaçı Gürcüstan Respublikasına cavabdeh cəmiyyətin idarə heyətinin sədri Pərviz Hacıyevlə birlikdə uçmuş və onunla birlikdə 04-06 avqust 2023-cü il tarixdə Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən “X15” otelində qalmışdır. Bu tarixlər üçün onun qeyd edilən oteldə qalması cavabdeh tərəfindən qarşılanmışdır. Bundan başqa iddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman iş üzrə 27 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında oteldə qaldığı 7 günün pulunun (90 ABŞ dolları) ödənildiyini bildirmişdir ki, bu da ümumilikdə (90 x 7 = 630) ABŞ dolları təşkil edir. İş materiallarında olan elektron vergi tapşırıqlarından da iddiaçının mehmanxana xərci olaraq ümumilikdə (690 GEL (xx.xx.2023-cü il) + 460 GEL (xx.xx.2023cü il) = 1.150 GEL – həmin vaxtın məzənnəsi ilə təxminən 450 ABŞ dolları) 450 ABŞ dolları ödənildiyi (bilavasitə iddiaçıya ödənilməmişdir) müəyyən edilir. Bu sahəni tənzimləyən qanunvericilikdə də ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi, yəni hazırki vəziyyətdə (155 x 60% = 93 ABŞ dolları) 93 ABŞ dolları məhz qalmaq xərci qismində ayrılır. Eyni zamanda, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçı ölkəyə xx.xx.2023-cü il tarixdə, saat 03:58-də girmişdir. Başqa sözlə, iddiaçı 17 sentyabr 2023-cü il tarixinin əvvəlində Gürcüstan Respublikasını tərk etmişdir. Formalaşmış təcrübəyə əsasən günorta saat 12:00-dan (söhbət xx.xx.2023-cü il tarixi, saat 12:00-dan gedir) sonra otellərdə yeni gün sayıldığından, həmin günün yalnız qalmaq xərci (90 ABŞ dolları) hesablanmalı, qalan xərc (155 – 90 = 65 ABŞ dolları) ödənilməməlidir. Hər bir halda, iddiaçının xx.xx.2023-cü il tarixdə saat 12:00-dan başlayaraq gecəyə təsadüf edən uçuş vaxtına kimi müddət ərzində də qalmaq yeri olmalıdır.
41. Bununla belə, xx.xx.2023-cü il tarixi üzrə digər xərclər (65 ABŞ dolları) çıxılmaqla, digər iki günün də (04-05 avqust) qalmaq xərcinin ödənildiyi nəzərə alınmaqla, bu məqsədlər üçün ümumilikdə 9 günün qalmaq pulu (7 günün göstəricisi əsas götürülməklə, orta hesabla 90 ABŞ dolları x 9 gün = 810 ABŞ dolları), habelə xx.xx.2023cü il tarixi üzrə digər xərclər (65 ABŞ dolları) çıxılmalı, qalan (6.975 ABŞ dolları – 810 ABŞ dolları – 65 ABŞ dolları = 6.100 ABŞ dolları) 6.100 ABŞ dolları, yəni (6.100 x 1.7 = 10.370) 10.370 manat ezamiyyə xərci olmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır .
42. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2023-cü il tarixdə ölkəyə qayıtmaq üçün öz şəxsi vəsaiti hesabına 190 avro ödəməklə aviabilet aldığını, lakin cavabdehin tapşırığına əsasən həmin tarixdə deyil, xx.xx.2023-cü il tarixdə ölkəyə qayıtdığını nəzərə alıb, bu biletin alınması üçün ödənilmiş 190 avro, yəni (190 x 1.8281 = 347,34 manat) 347,34 manat məbləğində pulun da cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu hissədə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
43. Məhkəmə kollegiyası ekspert tədqiqatının dəyərinin cavabdehdən tutulması hissəsində də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
44. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan ezamiyyə xərcinin məbləği hissəsində dəyişdirilməli, Cavabdeh ASC-dən 10.370 manat məbləğində ezamiyyə xərcinin əvəzi tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2084/2024 nömrəli qətnaməsi Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulan ezamiyyə xərcinin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh ASC-dən 10.750,80 (on min yeddi yüz əlli manat, səksən qəpik) manat məbləğində ezamiyyə xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.