Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3787/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh1 MMC-nin İddiaçı qarşı “pulun qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 50 000 (əlli min) manat məbləğində mənəvi ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı X3 xx.xx.2018-ci il tarixində Cavabdeh1 MMC-də fəhlə kimi işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə MMCnin həyətyanı sahəsindəki istismar müddəti bitmiş “Kraz” markalı yük avtomobilinin metal hissələrini qaz kəsici alətlə kəsərkən avtomobilin yanacaq çəninin qızması nəticəsində yanacağın buxarlanmasından çənin qapağı atılmış, çəndən çıxan yanacaq onun üzərinə tökülmüş, həmin an qığılcım təsirindən yanıq şoku, başın, üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin dairəvi İİ-İİİ dərəcəli termiki yanığı, bədənin ümumi sahənin 85 faizi termiki yanığı – yüksək hərarətin (alovun) yerli təsirindən törənərək dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid yanıq xəsarətləri almış, dərhal Bakı şəhəri 5 nömrəli xəstəxanaya aparılsa da, vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmamışdır. X1 xx.xx.2018-ci il tarixdə ölməsində “xxxx” MMC-nin direktoru Cavabdeh2, həmin MMC-nin texniki-təhlükəsizlik üzrə mühəndisi Cavabdeh4 və MMC-nin sex rəisi Cavabdeh3 təqsirli bilinmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Cavabdeh2 Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüquqlarından məhrum edilməklə üç il üç ay müddətinə və Cinayət Məcəlləsinin 225.2-ci maddəsinə əsasən iki il altı ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh4 Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə üç il müddətinə, Cinayət Məcəlləsinin 225.2.-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə dörd il altı ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına, Cavabdeh3 Cİnayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə üç il müddətinə, Cinayət Məcəlləsinin 225.2.ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə dörd il altı ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişlər. Cavabdehlərin hüquqa zidd əməlləri nəticəsində ona maddi və mənəvi zərər dəymiş, cinayət hadisəsi nəticəsində ailə başçısını itirmiş, stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı keçirmişdir. Cavabdeh1 MMC isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı MMC-nin xeyrinə 7300 manatın, Azərbaycan Respublikasının Silahlı X4 xeyrinə 1000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Ağaməli Qurbanovun vəfatından sonra Cavabdeh1 MMC mərhumun dəfn və yas mərasimlərinin təşkili ilə bağlı bütün xərcləri öz üzərinə götürərək mərhumun qardaşı X2 xx.xx.2018-ci il tarixində 2519 manat, xx.xx.2018-ci il tarixində 450 manat, xx.xx.2018-ci il tarixində 502 manat, xx.xx.2018-ci il tarixində 502 manat, xx.xx.2018-ci il tarixində 502 manat, xx.xx.2018-ci il tarixində 603 manat, xx.xx.2018-ci il tarixində 2000 manat, xx.xx.2018-ci il tarixində 300 manat, xx.xx.2018-ci il tarixində 20 manat, xx.xx.2018-ci il tarixində 1011 manat, xx.xx.2018-ci il tarixində 100 manat, xx.xx.2019-cu il tarixində 1000 manat, xx.xx.2019-cu il tarixində 3000 manat olmaqla ümumilikdə 12 509 manat ödəniş etmişdir. 2018-ci ilin avqust ayının əvvəllərində İddiaçı müəssisəyə gələrək özünü mərhum Ağaməli Qurbanovun həyat yoldaşı kimi təqdim edib mərhumun vəfatından sonra ailənin maddi vəziyyətinin çətinləşməsi səbədindən maddi yardım edilməsini istəmiş, hadisədən qısa vaxt keçdiyindən soyadların eyni olduğundan və vəziyyət kifayət qədər həssas olduğundan İddiaçı ilə mərhumun nikahda olub-olmaması (nikahın qeydə alınıb-alınmaması) araşdırılmadan maddi yardımın edilməsi üçün onun bank hesabında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək hər ay olmaqla ümumilikdə 6800 manat məbləğində pul köçürülmüş, 2009-cu ilin yanvar ayında isə 500 manat nağd verilmişdir. 2019-cu ilik oktyabr ayı üçün ödəniş edildikdən sonra İddiaçı ödənişlərin aparılması dayandırılmış, buna səbəb İddiaçı ilə mərhum arasında rəsmi nikahın mövcud olmadığının bilinməsi, yəni İddiaçı özünü mərhumun həyat yoldaşı kimi təqdim edərək müəssisəni aldatmasının məlum olması olmuşdur. Digər tərəfdən identik işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, 15 000-20 000 manat kompensasiyanın ödənilməsi nəzərdə tutulur və hadisənin baş verməsindən sonra mərhumun ailəsinə təqribən 20 000 manat məbləğində kompensasiya ödənilmişdir. Beləliklə, İddiaçı hadisənin baş verməsindən qısa vaxt sonra yaranmış həssas məqamdan sui-istifadə edərək özünü mərhum Ağaməli Qurbanovun həyat yoldaşı kimi təqdim etməklə Cavabdeh1 MMC-nin rəhbərliyini aldatmış və müəssisədən ümumilikdə 7300 manat məbləğində vəsait ələ keçirərək əsassız varlanmışdır. Buna görə də o, həmin vəsaiti Cavabdeh1 MMC-yə geri qaytarmalı, eyni zamanda gələcəkdə bu cür qanuna zidd əməllərdən çəkindirilməsi və yol verdyi əmələ görə cazalandırılması üçün ondan Azərbaycan Respublikası Silahlı X4 xeyrinə 1000 manat kompensasiya tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, mənəvi zərərə görə 10 000 manatın, dövlət rüsumuna görə 30 (otuz) manatın Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsində sadalanan hallara istinadən belə əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh1 MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə müvafiq məhkəmə aktının çıxarılmasını xahiş etmiş, İddiaçı isə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cəza çəkdikləri cəzaçəkmə müəssisəsinə bildiriş göndərilərək onların məhkəmə iclasında iştirak etmək istəyib-istəmədiklərinin aydınlaşdırılması xahiş olunmuş, lakin adı çəkilən şəxslər bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. İşin halları və apellyasiya baxışının həddi nəzərə alınmaqla, işə həmin şəxslərin iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin və qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, “xxxx” MMCnin nümayəndəsi isə qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaçının xeyrinə tutulmuş mənəvi ziyanın məbləğinə aid hissədə dəyişdirilməlidir. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçının həyat yoldaşı X3 xx.xx.2018ci il tarixdə Cavabdeh1 MMC-də fəhlə kimi işə qəbul olunmuş, xx.xx.2018-ci il tarixdə MMC-nin həyətyanı sahəsindəki istismar müddəti bitmiş “Kraz” markalı yük avtomobilinin metal hissələrini qaz kəsici alətlə kəsərkən avtomobilin yanacaq çəninin qızması nəticəsində yanacağın buxarlanmasından çənin qapağı atılmış və çəndən çıxan yanacaq onun üzərinə tökülmüş, nəticədə o, yanıq xəsarətləri alaraq xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Ağaməli Qurbanovun ölümü ilə nəticələnmiş hadisəyə görə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2, texnikitəhlükəsizlik üzrə mühündisi Cavabdeh4 və sex rəisi Cavabdeh3 təqsirləndirilən şəxslər qismində cəlb edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə onlar, həmin hadisənin törənməsində təqsirli bilinərək məhkum edilmişlər. İddiaçı məhz yuxarıda qeyd olunan hallara əsaslanmaqla hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, Mülki Məcəllənin 21ci, 23-cü və 1099-cu maddələrinə istinad edərək Cavabdeh1 MMC-nin işçilərinin qanunazidd əməlləri səbəbilə baş vermiş hadisə nəticəsində mənəvi zərərə məruz qaldığını irəli sürmüşdür. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir və bu səbəblə də cavabdeh təşkilatın işçiləri olmuş Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində ilkin iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh1 MMC-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində ilkin iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, onun əri həmin hadisə nəticəsində vəfat etmiş, ailə başçısı olan ərinin təminatından məhrum olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği həmin meyara cavab vermir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. İş materiallarından görünür ki, X1 ölümü ilə nəticələnmiş hadisədən sonra başlanmış cinayət işi üzrə onun qardaşı Yusubəli Qurbanov zərərçəkənin hüquqi varisi qismində tanınmış, Cavabdeh1 MMC mərhumun dəfn və yas mərasimlərinin təşkili ilə bağlı ona ümumilikdə 12 509 manat vermiş, bundan əlavə ilkin iddiaçıya (İddiaçı) 7300 manat ödəniş həyata keçirmiş, həm İddiaçı, həm də mərhumun digər ailə üzvlər istintaq orqanına və məhkəməyə Cavabdeh1 MMC-nə qarşı heç bir şikayətlərinin olmadığı barədə ərizələr ünvanlamışlar. Kollegiya hesab edir ki, işçilərinin təqsirli hərəkətləri nəticəsində vəfat etmiş şəxsin dəfn və yas xərclərini ödəmiş olması, habelə onun həyat yoldaşına müəyyən məbləğdə maddi yardım göstərməsi, Cavabdeh1 MMC-ni sonuncuya dəymiş mənəvi ziyanı qarşılamaq məsuliyyətindən azad etmir; bununla belə MMC-nin hadisədən sonrakı davranışları onun bu məsuliyyətinin ölçüsü müəyyənləşdirərkən nəzərə alınmalıdır. Şərh olunanların məcmusunu, xüsusilə, ilkin iddiaçının ərinin vəfatından 2 ildən artıq vaxt keçdikdən sonra iddia qaldırmış olmasını nəzərə alan kollegiyanın qənaətinə görə, ona dəymiş mənəvi zərərin 5000 (beş min) manat həcmində müəyyənləşdirilməsi mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilə bilər. Qarşılıqlı iddia üzrə gəlinən nəticəni isə kollegiya əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür; belə ki, qarşılıqlı iddiaçı iddia tələbini İddiaçı mərhumun həyat yoldaşı olmadığı halda yalan məlumat verərək MMC-dən pul almış olduğu arqumenti ilə əsaslandırsa da, həmin hal təsdiqini tapmamış, X7 Qurbanovanın 1986-cı ildə nikah bağladıqları müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, hətta qeyri-rəsmi nikah münasibətləri belə Avropa Konvensiyasının 8-ci maddəsi kontekstində “şəxsi həyat” kimi qiymətləndirilir və Avropa Məhkəməsi ailə həyatının mövcudluğu məsələsini hər bir işdəki konkret faktlar əsasında və münasibətlərin iştirakçıları arasında sıx şəxsi əlaqələrin mövcudluğuna dair ümumi prinsip əsasında həll edir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 MMC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5502/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnamə Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh1 MMC-dən mənəvi ziyana görə 5000 (beş min) manat İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh1 MMC tərəfindən ödənilmiş dövlət rüsumu həmin MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3787/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3787/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver