Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3763/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, uşaqları-xx.xx.2012-ci il təvəllüdlü İnci Abbaszadə və xx.xx.2016-cı il təvəllüdlü İpək Abbaszadənin yetkinlik yaşına çatanadək saxlanması, onun hamiləliyi və uşağının doğulacağı vaxtdan sonrakı üç il müddətində özünün saxlanılması üçün Cavabdeh maaşının yarısı məbləğində aliment tutulması, uşaqların saxlanılması üçün təyin olunan alimentin məbləğinin 2019-cu ilin yanvar ayından, özünün saxlanılması üçün təyin olunan alimentin isə 2019-cu ilin may ayından etibarən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının (və ya başqa gəlirlərinin) 1/3 hissəsi və özünün saxlanması üçün isə 150 manat məbləğində aliment tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə,Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü İnci Abbaszadə və xx.xx.2016-cı il təvəllüdlü İpək Abbaszadənin yetkinlik yaşına çatanadək saxlanmsı üçün əmək haqqının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində 50 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin qismən- iddianın təmin olunmadığı hissədə ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci isntansiya məhkəməsi iddianı qismən təmin edərkən alimentin iddia ərizəsində tələb olunan vaxtdan deyil, ərizənin məhkəməyə verildiyi gündən başlanaraq hesablanması barədə nəticəyə gəlməklə Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında aliment almaq üçün dəfələrlə şəxsən cavabdehə, onun atasına və iş yerində rəisinə müraciət etdiyini, lakin cavabdehin müxtəlif bəhanələr gətirərək bundan yayındığını bildirmişdir. Eyni zamanda, cavabdeh də, məhkəmə iclasında iddiaçı ilə 2019-cu ilin yanvar ayından ayrı yaşadıqlarını təsdiq etmiş və aliment üçün ona müraciət edildiyini bildirərək, maddi durumunun pis olması əsasından qeyd edilən alimenti verə bilməmişdir. Göründüyü kimi, bu fakt işin mübahisəsiz halı olaraq müəyyən edilməsinə baxmayaraq, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs və onun vəkili də, şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına əsasən, tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2012-ci ildə İnci Abbaszadə və xx.xx.2016-cı ildə İpək Abbaszadə adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. “X9” tərəfindən verilmiş arayışa əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə Klinikada həkim-ginekoloqun müayinəsində olmuş və ona 28 həftə 3 günlük hamiləlik diaqnozu qoyulmuşdur. Cavabdeh hazırda Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində Vergi auditi idarəsinin istehsal sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir və aylıq əmək haqqı 573 manat təşkil edir. Qeyd edilənlər iddia ərizəsi, tərəflərin izahatları, nikah və doğum haqqında şəhadətnamələr, “X9” tərəfindən verilmiş, 2009/19 saylı, xx.xx.2019-cu il tarixli arayış, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, qətnaməni alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması hissəsində mübahisələndirərək, cavbadehlə 2019-cu ilin yanvar ayından ayrı yaşadıqlarını və dəfələrlə ona alimentlə bağlı müraciətlər etməsinə baxmayaraq, alimenti ödəməkdən yayındığını bildirərək, məhkəmə tərəfindən birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün tutulan alimentin 2019-cu ilin yanvar ayından, özünün saxlanılması üçün tutulan alimentin isə 2019-cu ilin may ayından hesablanmasını tələb edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Ailə Məcəlləsinin 100.2-ci və 100.3-cü maddələrinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırkı işdə isə İddiaçı, məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər görməsini (bununla bağlı cavabdehə müraciətlər etməsini, lakin onun bundan yayınmasını) təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Əksinə, İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdehlə münasibətləri pisləşdiyindən 2019-cu ilin yanvar ayından ayrı yaşamağa başlamış, həmin ilin aprel ayında isə barışmışlar. Lakin may ayından yenidən münasibətləri kəskinləşmişdir. Göründüyü kimi, tərəflər arasındakı münasibətlərin xarakteri nəzərə alındıqda, bu hal məhkəmədə şübhə doğurmaqla, inandırıcı görünmür. Kollegiya onu da vurğulayır ki, iddiaçı apellyasiya şikayətində tərəfindən məhkəməyə müraciət edənədək alimentlə bağlı cavabdehə müraciət edilməsi faktını cavabdehin də rayon məhkəməsində veridiyi izahatında təsdiqlədiyini bildirsə də, bu hal işdən görünmür. Belə ki, cavabdeh, iştirak etdiyi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında, iddianı qismən qəbul etdiyini bildirərək, iddiaçı ilə 2019-cu ilin yanvar ayından ayrı yaşadıqlarını bildirmiş, alimentlə bağlı ona əvvəllər müraciət edilməsi ilə bağlı isə heç bir fikir ifadə etməmişdir. Eyni zamanda, cavabdeh apellyasiya baxışında verdiyi izahatında da bu faktı təsdiqləməmişdir. Odur ki, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-382/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3763/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3763/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver