Məhkəmə qərarları › İş №2(103)-3793/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3793/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3793/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1665/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi zərərə görə ******* manat məbləğində kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında atası Bayramov Nəbi ilə birlikdə yaşayır. Anası vəfat etmiş, bacıları isə həyat yoldaşları ilə birlikdə başqa ünvanlarda yaşayırlar. Ona elan edilmiş ittihama görə guya X4 onunla narkotik maddə və ya psixotrop maddələrin satışı ilə bağlı razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında, 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan «Kamil» adlı şəxsdən 2.122 qram çəkidə, ağ rəngli, kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək, saxlamaqla daşımış və 28 aprel 2021-ci il tarixdə saat 19.30 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında saxlanılaraq Nizami RPl-nə gətirilib üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı X2 əlində olan qara rəngli çantanın içərisindəki plastmass qutudan 1 ədəd bükümdə 2.122 qram çəkidə, ağ rəngli, kristalşəkilli kütləkustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 2 ədəd üzərində 5 rəqəmi, 1 ədəd üzərində 10 rəqəmi və 1 ədəd üzərində 20 rəqəmi olan tərəzi daşları, elektron tərəzi, 7 ədəd alışqan, 1 ədəd plastik boru və 3 ədəd kağız-falqa aşkar edilərək götürülmüşdür. 30 aprel 2021-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikası CM-nin 234.4.1., 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək həmin tarixdə Nizam rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində Nizami rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri-alternativ qətimkan tədbiri ilə-ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Barəsində 9 aydan artıq davam edən ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində 1 il, 2 ay davam edən məhkəmə baxışınin nəticələrinə əsasən 13 mart 2023-cü il tarixli hökmlə ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli bəraət hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli Qərarından kassasiya protesti verilməmişdir. Dövlət orqanlarının yol verdikləri səhv iddiaçının qanunsuz olaraq tutulmağı, nəticədə ona və ailəsinə maddi və mənəvi zərər vurulması ilə nəticələnmişdir. Dövlət orqanının səhvi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər isə aşağıdakılardan ibarətdir: 28 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nizami RPl-nin X1 əməkdaşları tərəfindən tutulduqdan və barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi 30 aprel 2021-ci iİ tarixdən faktiki azad olunduğu tarixə qədər ailə üzvlərindən uzaq qalmışdır. Ailəsi onun həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, himayəsində olan X9 yarıac, yarıtox dolanmışlar. X9 ailəsinin dolanışığının təmin edilməsi üçün qohumlardan borc götürmüş, bəzi vaxtlar isə evdə ərzaq qurtardığından ac yatdığı vaxtlar belə olmuşdur. İddiaçı həbsdə olarkən himayəsində olan bacısı və ailəsi maddi mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanının səhvi nəticəsində yapışdırılmış narkotacir, narkoman damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. İddiaçının həbsdə olmağı ailəsinin maddi olaraq çətinliklərlə üz-üzə qoymuş, ailə üzvləri dolanışığı təmin etmək üçün qohum-əqrəba, dost-tanışlardan utanaraq borc götürmək məcburiyyətində qalmışlar. Qanunsuz həbs edilməyi onun şəxsiyyətinə və mənliyinə elə bir zərbə vurmuşdur ki, bugünə qədər də, bəzi dost və qohumları iddiaçıdan qaçmağa çalışırlar. Sevdiyi və evlənməyi düşündüyü qız da öz həyatını narkotacir və narkoman birisi ilə birləşdirmək istəməyərək iddiaçıdan həbsdə olduğu dövrdə başqası ilə ailə qurmuşdur. Nizami RPl-nin NMŞ-nin əməkdaşları polis zabitləri Qalib Hümbətov və digər əməkdaşlar tərəfindən Nurlana Nəhmətovanın gözü qarşısında məruz qaldığı fiziki və psixi zorakılıq aktları, təhqirlər şəxsiyyətini elə bir formada alçaltmışdı ki, hətta istintaq təcridxanasında intihar belə etmək istəmişdir. Həyatın istənilən sferasında bu damğanı hiss edir. Bu da onu çox ağndır və mənəvi sarsıntılar keçirməyinə səbəb olur. Hər dəfə atası və yaxınları İstintaq Təcridxanasında onunla görüşə gələndə görüşlərdən sonra günlərlə özünə gələ bilmirdi. Saxlanılmağı ilə bağlı mətbuat və televiziyada, sosial şəbəkələrdə yayılan ittihamedici görüntülər onu sözün əsl mənasında bütün ölkədə belə demək mümkündürsə, məşhur etmiş, təmiz adını kirlətmişdi. Həbsdən azad olunduqdan sonra uzun müddət müxtəlif xəstəxanalarda sağlamlığının bərpası üçün müalicə olunmuşdur. Həbsdə olduğu müddətdə ürəyində və mədəsində kəskin problemlər yaranmışdır. Sonradan uzunmuddətli müalicə keçmək məcburiyyətində qalmışdır. Bir sözlə onun əsassız və qanunsuz tutulmağı ailəsinə tərifi olmaz mənəvi iztirablar keçirmişdir. Hüquqlarının kobud şəkildə pozulması, keçirdiyi mənəvi sarsıntılar nəticəsində yaşlı atası kardioloji problemlərlə qarşı-qarşıya qaldı və cərrahiyyə əməliyyatına məruz qaldı. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1665/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 10700 (on min yeddi yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olmasını, maddi və maddi və prosessual hüquq normalarının pozulmasını, mənəvi iztirab çəkməsini, mənəvi ziyanın məbəlğinin düzgün müəyyən olunmamasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, gələcəkdə reyres tələblərin olması nəzərə alınmaqla təqsirkar şəxslərin məhkəmə icraatına cəlb olunmalı olması, pul vəsaitinin dövlət büdcəsi vasitəsilə ödənilməsinin əsassız olması, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya mənzi ziyanın vurulmaması, hər hansı sübut olmadan iddiaçıya mənəvi zərərə görə 10700 manat manat vəsaitin tutulması, CPM-in 190-cı maddəsinə əsasən 330 manat kompensasiyanın ödənilməli olması, və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş iddianın nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini əsassız hesab etmiş, şikayətin dəlillərinə və birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 89/2023 saylı hökmünə əsasən İddiaçı cinayətlərin törədilməsinə aidiyyəti olmamasına və təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1095/2023 saylı qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır). Həmin hökmdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)- 107/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qərarlarına əsasən həbsdə saxlama müddəti 29 noyabr 2021-ci il tarixədək uzadılmış, Bakı Apellyasiya Məhkəməsinin 4(103)-667/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və iddiaçı, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, 29 noyabr 2021-ci il tarixli qərarla iddiaçının barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı barəsində qanunsuz olaraq 6 ay 8 gün müddətinə həbs qətimkan tədbiri, 24 gün müddətinə ev dustaqlığı və 15 ay 15 gün polisin nəzarəti altına vermə qətimkan tədbirləri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 6 ay 8 gün müddətinə həbs qətimkan tədbirinə görə 6300 manat (bir ay üzrə 1000 manat x 6 ay + 300 manat), 24 gün müddətinə ev dustaqlığı qətimkan tədbirinə görə 500 manat, 15 ay 15 gün isə polisin nəzarəti altına vermə qətimkan tədbirinə görə isə 3900 manat (bir ay üzrə 250 manat x 15 ay + 150 manat) olmaqla, ümumilikdə 10700 (on min yeddi yüz) manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, bəraət almış şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edilir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 10700 manat mənəvi zərər məbləği işin hallarına uyğun olmaqla, ədalətli və qanunidir, onun miqdarının apellyasiya şikayətlərinə əsasən artırılmasına və ya azaldılmasına qanuni əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən və ya ona yaxın məbləğlərdlə ödənilməsi ağlabatan olmamaqla, kifayət qədər yüksəkdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikəyətinin dəlilləri də iddianın tam rədd olunması üçün yetərli deyildir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Təbii ki, iddiaçıya mənəvi ziyan bilavasitə Maliyyə Nazirliyi tərəfindən vurulmamışdır, lakin bu hal özü-özlüyündə sonuncunun cavabdeh kimi iştirakını aradan qaldırmır. Çünki, dəymiş mənəvi zərərlə bağlı məhkəmənin müəyyən etdiyi müvafiq pul vəsaiti məhz dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bununla yanaşı, apellyasiya şikayətində reqres tələblərin mümkünlüyü baxımından müvafiq şəxslərin icraata cəlb olunmaması göstərilsə də, işdən görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb olunmuşlur. Həmçinin, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsində nəzərdə tutulmuş müvafiq kompensasiya məbləğləri hazırki tələbi aradan qaldırmamaqla, onu istisna etmir. Göründüyü kimi, tərəflər apellyasiya şikayətlərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1665/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1665/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar