Məhkəmə qərarları › İş №2(103)-3789/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3789/2020

15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3789/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6445/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi, iddia ərizəsinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 üçün aylıq 250 AZN alimentin və Əli Ağakişiyevin müalicə xərcləri ilə əlaqədar olaraq hər ay 200 manat məbləğində pulun hesablanmasına 2016-ci ilin oktyabr ayından başlanılaraq, 16200 manat olmaqla Cavabdeh tutularaq ona ödənilməsi, həmçinin qəbzlərdə qeyd olunmuş 268 manat pulun 50 faizinin, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6445/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxxxx 2002-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə xx xxxxx 2017-ci ildən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, Əli Ağakişiyevin müalicə xərcləri üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 100 manat məbləğində vəsaitin tutulması, İddiaçı tərəfindən ödənilmiş 268 manat pulun 50 faizi, yəni 134 (bir yüz otuz dörd) manat vəsait Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə arasında xx xxxx 2002-ci il tarixdən xx xxxxxxxx 2007-ci il tarixədək qeydiyyat orqanlarında nikah qeyd etdirməklə ümumi təsərrüfat aparmaqla və ailə həyatı sürmüşlər. Evləndikdən sonra ilk vaxtlar bir-birisini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2002-ci il təvəllüdlü Ağakişiyev Əli adlı uşağı olmuşdur. Ailə münasibətləri tədricən soyuyaraq tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırdılar. Bir müddət keçdikdən sonra iddiaçı onun xəbəri olmadan, o, Türkiyə Respublikasında olarkən ondan xəbərsiz boşanmaqla ərə getmiş, iki uşağı da vardır. 2004-2008-ci illərdə Türkiyə Respublikasında işləməklə, oradan da İddiaçı hər ay, teztez pul göndərmişdir. Uşağı isə İddiaçı təkidi ilə onun yanında qalmışdır. Lakin onun valideynləri uşaqla- Əli Ağakişiyevlə daimi əlaqədə olmuşlar, lazımi köməklikləri ona etmişlər. Evə dəvət etməklə hər cür yardımlar edilmiş, lazımi pul məbləğləri Əli Ağakişiyev üçün verilmişdir. O, 2008-ci ildə Türkiyə Respublikasından Rusiya Federasiyasına işləmək üçün getdi və 2010-cu ilə qədər orada yaşamışdır. Sonralar xx xxxx 2010-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il (altı) 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunmuş, yalnız xx.xx.2016-cı ildə cəza müddətini çəkib azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra, 2017- 2019-cu illər ərzində onda yaranmış bir çox müxtəlif xəstəliklərlə əlaqədar yaxınlarının köməklikləri nəticəsində Türkiyə respublikasında davamlı stasionar müalicələrdə olmuş, həbsxanadan çıxandan heç bir yerdə işləməmişdir. Lakin buna baxmayaraq ailə üzvləri və yaxınları oğlu Əli Ağakişiyevə, (baxmayaraq ki, o, onu tanımır və ana qohumlarının təzyiqi ilə onu tanımaq və görmək istəmir) həmişə pul məbləğləri və əşyalarla yardım və köməkliklər ediblər. Bu günki gündə də onun Əli Ağakişiyevlə hər cür görüşlərinə qadağalar qoyulubdur.İddiaçı heç nə maraqlandırmır, onu yalnız maddiyyət, pul maraqlandırır, yalnız pul. Özü də onun yuxarıda qeyd etdiklərini yaxşı bilir. Özü də etiraf edir ki, o, xəstədir, heç bir yerdə işləmir. Yalnız yaxın qohumlarının ona etdikləri yardımların hesabına müalicə almaqla, günlərini sıxıntı içində bir təhər yola verir. Son vaxtlar ümumiyyətlə xəstəlikləri ona çox çətinliklər yaradır. Hətta gözləri də hərdən görmür. Bütün bunlara baxmayaraq İddiaçı 18 yaşlı, yetkinlik yaşında olan Əli Ağakişiyevi bəhanə edərək alimeti tələb etməsi absurddur. Axı indiyə kimi Əli Ağakişiyevə olunan pul yardımlarından o, bilir ki, uşağın heç xəbəri də yoxdur. Ona görə ki, İddiaçı hər vasitə ilə əldə olunan pulları yalnız özünə xərcləyir, uşaq bəhanədir. O, özü heç bir yerdə işləmir. Bu günki gündə, öz təminatını ödəyə bilmir, çətindir, maddi durumum demək olar ki, yox dərəcəsindədir. Yalnız yaxınlarının əlinə baxır, İddiaçı tərəfindən işsiz, gəliri olmayan xəstə adamdan ağlasığmaz məbləğdə pul tələbi absurddur. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli 2- 1633/07 nömrəli qətnaməsi ilə tərəflər arasında xx xxxx 2002-ci il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayında qeydə alınmış nikaha xitam verilmiş və onların xx.xx.2002-ci il təvəllüdlü X6 adlı övladları vardır. X5 anadangəlmə lal-karlıq, eşitmə funksiyasınının olmaması, İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə, nitq pozuntusu diaqnozu təyin edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri və qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi onun alimenti ödəməyə imkanı çatmadığı onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bununla yanaşı, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur(AM.mad.100.2). Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər(AM. Mad.100.3). Birinci instansiya məhkəməsi alimentin alınmasının başlanğıcını xx xxxxx 2017-ci il tarixdən müəyyən edərkən qeyd etmişdir ki, “aliment xx xxxxx 2017-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı aliment tələbi barədə ərizə ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə müraciət etmiş və həmin ərizə ona xx.xx.2017-ci il tarixdə ona çatdırılmışdır”. Lakin iddiaçının xx.xx.2017-ci il tarixdə cavabdehə aliment tələbinə dair ərizə ilə müraciət etməsi barədə işdə hansısa sübut mövcud deyildir. İddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək hansısa tədbirlər gördüyünü, lakin aliment ödəməli olan cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı da müəyyən edilməmişdir. Ona görə də, alimentin alınmasının başlanğıcının xx xxxxx 2017-ci ildən hesablanması düzgün olmamışdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6445/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin tutlmasının başlandığı tarix hissəsində dəyişdirilsin və alimentin alınmasının əvvəli xx xxxxxxx 2019-ci il tarixdən hesablansın. Qətnamə Cavabdeh apellyasiya şikayəti üzrə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar