Məhkəmə qərarları › İş №2(103)-3774/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3774/2021

25.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3774/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Kompani MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 400/2020 saylı, 08.02.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və “xxxx” Kompani MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh “xxxx” Kompani MMC və Cavabdeh2 Xanoğlan qızına qarşı müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən birgə qaydada iddiaçının ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzilə görə ödədiyi 100200 (bir yüz min iki yüz) manat pulun, həmin pulun illik 5 (beş) faizi olan 5010 (beş min) manatın, təmirə çəkilmiş 42 000 (qırx iki min) manat xərclərin, 50 000 (əlli min) manat mənəvi zərərin, cəmi 147 210 (bir yüz qırx yeddi min iki yüz on) manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il avqust ayında o, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ilə ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzilinin ona satılması barədə razılığa gəlmişlər. O, cavabdehlərlə mənzilin alqı-satqısı barədə razılığa gələrkən cavabdehlər mənzilin Cavabdeh2 adına olduğunu, mənzillə bağlı mübahisənin olmadığını, başqa şəxsə məxsus olmadığını icrarla bildirdilər. Mənzillə bağlı mübahisənin olmaması, əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməməsi barədə cavabdehlərin məlumatlarına aldanaraq mənzilin onun adına rəsmiləşdirilməsi üçün 11 Avqust 2018-ci il tarixdə Cavabdeh2 ilə Bakı Şəhəri 54 saylı Notariat Kontorunda mənzilin ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən Cavabdeh2 bank hesabı vasitəsi ilə 100 000 (bir yüz min) manat, Notariat kontoruna isə 200 (iki yüz) manat pul ödəmişdir. Müqavilə bağladıqdan sonra cavabdehlərin razılığı ilə mənzildə təmir işləri apardı və təmir işlərinə ümumilikdə 42 000 (qırx iki min) manat vəsait sərf etmişdir. 29 Avqust 2019cu il tarixdə Camal adlı şəxs onunla əlaqə saxlayaraq aldığı mənzilin ona məxsus olduğunu, həmin mənzili 03 Avqust 2007-ci il tarixli müqavilə ilə Cavabdeh1 MMC-dən aldığını, mənzilin ona məxsus olması barədə məhkəmənin qanun qüvvəsinə minmiş qətnaməsinin olduğunu bildirmişdir. İddiaçı həmin şəxsdən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3433/2019-u il tarixli qərarını əldə etdikdən sonra iddiaçıya bəlli oldu ki, hələ 11 Avqust 2018-ci ildə ilkin alqı-satqı müqaviləsi bağlamamışdan və 100000 manat ödəməmişdən qabaq mənzillə bağlı məhkəmə mübahisəsi olmuş, həmin mübahisə 1 ildən artıq müddətdə davam etmiş, cavabdehlər 100 000 manat pulunu ələ keçirmək məqsədilə bu faktı ondan sonadək gizlətmiş, faktiki olaraq özgəsinin mənzilini ona satmışlar. Aldadıldığını bildikdən sonra dərin ruhi sarsıntı və stress keçirmiş, cavabdehlərin onu aldadaraq başqasının mənzilini ona satmaları, külli miqdarda pulunu ələ keçirmələri, hətta 42 000 (qırx iki min) manat təmir xərcləri çəkdirməklə əlavə ziyana salmaları nəticəsində özünü alçalmış hesab edir və ona dəyən mənəvi zərəri 50 000 (əlli min) manat qiymətləndirir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, 08.02.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 100200 manat mənzilə görə ödənilmiş pulun İddiaçı xeyrinə tutulması, 31000 manat təmir xərcinin cavabdeh xxxx” Kompani MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (Sədrlik edən: Kəmalə Əmirxanova)

4. Qətnamədən cavabdehlər Cavabdeh2 və “xxxx” Kompani MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, 08.02.2020-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən onlara heç bir məlumat verilməmiş, iştirakları olmadan işə baxılaraq əsassız və qanunsuz qətnamə qət edilmişdir. Həmin qətnamə rəsmi qaydada onlara təqdim edilməmişdir. Bununla da məhkəmə işə baxarkən kobud prosessual hüquq pozuntusuna yol vermiş, ədalət mühakiməsinin əsas prinsiplərindən olan çəkişmə prinsipinə əməl etməmişdir. Məhkəmə qətnaməsi və iş barədə 2020-ci ilin iyun ayında Nərimanov Rayon Prokurorluğuna dəvət edilərkən xəbər tutmuşdur. Dərhal Nərimanov Rayon Məhkəməsinə gedib qətnaməni əldə edərkən və işlə tanış olarkən ona məlum olmuşdur ki, məhkəmə ona işğal olunmuş Füzuli rayonundakı ünvanına poçt bildirişi göndərib. Onun məcburi köçkün kimi qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Bakı şəhəri, Qala qəsəbəsi, Ə. Cavad küçasi 9A ünvanına poçt bildirişi və qətnamə göndərməmişdir. Birinci instansiya məhkəməsi hansı əsasla iddianın qismən təmin edilməsi qənaətinə gəlməsini hətta bir cümlə ilə olsa belə əsaslandıra bilməmişdir. Məhkəmə qətnaməsi yalnız iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və qanunvericiliyin maddələrinin sadalanmasından ibarətdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən guya müəyyən edilmişdir ki, İddiaçı ilə xxxx” Kompani MMC və Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzilə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı mənzili alıcıya təhvil verməli, alıcı isə mənzilin pay dəyərini ödəməlidir. Mülki işin materiallaında olan xxxx” Kompani MMC-nin maliyyə arayışı ilə sübut olunur ki, İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin mənzil İddiaçı təhvil verilməmişdir. Qeyd edilən halda mübahisənin həll edilməsi üçün İddiaçı sonradan məlum olmuşdur ki, mübahisəli mənzilə dair ilk müqavilə X4 ilə bağlanılmış və mənzilin dəyəri ilk onun tərəfindən ödənilmişdir. Hazırda iddiaçı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mənzilin əldə edilməsi üçün xxxx” Kompani MMC-nə ödənilmiş 100200 manat pulun, maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, göstərilənlərin heç biri həqiqətə uyğun deyildir. Əgər məhkəmə onların iştirakını təmin etsəydi həqiqəti ortaya çıxara bilərdi ki, bunu da etməmişdir. X2 ilə "xxxx" MMC arasında 28 fevral 2007-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən satıcı Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157.6 kv.m -dan ibarət olan 3 otaqlı 45 N-li mənzili alıcıya təhvil verir. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 110 320 manat təşkil edir. "xxxx” MMC tərəfindən verilmiş 18 aprel 2007-ci il tarixli kassa mədaxil orderi qəbzindən, maliyyə arayışından və müqavilədən görünür ki, cavabdeh həmin mənzilə dair "xxxx" MMC-yə mənzilin dəyərini tam ödəmişdir. Həmin mənzil onun qanuni sahibliyində və mülkiyyətində olmuşdur. Qeyd olunan müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam icra edilmiş, mənzilİn dəyəri onun tərəfindən tam ödənilmiş və mənzil cavabdehə təhvil verilmişdir. Həmin mənzilin dəyərini tam ödəyərək mənzilə mülkiyyət hüququ əldə etmiş, həmin mənzilə sahiblik etmiş və hal-hazırda həmin mənzilin qanuni sahibi va mülkiyyətçisidir. Daha sonra Cavabdeh2 apelyasiya şikayətinə əlavə təqdim edərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, 08.02.2020-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Cavabadeh Cavabdeh1 MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən onlara heç bir məlumat verilməmiş, iştirakları olmadan işə baxılaraq əsassız və qanunsuz qətnamə qət edilmişdir. Həmin qətnamə rəsmi qaydada onlara təqdim edilməmişdir. Bununla da məhkəmə işə baxarkən kobud prosessual hüquq pozuntusuna yol vermiş, ədalət mühakiməsinin əsas prinsiplərindən olan çəkişmə prinsipinə əməl etməmişdir. Məhkəmə qətnaməsi və iş barədə 2020-ci ilin iyun ayında Nərimanov Rayon Prokurorluğuna dəvət edilərkən xəbər tutmuşdur. Birinci instansiya məhkəməsi hansı əsasla iddianın qismən təmin edilməsi qənaətinə gəlməsini hətta bir cümlə ilə olsa belə əsaslandıra bilməmişdir. Məhkəmə qətnaməsi yalnız iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən və qanunvericiliyin maddələrinin sadalanmasından ibarətdir. "xxxx” Kompani MMC İddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, tərəflər arasında hər hansı razılaşma olmamış, mənzillə bağlı alqısatqı münasibətləri ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda, məhkəmənin hansı qənaətlə 'xxxx” Kompani MMC-nin üzərinə hər hansı vəzifə qoyması öhdəliyi, "xxxx” Kompani MMC-nin iddiaçıya təmir xərcini ödəməsi öhdəliyi tamamilə absurddur. Sözügedən mənzildə təmir işlərinin aparılmasından "Cavabdeh1” MMC-nin məlumatı, razılığı və ümumiyyətlə icazəsi olmamış, iddiaçıya təmirlə bağlı "xxxx" Kompani MMC tərəfind'n hər hansı göstəriş verilməmişdir. Belə olan halda, iddiaçının mübahisəli mənzilə çəkdiyi təmir xərci nəyə görə MMC-dən tutumalıdır? Bununla belə, iş materiallarında sözügedən mənzilə çəkilmiş təmir xərcləri ilə bağlı hər hansı araşdırılma aparılmamış, təmir xərcinin məbləğinin müəyyən edilməsi məqsədi ilə tikinti-texniki və ya əmtəəşünaslıq ekspertiza təyin edilməmiş, sadəcə iddiaçının göstərdiyi məbləğ heç bir əsas olmadan "xxxx" Kompani MMC-dən tutulmuşdur. Daha sonra cavabdeh "Cavabdeh1” MMC apelyasiya şikayətinə əlavə təqdim edərək qətnamənin ididia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili A.Şahverdi cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 100200 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi həmin pulun illik 5 (beş) faizi olan 5010 (beş min) manatın, təmirə çəkilmiş 42 000 (qırx iki min) manat xərclərin, 50 000 (əlli min) manat mənəvi zərərin cavabdehlərdən tutulması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi hissəsində rədd edilməlidir. Sübutların tədqiqi:

11. Mülki işin materiallarında olan mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 100000 manat məbləğində pul ödəniş edilmişdir.

12. İş materiallarında olan mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində pul ödəniş edilmişdir.

13. İş materiallarında olan 54 saylı Notariat kontorunda təsdiqlənmiş Cavabdeh2 tərəfindən xxxx” Kompani MMC-yə ünvanlanmış ərizədən görünür ki, xxxx” Kompani MMC ilə bağlanmış 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən ünvan 5 ünvanında yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157.6 kv.m təşkil edən 3 otaqlı, 45 saylı mənzilə ehtiyacı yoxdur. Bununla bağlı olaraq qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin mənzilin xxxx” Kompani MMC-nin nizamnaməsinə və qanunvericiliyə müvafiq qaydada İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır.

14. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 29.05.2019-cu il tarixli, 2(102)-3433/2019 saylı qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X5, X3 və “xxxx” Kompani MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli, (103)-11040/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4178/2018 saylı mülki iş üzrə qəbul etdiyi 13 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Cavabdeh2 cavabdehlər X5, X3 və “xxxx” Kompani MMC-yə qarşı ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilə dair X4 ilə “xxxx” Kompani MMC arasında imzalanmış 08.10.2014-cü il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilənin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli, (103)-11040/2018 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 29.05.2019-cu il tarixli, 2(102)3433/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

15. İş materiallarında olan satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış 11.08.2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzil İddiaçı satmışdır.

16. İş materiallarında olan satıcı xxxx” Kompani MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 28.02.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzil Cavabdeh2 satmışdır.

17. İş materiallarında olan “xxxx” Kompani MMC-nin maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, onun SahilD” Kompani MMC-yə borcu yoxdur.

18. İş materiallarında olan 54 saylı Notariat kontorunda təsdiqlənmiş X9 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, arvadı Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilin özgəninkiləşməsinə, satılmasına və bağışlanılmasına etiraz etmir.

19. İş materiallarına əlavə edilmiş 54 saylı Notariat kontorunda təsdiqlənmiş X9 tərəfindən xxxx” Kompani MMC-yə ünvanlanmış ərizədən görünür ki, xxxx” Kompani MMC ilə 28.07.2007-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında bağlanmış müqaviləyə əsasən arvadı Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır.

20. İş materiallarına əlavə edilmiş “X7” MMC-nin 28.01.2020-ci il tarixli, 004/LBC saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzilin təmirinə 31000 manat məbləğində vəsait xərclənmişdir. Hüquqi dəyərləndirmə:

21. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə doğru nəticəyə gəlməmişdir.

22. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir: işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtl və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştiraki olmadan məhkəmə tərəfindən baxılmışdırsa.

23. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etmək üçün cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh2 işğal olunmuş Füzuli rayonundakı ünvanına poçt bildirişi göndərib. Onun məcburi köçkün kimi qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Bakı şəhəri, Qala qəsəbəsi, Ə. Cavad küçasi 9A ünvanına poçt bildirişi və qətnamə göndərməmişdir. Cavabdeh2 rəsmi qeydiyyat ünvanı Füzuli rayonu olsa da birinci instansiya məhkəməsi tərəfindən Füzuli rayonunun həmin vaxt işğal altında olması və orada yaşayışın olmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında iştirak etməsi və məhkəmə iclasının çəkişmə prinsipinə əməl etməklə keçirilməsi təmin edilməmişdir.

24. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normalara əməl edilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, 08.02.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə yeni qətnamə qəbul edilməlidir.

25. Kollegiya qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 100200 manat mənzilə görə ödənilmiş pulun Cavabdeh2 tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə Cavabdeh2 11.08.2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzil İddiaçı satması və İddiaçı tərəfindən 100200 manat məbləğində pulun ödənilməsi sübuta yetirilmişdir. Cavabdeh2 müqavilə üzrə öhdliklərini yerinə yetirməmişdir. Buna görə də İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, 100000 manat mənzilə görə və 200 manat notariat xərclərə görə ödənilmiş pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

26. Cavabdeh1 MMC-dən 42 000 (qırx iki min) manat təmir xərclərinin tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı kollegiya qeyd edir ki, xxxx MMC ilə İddiaçı arasında mənzilin təmir etdirilməsi ilə bağlı hər-hansı müqavilə bağlanmamış və Cavabdeh1 MMC mübahisəli mənzilin təmir xərclərini ödəmək öhdəliyini öz üzərinə götürməmişdir. Belə olan halda cavabdeh Cavabdeh1 MMC-dən 42 000 (qırx iki min) manat təmir xərclərinin tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.

27. Kollegiya iddia tələbinin 100200 manat pulun illik 5 (beş) faizi olan 5010 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin tələbi əsaslandığı hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir.

28. İddiaçının 50000 manat mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehlər tərəfindən vurulmuş mənəvi zərərlə bağlı heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

29. Kollegiya qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi hissəsində iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

31. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;

32. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;

33. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

34. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

36. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.

39. Beləliklə də, kollegiya sadalanan xüsusatlara əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqısatqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 100200 manat mənzilə görə ödənilmiş pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi həmin pulun illik 5 (beş) faizi olan 5010 (beş min) manatın, təmirə çəkilmiş 42 000 (qırx iki min) manat xərclərin, 50 000 (əlli min) manat mənəvi zərərin cavabdehlərdən tutulması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi hissəsində rədd edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

42. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

44. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 100200 manat mənzilə görə ödənilmiş pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi həmin pulun illik 5 (beş) faizi olan 5010 (beş min) manatın, təmirə çəkilmiş 42 000 (qırx iki min) manat xərclərin, 50 000 (əlli min) manat mənəvi zərərin cavabdehlərdən tutulması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMCnin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi hissəsində rədd edilməlidir.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, 08.02.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 100200 (bir yüz min iki yüz) manat mənzilə görə ödənilmiş pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi ödənilmiş 100200 manat pulun illik 5 (beş) faizi olan 5010 (beş min on) manatın, təmirə çəkilmiş 42 000 (qırx iki min) manat xərclərin, 50 000 (əlli min) manat mənəvi zərərin cavabdehlərdən tutulması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar