Məhkəmə qərarları › İş №2(103)-3805/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3805/2023

10.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3805/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun, Cavabdeh nümayəndəsi X4, habelə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikintiyə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1072/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X23 Rayon Şurasının İcraiyyə Komitəsinin “vətəndaş X15 yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən vətəndaş X15 yaşayış evinin inşası üçün Bakı şəhəri, 1-ci Zabrat qəsəbəsi, Tramvaynı küçəsində yerləşən 14 saylı evin yanında 1.200 kv.m. ölçüdə 3-cü sahə ayrılmışdır.

2. xx.xx.2010-cu il tarixli etibarnaməyə əsasən X25 Bakı şəhəri Sabunçu Rayon XDS-nin xx.xx.1991-ci il tarixli, 1/46 nömrəli qərarına əsasən Bakı şəhəri, Zabrat qəsəbəsi, Tramvay küçəsi, ev 14, sahə 3-də fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1.200 kv.m torpaq sahəsinin 200 kv.m sahəsindən təyinatı üzrə istifadə etməyi, tikinti işləri aparmağı, özəlləşmə ehtimalı yaranarsa özəlləşdirməyi, 200 kv.m torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 alıb mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri yerinə yetirməyi 30 il müddətinə, yəni xx.xx.2040-cı il tarixədək İddiaçı etibar etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4222/2015 nömrəli, 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4545/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X27 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 116/2018 nömrəli, 29 avqust 2018-ci il tarixli qətnaməsin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçılar X9 və X16 cavabdehlər Cavabdeh, İddiaçı və X10 qarşı “fərdi yaşayış evinin satın alınması üçün ödənilmiş vəsaitin, təmir və tikinti işlərinə çəkilmiş xərclərin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X6 30.000 manat pulun müştərək qaydada tutularaq iddiaçılar X13 və X20 ödənilməsi, Cavabdeh 12.940 manat pulun tutularaq iddiaçılar X13 və X20 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. X3 rayon İcra şöbəsinə ünvanladığı 19 iyul 2023-cü il tarixli ərizələrində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli icra sənədi üzrə borclular İddiaçı və X6 tutulmalı olan 30.000 manat məbləğində borcun tam bağlandığını, bu şəxslərin ona heç bir borcunun qalmadığını bildirmiş və bu səbəbdən həmin icra sənədinə xitam verilməsini və İddiaçı barəsində görülmüş bütün tədbirlərin ləğv edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanına (bundan sonra fərdi yaşayış evi) köçürülməsi və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 2009-cu il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 07 may 2012-ci il tarixdə X11 doğulmuşdur. Bakı şəhəri Sabunçu rayon XDS-nin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən X15 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tranvay küçəsində yerləşən torpaq sahəsini ondan etibarnamə əsasında alaraq, həmin torpaqda cavabdehlə birgə nikahda olan dövrdə, yəni 2014-cü il tarixdə atası Rüstəmov Müzəffər ilə birlikdə 4 saylı evi inşa etmişdilər. O, həmin ünvanda 2010-cu ildən 2015-ci ilə kimi yaşamışdır. Cavabdehlə aralarında bağlanmış nikah 2014-cü il tarixdə pozulmuşdur. 2015-ci ildən cavabdeh onu həmin evə buraxmır. Bu səbəbdən hazırki ailəsi ilə birlikdə kirayə əsaslarla başqa evlərdə yaşamaq məcburiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 09 may 2019-cu il tarixli, 2(103)-4545/2019 nömrəli qətnaməsinə əsasən 30.000 manat ondan və qardaşı X6 tutularaq X13 ödənilməsi qət edilmişdir.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı heç vaxt mübahisəli evdə yaşamamışdır. İddiaçı həmin evdən zorla çıxarılmamış və bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. O, həmin evi öz iradəsi ilə satmış və əldə edilən gəlirdən Bakı Apellyasiya Məhkəməsinin 09 may 2019-cu il tarixli, 2(103)-4545/2019 nömrəli qətnaməsinə əsasən X13 30.000 manat ödəmişdir. İddiaçının mübahisəli evə köçməsi üçün yeganə əsası onun iradə ifadəsidir. Hər hansı digər hal isə mövcud deyil. Bu səbəbdən iddia rədd olunmalıdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1072/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikintiyə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X28)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, mənzilə köçürülməsi üçün üç əsas mövcud olmalıdır: şəxsin həmin mənzildə yaşaması, onun mənzildən zorla çıxarılması və son olaraq mənzilə qayıtmaq istəməsi faktı. Lakin iddiaçı həmin evdə yaşamamış, 2015-ci ildə evi satmış, həmin ildə evi tərk etmiş, özünə yeni həyat qurmuş, o həmin evdən zorla çıxarılmamışdır. Hazırki mübahisədə yalnız bir əsas mövcuddur – iddiaçının mənzilə qayıtmaq istəməsi faktı, bu hal da digər əsasların olmadığı təqdirdə yetərli hal deyil. Bu səbəbdən iddianın əsassız olması qənaətinə gəlinmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1072/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, həmin evi 2015-ci ilin iyun ayında X13 30.000 manat məbləğində pula satmışlar. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh X1 evə köçürülməsi barədə qətnamə çıxarılmış və o, həmin evə köçürülmüşdür. Bundan sonra X21 və qızı X27 ona və qardaşı X10 qarşı fərdi yaşayış evinin satın alınması üçün ödənilmiş vəsaitin, təmir - tikinti işlərinə çəkilmiş xərclərin və zərərin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103) 4545/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 30.000 manat ondan və qardaşı X6 tutularaq X13 ödənilməsi qət olunmuşdur. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Onun tərəfindən bugünə kimi 20.000 manat pul Sabunçu rayon İcra şöbəsinə qaytarılmışdır. Lakin birinci instansiya məhkəməsi MPM-nin 388-ci maddəsinin tələblərini pozaraq iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və qərəzli qətnamə qəbul etmişdir. 2015-ci ildən cavabdeh onu evə buraxmır. Hazırda kirayə əsaslarla başqa bir evdə yaşayır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həmin ev onun tərəfindən inşa edilmiş, evdə bütün kommunal xidmət müqavilələri onun adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin ünvanda yaşamır, o epilepsiya xəstəsidir. Buna görə tək qala bilmir və atasının yanında qalır. Hazırda onun əvvəlki nikahından olan övladı da keçmiş qaynatasının evinin yerləşdiyi Bakı şəhəri Xətai rayonunun ərazisində olan 59 saylı məktəbdə təhsil alır. Mübahisəli ev isə Zabrat qəsəbəsində yerləşir. Cavabdeh həmin evi kirayə verib, o, şəxsən özü həmin evə gedərkən kirayəçi ilə qarşılaşmışdır. Hətta bununla bağlı 102 xidmətinə də məlumat vermişdir. Polis əməkdaşları da hadisə yerinə gələrək həqiqətən də evdə kirayəçilərin qalması faktını müəyyən etmişlər. Satışı ilə məşğul olduğu ev isə dayısına məxsusdur. Sadəcə anasının adına rəsmiləşdirilmişdir. O, hazırda kirayə qalır, lakin kirayə müqaviləsi bağlamamışdır.

16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Babalı oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evini satmış və həmin evi könüllü olaraq tərk etmişdir. Onu həmin evdən heç kim zorla çıxarmamışdır. Bununla da iddiaçı evə olan bütün hüquqlarını itirmişdir. İddiaçı hazırda yeni ailəsi ilə birlikdə özünə məxsus özbaşına tikintidə yaşayır və hazırda həmin tikintini də satır. Bu hal həmin evin alqı-satqısına dair yerləşdirilmiş elanla da təsdiq olunur. Cavabdehin yaxınları həmin evin alqı-satqısı ilə bağlı alıcı kimi iddiaçı ilə əlaqə saxlamışdırlar. Bununla bağlı onlarda səs yazıları da mövcuddur. Cavabdeh isə hazırda mübahisəli evdə yaşayır. Kommunal xidmət müqavilələri ilk öncə iddiaçı ilə rəsmiləşdirilmiş, lakin sonradan cavabdehin adına rəsmiləşdirilmə aparılmışdır. Mübahisəli ev yalnız iddiaçının vəsaiti hesabına inşa edilməmiş, iddiaçı həmin evin tikintisində iştirak etmişdir. Belə ki, evin tikintisinə çəkilən xərclərin bir hissəsini cavabdehin atası qarşılamış, evin yerləşdiyi torpaq sahəsi də məhz cavabdehin atasının vəsaiti hesabına alınmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, nümayəndə və vəkili Nümayəndə izahatına uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.

28. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, tərəflər keçmiş ər-arvaddır. Onların arasında 2009-cu il tarixdə nikah bağlanmış, həmin nikahdan 07 may 2012-ci il tarixdə X11 doğulmuşdur. Həmin nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5619/2014 nömrəli, 03 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahından doğulmuş uşaq cavabdehin yanında saxlanılmışdır və hazırda da onun himayəsindədir.

29. Mübahisəli fərdi yaşayış evi 2014-cü il tarixdə tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş, lakin bügünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir.

30. Ev inşa edildikdən sonra tərəflər bir müddət orada yaşamış, daha sonra iddiaçı cavabdehi həmin evdən iradəsinə zidd olaraq uşaqla birlikdə çıxarmış və evi X13 30.000 manata satmışdır. Lakin cavabdeh evə olan hüquqlarını mübahisələndirmiş və onun bu barədə iddiası məhkəmə qaydasında təmin edilərək, o, evə köçürülmüşdür. Bundan sonra X9 iddiası üzrə iddiaçıdan və onun qardasından həmin 30.000 manat məbləğində pul müştərək qaydada tutulmuşdur. X9 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən bu məbləğ ona tam ödənilmişdir. Hazırda ev cavabdehin istifadəsində və sahibliyindədir.

31. Hazırda iddiaçı evə köçürülməsini tələb edir və evin yerləşdiyi torpaq sahəsini onun sahibi X14 etibarnamə əsasında aldığını, bundan sonra 2014-cü il tarixdə həmin torpaq üzərində atası Rüstəmov Müzəffər ilə birlikdə evi inşa etdiyini, 2015-ci ilin əvvəllərinə kimi orada yaşadığını bildirir. Cavabdeh tərəf isə evin yalnız iddiaçının vəsaiti hesabına inşa edilmədiyini, evin tikintisinə çəkilən xərclərin bir hissəsinin cavabdehin atası tərəfindən qarşılandığını, evin yerləşdiyi torpaq sahəsinin də məhz cavabdehin atasının vəsaiti hesabına alındığını qeyd edir. Tərəflər arasında mənzilə köçürülmə tələbinə dair iddia üzrə işə baxılan zaman ifadəsi alınmış şahid X25 torpaq sahəsinə görə pulun ona cavabdehin atası tərəfindən verildiyini, torpaq sahəsinə dair aidiyyəti səlahiyyətlərin onun tərəfindən iddiaçıya etibar edildiyini, sonradan iddiaçının müraciətinə əsasən onun qardaşının adına da etibarnamə rəsmiləşdirildiyini bildirmişdir. Cavabdehin qohumu olan X22 da öz ifadəsində evin inşası ilə bağlı xərcin bir hissəsinin cavabdehin atası tərəfindən qarşılandığını göstərmişdir. Başqa sözlə, cavabdeh evin inşasına çəkilən xərcin bir hissəsinin onun atası tərəfindən çəkildiyini bildirsə də, digər hissəsinin iddiaçı tərəfindən qarşılanmadığını göstərmir. Əksinə iddiaçının da bu işə vəsait sərf etdiyini etiraf edir.

32. Məhkəmə kollegiyası işin hallarını, o cümlədən evin yerləşdiyi torpaq sahəsi ilə bağlı aidiyyəti səlahiyyətlərin yerinə yetirilməsinin məhz iddiaçıya etibar edilməsini, habelə cavabdehin mövqeyini nəzərə alıb, belə qənaətə gəlir ki, evin inşasına iddiaçı tərəfindən də vəsait xərclənmişdir.

33. Bununla belə, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa edilmişdir. Digər tərəfdən cavabdeh iddiaçıya qarşı həmin evə köçürülmə tələbinə dair iddia qaldırmaqla da iddiaçının evə hüquqlarının olmasını təsdiq etmişdir (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4222/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının da (hazırda cavabdeh) cavabdehlə (hazırda iddiaçı) bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun evə köçürülməsi təmin edilməlidir). İddiaçı evin satışından əldə etdiyi 30.000 manat pulun qaytarılmasını da təmin etmişdir. Belə olan halda, iddiaçı həmin evə münasibətdə cavabdehlə eyni, o cümlədən evdən istifadə etmək və ona sahiblik etmək hüquqlarına malikdir və onun 2015-ci il tarixdə evi tərk etməsi, habelə həmin evin hüquqi vəziyyətinə görə özbaşına tikinti olması iddiaçının da cavabdeh kimi bu evə sahiblik etmək və ondan istifadə etmək hüquqlarına malik olmasını istisna etmir. Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçını həmin evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq hüququndan məhrum etmişdir. Bu da öz növbəsində iddianın əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir.

34. Məhkəmə kollegiyası iddia tələbinin “maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməklə bağlı yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. Bununla belə, onun bu tələbi hüquqi nəticə etibarı ilə evə köçürülmə tələbi ilə əhatə olunur və evə köçürülmə tələbinin təmin edilməsi ilə bu tələbdə göstərilən məsələ də öz həllini tapmış olur. Bu səbəbdən məhkəmə kollegiyası həmin tələbə ayrıca hüquqi qiymət verilməsinə hər hansı zərurət görmür.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən evin tərəflərin birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa edildiyini və bu baxımdan iddiaçının həmin evə hüquqlarının yaranmasını nəzərə almamış, nəticədə səhv qənaətə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1072/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməklə iddiaçı mübahisəli mənzilə köçürülməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1072/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 saylı evin, 4 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar