Məhkəmə qərarları › İş №2(103)-3764/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3764/2020

23.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3764/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb olunma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehləxx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurduğunu, nikahlarından xx.xx.2016-cu il tarixdə Elmira adını verdikləri uşaqlarının dünyaya gəldiyini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, uşağın onun himayəsinə verildiyini, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsinin qət olunduğunu, bu məbləğ uşağın tələbatlarının ödənilməsinə kifayət etmədiyi üçün aliment məbləğnin artırılması ilə bağlı iddia qaldırdığını və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixliqətnaməsi ilə alimentin aylıq 160 manatsabit pul məbləğində müəyyənləşdirildiyini, artıq bu məbləğin də uşağın tələbatlarının ödənilməsinəkifayət etmədiyini, uşağa “X1”klinik diaqnozu qoyulduğunu və bununla bağlı olaraq uşağın daimi müalicəyə ehtiyacının olduğunu bildirmiş, buna görə də cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyənləşdirilməsini və ondan əlavə xərcolaraq uşağın müalicəsi üçün hər ay 100 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, alimentin məbləği artırılaraq 170 (yüz yetmiş) manat müəyyənləşdirilmiş, həmçinin Cavabdeh X2 xeyrinə uşaq yetkinlik yaşına çatana qədər əlavə xərc kimi hər ay 30 (otuz) manat sabit pul məbləğinin tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin edilmədiyi hissədə - ləğv olunmasını və iddiasının tam təmin edilməsini xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, uşağın xəstəliyi ilə bağlı cavabdehdən tutduğu məbləğin işin hallarına uyğun olmadığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən cavabdeh də şikayət verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə onun maddi vəziyyətini, ikinci dəfə ailə qurmuş olmasını, himayəsində ata-anasının və bacısının olmasını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı özünün apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətlər təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2016-cu il tarixdə Elmira adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsininxx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq anasının (iddiaçının) himayəsinə verilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə isə aliment məbləği aylıq 160 manat sabit pul məbləğində müəyyənləşdirilmişdir. İddiaçı məhz həmin aliment məbləğinin artırılmasını, habelə uşağın xəstəliyi ilə bağlı cavabdehdən müəyyən pul vəsaitinin tutulmasını xahiş etməkdədir. Başqa sözlə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından, habelə uşaqdan ayrı yaşayan valideynin əlavə xərclərə cəlb olunmasından ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci və 81-ci maddələri təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 81-ci maddəsinə görə isə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin miqdarının az və tək qadın olaraq uşağa baxmağın çətin olmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında onun xeyrinə cavabdehdən hər ay sabit pul məbləğində 160 manat tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmış, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilən hallar alimentin məbləğinin müəyyən olunduğu 2019-cu il tarixindən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İkinci dəfə ailə həyatı qurması, ata-anasının və bacısının himayəsində olması və maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin artırılması tələbinə qiymət verərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas təşkil etmir. Kollegiya, iddiaçının digər tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və həmin hissə üzrə apellyasiya şikayətlərini əsaslı hesab etmir: Belə ki, işin hallarından göründüyü kimi, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşaq “fokalbaşlanğıcda qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (lokal) idiopatikepilepsiya və epileptik sindromlar” xəstəliyindən əziyyət çəkməkdədir; bu isə o deməkdir ki, iddiaçının həmin tələbinin qanuni əsasının (Ailə Məcəlləsinin 81-ci maddəsinin) dispozitiv şərtləri mövcuddur. Bununla belə nəzərə alınmalıdır ki, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti nəzərə alınmalıdır və kollegiyanın qənaətinə görə cavabdehin daha artıq məbləğdə əlavə xərclərə cəlb olunmasına imkan verəcək maddi vəziyyətə sahib olduğu müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi bu məbləği ayda 30 (otuz) manat müəyyənləşdirməkdə haqlı olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, 420 manat əmək haqqı aldığı müəyyən olunan cavabdeh iddiaçıya 170 manat aliment də ödəməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1523/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar