Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-379/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak tələbi barədə” iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 dekabr 2022-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - dəyəri 250 manat olan 1 ədəd tozsoran; dəyəri 40 manat olan 1 ədəd “Panasonik” markalı ütü; dəyəri 190 manat olan 1 ədəd “Panasonik” markalı ətçəkən maşın; dəyəri 150 manat olan duxovka; dəyəri 600 manat olan “Neos” markalı plazma televizor; dəyəri 150 manat olan 6 ədəd “Tefal” qazan dəsti; dəyəri 35 manat olan mətbəx qabları(duz, şəkər) dəsti; dəyəri 35 manat olan bıçaq dəsti; dəyəri 25 manat olan 2 ədəd podnos dəsti; dəyəri 25 manat olan soğan doğrayan maşın; dəyəri 15 manat olan mikser; dəyəri 150 manat olan Bleklrik samovarı və çayniki üstündə; dəyəri 200 manat olan “Kemd” markalı şirəçəkən maşın; dəyəri 1.100 manat olan 2 ədəd İran istehsalı xalça; dəyəri 70 manat olan 5 ədəd dəst çuqun qazançalar; dəyəri 260 manat olan 1 ədəd çilçıraq; dəyəri 30 manat olan divar saatı; dəyəri 25 manat olan 1 ədəd neft lampası; dəyəri 30 manat olan 1 ədəd ləpəçəkən; dəyəri 720 manat olan “Samsung” markalı paltaryuyan maşın; dəyəri 25 manat olan polsilən (şotkalı vedrəli); dəyəri 15 manat olan süpürgəli zibilgötürən; dəyəri 5 manat olan iynə-sap dəsti; dəyəri 30 manat olan stolüstü güldan; dəyəri 15 manat olan 1 ədəd çaydan; dəyəri 5 manat olan çaynik; dəyəri 15 manat olan tort vazı və boşqabları; dəyəri 150 manat olan 48 ədəd dəst boşqab; dəyəri 150 manat olan 12 ədəd dəst büllur stəkanlar, nəlbəkilər, razetkalar; dəyəri 60 manat olan 2 ədəd konfet qabı; dəyəri 5 manat olan 1 ədəd su qabı; dəyəri 5 manat olan 1 ədəd külqabı; dəyəri 5 manat olan 2 ədəd sadə qəndqabı; dəyəri 10 manat olan 6 ədəd ayaqlı mürəbbə qabı; dəyəri 5 manat olan 1 ədəd mətbəx taxtası; dəyəri 70 manat olan 12 ədəd komplekt qaşıqlar (xörək, çay), çəngəllər; dəyəri 10 manat olan 1 ədəd aşsüzən; dəyəri 15 manat olan 1 ədəd xəmir qabı; dəyəri 5 manat olan mətbəx önlüyü; dəyəri 2 manat olan qazangötürən tutağac; dəyəri 60 manat olan 4 ədəd süfrə; dəyəri 30 manat olan 6 ədəd çaydəsmalları, parça salfetər; dəyəri 90 manat olan 2 ədəd ikinəfərlik pastel; dəyəri 60 manat olan 3 ədəd birnəfərlik pastel; dəyəri 60 manat olan 6 dəst hamam və üzdəsmalı; dəyəri 10 manat olan 2 cüt tək dəsmallar; dəyəri 110 manat olan 10 metrlik pərdə; dəyəri 3 manat olan 1 cüt hamam silgisi; dəyəri 350 manat olan 2 dəst balış üzlükləri, çexollar, prostinalar; dəyəri 250 manat olan taxt örtüyü, adyal (yay, qış); dəyəri 300 manat olan Bir dəst taxt yorğan, döşək; dəyəri 110 manat olan 6 ədəd balış; dəyəri 25 manat olan 2 ədəd güzgü, şam; dəyəri 75 manat olan göy nişan donu; dəyəri 120 manat olan 4 dəst rəngarəng yay donu; dəyəri 750 manat olan gəlinlik ağ don; dəyəri 20 manat olan sarı qollu köynək; dəyəri 60 manat olan xalat 3 dost; dəyəri 20 manat olan mavi ev paltarı dəsti; dəyəri 140 manat olan qalın jaketlər uzun, qısa, papaqlı; dəyəri 70 manat olan kurtka; dəyəri 50 manat olan dəst yataq paltarı; dəyəri 70 manat olan şarflar, örpəklər; dəyəri 60 manat olan ağ gəlinlik ayaqqabı; dəyəri 80 manat olan 2 cüt dikdaban ayaqqabı; dəyəri 50 manat olan 2 cüt bosanoşka; dəyəri 30 manat olan 4 cüt tapoçka; dəyəri 60 manat olan 2 ədəd çanta; dəyəri 150 manat olan “İydə” markalı parfümeriya; dəyəri 140 manat olan 5 ədəd çemodan; dəyəri 500 manat olan “Lenova K5” markalı mobil telefon (sındırılmış); dəyəri 1.700 manat olan brilyant qaşlı nişan üzüyü; dəyəri 4.500 manat olan brilyant qaşlı komplekt (boyunbağı, qolbaq, üzük, sırğa); dəyəri 800 manat olan üzük, sırğa, sep (atasının evində olarkən üzərində olaraq apardığı) naturada, naturada qaytarılması mümkün olmadıqda isə onlarının dəyəri cavabdehlərdən alınaraq ona verilməsi; - valideyni tərəfindən mebel əşyalarının alınmasına görə verilən 3.000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93,82 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə evlənərək ailə qurmuş, nikahları xx.xx.2021-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Qeydiyyat Şöbəsində 667 nömrə ilə qeydə alınaraq rəsmiləşdirilmişdir. Birgə nikahdan övladları olmamışdır və xx.xx.2022-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Qeydiyyat Şöbəsində nikaha xitam verilmişdir. İddiaçı gəlin köçərkən cehiz əmlakını cavabdehlə birlikdə yaşadıqları mənzilə aparmışdır. Cavabdehlə ailə qurduqları ilk vaxtlardan aralarında söz-söhbətlər baş vermiş və hətta döyülməyinə görə, cavabdehin anası Cavabdeh2 və bacısı Cavabdeh3 barəsində polisdə araşdırma aparılmış, inzibati tənbeh olunmuşlar. Bütün bu hadisələrdən sonra İddiaçı əsəb, psixoloji və digər xəstəliklər yaranmışdır. Hal-hazırda cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, cavabdehdən ayrılarkən bütün cehiz əmlakı və qızıl-zinət əşyaları cavabdehlərin evində qalmış, dəfələrlə əşyalarını cavabdehdən tələb etməyinə baxmayaraq, bundan imtina etmiş, verməyəcəklərini bildirmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərə məxsus olan və ünvan 1 ünvanında olan 190 manat dəyərində ət çəkən maşının, 150 manat dəyərində duxovkanın, 600 manat dəyərində televizorun, 200 manat dəyərində şirəçəkən maşının, cəmi 1.100 manat dəyərində 2 ədəd xalçanın, 720 manat dəyərində “Samsung” markalı paltaryuyan maşının, 40 manat dəyərində ütünün, 150 manat dəyərində “tefal” qazan dəstinin, 25 manat dəyərində soğan doğrayan maşının, 15 manat dəyərində tort çalanın (mikser), 150 manat dəyərində elektrik somovarın və üstündəki çaynikin, 30 manat dəyərində ləpəçəkənin, 2 manat dəyərində qazan götürən tutağacın, 60 manat dəyərində 4 ədəd süfrənin, 30 manat dəyərində, 6 ədəd, çay dəsmalları, parça salfetlərin, 90 manat dəyərində 2 ədəd ikinəfərlik pastelin, 60 manat dəyərində 3 ədəd birnəfərlik pastelin, 60 manat dəyərində 6 dəst hamam və üz dəsmallarının, 10 manat dəyərində 2 cüt tək dəsmalın, 110 manat dəyərində 10 metrlik pərdənin, 3 manat dəyərində 1 cüt hamam silgisinin, 350 manat dəyərində 2 dəst balınc üzlüklərin, çexolların, prostinaların, 250 manat dəyərində taxt örtüyünün, adyalın (yay, qış), 75 manat dəyərində göy nişan donunun, 1.500 manat dəyərində brilyant qaşlı nişan üzüyünün, 4.500 manat dəyərində boyunbağın, qolbaq, üzük, sırğadan ibarət komplektin, bu mümkün olmadıqda isə onların pul əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 hazırda baxılan mübahisə üzrə hər hansı hüquqi məsuliyyət daşıması sübuta yetirilmədiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Digər cavabdehlərə münasibətdə isə iddia tələbi sübuta yetirildiyi hissədə qismən təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməyərək qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Rayon Məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının təşəbbüsü ilə dindirilən şahidlərin ifadələrinə və iddiaçının təqdim etdiyi video diskə istinad etmişdir. Lakin məhkəmə Mülki Prosessual Məcəllənin 80-81-ci maddələrinin tələblərinə əməl etməmişdir. Təqdim olunmuş sübutların mübahisəyə aid olub-olmamasını araşdırmamış, təqdim olunmuş sübutların təsdiq olunub-olunmamasına əhəmiyyət verməmişdir. Xüsusilə video diskdə nələrdən bəhs olunması, görüntülərin konkret hansı əşyalara aid olmasından, videodakı ünvanın harada yerləşməsindən bəhs olunmayıb. Bundan başqa təmin olunmuş əşyaların əvəzini təmin edərkən həmin əşyaların qiymətlərin real olub-olmamasını müəyyənləşdirmək üçün əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
7. Apellyasiya baxışının əvvəlki iclasında iştirak edən apellyatorların vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir.
8. Apellyasiya baxışının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə onların vəkili (nümayəndəsi), habelə apellyasiya baxışının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı və digər Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər.
9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə minmişdir.
11. Rayon Məhkəməsinin qətnaməsindən birgə apellyasiya şikayəti vermiş cavabdehlər isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətin məzmunundan görünür ki, cavabdehlər qətnamənin iddia tələbinin bir qisminin təmin edilməsi hissəsini mübahisələndirmişlər.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, 2 saylı Bakı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İ seriyalı, 394640 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikah ər-arvadın xx.xx.2022-ci il tarixli birgə ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə pozulmuşdur və bu barədə həmin tarixdə 62 nömrəli qeyd aparılmışdır. Kişiyə Fərruxov, qadına Həsənova soyadları verilmişdir.
16. X9, X4, X5, Nümayəndə və X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aktı imzalayan şəxslər iddia ərizəsində qeyd edilən cehiz və qızıl-zinət əşyalarının, mebel əşyalarının alınması üçün isə 3.000 manat pul məbləği Cavabdeh2 verildiyini təsdiq etmişlər.
17. İddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi video diskdən müəyyən olunur ki, X1 Qəribə Şiralı qızına ətçəkən maşın, duxovka, televizor, şirəçəkən maşın, 2 ədəd xalça, paltaryuyan maşın satmışdır. Malların cəmi dəyəri 4.395 manat təşkil edir.
18. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, 2021-ci ilin may ayında iddiaçı tərəf qızıl-zinət və mətbəx əşyalarından ibarət cehizlərini cavabdehlərin yaşadığı ünvana aparmışdır. Həmin ayın sonunda isə mətbəx əşyalarının pulunu cavabdeh tərəfə vermişlər.
19. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X23 öz ifadəsində bildirmişdir ki, 17 ildir Azərbaycanda yaşayır. İddiaçının anası 2021-ci ilin may ayında onun yanına gələrək iddiaçıya mebel alınması üçün borc pul istəmişdir. Daha sonra yığılmış mebel pulunun cavabdeh tərəfə verilməsi üçün iddiaçının anası Nümayəndə öz maşını ilə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində cavabdehlərin olduğu ünvana aparmışdır. Nümayəndə cavabdehlərin yaşadığı mənzilə daxil olmuş, 15 dəqiqə sonra isə geri qayıtmış və o, Nümayəndə avtovağzala qədər ötürmüşdür.
20. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun bibisi qızıdır. Cavabdehlərin olduğu mənzilə iddiaçıya məxsus yorğan-döşək, xalça və s. əşyalar, həmçinin mətbəx əşyaları verilmişdir. Həmin əşyaların aparılmasına kömək etmişdir. Mebelin pulunu isə sonradan borc yığaraq cavabdeh tərəfə vermişlər.
21. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, iddiaçı toy etmədən, nişanla cavabdeh tərəfə gəlin getmişdir. Cehiz olaraq cavabdeh tərəfə yorğan-döşək, 2 ədəd xalça, mətbəx əşyaları verilmişdir. Nişan mərasimində iddiaçının barmağında üzük, boynunda nazik sep var idi. İddiaçının anası sonradan onun yanına gələrək, mebel alınması üçün borc pul yığmalı olduğunu bildirmişdir.
22. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, o iddiaçının bacısıdır. İddiaçıya cehiz olaraq cavabdeh tərəfin yaşadığı ünvana mətbəx və qızıl-zinət əşyaları aparmışdılar. Mebel əşyaları aparılmamışdı. İddiaçı cavabdehlərin olduğu ünvandan sonuncu dəfə mübahisə edərək çıxmışdı, iddiaçını həmin ünvandan məcbur çıxarmışdılar. Əvvəllər də belə mübahisələri olmuş¸ lakin barışmışdılar.
23. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun bibisidir. İddiaçı cavabdehin evinə toy etmədən gəlmişdir. İddiaçı tərəf heç bir mebel gətirməmişdir. Mebel alınması üçün pul da verməmişdir.
24. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X13 öz ifadəsində bildirmişdir ki, cavabdehlərin ailəvi dostudur. Nişan mərasimində iştirak etməmişdir. İddiaçı tərəfdən hər hansı əşyanın gətirildiyini eşitməmişdir.
25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o əvvəllər yataqxanada qalan zaman cavabdehlərin qonşusu olmuşdur. Həmin müddət ərzində yataqxanaya cehiz olaraq heç bir əşya gətirilməmişdir.
26. İşdə olan sübutlara əsasən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2021ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlara arasındakı nikah öz ərizələri əsasında xx.xx.2022-ci il tarixdə pozulmuşdur.
27. İddiaçı bildirir ki, ona məxsus qızıl-zinət və cehiz əşyaları cavabdehlərin yaşadığı evdə qalmışdır, tələb etməsinə baxmayaraq əşyaları ona qaytarılmır.
28. Cavabdeh tərəf isə iddia ərizəsinə etiraz edərək, iddiaçı tərəfdən heç bir əşyanın gətirilmədiyini bildirir.
29. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (maddə 34.1.). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (maddə 34.2.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır (maddə 225.3.).
30. Hər iki tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq etmələri üçün şahidlər təqdim etmişlər. Məhkəmə şahid ifadələrinə qiymət verərək bildirir ki, iddiaçı tərəfindən məhkəməyə cağırılmış şahidlər öz ifadələrində mətbəx əşyalarının və bəzi xırda əşyaların cehiz olaraq aparıldığını təsdiq etmişlər.
31. Lakin iddiaçı tərəfindən tələb olunan bütün əşyaların cehiz olaraq cavabdehlərin olduğu ünvana aparılması sübut edilməmişdir.
32. Cavabdeh tərəfindən şahid kimi dəvət edilmiş X13 isə tərəflərin nişan mərasimində iştirak etmədiyini, əşyaların gətirilmədiyini yalnız başqa şəxslərdən eşitdiyini bildirmişdir.
33. MPM-in 104-cü maddəsinin tələbinə görə, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
34. Həmçinin cavabdeh tərəfdən şahid qismində çağırılmış X6 isə Nümayəndə yataqxanada qonşu olduqları zaman tanıdığını və yataqxanada onlar qalan mənzilə heç bur əşya gətirilmədiyini bildirmişdir.
35. Halbuki iş üzrə hər iki tərəf mübahisənin cavabdehlər Nərimanov rayonu, Montin qəsəbəsində yataqxana olmayan evdə yaşadıqları zaman yarandığını təsdiq edir. Yəni əşyaların yataqxanaya gətirilib-gətirilməməsi məsələsinin iş üçün əhəmiyyəti yoxdur.
36. Odur ki, cavabdeh tərəfdən şahid qismində çağırılan şəxslərin dediklərinin hazırki iş üzrə sübut kimi qəbul edilməsi üçün əsas yoxdur.
37. Eyni zamanda iddiaçı tərəfindən çağrılmış şahidlər ifadələrində iddia ərizəsində adları çəkilən bütün əşyaların cavabdehlərin qaldığı ünvana aparılmasını təsdiq edə bilməmişdirlər.
36. Məhkəmə iddianın “1.500 manat dəyərində brilyant qaşlı nişan üzüyünün cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsində iddia tələbi ilə bağlı isə qeyd edir ki, Cavabdeh2 məhkəmə iclasında qızıl üzüyün mərhum yoldaşı tərəfindən alındığını, sonradan yaranmış zərurətlə (dəfn xərclərinin ödənilməsi) bağlı üzüyün cavabdehlər tərəfindən satıldığını və əldə olunmuş pulun xərcləndiyini etiraf etmişdir.
37. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
38. Apellyasiya şikayətinin tələb edilə əşyaların dəyəri ilə bağlı dəlillərini araşdırmaq məqsədilə Məhkəmə tərəfindən cavabdeh tərəfin vəsatəti əsasında iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması əvvəlcə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
39. Lakin ekspertiza tədqiqatının aparılması üçün tələb edilən əşyaları xarakterizə edən əlamətlər və görüntülər təqdim edilmədiyi üçün hər iki təşkilat tərəfindən rəyin verilməsindən imtina olunmuş, ekspertizanın keçirilməsi mümkün olmamışdır.
40. Cavabdehlər isə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilin əsaslı olmasını təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişlər.
41. Göründüyü kimi apellyasiya araşdırması nəticəsində apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından şikayətin əsassız olduğu müəyyən edilmişdir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
42. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanıldığından, habelə Cavabdeh3 aid hissə apellyasiya baxışının predmetini təşkil etmədiyindən iddiaçı və Cavabdeh3 tərəfindən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə onlara qarşı təmin edildiyindən onlar MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
49. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 dekabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı və Cavabdeh3 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.