Məhkəmə qərarları › İş №2(103)-3813/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3813/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3813/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-nə və “xxxx” MMC-nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi, hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın yenidən qiymətləndirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsindən və İddiaçı – cavabdeh “xxxx” MMCyə (3-cü şəxslər X4, Nəsimi rayon İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1125/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və “xxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 53 saylı mənzilə dair Cavabdeh1 MMC-nin 24.08.2016-cı il tarixli ƏEM/A-287/16 saylı mütəxəssis rəyinin etibarsız hesab edilməsi, həmin rəy əsasında “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli №Y-607 saylı Protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, mənzilin hərracda satış qiymətinin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsin əsasən ondan 30 000 manatın tutularaq X3 verilməsi qət edilmiş, Nəsimi rayon İcra şöbəsinin 11.07.2016-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, əmlak vəziyyəti araşdırılmadan təcili olaraq üzərinə həbs qoyulmuş ünvan 2 ünvanda yerləşən 53 saylı mənzil barəsində icra məmuru tərəfindən 22.07.2016-cı il tarixdə qiymətləndirici dəvət olunması haqqında qərar qəbul edilmiş, Cavabdeh1 MMC-nin 24.08.2016-cı il tarixli rəyinə əsasən yeganə yaşayış yeri olan mənzili 31 000 manat dəyərində qiymətləndirilmişdir. Mənzilə qiymət qoyularkən məqsəd mənzili dəyər-dəyməzinə borc əvəzi iddiaçıya vermək olmuşdur, halbuki Bakı şəhərinin mərkəzində yerləşən ümumi sahəsi 41 kv.m olan mənzilin bazar qiyməti minimum 100 000 manat təşkil edir. Göstərilənlərə əsasən müəyyən olur ki, Cavabdeh1 MMC tələbkarla müəyyən danışıqlar əsasında borcluya məxsus əmlaka real bazar dəyərindən qat-qat aşağı qiymət qoymuş, daha sonra mənzil qanunsuz olaraq tələbkara satılmışdır Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən İddiaçı onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6056/2019 saylı 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilərək, Cavabdeh1 MMC-nin ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə dair ƏEM/A 30-287/16 saylı 24 avqust 2016cı il tarixli rəyin etibarsız, həmin rəy əsasında “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli №Y-607 saylı Protokolun və eyni tarixli alqısatqı müqaviləsinin ləğv olunması, iş üzrə keçirilmiş ekspertizanın dəyəri qismində 200 manatın Cavabdeh1 MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi; iddia ərizəsinin və apellyasiya şikayətini verərkən iddiaçının ödəmiş olduğu 20,8 manat rüsum məbləğinin Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6782/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan başqa İddiaçı – cavabdeh “xxxx” MMC-yə (3-cü şəxslər X4, Nəsimi rayon İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 53 saylı mənzilə dair Hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli N° Y-607 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında olan 14 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(006)- 4615/2015 saylı qətnaməsinə əsasən, İddiaçı 30000 manat məbləğində pul tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir və icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra şöbəsinin 11.07.2016-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.Borclunun əmlak vəziyyətini araşdırmadan təcili olaraq üzərinə həbs qoyulmuş ünvan 3 ünvanda yerləşən 53 saylı mənzil barəsində icra məmuru tərəfindən 22.07.2016-cı il tarixdə qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul edilmişdir.Daha sonra Nəsimi rayon İcra şöbəsi tərəfindən 12.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə, Milli Depozit Mərkəzinə sorğu verilərək, borclunun mülkiyyətində hər hansı əmlakın olub-olmaması barədə məlumat verilməsi xahiş edilmişdir, lakin əmlak vəziyyəti barədə məlumat əldə edilməmişdir.Qeyd edilənlərə baxmayaraq icra məmuru borcluya məxsus və yeganə yaşayış yeri olan və məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaka tutmanın yönəldiləməsinə başlamışdır.Həmin əmlak tələbkarın (iddiaçının) xeyrinə ipoteka ilə yüklü edilməsinə baxmayaraq, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(006)-4615/2015 saylı qətnaməsi ilə cavabdehdən yalnız pul vəsaitin tutulması qət edilmiş və tutulmuş pulun ipoteka predmetinə yönəldilməsi barədə hər hansı birgöstəriş olmamışdır. Belə olan halda icra icraatı zamanı borclunun əmlakına ipoteka predmeti kimi tutma aparılması mümkün deyil və qeyd edilən əmlak borclunun yeganə yaşayış yeri olduğu üçün həmin əmlaka tutma yönəldilə bilməzdi. Qeyd edilənlərlə yanaşı bildirir ki, hətta icra proseduru ipoteka predmetinə tutmanın yönəldilməsi kimi aparılsaydı belə, həmin prosedur düzgün aparılmamış tutmanın yönəldilməsi qaydalarına riayət edilməmişdir.O cümlədən hərracın keçirilmə qaydaları düzgün aparılmamış “İpoteka Haqqında” Azərbaycan Respulikası Qanununun 42 və 43-cü maddələrinin tələbləri pozulmuşdur.Göstərilənlərə baxmayaraq “xxxx” MMC tərəfindən hərrac keçirilmiş və aparılmış Hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli N Y- 607 saylı Protokol və həmin protokol əsasında 14 dekabr 2016-cı il tarixli alqısatqı müqaviləsi bağlanmışdır.Hərrac təşkil edilərkən və aparılarkən borclunun və əmlak sahibinin hüquqları pozulduğunu, həmçinin “İpoteka Haqqında” Azərbaycan Respulikası Qanununun müddəalarına riayət edilməməsini nəzərə alaraq hərracın nəticələri etibarsız hesab edilməlidir. Əlavə olaraq bildirir ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(006)-4615/2015 saylı qətnaməsi üzrə yekun məhkəmə aktı Ali Məhkəmə tərəfindən 28.01.2019-cu il tarixdə qəbul edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-770/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qərardadı ilə sözügedən mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1224/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-367/2019 saylı 15 fevral 2019- cu il tarixli qətnaməsi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1125/2019 saylı 21 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək ünvan 4 ünvanında yerləşən 53 saylı mənzilə dair Cavabdeh1 MMC-nin 24.08.2016-cı il tarixli ƏEM/A-287/16 saylı qiymətləndirmə rəyinin, həmin rəy əsasında “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli №Y-607 saylı Protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 53 saylı mənzilin hərracda ilkin satış qiymətinin 85500 manat məbləğində müəyyən olunması, iş üzrə qiymətləndirmə xərci olan 300 manat pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN **********, Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN **********, M/h AZ03NABZ********************, kod 805539, SWİFT BİC: İBAZAZ2X, h/h: AZ52İBAZ********************) ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-118/21 saylı, 01 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Apellyasiya məhkəməsi qiymətləndirmə rəyinin həqiqəti əks etdirməməsi nəticəsinə gələrkən birinci instansiya qaydasında işə baxılarkən təyin edilmiş qiymətləndirmə ilə iddiaçıya məxsus mənzilə 2016-cı il üçün 35000 manat qiymət qoyulmasına, iddiaçının təqdim etdiyi alternativ qiymətləndirmə rəyinə əsasən mübahisəli mənzilin 70100-77900 manat məbləğində qiymətləndirilməsinə, həmin iş üzrə ilkin apelyasiya baxışı zamanı isə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə, mənzilin 2016-cı ilin avqust ayına bazar dəyərinin 61000 manat, likvid dəyərinin isə 54000 manat təşkil etdiyinə istinad etmiş və işdə olan qiymətləndirmə rəylərini təhlil edərək hesab etmişdir ki, icra məmurunun sifarişi ilə keçirilmiş qiymətləndirmə zamanı həmin ərazidə mövcud qiymətlər araşdırılmadığından əmlak dəyərindən aşağı məbləğdə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə üçün ekspert rəylərinin belə qiymətləndirilməsini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq yetərincə düzgün qiymətləndirmə hesab etmir. Belə ki, mənzilin 35000 manat qiymətləndirilməsi barədə “xxxx” MMCnin rəyi məhkəmə qərardadı və məhkəmənin həvalə etdiyi qiymətləndirici tərəfindən verildiyi halda, mübahisəli mənzilin 70100 manat və 77900 manat məbləğində qiymətləndirilməsinə dair “xxxx” MMC-nin rəyi iddiaçının, başqa sözlə, işdə maraqlı tərəfin sifarişinə əsasən verilmişdir. Üstəlik, “xxxx” MMC-nin rəyində mənzilin bazar (77900 manat) və likvid dəyəri (70100 manat) 26 yanvar 2019-cu il tarixinə müəyyən edilib ki, bu da qeyd edilən rəyin “xxxx” MMC-nin rəyi ilə müqayisəli şəkildə təhlilini istisna edir. Çünki həm “xxxx” MMC-nin rəyində, həm də mübahisələndirilən rəydə mənzilin qiyməti mənzilin satıldlığı 2016-cı il üçün müəyyən edilmişdir. Belə olan halda da, mənzilin yalnız 2016-il üçün müəyyən edilən qiymətləri ilə bağlı rəylər müqayisə oluna bilər. Hərracın keçirilməsi qaydasının pozulması ilə bağlı apelyasiya məhkəməsi ona istinad etmişdir ki, mövcud qanunvericiliyə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair bildiriş göndərməli, ünvan sahibi bildirişi almasını təsdiq edən müvafiq sənədi imzalamalıdır. “xxxx” tərəfindən 11.11.2016 və 25.11.2016-cı il tarixlərdə hərracın keçirilməsi barədə bildirişlər tərtib olunsa da, qeyd edilən bildirişlərin borcluya göndərilməsini təsdiq edən hər hansı sənəd (poçt qəbzi, qaimə və s.) əlavə edilməmişdir. Bununla da hərrac barədə bildirişlərin göndərilməsi qaydalarına riayət olunmamış, hərracın keçirilməsi barədə elan verilməmiş, nəticə etibarı ilə iddiaçı (borclu) hərracın keçirilməsi barədə məlumatlandırılmadan əmlak tələbkara verilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu dəlili ilə də razılaşmır. Belə ki, işin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halından da görünür ki, hərracın keçirilməsi barədə İddiaçı ünvan 5 ünvanına bildiriş göndərilmiş, lakin bildiriş “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. Göründüyü kimi, apellyasiya instansiyası bir tərəfdən hərrac barədə bildirişlərin borcluya göndərilməsini təsdiq edən hər hansı sənəd (poçt qəbzi, qaimə və s.) olmamasına istinad etmiş, başqa tərəfdən də bildirişin “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmasını qeyd etməklə ziddiyyətli mövqe göstərmişdir. Çünki bildirişin “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtması, hərracın keçirilməsi barədə bildirişin borcluya göndərilməməsi halını təkzib edir. Bundan əlavə, iddiaçının hərracın keçirilməsi vaxtı və hazırda da Azərbaycan Respublikasında yaşamaması nəzərə alınarsa, apelyasiya məhkəməsi iddiaçıya hərrac barədə təkrarən bildiriş göndərilməməsi halının iddianın həlli baxımından hər hansı hüquqi nəticə doğurubdoğurmamasına qiymət verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, analoji iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklifdir (ofertadır). Bu maddə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı etmir.”. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçının nümayəndəsi və vəkili iddia ərizələrinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamələrin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Saleh Əliyev apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək və hər iki qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmçinin kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 387.2.7-ci maddəsinə əsasən işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa, bu hal birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1125/2019 saylı, 21 may 2019-cu il tarixli protokolunda iddiaçı tərəfin izahatı əvəzinə bu işlə aidiyyatı olmayan başqa bir izahat qeyd edilmiş, bununlada protokol səhv tərtib edilmişdir. Bu hal isə birinci instansiya məhkəməsinin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bundan başqa kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, X1 İddiaçı qarşı iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2017-ci il tarixli qətnaməsi ilə təmin olunaraq İddiaçı 30 000 manat pulun Xaqani Abbasovun xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, onun icrasının təmin edilməsi məqsədilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilin üzərinə həbs qoyulmuş, mənzil icra məmurunun sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən 24.08.2016-cı il tarixli rəylə 31 000 manat məbləğində qiymətləndirilmiş və hərraca çıxarılmış, hərracın yekunları barədə 14.12.2016-cı il tarixli müqaviləyə əsasən həmin qiymətə Xaqani Abbasova satılmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə 2016-cı il üçün 35 000 manat qiymət qoymuş, apellyatorun təqdim etdiyi alternativ qiymətləndirici rəyində isə əmlak 70 100-77 900 manat məbləğində qiymətləndirmişdir. İlkin apellyasiya baxışı zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, mənzilin 2016-cı ilin avqust ayına bazar dəyərinin 61 000 manat, likvid dəyərinin isə 54 900 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı Bakı şəhər Nərimanov rayon Məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh1 MMC tərəfindən mənzilin real qiymətindən daha aşağı qiymətlə qiymətləndirildiyinə əsaslanaraq qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini tələb etmişdir. İşə birinci instansiya məhkəməsi qaydasında baxılarkən təyin edilmiş qiymətləndirmə ilə iddiaçıya məxsus mənzilə 2016-cı il üçün 35 000 manat qiymət qoyulmuş, iddiaçının təqdim etdiyi alternativ qiymətləndirmə rəyinə əsasən isə mübahisəli mənzilin 70100-77900 manat məbləğində qiymətləndirildiyi müəyyən olunur. Həmin iş üzrə ilkin apelyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mənzilin 2016-cı ilin avqust ayına bazar dəyərinin 61000 manat, likvid dəyərinin isə 54000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, hər iki mülki iş üzrə mübahisənin tərəfləri və predmeti eyni, əsasları isə fərqli olduğundan hər iki işə eyni zamanda qiymət verilməsi daha məqsədəuyğundur. İddiaçı, əmlakının real qiymətindən daha aşağı qiymətlə hərraca çıxarıldığını iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də hərracın qanun pozuntuları ilə keçirildiyinə istinad etmişdir. Bu kontekstdə kollegiya, əmlakın qiymətləndirilməsi, onun hərracda satılması, müqavilənin hərracda bağlanması, hərracın etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir və hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət olduğunu vurğulayır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi hazırki işlər üzrə əmlakın qiymətinə dair bir neçə mütəxəssis rəyi mövcuddur. Kollegiya hesab edir ki, mənzilin yalnız 2016-il üçün müəyyən edilən qiymətləri ilə bağlı rəylər müqayisə oluna bilər. Qeyd edildiyi kimi mənzilin 2016-ci il üçün qiymətinin müəyyən edilməsini özündə əks etdirən 3 ekspert rəyində, müvafiq olaraq mənzilinm qiymətləri, 31 000 manat, 35 000 manat və 54 000 manat olduğu müəyyən edilmişdir. Kollegiya hər üç ekspert rəyini müqayisə edərək hesab edir ki, mənzilin 31 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması ağlabatandır və burada hüquq pozuntusundan söz gedə bilməz. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçının digər dəlillərindən biri də hərracın ona məlumat verilmədən keçirildiyidir. Bu kontekstdə kollegiya, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması, habelə etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir və hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət olduğunu vurğulayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə qeyd olunmuşdur ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. İş materiallarında olan 6462 nömrəli icra işi materillarından (i.v səh 170-220) görünür ki, xxxx tərəfindən 11.11.2016 və 25.11.2016-cı il tarixlərdə hərracın keçirilməsi barədə bildirişlər tərtib olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh “xxxx” MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 5241 saylı 25.11.2016-cı il tarixli bildirişdən görünür ki, hərracın keçirilməsi barədə İddiaçı ünvan 5 ünvanına bildiriş göndərilmiş, lakin, zərfin üzərində olan qəbzdən görünür ki, “bu ünvanda yaşamır” səbəbindən bildiriş geri qaytarılmışdır. Göründüyü kimi hərracın keçirilməsi yeri və vaxtı barədə iddiaçıya bildirişlər göndərilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi və əmlakın satış qiymətinin daha yüksək olması barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Göstərilənlərə əsasən kolelgiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli və həmin qətnamə dəyişdirilmədən saxlanılmalı -- Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti isə qismən təmin edilərək, həmin qtənamə ləğv edilməli, həmin iş üzrə yeni qətnmə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğiləri iddiaçının özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı – cavabdeh “xxxx” MMC-yə (3-cü şəxslər X4, Nəsimi rayon İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbi təmin edilməsin. Əvvəlki apellyasiya baxışı zamanı iş üzrə qiymətləndirmə xərci olan 300 manat pul vəsaiti cavabdeh İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN **********, Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN **********, M/h AZ03NABZ********************, kod 805539, SWİFT BİC: İBAZAZ2X, h/h: AZ52İBAZ********************) ödənilsin. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar