Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3794/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2449/2021 18.11.2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, Yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı – Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən 03 iyun 2019-cu il tarixdə, 4Ə-528 reyestr nömrəsi ilə təsdiq edilməklə bağlanmış renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2449/2021 18.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (sədrlik edən: Rəna Qafarova). X3 məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2449/2021 18.11.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2449/2021 08.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsassən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Sadalanan maddi hüquq normalarından görünür ki, məhkəmədə qaldırılmış iddia tələbinə baxılan ərəfədə tərəflərdən hər hansı biri vəfat edərsə hüquqi varislik müəyyən edilənə qədər iş üzrə icraat dayandırılmalı, əgər hüquqi varisliyə yol verilməzsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, renta alan İddiaçı sağlığı dövründə məhkəmədə iddia tələbi qaldıraraq renta verən Cavabdeh tərəfindən müqavilənin tələblərinin yerinə yetirilməməsi səbəbindən ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda renta alan İddiaçı renta müqaviləsinin predmeti olan yaşayış sahəsini X2 vəsiyyət etmişdir. Renta alan İddiaçı renta müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbinə məhkəmədə baxılan ərəfədə vəfat etmişdir. Adına vəsiyyətnamə verilmiş X3 məhkəmədə mərhumun hüquq varisi qismində iştrak etməsini bildirməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 267.0.7-ci maddəsinə istinad olunaraq iş üzrə icraata xitam verilmişdir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsində haqlı olmamışdır. Gəldiyi nəticəni kolleqiya aşağıdakı kimi əsaslandırır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1154-ci maddəsinə əsasən miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1155-ci madəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan maddi hüquq normalarından görünür ki, miras əmlakın kütləsinə həm əmlak hüquqları həm də qeyri-əmlak (qeyri maddi əmlak nemətləri) hüquqları daxildir. Göründüyü kimi mərhum İddiaçı sağlığında qaldırdığı iddia tələbi əmlak hüquqları ilə deyil qeyri-əmlak hüquqları ilə bağlı olmuşdur. Hesab olunur ki, mərhum İddiaçı məhkəmədə qaldırdığı iddia tələbi daşınmaz əmlakdan çıxarılma və ya daşınmaz əmlak ilə bağlı başqa bir tələb ilə əlaqədar olmuş olsaydı o halda xeyrinə vəsiyyətnamə tərtib edilmiş X1 adına vəsiyyət hüqüqu haqqqında şəhadətnaməninin verilməsi vacib amillərdən biri hesab oluna bilərdi. Lakin, mərhum İddiaçı məhkəmədə qaldırdığı iddia tələbi qeyri-əmlak hüquqları ilə bağlı, yəni renta müqaviləsinin ləğvi ilə bağlı olduğuna görə adına vəsiyyətnamə tərtib edilmiş X1 mərhumun məhkəmədə qaldırdığı iddia tələbi üzrə hüquq varisliyinə yol verəcəyinə əsas verir. Kolleqiya qeyd etməyi zəruri bilir ki, hətta vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadan adına vəsiyyətnamə tərtib edilmiş X1 miras əmlakın qəbulu ilə bağlı notariusa etdiyi müraciət ərizəsi mərhumun iddia tələbi üzrə prosessual hüquq varisliyinə yol verəcəkdir. Ona görə də kolleqiya hesab edir ki, İddiaçı iddia tələbi üzrə birinci instansiya məhkəməsi iş üzrə icraatı MPM-nin 254.1.1-ci maddəsinə əsasən dayandırmalı idi. Şərh olunanlara əsasən, kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2449/2021 18.11.2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2449/2021 18.11.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3794/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3794/2022
13.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver