Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3781/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Bayramov Rəşad Əhəd oğlunun nümayəndəsi və vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun iştirakı ilə, İddiaçı Bayramov Rəşad Əhəd oğlunun cavabdeh Babayeva Mətanət Heydər qızına qarşı “alimentin miqdarının dəyişdirilməsi” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bayramov Rəşad Əhəd oğlu Babayeva Mətanət Heydər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017- ci il tarixli, 2(001)-7800/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək alimentin sabit məbləğdə tutulmasının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin nikahları məhkəmə qaydasında pozulmuş, bu barədə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2012-ci il tarixdə şəhadətnamə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(001)-7800/2017 saylı qətnaməsinə əsasən, tərəflərin birgə nikahlarından olan xx xxx 2006-cı il təvəllüdlü Bayramov Adnan Rəşad oğlu və xx xxxx 2008-ci il təvəllüdlü Bayramov Kənan Rəşad oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Bayramov Rəşad Əhəd oğlundan Babayeva Mətanət Heydər qızının xeyrinə xx xxxxx 2017-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında və 173 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qətnamə çıxarılan zaman Bayramov Rəşad Əhəd oğlu “xxxx” MMC-də market meneceri vəzifəsində işləmiş, aylıq əmək haqqı 300 manat təşkil etmişdir. Məhkəmə onun gəlirini və uşaqların mənafelərini nəzərə alaraq alimentin əmək haqqından tutulacağı təqdirdə əldə edilən məbləğin uşaqların saxlanmalarına kifayət etməyəcəyi əsası ilə həm əmək haqqından və başqa gəlirlərdən üçdə-bir hissədə, həm də sabit pul məbləğində alimentin tutulması qərarına gəlmişdir. Beləliklə, həmin dövrdə R.Bayramovdan ümumilikdə 273 manat pul aliment ödənişi olaraq tutulmuşdur. Hazırda R.Bayramov “Azerbaijan Technologies” firmasında satış üzrə mütəxəssis vəzifəsindəşləyir və aylıq əmək haqqı 1101,68 manat təşkil edir. Hazırki əmək haqqının üçdə-bir hissəsi 2020-ci il Azərbaycan Respublikasında uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan çoxluq təşkil etdiyi halda R.Bayramovun gəlirindən əlavə olaraq 173 manat da tutulmaqdadır. Bu isə R.Bayramovun gəlirinin təxminən yarısının aliment ödənişinə tutulması ilə nəticələnir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(001)- 7800/2017 saylı qətnaməsinə əsasən, Bayramov Rəşad Əhəd oğlundan Babayeva Mətanət Heydər qızının xeyrinə tutulmalı alimentin miqdarı dəyişdirilməklə, onların birgə nikahlarından olan xx xxx 2006-cı il təvəllüdlü Bayramov Adnan Rəşad oğlu və xx xxxx 2008-ci il təvəllüdlü Bayramov Kənan Rəşad oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Bayramov Rəşad Əhəd oğlunun aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında alimentin tutularaq Babayeva Mətanət Heydər qızına ödənilməsi, bu qətnamə ilə müəyyən edilmiş miqdarda alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablanması qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının əmək haqqının 1000 manat olması, yeni aliment məbləğinin ölkədə uşaqla üçün nəzərdə tutulmuş minumumundan daha aşağı olması arqumentləri ilə əsaslandırmışdır. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətininin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh özü 16 000 manat əmək haqqı alır, lakin onlar bu barədə arayış verilməsi məqsədilə sorğu versələrdə sorğuya cavab verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmiş; cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğvini və iddianın təmin edilməməsini xahiş etsə də, şikayətinin məzmunundan qətnaməni məhz qeyd edilən hissədə mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə, iddia tələbinin təmin edilmədiyi hissə apellyasiya baxışının predmeti deyildir. Kollegiya izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi çıxarılarkən Bayramov Rəşad Əhəd oğlu “xxxx” MMC-də market meneceri işləmiş, aylıq əmək haqqı 300 manat təşkil etmişdir. Həmin dövrdə Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136,6 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və onların əvvəlki vəziyyətdə saxlanması vacibliyini, həmçinin, uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab etmişdir ki, uşaqların saxlanması üçün Bayramov Rəşad Əhəd oğlundan hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında və aylıq 173 manat sabit pul məbləğində alimentin tutularaq Babayeva Mətanət Heydər qızına ödənilməlidir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını yuxarıda sözügedən qətnamə qəbul edilərkən onun əmək haqqının 300 manat olması, hazırda isə 1000 manat əmək haqqının olmasını və həmən əmək haqqının üçdə birinin uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minumumundan çox olmasını əsas göstərməklə tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Binəqədi Rayon Məhkəməsi xx xxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə ondan gəlirinin öçdə biri və sabit pul məbləğində 173 manat aliment tutulmasını müəyyənləşdirərkən iddiaçının 300 manat əmək haqqı almasını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı “Azerbaijan Technologies” firmasında satış üzrə mütəxəssis vəzifəsində işləməklə 1114,12 (NETT 1000 manat) manat əmək haqqı alır, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat, 2021-ci il üçün isə 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, bu hal tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində, 2021-ci il üçün isə 175 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar, həmçinin valideynlərin hər ikisinin bərabər vəzifələr daşıdıqları da nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, iddiaçı “Azerbaijan Technologies” firmasında satış üzrə mütəxəssis vəzifəsində işləməklə 1114,12 (NETT 1000 manat) manat əmək haqqı alır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir və qətnamənin alimentin məbləğinə aid hissədə dəyişdirilərək iddiaçıdan hər ay iddiaçının aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarıda və 17 manat sabit pul məbləğində alimentin tutulması hazırki mübahisənin halları baxımından daha ağlabatandır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. xx xxx 2006-cı il təvəllüdlü Bayramov Adnan Rəşad oğlu və xx xxxx 2008-ci il təvəllüdlü Bayramov Kənan Rəşad oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıdan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği Bayramov Rəşad Əhəd oğlunun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və 17 manat sabit pul məbləğində məbləğində müəyyən edilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3781/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3781/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver