Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3779/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-2010/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh İB-nin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının övladı X2 dəm qazından zəhərlənərək ölməsi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 30.000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 180 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 15.000 manat, dövlət rüsumunun əvəzi kimi 135 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının övladı X3 xx.xx.2011-ci ildə Səbail rayonu, Xanlar küçəsi, ev № 52-də yerləşən 8 №-li mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Fakta görə cinayət işi başlanıb və Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cavabdeh İB X5 Sahəsinin 4 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustası vəzifəsində işləyən İlkin Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilib. Hökmlə müəyyən edilib ki, qeyd olunan hadisə bu şəxsin səhlənkarlığı nəticəsində baş verib. Belə ki, o, X5 Sahəsinin 4 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustası vəzifəsində işləyərkən, həmçinin xidmət rəisinin əmək funksiyalarını müvəqqəti icra edərkən, işə laqeyid münasibət göstərərək və öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək həmin mənzilin su qızdırıcıları quraşdırılmış hamam otağına havanın daxil olması üçün dəliklərin kifayət qədər olmamasını aşkar etməklə müvafiq tədbirlər görmədiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərini pozaraq səhlənkarlıq etmiş və nəticədə mənzildə yaşayan X1 qaz qızdırıcısının qazla işlənməsi prosesində əmələ gəlmiş dəm qazından xx.xx.2011-ci il tarixdə zəhərlənərək ölmüşdür. İddiaçı cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquq varisi kimi tanınmışdır. İddiaçının övladının ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödəniləcək təzminatın məbləğini düzgün olaraq 15.000 manat müəyyən edib. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdeh İB-nin maliyyə imkanları həmin məbləğdə təzminat ödəməyə imkan verir. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-2010/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3779/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3779/2024
28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver