Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3809/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2193/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmündən görünür ki, İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmlə müəyyən edilmiş hallardan görünür ki, X1 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri birlikdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemek saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 9 may 2017-ci il tarixdən 21 iyun 2017-ci il tarixədək, cəmi 43 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz və əsassız olaraq xidmət yerinin dəyişdirilməsindən irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 300.000 (üç yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuşdur. İddiaçı ali hərbi təhsil aldıqdan sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin rəisinin xx.xx.2016-cı il tarixli əmri ilə leytenant rütbəsində zabit ixtisas kursuna dinləyici təyin edilmişdir. Kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində, həmçinin, ona qarşı cinayət əməlləri törədilərkən N nömrəli hərbi hissədə xidmət etmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri birlikdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 9 may 2017-ci il tarixdən 21 iyun 2017-ci il tarixədək, cəmi 43 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz və əsassız olaraq xidmət yerinin dəyişdirilməsindən irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü məhkum edilmiş şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.2.2 və 341.3.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair hissədə dəyişdirilmiş, cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar onlara həmin maddələr üzrə cəza təyin olunmamış, təyin edilmiş cəzalar məhkum edilmiş şəxslərin hər birinə münasibətdə 3 ay müddətinə azaldılmış, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa fiziki və mənəvi zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı ehtiyata buraxılandan sonra yaşadığı rayon sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə bir müddət evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirir.
4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılmasını və qeyri-insani hərəkətlərə məruz qalmasını əsas göstərərək, ona vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 300.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-7/2024 saylı hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Mülki qanunvericiliyə əsasən dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, işgüzar nüfuzuna xələl gətirməkdədir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi, ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı hüquq pozuntusunun Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. İddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2193/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halıdır ki, iddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən azadlığından qanunsuz məhrum edilərək işgəncələrə məruz qalması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 20.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ, İİ, İİİ, İV hissələri; «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 3-cü maddəsi; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1100, 1097-ci; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 82.4, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı(qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Hazırda yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay-azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, (“Tərtər işləri” üzrə isə bəzi hallarda 1.500 manat) müəyyən edilir. Hazırki işin hallarına əsasən İddiaçı azadlıqdan məhrum etmə yerlərində cəza çəkməmiş, yalnız 43 gün müddətində təhqiqata cəlb edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən dəymiş zərərin məbləği 43 gün üçün 20.000 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha ağır mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmçinin diqqətdən qaçırılmamalıdır ki, həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından tərəfimizdən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Bununla yanaşı qeyd edir ki, hazırkı qətnamə ilə müəyyənləşdirilmiş kompensasiya məbləği oxşar tipli işlər üzrə artıq kompensasiya ödənilmiş şəxslər tərəfindən yeni iddiaların irəli sürülməsinə, beləliklə dövlət büdcəsi üzərində yeni əsassız öhdəliklərin yaranmasına gətirib çıxaracaqdır. Göstərilən halları və pozuntuları nəzərə alaraq, təmin edilmiş kompensasiya məbləği ilə bağlı etirazını bildirir və qeyd olunan əsaslar nəzərə alınmaqla qətnamənin ləğv edilməsini zəruri hesab edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər isə gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
14. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışışnın hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 43 gün müddətində Təhqiqat orqanlarının vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində qanunsuz işgəncələrə məruz qalmış, bununla bağlı Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)- 7/2024 nömrəli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçının işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi işin hallarından mübahisəsiz qaydada müəyyən olunur.
22. Göründüyü kimi İddiaçı mənəvi ziyan vurulmuşdur.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 43 gün müddət ərzində işgəncə verilməklə qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasına görə 20000 məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir.
24. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, deliktin onun tərəfindən törədilməməsinə görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması əsassızdır, mənəvi zərərin əvəzi olaraq tutulan kompensasiya məbləği şişirdilmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət tərəfindən ödənilir.
26. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 27.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
28. Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir.
29. Cavabdehin kompensasiya məbləğinin şişirdilməsi ilə bağlı digər dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin məbləği müəyyən edilərkən iddiaçının 43 qanunusuz azadlığının məhdudlaşdırılması ilə yanaşı onun həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, mənəvi sarsıntı keçirməsi və nüfuzuna xələl gəlməsi, bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsini və işin diqqətəlayiq hallarını nəzərə alaraq 20000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni və ədalətli olmuşdur. 30.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. 31.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2193/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.